525.Az

Sən özün bir kitabsan - Aygün Xəlilqızı yazır


 

Sən özün bir kitabsan -<b style="color:red"> Aygün Xəlilqızı yazır</b>

Onun  cismani yoxluğundan sonra qələmə söz verdim, onun haqqında olan ürək sözlərimi, onu sevənlərin ürək sözlərini bir yerə toplayıb yazacağam deyə... Əslində, onun həyatda olduğu anlarda da, onunla danışdığım mövzularda belə özünə deyə bilməsəm də, ürəyimdə hər zaman dediyim bir cümlə vardı: "Sən  bir kitabsan". Biz kitab ifadəsini kağızdan hazırlanan səhifələr, onlar üzərindəki yazılar, qalın üzlüklü və cildlər şəklində olan insan məhsulu bilirik. Amma Tanrının örnək bilinən insan  adlı məhsulu olan kitablar daha dəyərli, daha mənalı, daha əzəmətli daha möhtəşəm olur. Çünki o kitabın mərkəzində  fədakar, geniş bir ürək, bəşəriyyətə fayda verən bir düşüncə,  eyni zamanda, səsi, gülüşü, danışığı, nitqi  onu tanıyanlara  elm, ədəb   təqdim edən bir ruh  var olmaqdadır. Məhz buna görə də Tanrının yaratdığı bu əsər özündən sonra da danışılır, müzakirə olunur, oxunur və sevilir. Tanrı nadir kitablarını, yəni seçilən insanlarını  pak olmayan mühitdə yaratmaz, yetişdirməz. Haqqında danışdığım insan Yaradanın bir elə-obaya, bir nəslə bəxş etdiyi Tanrının ilham payı İlham Abbas oğlu Mazanlı şəxsiyyətidir.

Sazlı-sözlü, mənəviyyat çeşməsi olan qədim türk eli, türk yurdu olan Göyçə mahalında, Abbas Əli oğlunun ocağında göz açdı dünyaya. Evin, ailənin ikinci övladı olsa da, ilk oğul payı idi. Göyçənin qarlı-çovğunlu bir fevral günü dünyaya gözlərini açmışdı İlham. Əsl türk  antropoloji xüsusiyətinə sahib olan sarı saçlı, mavi gözlü  ilk oğul  payı dünyaya gəlmişdi o gün. İlham Mazanovun hər iki babasının, Göycənin tanınmış ağsaqqalları olan Əli Namazov və Oruc İbrahimovun sevimli nəvə payı gəmişdi dünyaya. Ondan sonra ailədə dünyaya gələn oğul və qızların sayı artsa da, yenə də seçilirdi İlham. Ətrafında əmilər, dayılar, xalalar, bibilər pərvanə kimi  fırlanıb  əzizləyərək böyütdülər onu. Balaca İlham geyinib, keçinib məktəbə qədəm qoydu Göyçə mahalının Cil kəndində... Dağların təmiz havasından udub, sərin bulaqların   müqəddəs suyundan içib torpağın bağrında  boy atan köklü bir ağac kimi böyüdü, boy atdı. Qonaqlı-qaralı Mazanovlar ailəsinin ilk oğul payı beləcə məktəbi bitirdi. Atası Abbas Mazanovun  müxtəlif dövrlərdə yüksək dövlət vəzifələrində işləməsi, Göyçə camaatına  yardımsevərliliyi ilə bərabər, eyni zamanda, həm də gözəl folklor bilicisi, Göyçə aşıq məktəbinə bələd olması, şeirə, dastana olan dərin marağının  sayəsində bu evdə ədəbiyyata marağın olmaması mümkün deyildi. Bəlkə də buna görə idi ki, İlham Mazanlı hələ məktəb yaşlarından şeirlər yazırdı. Kim bilir, bəlkə də elə bu maraq onu Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə gətirib çıxarmışdı. Birinci kursun ilk semestrinin tətilində doğma kəndinə qayıdarkən nənəsinə, babasına  və anasına tələbə payı alıb sevindirmişdi İlham... Bütün bunlar böyüklərinə qayğının  və sevdiklərinə  diqqətin nümunəsi idi.

Tələbəlik illərində çox yaxın dostları vardı. Mən baba-nənə yanında böyüyən  balaca məktəbli qız idim. İlham dayımın tələbə yoldaşları gəlirdi kəndə. Göyçənin gəzməli, tarixi yerlərini, sərin bulaqlarını gəzdirərdi babam onlara. Gedərkən də kənd sovqatı bir adət idi Göyçədə. Elə gənc yaşda o qədər səmimi, o qədər  möhkəm dostluq bağları  qurmuşdu ki, ətrafı ilə o dostluqlar illərə meydan oxuyacaq qədər uzun ömürlü oldu. Məhz  həmin dostluqlar amansız xəstəliyin ayırdığı günə qədər də davam edirdi...     

Göyçənin qonaqpərvər ziyalısı, atası Abbas Mazanovun arzusu İlhamı daha yüksək məqamlarda, daha yüksək kürsülərdə görmək idi. Məhz bu arzu ilə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu İlham Mazanlı 1988-ci ildə Rusiya Prezidenti yanında Dövlət Qulluğu Akademiyasının kütləvi informasiya vasitələri kafedrası üzrə aspiranturasına daxil olmuşdur. 1991-ci ildə  may ayının 30-da  "Mətbuat millətlərarası münasibətlərin  təkmilləşdirilməsi amili kimi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi adını almışdır. Onun iş fəaliyyətləri  siyahısında Bakı Ali Partiya məktəbi, Azərbaycan televiziyasında ilk canlı efir  aparıcılığı, "Azərbaycan kommunisti" jurnalı, Bakı Sosial İdarəetmə və Politologiya institutu, Gənclər və İdman nazirliyi, Azərbaycan Respublikası Nazirlər Kabineti strukturunda Beynəlxalq Humanitar Yardım üzrə Respublika komissiyası işçi qrupunun rəhbəri, Qaçqın və məcburi köçkünlərlə iş şöbəsi müdirinin müavini, Beynəlxalq Humanitar təşkilatlarla iş bölməsinin müdiri vəzifələri də olmuşdur. İlham müəllim eyni zamanda, Şərqi Avropada və postsovet məkanında yerini dəyişmiş əhalinin  sosial-hüquqi  problemlərinin həlli  üzrə Cenevrə prosesinin  üzvü olmuş və hər il illik konfranslarda  iştirak etmiş, Avropa İttifaqı  ilə Azərbaycan Respublikası İqtisadi Əlaqələr Komissiyasının qaçqın və köçkünlərin problemləri ilə balı müzakirələrdə fəal iştirak etmişdir.
1998-ci ildə  Heydər Əliyevin 1 iyul tarixli sərəncamı ilə Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət komissiyasının tərkibinə daxil edilmişdir. 2001-2011-ci illər ərzində Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyində Miqrasiya İnformasiya Mərkəzinin direktoru vəzifəsində işləmişdir. Müxtəlif illərdə  dünyanin müxtəlif ölkələrində keçirilmiş tədbirlərdə Azərbaycan hökumətini təmsil etmişdir.

2003-cü ildən Bakı Dövlət Universiteti Beynəlxalq jurnalistika kafedrasının  dosenti olmuşdur. 300 məqalənin, 5 kitabın müəllifidir.
Bəli, bütün bunlar İlham Mazanlı şəxsiyyətinin bu günə qədər əldə etdiyi nailiyyətlərinin, həyat yolunun qısa tarixçəsi idi. Təəssüf ki, dünyanın ölüm adlı bir həqiqəti var. Heç bir yaranan insan bundan qaça bilməz. Amma ölümün də geci-tezi var. Ölümün tez olanı yazıldı onun qismətinə. Bəzi insanlar var ki, onlar yaşayışları ilə nümunə olurlar, bəzi insanlar da var ki, onlar ölümləri ilə nümunə olurlar. Məncə, o, ölümü ilə nümunə olanlardandır. Çünki İslam Peyğəmbərin belə bir hədisi var: "Necə yaşasanız, elə ölərsiniz". Bu sözün dərin fəlsəfi anlamı var. Bu o deməkdir ki, şərəfli ölüm şərəfli həyatın aynasıdır, nümunəvi həyat nümunəvi ölümü formalaşdırır. İnsanın yaşadığı bütün həyatı, onun failiyyət  nöqtəsi ölüm ilə tamamlanır. Ölüm həyat adlı yalanın tək gerçəyi, insanın ən son heyrətidir. Əslində, ölüm həyatın ən təmiz güzgüsüdür. Amansız xəstəliyin cəngində çırpınanda belə o qədər güclü, o qədər əzmkar, o qədər həyat dolu bir  davranış sərgilədi ki, üzündəki təbəssüm, çöhrəsindəki nur ölüm anında belə  yox olub getmədi. Bir quş  uçuşu qədər xəfif, heç kəsi üzməyəcək qədər gizli, səssiz-səmirsiz getdi bu dünyadan. Səhhətində yaranan problemlərlə bağlı olaraq yerişində, hərəkətində yaranan çətinliyi o qədər ustalıqla  göstərməməyə çalışırdı ki, heç kəs onun daxilində gedən amansız xəstəliyin izlərini belə görə bilmədi.

Uzaqlarda qalan, yurd yeri olan müqəddəs Göyçə mahalını, doğulduğu kəndini çox sevirdi... Həmişə Ahmet Kutsi Tecerin məhşur bir şeirini təkrarlayırdı:

Orda bir kənd var uzaqda,
O kənd bizim kəndimizidir.
Gəzməsək də, tozmasaq da,
O kənd bizim kəndimizdir.

Onun itkisi hər doğmasına bir cür təsir etdi: Yaşlı ata-anasına bir ayrı, atadan daha çox dost olmağı bacardığı övladlarına bir ayrı, heç vaxt qəlbini qırmadığı, incitmədiyi bacı-qardaşlarına bir ayrı, ömür-gün yoldaşına bir ayrı... Amma mənim üçün gülər üzlü, həlim xarakterli, zərif yumor hissli dayı, həm ziyalı şəxsiyyətli bir insan olmaqla bərabər, həm də mənim iş yoldaşım idi. Eyni binada işləyirdik biz. O, üçüncü, mən isə dördüncü mərtəbədə... Demək olar ki, hər iş günü görürdüm onu. Uca boylu, səliqəli geyimli, gülər üzlü, əlində portfeli, ya da kompüteri... Uzaqdan hər görəndə  sevinir, yaxınlaşıb görüşür, fəxr edirdim onunla... Tələbələrin sevimlisi idi. Tələbələr onu həm xarici görünüşünə görə, həm də dərs keçmə üslubuna görə daha çox avropalılara bənzədirdi onu. Əsl alim, əsl ziyalı mədəniyyəti, davranışı var idi onda. Adi bir suala belə o qədər dərin və elmi bir cavab verirdi ki... Sakit, aramlı danışığı içində incə yumoru gülüş  gətirirdi  qarşısındakına.

Millətini, xalqını  həddindən artıq çox sevirdi. Hətta  özü danışırdı ki, Moskvada arxivdə kitablarının  birini yazarkən  bəzi milli məsələlərdəki faktları üzə çıxarmaması üçün ona təzyiqlər olunmuş, zənglər edilmişdi. Lakin bunlara baxmayaraq, o kitabı lazımınca ərsəyə gətirərək təhvil vermişdi. Millətinin maariflənməsini, tələbələrin təəssübünü o qədər üstün tuturdu ki, bunun xalqın təhsilli gələcəyi naminə özünə bir fədakarlıq kimi qəbul edirdi. Çap etdirdiyi kitablarını təmənnasız olaraq tələbələrə paylayır və bunu özünə xüsusi bir borc bilərək  etdiyindən özünü xoşbəxt  sayırdı. Bir dəfə  səhhətinin ağır zamanlarında ziyarətinə getmişdim. Daha çox elmi söhbətlər etməyi xoşlayırdı. Maarifçi ziyalılardan  Nəcəf bəy Vəzirov haqqında bir hadisə danışdı: Nəcəf bəy ömrü boyu öz əsərləri üçün  qonorar almamışdır. 1913-cü ildə "Kaspi" qəzetinin müxbiri ondan soruşur: 

- Nə üçün  bədii əsərlərinizdən qonorar almırsınız?

Vəzirov belə cavab vermişdi: "Mən hələ vicdanımı itirməmişəm ki, xalqımın maariflənməsinə kömək edən yazılarımdan qazanc götürüm.
Sonda Nəcəf bəy Vəzirovun işlətdiyi cümləni söyləyəndə cümləsinin sonunu güclə gətirdi, gözləri doldu, səsi titrədi, dodaqları əsdi... Çünki o, özü də eyni düşüncəyə sahib ziyalı idi. Bu, əslində, onun özünün hər bir tələbəsinə olan münasibəti idi. Eyni amal və əqidə ilə o da xalqının övladlarına N.B.Vəzirov kimi, H.B.Zərdabi, Cəlil Məmmədquluzadə, Sabir kimi təmənnasız elm öyrətmək istəyirdi. Bəlkə buna görə idi  tələbələrinin  ona olan bu sevgisi? Bəlkə onda olan yüksək mədəniyyətə, kübar davranışına görə idi  ətrafının onu  hörmət və sevgi selinə  bürüməsi?

Bəli, əslində, mən onun haqqında yazdığım bütün bu fikirlərimi o həyatda olarkən özünə də demək istədiyim fikirlər idi... Amma bilirdim ki, o, özünün təriflənməsini sevməyəcək qədər təvazökar biri idi.

Hər insan ömrü bir kitabdır. Amma hər ömür sahibi olan insan bir kitab deyil. Hamı kimi dünyaya gəlsən də, dünyadan fərqli bir insan kimi getdin. Dünyanı elminlə, kitablarınla bəzədin. İşlədiyin sahəyə bəhrə verdin, fayda gətirdin. Azərbaycan jurnalistika ədəbiyyatına, tələbələrinə miras qoyub getdiyin kitabların dünya durduqca duracaq, ruhuna   rəhmət oxudacaq, sənə minnətdar olacaqlar. Çünki sən əsl alim ömrü yaşadın. Sonda fikrimi Hz.Əlinin bir sözü ilə bitirmək istəyirəm: "Alim ölsə də, yaşayar, Cahil yaşarkən də ölüdür".
Odur ki, SƏN DAİMA YAŞAYACAQSAN, İLHAM ABBAS OĞLU MAZANLI!

Aygün XƏLİLQIZI,

Filologiya üzrə fəlsəfə doktoru

 





04.08.2021    çap et  çap et