525.Az

"Google" bizi dinləyirmi? - EL Roman yazır


 

"Google" bizi dinləyirmi? - <b style="color:red"> EL Roman yazır</b>

Dünyanın ən böyük axtarış platforması olan "Google", bu dəfə fərqli bir teoremlə üzləşir. Bir çox insanın rəy və şikayətlərindən sonra bunu sübut edənlər də oldu. Hər kəsin ağlındakı sual isə bu idi: "Google" bizi dinləyirmi? 

Bildiyimiz kimi, "Google" axtarış platforması axtardığımız sözü milyonlarla qarşılığı ilə bizə təqdim edir. Son zamanlar, demək olar ki, hamı internet vasitəsilə alış-veriş edib. Bu səbəbdən insanlar bir çox şeyin fərqinə varmağa başladılar - Reklamların. 

İlk zamanlarda "Google"nin süni təfəkkürü bu dərəcədə inkişaf etməmişdi. İnsanlar nə axtarsa, onu görər, axtardıqlarına oxşar digər nəticələr tapılmazdı. Zamanla inkişafın nəticəsində axtardığımız şeylərlə birlikdə ona bənzər nəticələr də təqdim olunmağa başlandı. Ən son addım daha da inkişaf etdi və axtardığımız sözlərə əsasən qarşımıza reklamlar çıxmağa başladı. İstifadə etdiyimiz kəlmələr siyahılaşdırıldı və ümumi şəkildə təhlil olunaraq nəyə ehtiyacımız olduğuna qərar verildi. Ekranın sağında da, solunda da ehtiyacımız olan məhsullar göstərilirdi. Bu, mükəmməl bir sistem olsa da, "Google" daha da inkişaf etdi və bir az dəcəllik etməyə başladı. Teorem də elə məhz burada başlayır. 

"Google" artıq anlayır ki, insanlar öz ehtiyaclarını hər zaman internetdə axtarmır. Bir çox hallarda öz aralarında söhbət zamanı onlardan bəhs edir. "Bu səbəbdənmi "Google" insanları dinləməyə başladı?" sualı insanları narahat edirdi. Bu teoremi isbat edənlər də oldu. 

Bir ingilis 5 dəqiqə boyunca it oyuncaqları haqqında danışacağını deyir və dayanmadan 5 dəqiqə "dogtoys" hissəciyini vurğulayaraq danışmağa başlayır. Ardınca internet səhifələrini açır və qarşısına, həqiqətən də, it oyuncaqlarının satışı ilə bağlı reklamlar çıxır. 

Əslində, burada təəccüb doğuran heç nə yoxdur. "Google" onsuz da bu məlumatları bizdən aldığını açıqlayır: 

"Xidmətlərimizdən istifadə etdikdə bir neçə fərqli formada məlumatlar toplayırıq. Bu məlumatlar, əsasən, iki geniş kateqoriyada yerləşir. Özünüzün bizə verdiyiniz məlumatlar və siz xidmətlərimizdən istifadə edərkən topladığımız məlumatlar. Bunlara tək-tək nəzər salaq: 

Öz yaratdığınız və bizə verdiyiniz məlumatları toplayırıq. Bu məlumatlar hesab yaradarkən istifadə etdiyiniz adı, yüklədiyiniz şəkli və ya göndərdiyiniz mesajları əhatə edir. 

Xidmətlərimizdən istifadə edərkən də bilgilər toplayırıq. Bu, istifadə etdiyiniz cihazlar və tətbiqetmələrlə birlikdə, etdiyiniz axtarışlar, reklamlar və veb-saytlarımızı ziyarət kimi fəaliyyətlərinizi, "Google" xidmətlərindən istifadə etdiyiniz an mövcud olduğunuz məkanla əlaqədar məlumatları da əhatə edə bilər. Məsələn, kafe axtardıqda küçədən dönən kimi gözəl bir məkan tapmağınıza kömək etmək üçün axtarış terminlərinizlə birlikdə mövcud məkanınızdan da istifadə edirik". 

Bu sistem bizlər üçün nə qədər yaxşıdır və nə qədər pisdir, bilmirəm. Amma ümumi olaraq "Google" həyatımızı asanlaşdırmaq istəyir və bütün bu addımları bu məqsədlə atır. 

Hər bir halda, öz razılığımızla "Google" bizi dinləyir və buna əsasən qərarlar verir. Ümumiyyətlə, internet şəbəkəsində bizə aid milyonlarla fayl mövcuddur. Özümüzü tanımadığımız və güvənmədiyimiz insanlardan qoruduğumuz kimi, bu tipli internet şəbəkələrindən də qorumalı, ehtiyatımızı əldən verməməliyik.

 





04.08.2021    çap et  çap et