525.Az

Etibar Mirzəyev Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri ilə görüşüb


 

 Etibar Mirzəyev Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri ilə görüşüb<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş Türkiyə Respublikasına göndərilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələrinin koordinasiyalı idarəetməsinin təşkili məqsədilə hazırda Türkiyədə olan nazir müavini general-leytenant Etibar Mirzəyev Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli ilə görüşüb.

525.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, E.Mirzəyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Türkiyə Respublikasında baş verən meşə yanğınları ilə mübarizə aparmaq üçün Azərbaycan FHN-in yanğın, xilasetmə, aviasiya və tibb qüvvələrinin qardaş Türkiyə Respublikasına gəldiyini bildirib. Türkiyədə olmasında məqsədinin yardıma gəlmiş Azərbaycan FHN-in qüvvələrinin koordinasiyalı idarəetməsinin təşkili olduğunu vurğulayan Etibar Mirzəyev, qüvvələrin tərkibi və imkanları, həmçinin yanğınsöndürmə istiqamətindəki fəaliyyətləri barədə ətraflı məlumat verib.
 
Öz növbəsində Türkiyəli nazir Bekir Pakdemirli ölkəsində baş verən meşə yanğınlarının miqyası və yanğınla mübarizə tədbirləri haqqında danışıb. B.Pakdemirli, həmçinin meşə yanğınlarının söndürülməsində göstərilən dəstəyə və köməyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və qardaş Azərbaycan xalqına təşəkkür edib.

General-leytenant Etibar Mirzəyev jurnalistlərə açıqlamasında deyib ki, Prezident İlham Əliyevin göstərişi ilə Türkiyədə baş verən yanğınlarla əlaqədar Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən iki mərhələli olaraq şəxsi heyət və texnika yardımı göstərilib: ”Birinci mərhələdə 100 nəfərdən ibarət olan heyət təyyarə vasitəsi ilə, ikinci mərhələdə isə quru yolla 54 texnika, 247 nəfər şəxsi heyət Türkiyəyə gəlib".

Nazir müavini bildirib ki, quru yolla gələn şəxsi heyət və texnika ötən gün Dənizli şəhərində baş verən iki böyük yanğının söndürülməsinə cəlb olunub: "Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi tərəfindən yanğınsöndürənlərimiz hadisə yerinə cəlb edilib. Bu yanğınlar Buldan və Tavas istiqamətlərində baş verib. Bu istiqamətlərin hər birinə 180 yanğınsöndürən və 50 ədəd yanğınsöndürmə avtomobili cəlb olunub. Mən özüm də bu istiqamətə Mersindən hərəkət etmişəm, 2 saatdan sonra hadisə yerinə çatmışam. Yanğının söndürülməsi istiqamətində fəaliyyətə başlanıldı. Yanğınlardan biri saat 02:30 radələrində söndürüldü. Bu gün səhər saatlarında mənə məlumat verildi ki, digər yanğın da səhər saatlarında söndürülüb. Göstərişim əsasında, hazırda orada olan texnika və şəxsi heyət Muğla istiqamətində hərəkət edir".
 

 





04.08.2021    çap et  çap et