525.Az

Vətənin ən şərqi - İlqar Tağıyevin reportajı


 

Vətənin ən şərqi - <b style="color:red"> İlqar Tağıyevin reportajı</b>

"10 il əvvəl adada suiti əlindən tərpənmək olmurdu. Qayıqla ora yaxınlaşanda mühərriki söndürürdük ki, həm suitilər qorxmasınlar, həm də mühərrikin pərinə dəyib zədələnməsinlər. İndi suitilər nadir hallarda adaya çıxırlar" - deyə, Namiq kişi söhbətə başlayır. 26 ildir burada çalışan, saç-saqqalını burada ağardan Namiq Hüseynov parkın mühafizəçilərindən biridir. Suitilərin yoxa çıxmasını həm turist axını, həm də Xəzərdə suyun səviyyəsinin artması ilə əlaqələndirir. Yaxın keçmişdə ada yarımadanın bir hissəsi idi. Suyun səviyyəsi artdıqca ərazi adaya çevrildi. Bu da suitilərin populyasiya ərazisinin azalmasına səbəb oldu. Əsas da onların sahilə yan almalarını çətinləşdirdi. Heç söhbətin haradan getdiyini demədim. Elə isə...

Buranı "Qartalın dimdiyi" kimi tanıyırıq. El arasında başqa adı "Şah dili"dir. Söhbət Azərbaycanın şərqdə materikə bitişik ən ucqar nöqtəsindən, Abşeron Milli Parkının ərazisindən gedir. "Qartalın dimdiy"inə çoxdan səfər etmək istəyirdim. Bakıda yaşayasan, burada olmayasan... Ayıbdı! Bəxtimdən çox vaxt sərt küləklərin əsdiyi bu ərazidə hava sakit idi. Üstəlik, avqustun yandırıcı günəşi buludların arxasında gizlənmişdi. Zarafat deyil, ən ucqar nöqtəyə gedib-qayıtmaq üçün 3 saata yaxın payi-piyada yol qət etməli idim. Üstəlik, qumluq və bataqlıq yolla. 

Təəssüratlarımı bölüşməmişdən əvvəl park və ərazinin tarixi haqqında qısaca məlumat verim. Azərbaycan xəritədə qanadları açılmış qartala, Abşeron yarımadası həmin qartalın başına, sözügedən ərazi isə qartalın dimdiyinə bənzədiyindən birinci adın haradan qaynaqlandığı məlum olur. "Şah dili"nin yaranması isə yüz illər əvvələ gedib çıxır. Keçmiş zamanlarda varlı əyanlar bura ova gəlirmişlər və yerli əhali şahların ov ovladığı ərazini belə adlandırırmışlar. SSRİ dövründə, 60-cı illərin sonlarından bura yasaqlıq olub. Eyni zamanda, parkın ərazisində hərbi hissə yerləşib. Sovet ordusundan qalma bunkerlər az deyil. İmperiya dövründə, eyni zamanda, müstəqilliyimizin ilk illərində nəzarət zəif olduğundan bura brokonyerlərin ən sevdiyi yerlərdən biri idi. Təbii ki, vəhşi heyvanların, quşların necə gəldi ovlanması ərazinin faunasına ciddi ziyan vururmuş. Bunun qarşısını almaq üçün Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 8 fevral tarixli sərəncamı ilə Abşeron Dövlət Təbiət Yasaqlığının bazasında yaradılan Abşeron Milli Parkı indi brokonyerlərin deyil, turistlərin ən sevimli yerlərindən birinə çevrilib. Parkın ərazisi 783 hektardır. Bunun 375 hektarı quru, 408 hektarı isə dənizə düşür. Parkın girişindən adanın son nöqtəsinə qədər məsafə 10,4 km-dir. Arzuladığımız yerə 6 km avtomobillə, qalan məsafəni isə dənizin ən dayaz yerini keçməklə piyada getməlisən. Parkda onlarla heyvan və quş məskən salıb. Onların təxminən yarısı "Qırmızı kitab"a düşən heyvanlardır. Məsələn, bayaq haqqında söz açdığımız dünyada suitilərin ən xırda növü olan, "Ginnesin rekordlar kitabı"na düşən və  Xəzərdə məskunlaşan yeganə məməli olan Xəzər suitisi. Yaxud adi flaminqo, kürən vağ, qıvrımlələk qutan və s. 
Yolum "dimdiy"ədir. Təlimat və qadağalarla tanış olduqdan sonra şərqə üz tuturam. Düzü, gözlədiyimin tam əksi olaraq yolboyu bir məməli heyvana rast gəlmədim. Görmək istədiyim çöl qabanı, çaqqal, canavar, ceyran... Hamısı qeybə çəkilmişdi. Görmək istəmədiyim canlı da var idi - gürzə. Məhz ağına da, qarasına da lənət oxunmuş məxluqun üzündən Sovet dövründən qalma bunkerləri görə, seyrçi qülləsinə çıxa bilmədim. Heç yoldan kənara bir addım da atmadım. Lənətə gəlmiş ilan qorxusu!.. Sonradan məlum oldu ki, demə, heyvanlar da insanlardan qorxurmuş və bu üzdən gözümüzə görünməməyə çalışırlar. Bu haqda növbəti abzasda. 5 km yorucu yoldan sonra "dimdiy"in ucundayam. Ətrafda dənizdən, qumsal adadan və bir də uzaqda parkın inzibati binasından başqa nəsə görünmür. Amma bu yer adama o qədər doğma gəlir ki. Bəs necə, Vətənin hər qarışı doğmadı. Həyatımda ilk dəfə dalğaların qovuşduğunu gördüm. Qəribə hiss idi...

Qayıdan başı Namiq kişi ilə xeyli söhbət etdim. Maraqlı həmsöhbətdir. Vəhşi heyvanların görünməməsinin səbəbini soruşuram. Deyir ki, bura turist axını çox olduğundan heyvanlar gündüzlər gizlənməyə, insanlarla rastlaşmamağa çalışırlar: "Biz onlardan qorxduğumuz kimi, onlar da bizdən qorxurlar. Əraziyə daim nəzarət olunur, müşahidələr aparılır. Burada çöl qabanı da var, canavar da, çaqqal da, digər heyvanlar da. Hətta hamının görmək istədiyi ceyran da. Bir neçə il əvvəl parka 3 baş - 2 erkək, 1 dişi ceyran gətirmişdilər ki, görək artım olacaq, ya yox. Ara-sıra ceyranlar görünsə də, yanlarında bala yoxdur. Ola bilsin artmayıblar. Ya da balaları ya canavar, ya da çaqqalın əlinə keçib". 

Turistlərdən söz düşmüşkən, həqiqətən bura maraq böyükdür. Park hər gün onlarla turist qəbul edir. Onların arasında əcnəbilər az deyil. Əsas da soyuq aylarda ziyarətçilər çox olur. Bunun da səbəbi parkda qışlayan flaminqolardı. Hər halda gələnlərin əksəriyyətini flaminqodan, canavardan, suitidən, qartaldan çox ən ucqar məkan maraqlandırır. Başqa sözlə, qartaldan çox, onun "dimdiyi". 

Yeri gəlmişkən, parka giriş haqqı simvolikdir. Cəmi 2 manat. Üstəlik, 6 yaşına kimi uşaqların, həmçinin, Vətən müharibəsi iştirakçılarının və başqa həssas zümrənin nümayəndələrinin girişi pulsuzdur. Maraq üçün onu da qeyd edim ki, Azərbaycanda bütün qoruqlara giriş haqqı 2 manatdı. Təbii ki, bilet satışından gələn gəlirlə xərcləri qarşılamaq mümkün deyil. Abşeron Milli Parkı digər qoruqlarla yanaşı, dövlətdən maliyyələşir. 

Ziyarətçilərin çox olması park işçilərini sevindirməklə yanaşı, qayğılarını da artırır. Əsas problem tullantılarla bağlıdı. Nə qədər xəbərdarlıq olunsalar da, təlimatlandırılsalar da, məsuliyyətsiz insanlar tullantıları parkın ərazisinə atırlar. Bir yandan da dalğaların sahilə gətirdiyi zibillər. Namiq kişi və iş yoldaşları ayda bir neçə dəfə 5 km-lik ərazini əziyyətlə təmizləyirlər. Di gəl, hər şey yenidən təkrar olunur. 

5 saatlıq yorucu gəzintiyə baxmayaraq, "dimdik"dən "gözə" - şəhərə əla təəssüratla qayıdıram. Qarabağ adlı ən böyük arzumdan sonra kiçicik arzuma da çatdım - Azərbaycanda olmadığım iki məkana ayaq basdım. Qalır digər arzular... Vətənin hər yeri müqəddəsdir. Müqəddər yerləri isə ziyarət etmək vacibdir!

P.S. Yazının hazırlanmasında göstərdikləri yardıma görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimovaya və Abşeron Milli Parkının direktoru Etibar İbrahimova minnətdarlığımı bildirirəm.

 

 





04.08.2021    çap et  çap et