525.Az

Belarus uğrunda mübarizə qızışır


 

Belarus uğrunda mübarizə qızışır<b style="color:red"></b>

Ötən ilin avqustunda Belarusda keçirilən prezident seçkiləri cəmiyyəti iki yerə böldüyü kimi, Belarusla bağlı dünya ictimaiyyətini də iki yerə bölüb. Rusiya, Çin və bir neçə ölkə Belarusun faktiki dövlət başçısı Aleksandr Lukaşenkonu dəstəklədiyi halda, Qərb son prezident seçkisinin qalibi kimi tanıdığı Svetlana Tixanovskayanı dəstəkləyir. Svetlana Tixanovskayanının Ağ evdə prezident Co Bayden tərəfindən qəbul edilməsi də bunun təsdiqidir. Məlumdur ki, bütün dövlət başçıları Vaşinqtona dəvəti səbirsizliklə gözləyirlər və bu statusda olmayan siyasi liderlərin Ağ evdə qəbulu çox az müşahidə olunur. Svetlana Tixanovskayanın Vaşinqtona dəvət olunması və ən yüksək səviyyədə qəbul edilməsi Belarusla bağlı ABŞ-ın mövqeyinin nədən ibarət olduğunu göstərir.

Svetlana Tixanovskayanın Vaşinqtona dəvəti eyni zamanda, son zamanlar Rusiya mətbuatında müzakirə olunan bir məsələyə də aydınlıq gətirdi. Rusiya mətbuatında belə iddialara rast gəlmək olurdu ki, Rusiya prezidenti Vladimir Putinin amerikalı həmkarı Co Baydenlə Cenevrə görüşündə iki böyük dövlət arasında dünyanın bölünməsinə dair razılıq əldə edilib və postsovet məkanı Moskvanın təsir dairəsi kimi qəbul edilib. İddia olunurdu ki, iki prezident Baltikyanı respublikalar istisna olmaqla keçmiş Sovet respublikalarının Moskvanın müstəsna nəzarət dairəsi kimi qəbul edilməsində anlaşıblar. Hətta Co Baydenin həmin respublikalarda antirusiya mövqeli qüvvələri dəstəkləməyəcəyi ilə bağlı öhdəlik götürdüyü də iddia olunurdu. Rusiya mətbatında belə xəbərlər yer alırdı ki, Rusiya prezidenti Vladimir Putin Cenevrə görüşündə Belarusla bağlı məsələni ayrıca müzakirə edib və Co Baydendən Svetlana Tixanovskayanı Vaşinqtona dəvət etməməyi tələb edib. Yayılan xəbərlərdə ABŞ prezidentinin rusiyalı həmkarının bu istəyi ilə razılaşdığı qeyd olunurdu. Co Bayden hökuməti isə Svetlana Tixanovskayanı Ağ evdə ən yüksək səviyyə qəbul etməklə yayılan məlumatların şayiədən başqa bir şey olmadığını nümayiş etdirdi.

Svetlana Tixanovskayanın Vaşinqtonda keçirdiyi görüşün iki önəmli tərəfi var. Birincisi, Vaşinqton bununla Svetlana Tixanovskayanı Belarus xalqının yeganə qanuni təmsilçisi kimi tanıdığını, Aleksandr Lukaşenkonun legitimliyini qəbul etmədiyini göstəir. Digər önəmli məsələ isə ABŞ-ın postsovet məkanında demokratikləşmə prossesini dəstəkləyəcəyi ilə bağlı səslənən bəyanatdır. ABŞ prezidenti Co Bayden Svetlana Tixanovskaya ilə görüşdə dünyada demokratiya ilə avtoritarizm arasında mübarizə getdiyini bəyan edib. Bununla da Co Bayden dünyanı iki yerə bölüb. Bir tərəfdə Vaşinqtonun demokratik, digər yanda isə avtoritar hesab etdiyi ölkələr yer alır.

Svetlana Tixanovskayanın Vaşinqtona səfəri bir daha aydın göstərdi ki, ötən ilin avqust ayından sonra Belarus uğrunda Qərblə Rusiya arasında başlanan mübarizə qızışıb və belə görünür ki, son mərhələyə qədəm qoyub. Bu mərhələnin sonunda Belarusun Rusiyanın təsir dairəsindən çıxacağı ehtimalı çox böyükdür. Belə bir vəziyyət isə postsovt məkanında geosiyasi vəziyyəti tamamilə dəyişəcək. 
 

 





04.08.2021    çap et  çap et