525.Az

BDU Qarabağ Dirçəliş Fondu ilə əməkdaşlığa başlayır


 

BDU Qarabağ Dirçəliş Fondu ilə əməkdaşlığa başlayır<b style="color:red"></b>

Bakı Dövlət Universitetində (BDU) Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Qarabağ Dirçəliş Fondu ilə BDU arasında əməkdaşlıq məsələləri, birgə layihələrin həyata keçirilməsi, müvafiq elmi tədqiqatların aparılması və s. məsələlər müzakirə olunub.

Görüşdə BDU-nun rektoru Elçin Babayev son illərdə BDU-da həyata keçirilən yeni layihələr və elmi-tədqiqat işlərindən, Vətən müharibəsinə və doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlərin pozulmuş hüquqlarının təhlilinə həsr olunan layihələrdən bəhs edərək Universitetin güclü elmi potensialının və bu sahədə zəngin təcrübəsinin olduğunu bildirib. Qeyd edib ki, Prezident, Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun parlaq qələbəsi ilə azad olunmuş əzəli torpaqlarımızda quruculuq işlərində, Qarabağ torpaqlarının bərpa olunması üçün həyata keçirilən layihələrdə BDU kollektivi də yaxından iştirak etməyə hazırdır. BDU ilə Fond arasında birgə layihələrin hazırlanması və reallaşdırılması doğma torpaqlarımızın dirçəldilməsinə və davamlı inkişafına töhfə verəcəkdir.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Fondun fəaliyyəti və planları haqqında məlumat verib. Bildirib ki, Fond öz fəaliyyəti çərçivəsində müxtəlif layihələr, o cümlədən, Qarabağın maddi dəyərlərinin bərpasına, sərmayələrin cəlb olunmasına və insan kapitalının inkişafına yönəldilmiş layihələr həyata keçirəcək. Qeyd edib ki, Qarabağ Dirçəliş Fondunun əsas fəaliyyəti Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulmasını, yüksək səviyyədə inkişaf etmiş regiona çevrilməsini, məskunlaşma,  məcburi köçkünlərin öz torpaqlarına qayıtmasını təmin edəcək mühitin bərqərar olmasına yönəlib. Bu layihələrin reallaşmasında ölkəmizin ən böyük elm və təhsil ocağı olan BDU-nun potensialından və təcrübəsindən istifadə olunması və birgə fəaliyyət ölkəmizin inkişafında birgə uğur salnaməsi yaradaraq, qələbəmizi daha da parlaq edəcək.

Daha sonra Cənubi Qafqaz regionunda yeni geosiyasi reallıq və bölgə ölkələrinin gələcəyi üçün yeni perspektivlər və risklər, Zəngəzur dəhlizinin Cənubi Qafqazda yeni geoiqtisadi modelin folmalaşmasına təsiri, Qarabağda rəqəmsal iqtisadiyyatın formalaşması və inkişafı problemləri və perspektivləri, Qarabağ bölgəsinin dirçəldilməsində dövlət-özəl tərəfdaşlığın tətbiqi, işğaldan azad edilın ərazilərdə yaşıl, inklüziv və dayanıqlı şəhər və qəsəbələrin salınması, alternativ enerji, kosmik təsvirlər, atmosfer, geologiya və digər əlaqəli mövzularda layihələrin birgə hazırlanması, həmçinin müştərək proqram və qrant müsabiqələrinin keçirilməsi və s. mövzularda müzakirələr aparılıb.

SEVİNC
 

 





04.08.2021    çap et  çap et