525.Az

"Mediamızın orduya münasibəti ermənilərin ürəklərini dağlayıb" - Sosial şəbəkələrdə yazılanlar


 

"Mediamızın orduya münasibəti ermənilərin ürəklərini dağlayıb" -<b style="color:red"> Sosial şəbəkələrdə yazılanlar</b>

Vilayət Quliyev, filologiya elmləri doktoru:
Avropada ən böyük sinaqoq Budapeştdə yerləşir. Müstəqil yəhudi dövləti qurmaq ideyası da ilk dəfə bu ölkədə yaranıb. Budapeşt doğumlu macar yəhudisi Teodor Hertsl (1860-1904) bu məqsədlə Ümumdünya Sionist Təşkilatını təsis edib. Soydaşı, məşhur türkoloq, Osmanlı sarayında geniş əlaqələrə malik olan Armin Vamberi vasitəsi ilə II Sultan Əbdülhəmidlə görüşərək Osmanlıya məxsus Fələstin torpaqlarını satın almaq və yəhudiləri ora köçürmək fikrinə düşüb. Lakin sultan bu təklifə razılıq verməyib.

Aslan İsmayılov, vəkil: 
Söz verdiyim kimi, dahi bəstəkar Vasif Adıgözəlovla bağlı qısa xatirəmi Sizinlə bölüşürəm. 
1990-cı il 20 yanvar gününün birinci yarısını şəhəri gəzib evə qayıtdım. Gördüklərimi bölüşmək üçün rəhmətlik Ələkbər Səfərova zəng etdim. Evlərinə dəvət etdi. Atatürk prospektində yerləşən evlərinə gəldim. Qonaq otağına daxil olanda Ələkbər müəllimdən başqa bir nəfəri də gördüm. Ələkbər müəllim "tanış ol, Vasif Adıgözəlovdur" dedi. Səmimi deyim, o vaxtlar Vasif müəllimin kim olduğunu bilmirdim. Şəhərdə gördüklərimi danışdım. Sakit, qürurlu oturan Vasif müəllim, Ələkbər müəllimə baxıb, "Ələkbər, ruslar bizi alçaltdılar" deyib hönkür-hönkür ağladı. Çox danışdıq. Bir məqamda üzümə baxıb dedi: "Cavan oğlan, bilirsən insan üçün ən dəhşətlisi nədir?" Susdum. Bir an hamımız susduq. Sonra başını qaldırıb dedi: "Belə anda əlindən heç nə gəlmədiyini, gücsüz olduğunu dərk etmək, müqavimətin heç bir günahı olmayan insanların ölümünə səbəb olacağını bilib susmaq ən çətindir". 

Sonralar çox görüşdük və hər görüş mənim üçün bir məktəb, onunla, həyat yoldaşı Xalidə xanımla hər görüş bizim ailə üçün bir dastan oldu. Bu gün də uşaqlarım həmin görüşləri dönə-dönə xatırlayırlar. Vasif müəllimin oğlu və davamçısı, bu gün Azərbaycan mədəniyyətini bütün dünyada yorulmadan təbliğ edən Yalçının demək olar ki, bütün konsertlərində ailəlikcə iştirak etmişik. Mənə ən çox təsir edən Vasif müəllimin "Natəvan" operasının premyerası olub. Həmin premyerada Xuraman Qasımovanın səhnədən düşüb tamaşaçılara üz tutub bir neçə dəfə "Şuşanı azad edin, Şuşanı azad edin" deməsi (tələb etməsi) epizodu bu gün də gözümün önündədir və heç vaxt yadımdan çıxmaz. "Çanaqqala" oratoriyası barədə çox həvəslə danışardı. Bu oratoriyanı ərsəyə gətirmək üçün neçə dəfə Türkiyədə, döyüşlərin getdiyi Çanaqqalada oldu, hansı əziyyətləri çəkdi, Türkiyədə oratoriyanın necə qarşılandığını, Vasif müəllimin hansı hisslər keçirdiyini bir yazıda əhatə etmək mümkünsüzdür. Ancaq bu əsəri dünyaya gətirməyi onun özünə bir missiya saydığını əminliklə deyirəm.

 Sonuncu dəfə Vasif müəllimlə oğlu Toğrulun baş həkim olduğu Leyla Şıxlinskaya klinikasında görüşdük. Bir yerdə nahar etdik. 2-3 saat söhbətimiz oldu. Hər dəfə söhbətin məzmununu dəyişmək istəsəm də, Vasif müəllim söhbəti yenə Qarabağa qaytarırdı. Qarabağ mövzusunun Vasif müəllim üçün çox ağrılı olduğunu bildiyimdən növbəti dəfə söhbəti başqa mövzuya keçirmək istəyəndə "dayan, mənə de görüm Şuşanı qaytara biləcəyikmi" sualını verdi. Üzünə dik baxıb inamla "əlbəttə" dedim. "Ay sağ ol, mənə başqa heç nə lazım deyil. İndi istədiyini danış" dedi. Şuşada keçirilən bayrama dəvət edilməməyimə nə qədər üzülmüşdümsə, Vasif müəllimin oğlu və davamçısı Yalçın Adıgözəlovun Cıdır düzündə ifası da o qədər sevindirdi. 

Əminəm ki, indi Vasif müəllimin ruhu şaddır. Allah rəhmət eləsin!


Akif Aşırlı, jurnalist:
Bu gün Ana dili günüdür. Tanrı əsrlər öncə bizə saf bir türkcə qoyub getmiş böyüklərimizə rəhmət eləsin. Ana  dilində təmiz danışan, yazan, düşünən insanları təbrik edirəm.

Taleh Şahsuvarov, jurnalist: 
Ermənistanda bir analitik mərkəz Azərbaycan mediasının son 3 aylıq monitorinqini başa çatdırıb. İlkin məlumatdan belə anladım ki, havalanıblar. Mediamızın orduya və qələbəyə münasibəti, Türkiyə ilə həmrəylik, Prezident İlham Əliyevə dəstək ürəklərini dağlayıb. İlkin məlumatdan onu da anladım ki, erməni propoqandası Azərbaycan mediasında görmək istədiyini böyük ölçüdə görə bilmir, amma bunun üçün hərəkətə keçəcəklər. Əziz həmkarlar, üstüörtülü deyirəm, qələbəmizi təftiş edən istənilən materialdan imtina etməli, bütün gücü İrəvan və Zəngəzura yönəltməliyik.

Qubad İbadoğlu, iqtisadçi-alim:
Qarabağın işğalı nəticəsində yalnız kənd təsərrüfatına dəyən toplam zərər 87.06 milyard dollardır. Müstəqil işçi qrupu ilkin hesablamalarını başa çatdırıb. 

Qarabağın Ermənistan tərəfindən işğalı nəticəsində kənd təsərrüfatına dəymiş zərərin qiymətləndirilməsi İşçi Qrupu olaraq ilkin hesablamalarımızı başa çatdırdıq. 

İşçi Qrupu sintetik kontrol metodundan (Abedie, 2021) istifadə edərək, işğal altında olmuş rayonların hər birinə bənzər, işğaldan zərər görməmiş rayon seçilərək, onların tutuşdurulması və uyğunlaşdırılması əsasında itirilmiş dəyərin müqayisəli hesablaması aparılıb. 

Rayonların seçilməsi, işğaldan zərər görmüş rayonla işğaldan zərər görməmiş rayonun işğaldan öncəki dövrünə (1985-1990) aid olan kənd təsərrüfatının müxtəlif sahələrini əks etdirən statistik göstəricilər bazasında həyata keçirilib. Bu zaman sektorlar üzrə istehsal həcmi,  məhsuldarlıq göstəriciləri bənzərlik meyarı kimi seçilib. Ən uyğun oxşar rayonlar müəyyənləşdirilməklə, ekspertlər son 27 ildə işğalda qalan hər bir rayona dəymiş zərərin məbləğini seçilmiş rayonların orta statistik göstəricilərinə (istehsal həcminə) əsasən hesablayıb. Bu zaman qiymətlər 1990-cı il baza ili götürülərək indeksləndirilib.

Ekspert qiymətləndirilməsinə görə, yalnız kənd təsərrüfatına dəyən toplam zərər 87.06 milyard dollar olub. Xahiş edirəm, bu rəqəmə sadə hesab kimi baxmayasınız, onun müəyyənləşdirilməsi  üçün beynəlxalq metodologiyadan istifadə olunub, 1985-2020-ci illəri əhatə edən 35 illik məlumat bazası hazırlanıb və təhlil edilib.

Yaxın günlərdə təfsilatlı təqdimatımız olacaq, 27 il işğal altında qalmış hər bir rayonda ümumi və sektorlar üzrə kənd təsərrüfatına dəymiş zərərin məbləğləri açıqlanacaq. 

P.S. İşçi Qrupu ABŞ-da, Almaniyada, Fransada, Macarıstanda, Türkiyədə, Gürcüstanda və Azərbaycanda fəaliyyət göstərən müstəqil mütəxəssislərdən təşkil olunub. Qrup 2020-ci ilin dekabrında yaradılıb. İşçi Qrupu kənd təsərrüfatı ilə yanaşı, şəxsi və dövlət əmlakına və mədən sektoruna dəymiş ziyanın hesablanması üzərində də iş aparır. 

Sahila Yaya, yazıçı:
Türkiyəli sənətçi Tuğba Özayın canlı yayımda müsahibəsinə baxdım. Çox emosional danışdı. Psixoloji durumunun stabil olmadığı bəllidi. Rəsmən fəryad elədi, illərdi çevrə üçün çalışdım, nə qədər sosial işlərə qatıldım, vətən üçün, toplum üçün çabaladım, bircə yanlış anlaşılmaya görə məni yerə çırpırsınız dedi. 

Bilməyənlər üçün qısaca arayış: Tuğbanın yanan ərazidə evi var, ana nəsli ordandı və demək olar orda yaşayır. 14 il əvvəl meşə yanğınlarında hər şeyləri yanıb, sonra yenidən tikib qurublar. Yanğın başlayandan çağırışlar edib, bələdiyyəni filanı töküb ora. Amma hər şey kənarda qalıb. Köməkçisi zəng edib, ev yandı deyib. Qadın 3 günün yuxusuzluğu fonunda sinir krizi keçirib. Əli-ayağı quruyub. Özünə gələndə canlı açıb hər şeyimiz yandı, felç oldum deyib. Sən demə, köməkçi tüstü-dumandan səhv salıb. Məhz onların evi yanmayıb. Nəticədə, adamlar Tuğbanı riyakarlıqda suçlayır, demədiyini buraxmır. 

Mənim də yadıma Flora xanım düşür. Bu qadın Heydər Əliyevin sevdiyi sənətçi olub. İqtidarın yanında dursaydı, nələri olardı, təsəvvür edirsiz? Prezident(lər)in "təqaüdlər içində boğduğu" biri olmaq şansı varkən, əqidənə görə kənara çəkilib, məhdudiyyətlərlə yaşamağı hamı bacarmır axı. Əksəriniz, çoxunuz bacarmazsınız. Düşünürəm cahil və qorxaqların, empati hissi olmayan insan yığınının qınağını, təhqirini görən Flora xanım necə incikdi... eynən Tuğba kimi hayqırmağı gəlir bəlkə də. Axı, mən xalqa görə nələrdən, nələrdən keçdim, bildiyimiz, bilmədiyimiz o qədər "axı"sı var ki... nankor olmayın, lütfən. Haqsızlıq etməyin. Ani qərarlar verməyin. Ədalətli olmağa çalışın. Şuşasını geri alan hakimiyyətə minnətdar olan 80 yaşlı bu mərd qadın həmişə mənəvi zənginliyi ilə seçilib. Onu məyus etməyə, xalqından küsməyə məcbur qoymayın.
 

 





03.08.2021    çap et  çap et