Rusiyanın Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski növbəti dəfə Azərbaycan haqqında sərsəm fikirlər səsləndirib. Bu adam ölkəmizə qarşı qərəzli yanaşması ilə tanınıb. Özünün "siyasi təlxək" imicini çoxdan formalaşdıran "liberal demokrat" bütün hədləri keçməyə, tərbiyəsizliyini nümayiş etdirməyə davam edir.
Onun söylədikləri xəstə təxəyyülün məhsulu olsa da, istər-istəməz iki ölkənin - Azərbaycan və Rusiyanın münasibətlərinə kölgə salmış olur. Məsələ ilə bağlı Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə dəvət olunub. Görüş zamanı Jirinovskinin "Komsomolskaya Pravda" radiosunun "İtoqi s Jirinovskim" proqramının cari ilin 30 iyul tarixli buraxılışında Azərbaycanın dövlətçiliyi və rəhbərliyi ünvanına səsləndirdiyi qərəzli və təhqiramiz fikirləri ilə bağlı ciddi narahatlıq və etiraz müvəqqəti işlər vəkilinin diqqətinə çatdırılıb. Rusiya Dövlət Dumasında deputat mandatı ilə təmsil olunan bir şəxsin bu davranışının qeyri-etik olmaqla yanaşı, dövlətlərimiz arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun olmadığı, habelə bu münasibətlərə zərər gətirilməsinə hesablanmış məsuliyyətsiz və təxribat xarakterli ifadələrin səsləndirilməsinin qəbuledilməz olduğu vurğulanıb. Sözügedən xoşagəlməz hal ilə bağlı qarşı tərəfə Azərbaycan Xarici İşlər Nazirliyinin notası təqdim olunub.
Mövzuya münasibət bildirən deputat Elman Nəsirov isə Jirinovskinin timsalında Azərbaycan-Rusiya münasibətlərinin bu gününə və perspektivə çox ciddi xələl gətirən, ona kölgə salan, münasibətlərin strateji xarakterini korlamağa çalışan bir siyasi təlxəyin mövcudluğuna diqqət çəkib: "Onun bütün fəaliyyəti ilk növbədə Rusiyanın imperialist maraqlarını daşıdığı ideyasını təbliğ etməyə, Rusiya Azərbaycan da daxil olmaqla bütün Cənubi Qafqazı öz təsir zonasında saxlamağa yönəlib. Bu, bir həqiqətdir ki, Azərbaycan-Rusiya münasibətləri mehriban qonşuluq münasibətlərinə söykənib. Bu, strateji tərəfdaşlıq münasibətləridir. Fundamental məsələlərdə Azərbaycan və Rusiyanın maraqları üst-üstə düşür. Təsadüfi deyil ki, Rusiyaya qarşı Qərbin tətbiq etdiyi sanksiyalara Azərbaycan qoşulmayıb və bunun hər zaman əleyhinə olub. Eyni zamanda da, Azərbaycan Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi müstəqil milli maraqlara söykənən xarici siyasət kursu sayəsində Azərbaycanın həm ABŞ ilə, həm də Rusiya ilə strateji, tərəfdaşlıq münasibətləri var. Bu gün Moskvada çox gözəl dərk edirlər ki, Azərbaycanın rəsmi Vaşinqtonla münasibətləri strateji tərəfdaşlıq xarakteri kəsb edirsə, bu, heç bir halda Rusiyanın əleyhinə yönəlməyib. Eyni zamanda, ABŞ-da çox gözəl bilirlər ki, Azərbaycan Prezidentinin Rusiya ilə münasibətləri heç bir halda Vaşinqtonu, ABŞ-ı hədəfə almayıb. Bu səbəbdən də ABŞ və NATO-nun ali hərbi rəhbərliyi ilə Rusiyanın ali hərbi rəhbərliyi dəfələrlə Azərbaycan paytaxtında görüşlər keçirilib. Dünyanı narahat edən ən qlobal, ən mürəkkəb məsələləri məhz Azərbaycanın paytaxtında görüşlər keçirməklə həll etməyə çalışıblar. Bütün bunlar onun sayəsində baş verir ki, Azərbaycan dövləti, onun ali, siyasi rəhbərliyi çox düzgün bir siyasət həyata keçirir, milli maraqlara söykənən siyasət aparır".
Deputat deyib ki, əslində, Jirinovski və onun kimilər terrorçu missiyasını həyata keçirirlər: "Onu da nəzərə almaq lazımdır ki, Jirinovski kimi ağıldan kəm insanlar öz davranışları ilə təkcə hədəf seçdiyi ölkələr üçün təhlükə yaratmır, eyni zamanda, Rusiyanın milli maraqların ziddinə fəaliyyət göstərir. Rusiyanın tanınmış siyasətçilərini, partiya rəhbərlərini, ziyalılarını, dövlət xadimlərini təhqir edir. Tanınmış musiqiçilərini ələ salır, əxlaqdan və mənəviyyatdan uzaq ifadələr işlətməklə sözün həqiqi mənasında özünü siyasi təlxək kimi aparır. Onun bu cür davranışları göstərir ki, onun çox ciddi psixoloji problemləri var və belə bir insanın Rusiyanın siyasi səhnəsində olması Rusiyanın dünyadakı nüfuzuna çox böyük xələl yetirir: "Təkcə dünya ictimaiyyəti deyil, Rusiya ictimaiyyəti də Jirinovskini əslində, ağıldan kəm birisi kimi qəbul edir. Onun çox zaman işlətdiyi ifadələrə gülür və ələ salır. Hesab edirlər ki, Jirinovskinin mövcudluğu Rusiya siyasəti üçün böyük bir ləkədir".
Deputat Pərvin Kərimzadə isə bildirib ki, Azərbaycan və Rusiya arasında münasibətlər strateji tərəfdaşlığa əsaslanır. İki dövlət arasında münasibətlər bərabərhüquqlu əsaslarla inkişaf edir. Millət vəkili bildirib ki, Azərbaycan və Rusiya prezidentləri mütəmadi olaraq görüşür və görüşlərdə iki ölkə arasındakı əlaqələrin inkişafından məmnunluq ifadə olunur. Deputatın sözlərinə görə, bütün bunların fonunda Rusiyada bəzi dairələr Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirir, iki dövlətin mehriban qonşuluq münasibətlərinə xələl gətirməyə çalışır: "Belələrindən biri də Rusiya Dövlət Dumasının üzvü, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskidir. Bu şəxs hər zaman Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilib, Ermənistanın isə fəal təəssübkeşi rolunda çıxış edib".
Deputat deyib ki, Jirinovski Azərbaycan cəmiyyətinə yaxşı tanışdır: "O, Rusiya siyasətinin əxlaqi dəyərlərə, insani münasibətlərə, Rusiyanın daxili qanunvericiliyinə, üzvü olduğu Rusiya Dövlət Dumasının şərəfinə, beynəlxalq hüquq norma və qaydalarına əməl etməyən "siyasətçi"dir. Jirinovski bütün müstəqillik illərində Azərbaycana qarşı düşmən mövqe sərgiləmiş Rusiya siyasətçisidir. Bir qayda olaraq ölkəmiz və cəmiyyətimiz haqqında siyasətçiyə yaraşmayan fikirlər bildirib, Ermənistan-Azərbaycan münaqişəsi məsələsində Ermənistanı müdafiə edib. Onun Azərbaycan və Türkiyəyə qarşı nifrəti, əsassız mövqeyi hər kəsə yaxşı tanışdır. Əlbəttə ki, Rusiya-Azərbaycan dostluğu bu cür şəxsin qeyri-ciddi fikirləri ilə zədələnməyəcək. Lakin bu siyasətbazın demokratiyanın və söz azadlığının üstünlüklərindən faydalanaraq ölkəmizə, onun rəhbərliyinə qarşı hədyanlar söyləməsinə imkan verilməməlidir".
PƏRVANƏ
çap et