525.Az

Ali təhsildə daxili keyfiyyət təminatı sisteminin təkmilləşdirilməsinə həsr edilmiş təlimlər keçirilib


 

Ali təhsildə daxili keyfiyyət təminatı sisteminin təkmilləşdirilməsinə həsr edilmiş təlimlər keçirilib<b style="color:red"></b> 28 – 30 iyul 2021-ci il tarixlərində Bakı Biznes Universitetinin koordinator olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” adlı Erasmus+ layihəsi çərçivəsində daxili keyfiyyət təminatının inkişaf etdirilməsi istiqamətində daha bir onlayn seminar keçirilmişdir.

525.az xəbər verir ki, Bakı Biznes Universitetinin təşkilatçılığı və Almaniyanın Potsdam Universitetinin dəstəyi ilə keçirilən seminarda layihə konsorsiumunun üzvü olan 11 universitet daxil olmaqla ümumilikdə 20-yə yaxın ali təhsil müəssisəsindən 30-dan çox nümayəndə iştirak etmişdir. Seminarın birinci günündə layihənin koordinatoru Gülşən Bayramova və Potsdam Universitetinin Ali təhsil tədqiqatları və Keyfiyyətin İnkişafı Mərkəzi departamentinin direktoru Frank Niedermeierin moderatorluğu ilə iştirakçıların tanışlığı olmuşdur. Daha sonra keyfiyyət anlayışı və ali təhsildə keyfiyyət mədəniyyətinin formalaşdırılması istiqamətində faydalı fikir mübadilələri aparılmışdır. Seminarın ikinci günündə ali təhsil müəssisəsinin təhlili ilə bağlı ekspertlər tərəfindən interaktiv formada təqdimat sessiyası keçirilmişdir. Həmçinin keyfiyyət təminatı sisteminin mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş formaları, onların tətbiqi xüsusiyyətləri təhlil edilmişdir. Seminarın son günündə isə keyfiyyət təminatı sisteminin qeyd edilən formalarına dair real nümunə və təcrübələrə diqqət yetirilmişdir. Keyfiyyətin təmin olunmasında ali təhsil müəssisəsinin rəhbərliyinin, keyfiyyət menecerlərinin, professor-müəllim heyətinin, tələbələrin və digər maraqlı tərəflərin rollarının və məsuliyyətlərinin müəyyən edilməsi əsas müzakirə mövzusu olmuş və təlim iştirakçıları qruplar şəkilində fikir mübadiləsi apararaq təqdimatlar həyata keçirmişlər. Aparılan təqdimatlar Almaniyalı ekspertlər tərəfindən qiymətləndirilmiş və müvafiq rəylər verilmişdir.

Seminarın davamında keyfiyyət təminatında səmərəli fəaliyyət planlarının hazırlanması və onun çevik şəkildə icra edilməsinin vacibliyi diqqət mərkəzində olmuşdur. Ekspertlər fəaliyyət planlarının hazırlanmasına dair beynəlxalq təcrübəni bölüşmüş və yekunda sentyabr ayında keçiriləcək növbəti seminar üçün müvafiq tapşırıqlar verilmişdir.


 





31.07.2021    çap et  çap et