525.Az

Meşələrimizi yanğından necə qoruyaq?


 

KİÇİK EHTIYATSIZLIQ BÖYÜK FƏLAKƏTƏ YOL AÇIR

Meşələrimizi yanğından necə qoruyaq?<b style="color:red"></b>

Hər il yay fəslində meşə yanğınları təhlükəsi yaranır. Bu təhlükəni artıran isə yay aylarında təbiət qoynunda istirahət edən insanların sayının çoxluğudur. Yəni, istirahət edənlərin kiçik bir ehtiyatsızlığı, diqqətsizliyi hektarlarla ərazinin yanmasına gətirib çıxara bilər. Ona görə də təhlükəsizlik qaydalarına əməl edilməsi çox vacib əhəmiyyət kəsb edir.

Açıq alovdan, siqaretdən istifadə etməmək lazımdır. Ərazini tərk edərkən isə ətraf diqqətlə gözdən keçirilməlidir. Eyni zamanda uşaqlara da xüsusi nəzarət edilməlidir. Çünki bilmədən uşaqlar da hansısa bir yanğına səbəb ola bilərlər. Ölkəmizdə bir neçə gün əvvəl Yardımlı və Lənkəran bölgəsindəki meşə yanğınları, həmçinin qardaş Türkiyəni bürüyən yanğınların ağır fəsadları ehtiyat tədbirlərinin vacibliyini bir daha önə çıxardı. O da vurğulanmalıdır ki, yanğın baş verən ərazilərin relyefinin mürəkkəbliyi səbəbindən ora yetişmək, dərhal yanğının qarşısının alınması əməliyyatına başlanması işlərində də çətinlik yaradır. Ekoloqlar hesab edirlər ki, Azərbaycanda meşələrdə yanğınlar nadir hallarda təbii şəkildə baş verir. Təxminən 10 yanğından 9-u odla ehtiyatsız davranmadan və ya meşədə istirahət zamanı insanların yanğın təhlükəsizliyi qaydalarını pozması səbəbindən baş verir.

Məlumat üçün bildirək ki,  Azərbaycan meşələrinin ümumi sahəsi 1213,7 min kv metrdir. Hər adam başına təqribən 0,12 meşə sahəsi düşür. Ermənistan 30 ilə yaxın işğalda saxladığı Azərbaycan ərazilərində törətdiyi ekoloji terror nəticəsində 261 min hektar meşə sahəsi vəhşicəsinə qırılıb talan edilir. Bu ərazilərdə bitən qiymətli ağac növlərinin kəsilib aparılması biomüxtəlifliyin qorunmasını kritik həddə çatdırıb. Bu gün azad edilmiş ərazilərimizdə yaşıllıqların salınmasına başlanılıb. Planetimizin “Ağ ciyəri” hesab olunan meşələri qorumaq, təbiəti mühafizə etmək hər kəsin borcudur. Meşələri qorumaq isə təkcə aiddiyəti qurumların deyil, bizim də bütün vətəndaşların borcudur.Çünki təbiət, meşələr, parklar bütün xalqa məxsusdur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, Lənkəranda baş verən yanğın artıq söndürülüb, Yardımlıda isə lokallaşdırılıb. O, nazirliyin rəhbər heyətinin və əlaqədar struktur bölmələrin rəhbərlərinin hadisə yerində olduğunu söyləyib.
“Hər birimiz bilirik ki, təbiətdə baş verən yanğınların böyük əksəriyyətində insan faktoru var və hamımız hər hansı bir şəxsin bilərəkdən və ya bilməyərəkdən törətdiyi əməlin fəsadı qarşısında aciz qalırıq. Bütün bunları nəzərə alaraq vətəndaşlarımızdan xahiş edirik odla həddən artıq ehtiyatlı davransınlar ki, sonradan heyfslənməyək, gözümüzün qabağında külə çevrilən yaşıllıqların qarşısında məyus olmayaq!”.
Hər il meşə, milli park və qoruqlarda baş verə biləcək yanğınların qarşısının alınması məqsədilə tədbirlər həyat keçirilir. Ancaq bununla belə, maariflənmə yetərli olmur. Nəticədə yay aylarında odla ehtiyatsız davranışlar ağciyərlərimiz hesab edilən meşələrdə yanğınların baş verməsinə və yaşıllıqların məhv olmasına gətirib çıxarır.

Qeyd edək ki, ETSN meşə, milli park və qoruqlarda baş verə biləcək yanğınların qarşısının alınması məqsədilə tədbirlər planı hazırlayıb. Nazirliyin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova mətbuata açıqlamasında bildirib ki, Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə hazırladığı planda baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması ilə bağlı həm təlimlər, həm də yanğınsöndürmə avadanlıqlarının yoxlanması ilə bağlı reydlər öz əksini tapır. Onun sözlərinə görə, 2021-ci ildən başlayaraq təlimlər praktiki keçirilir: "Xüsusi mühafizə olunan təbiət əraziləri və FHN-in yerli qurumları ilə birlikdə imitasiya xarakterli yanğın yaradılaraq yerli icmaların, könüllü dəstələrin cəlb olunması ilə birgə yanğının söndürülməsi üzərində təlim həyata keçirilir. Təlim həm yerli icmaların, həm də xüsusi mühafizə olunan ərazilərin əməkdaşlarının yanğının söndürülməsi ilə bağlı operativ müdaxilə göstərilməsində, bilik və bacarıqlarının artırılmasında böyük rol oynayır. Yay mövsümünün əvvəllərindən milli parklarda, qoruqlarda mineral zolaqların çəkilişi işlərinə başlanılır, mümkün olan yerlərdə su tutarları, su rezervuarı yaradılır. Ətraf ərazidə yaşayan insanlarla, icmalarla, fermerlərlə maarifləndirmə işləri aparılır, onlara ərazilərin yanğın təhlükəsindən qorunmaqla bağlı müəyən biliklər aşılanır, milli parklara üz tutan turistlərə isə piknik yerində ocaq qalanarsa, mütləq ocağı söndürmək, ərazilərə siqaret kötükləri atmamaq xarakterli tövsiyələr edilir".

PƏRVANƏ
 

 





04.08.2021    çap et  çap et