525.Az

Çinin Talibanla anlaşmaq cəhdi -Xaqani Cəfərlinin siyasi şərhi


 

Çinin Talibanla anlaşmaq cəhdi -<b style="color:red">Xaqani Cəfərlinin siyasi şərhi</b>

ABŞ prezidenti Co Baydenin Amerika ordusununun Əfqanıstandan çıxacağı barədə rəsmi bəyanatından sonra Mərkəzi Asiyada yeni geosiyasi vəziyyət yarandı. Yeni geosiyasi vəziyyət region ölkələrinin rəsmi siyasətinə də təsir göstərdi.  Rusiya rəsmən terrorçu təşkilat kimi tanıdığı Taliban hərəkatı təmsilçilərinin Moskva səfərinə razılıq verməklə yanaşı, Xarici İşlər Nazirliyində yüksək səviyyədə qəbul da etdi. Rusiya Xarici İşlər Nazirliyində Taliban təmsilçiləri ilə aparılan danışıqların incəlikləri aydın olmasa da, qeyri-rəsmi məlumatlara görə, Moskva anlaşma əldə etməyə çalışıb. Anlaşmanın məqsədi Talibanın Rusiyanın daxilindəki müsəlman regionlarında radikal islamçı hərəkatları dəstəkləməyəcəyi və Hərəkatın Orta Asiyaya müdaxilə etməyəcəyi ilə bağlı öhdəlik götürülməsilə bağlı olub. Qeyri-rəsmi məlumatlara görə, Taliban təmsilçiləri hər iki məsələdə Moskvanı qane edəcək cavab veriblər.

Moskvanın ardınca Pekin də Talibanla anlaşmağa cəhd edib. Çinin xarici işlər naziri Van İ ilə Talibanın liderlərindən biri Molla Əbdül Qəni Biradər arasında danışıqlar Tianjin şəhərində keçirilib. Danışıqların paytaxt Pekində aparılmaması onun əhəmiyyətini azaldacaq amil olsa da, Çin tərəfini xarici işlər nazirinin təmsil etməsi bu görüşün yüksək səviyyəli danışıqlar olduğunu təsdiqləyir. Danışıqlar zamanı çinli nazir rəsmi Pekinin Əfqanıstanın suverinliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə həmişə hörmət etdiyini, Əfqanıstanın daxili işlərinə qarışmamağın tərəfdarı olduğunu bəyan edib. Xarici işlər naziri Van İ Vaşinqtonun Əfqanıstana yönəlik siyasətinin uğursuzluğuna da diqqət çəkərək, ABŞ-ın Əfqanıstana hərbi müdaxiləsinin əleyhinə olduqlarını Molla Əbdül Qəni Biradərin nəzərinə çatdırıb. Çinli nazir hesab edir ki, Əfqanıstan əfqanlara məxsusdur və talelərini də özləri həll etməlidirlər.

Molla Əbdül Qəni Biradərin başçılıq etdiyi 9 nəfərlik nümayəndə heyyətinin Çin Xarici İşlər Nazirliyinin təmsilçiləri ilə apardıqları danışıqlar haqqında qeyri-rəsmi məlumata görə isə Pekin Talibandan Sincan Uyğur Muxtar Rayonunda baş verənlərə müdaxilə etməməsini istəyib. İddialara görə Rusiya təmsilçiləri ilə görüşdə olduğu kimi Çin rəsmiləri ilə danışıqlarda da talibançılar Əfqanistanın sərhədini keçməyəcəklərində israr ediblər. Totalitar kommunist rejiminin təmsilçisi olan Çin xarici işlər nazirinin Talibanın terrorizmə qarşı mübarizəyə töhfə verəcəyinə ümid etdiklərini bəyan etməsi isə Mərkəzi Asiyada geosiyasətin nə qədər sürətlə dəyişdiyini göstərir. Məsələ ondan ibarətdir ki, Taliban hərəkatı Çinin də daimi üzvlərindən biri olduğu BMT Təhlükəsizlik Şurası tərəfindən terrorçu təşkilat kimi tanınıb. Çin 2003-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən Taliban hərəkatının terrorçu təşkilat kimi tanınmasına dəstək verdiyi halda, indi Talibanın terrorizmlə mübarizəyə dəstək verməyə çağırır. Əslində isə Pekinin yeganə istəyi Talibanın Şərqi Türküstan İslam Hərəkatına (ETIM) dəstək verməməsidir. Pekinin terrorçu təşkilat kimi tanıdığı Şərqi Türküstan İslam Hərəkatı uyğurların müstəqilliyi uğrunda mübarizə aparır və 2008-ci ildə Pekindəki Yay Olimpiya oyunları zamanı həyata keçirdiyi hücumlarla məşhurlaşıb. İndi Pekinin kommunist rəhbərliyi Əfqanıstanda Talibanın hakimiyyətə gələcəyi halda Şərqi Türküstan İslam Hərəkatının dəstək qazana biləcəyindən ehtiyatlanır. Sincan Uyğur Muxtar Rayonun Əfqanıstanla həmsərhəd olması Pekinin narahatlığının əsas qaynağıdır. Pekində qorxurlar ki, Əfqanıstan sərhədinin effektli qorunmayacağı halda Şərqi Türküstan İslam Hərəkatı bundan faydalana və silahlana bilər. Digər tərəfdən, İslam dəyərlərinin şəksiz tərəfdarı olan, Əfqanıstanda teokartik din dövləti qurmağı hədəfləyən Talibanın müsəlmana uyğurlara dəstək verməkdən imtina edəcəyi də inandırıcı görünmür. Çünki bu zaman Taliban müsəlmanların hamısının qardaş olması haqqında dini hökmün əleyhinə getmiş olacaq ki, bunu da sıravi üzvlərinə izah edə bilməyəcək. Bu isə Talibanın rəhbərliyilə sıravi üzvlər arasında fikir ayrılığına səbəb ola bilər və yeni liderlərin meydana çıxmasına yol açar. Ona görə də Talibanın terrorizmə qarşı mübarizədə regional əməkdaşlığa mane olanları aradan qaldıracağı ilə bağlı Pekinin istəyinin gerçəkləşməsi inandırıcı görünmür. Çinin Talibandan terrorçularla mübarizə aparmaq üçün əlverişli şərait yaradacağı ilə bağlı gözləntisi isə ümumiyyətlə mümkün görünmür. Doğrudur, Taliban rəhbərliyi diplomatik təzyiqlər qarşısında belə şərait yaradacağı ilə bağlı vəd verə bilər, lakin islamçı qrup və hərəkatlara qarşı mübarizə aparmaq üçün əlverişli şərait yarada bilməz. Hələlik bütün Əfqanıstan üzərində nəzarəti ələ keçirə bilməyən Taliban Çin və Rusiya kimi bölgənin iki böyük dövlətini qorxutmaq istəmir. Ona görə də Moskvada olduğu kimi, Tianjində keçirilən görüşdə də talibançılar tərəfdaşlarını qane edən fikirlər səsləndiriblər. Molla Əbdül Qəni Biradərin Çinin xarici işlər naziri Van İni əmin edib ki, Taliban Çinin daxili işlərinə müdaxilə etməyəcək. Ancaq Çinin kommunist rəhbərliyinin hələ rəsmi hakimiyyətə çevrilə bilməyən hərəkatın bir təmsilçisinin sözlərinə etibar edəcəyi də inandırıcı deyil. Sadəcə olaraq Rusiya kimi, Çin də ABŞ Əfqanıstanı tərk etdikdən sonra Mərkəzi Asiyada yaranmış yeni geosiyasi vəziyyətdə özlərinə yarana biləcək təhlükələrin qarşısını almağa cəhdlər göstərirlər. Bu cəhdlərin nə qədər effektli olub-olmadığını isə zaman göstərəcək.  
 

 





04.08.2021    çap et  çap et