525.Az

Bilik və bacarıqlarının artırılması yönündə aqrar mütəxəssislərə dəstək


 

GƏNCƏDƏKİ AQRAR UNİVERSİTETDƏ ÖDƏNİŞSİZ TƏKMİLLƏŞDİRMƏ KURSLARI AÇILIB

Bilik və bacarıqlarının artırılması yönündə aqrar mütəxəssislərə dəstək<b style="color:red"></b>

Müasir aqrar istehsal fəaliyyəti bu sahənin mütəxəssislərinin ixtisas bacarıqlaının daim yenilənməsini, onların sürətlə dəyişən texnoloji mühitin xüsusiyyətləri ilə ayaqlaşmaq qabiliyyətlərinin çevikliyini tələb edir. Bu məqsədlə həyata keçirilən  "Aqrar sahədə çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması" layihəsi çərçivəsində Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universitetində kənd təsərrüfatı istehsalının dolğun kadr təminatının başlıca istiqamətləri olan  aqronomluq, baytarlıq və aqromühəndislik sahələri üzrə ödənişsiz təkmilləşdirmə kurslarının fəaliyyətinə start verilib.

Kursların açılışı zamanı universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirib ki, layihə aqrar  mütəxəssislərin praktik bilik və bacarıqlarının artırılması işinə töhfə olmaqla, yerlərdə kənd təsərrüfatı istehsalı templərinin yüksəlməsinə xidmət edəcək.
Layihədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin, "Azərşəkər" və "Baytarlıq" MMC-lərin, bir sıra digər təşkilat və müəssisələrin əməkdaşları, həmçinin,  aqrar universitet məzunları ilə yanaşı,  sahibkarlıq fəaliyyəti ilə məşğul olan fermerlər də iştirak edirlər.

Çıxış edən mütəxəssislər bu cür kursların vacibliyini vurğulayaraq, universitetin maşın-traktor parkının, müasir tədris mərkəzlərinin, heyvandarlıq komplekslərinin, Baytarlıq klinikasının, heyvan kəsimi sexinin, Quşçuluq tədris mərkəzinin, Süni mayalanma tədris mərkəzinin, qeyd olunan sahələr üzrə təkmilləşdirmə kurslarının təşkilinə geniş imkanlar yaratdığını diqqətə çatdırıblar.

Layihə iştirakçıları universitetin tələbə evində ödənişsiz yaşayış yeri ilə də təmin olunublar.

Zakir Muradov, 
Gəncə

 

 





04.08.2021    çap et  çap et