525.Az

Sevə-sevə yaşadı, sevə-sevə xatırlayırıq... - Bayram Məmmədov yazır


 

Sevə-sevə yaşadı, sevə-sevə xatırlayırıq... -<b style="color:red"> Bayram Məmmədov yazır</b>

Könül ziyarətinin nə olduğunu Yunus Əmrənin bir misrasını oxuyandan sonra dərk etdim: Min Kəbədən yeyrəkdir bir könül ziyarəti. Onu da dərk etdim ki, ömrünü könül ziyarətlərinin işığına döndərənlər sağlığında da, son nəfəsindən sonra da ziyarət səviyyəsində xatırlanır. Tanıdığım, xarakterinə yaxından bələd olduğum insanları da həmişə bu misra ilə qoşa xatırlamışam. Hər xatırlamanı bir ziyarət bilməklə. Rəsul Məmmədalı oğlu da illərlə (və son nəfəsiməcən belə də olacaq!) düşüncələrimin "mənəvi sakinlərindən" biri olub. Vətəni sevənlər "Vətəni sevin" demədən bizə Vətəni sevdirib, dünyanı sevənlər "dünyanı sevin" demədən bizə dünyanı sevmək öyrədib. Böyük vətənpərvər, böyük alim Xudu Məmmədov deyərdi: "Uşaqlara Vətəni sevməyi öyrətmək lazım deyil. Siz onlara Vətəni tanıdın, özləri sevəcəklər". Rəsul Məmmədalı oğlu söhbətlərində Vətəndən danışardı, bu mükalimələşmə Vətəni tanıtma mükalimələşməsi olardı...

Rəsul Məmmədalı oğlu 1950-ci il avqustun 18-də Zəngilan rayonunun Pircivan (hazırda Zəngilan şəhəri) qəsəbəsində anadan olub. Sonralar böyüklərdən eşitmişəm ki, Rəsul uşaqlığından hər gördüyüylə maraqlanıb. Onun "niyə?"ləri son dərəcədə düşündürücü "niyə?"lər olub. Belə suallara dünyanı öyrənmək niyyəti də deyə bilərik; suallar verə-verə öyrənən, öyrənə-öyrənə suallar verən Rəsul məktəbdə də yaxşı oxuyub. Bu sualları müəllimlərinə də ünvanlayaraq Zəngilan şəhər 1 saylı orta məktəbinin məzunu olub. "Əla" qiymətlərin işığı onu Azərbaycan Dövlət Unlversitetinin Hüquq fakültəsinə uğurlayıb. 1967-ci ildə. O illərdə bu fakültəyə qəbulun özünəməxsus çətinlikləri vardı. Bu çətinlikləri hər oğul dəf edə bilməzdi. Rəsul bunu savadı ilə həm asanlaşdırdı, həm də gerçəkləşdirdi. Tələbə oldu Rəsul. Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi. Bir vaxtlar atası Məmmədalıya, anası Fatmaya, müəllimlərinə ünvanladığı sualların cavablarını özü tapacaqdı. Özü minlərlə sualı təfəkkürü, təhsili, dünyaduyumu hesabına cavablandıracaqdı. Zamanında vermədiyi, ağlına gəlməyən suallara da cavab verəcəkdi...
Tələbəydi. Oxuya-oxuya öyrənən, öyrənə-öyrənə oxuyan, "arşını əyilmiş dünyanı haqq yoluna qaytarmaq" niyyətiylə ayları il edən tələbələr böyük qürurla "tələbəyəm, mən zamanın tələbiyəm" deyirdi. Rəsul sonralar respublikanın tanınmış hüquqşünas olacaq Muradla (Babayev), Rafiqlə (Əhmədov) daha səmimi həmsöhbət olurdu. Bu, sonralar dünyaya görk olacaq böyük dostluğun başlanğıcıymış. Hər üçünün ömrünə hopan, hər üçünün illərini ömürləşdirən dostluq...

Xidməti ilə əlaqədar Bakıya gələndə mənimlə də, qardaşı Rəhimlə də mütləq görüşərdi. Qəflətən gələrdi. Bu gəliş təkcə təhsilimizlə maraqlanma missiyası, istəyi deyildi. Bizim bu və ya digər xarakterimizə bələd olmaq niyyəti də vardı bu gəlişlərdə. Dərsliklərlə yanaşı, bədii ədəbiyyat görəndə qaşları çatılardı, sonra bizə bəlli (və əziz!) təbəssümü ilə "Bədii ədəbiyyata aludə olub dərslərini unudanlar da, dərslərinə aludə olub bədii ədəbiyyatdan tamam uzaqlaşanlar da özünün sabahlarına xəyanət edir. Birincidə yaxşı mütəxəssis olmayacaq, ikincidə xarakteri bütöv formalaşmayacaq...", - deyərdi. Və bizə hiss etdirmədən o kitabların altına qoyduqları bir müddət bizim "qolumuzdan yapışardı"...  

1974-cü il idi. Mən də tələbəydim. Tətildə rayona getmişdim. Yanvarın 9-u idi. Uşaqlığımdan böyüklərə rəğbətim olub, onlarla hər görüşü, Yunus Əmrə demişkən, könül ziyarəti bilmişəm. Atam deyərdi: Böyüklərə sevgi Tanrıya sevgidi...

Məmmədalı dayıgillə görüşməyə getmişdim. Dayımın da, bibimin də qoşa qolları kürəyimdə çarpazlaşdı. "Nə yaxşı gəldin, a Bayram. Rəsulun tələbə dostu Rafiqin toyuna hazırlaşırdıq. Sən də bizimlə gedəcəksən... Bilirsən ki, Rəsul hərbi xidmətdədi. Rəhim də hələ Bakıdan gəlməyib. Kiçik qardaşı kimi onu sən əvəz edərsən..." Etiraz edə bilməzdim; Rəsul zabit idi, qardaşı Rəhim imtahanlarını hələ bitirməmişdi.

O toy indiyəcən xatirimdədi. Rəsulun bu ailənin əzizi olduğunu duyduqca ürəyim dağa dönürdü; toyda "Rafiqin dostu, əslində, qardaşı Rəsul zabitdi, hərbi xidmətdədi, ata-anası, qardaşı burdadı..." təqdimatı xoş təbəssümlə süslənmişdi...

Hərbi xidmətdən sonra Rəsul İmaməliyev Şamaxı rayon Prokurorluğunda müstəntiq işləməyə başladı. Təhsildən həyata, suallarından həmin sualların cavabını özü tapacağı mühitə gəlmişdi. O illərin bütün hüquqşünaslarının düşüncələrində bir Mehman obrazı olurdu. Hərdən ona da "Kimə oxşamaq istərdin?" sualı verilərdi. Rəsul özünəməxsus (və düşündürücü!) təbəssümlə, təmkinlə "Özümə" deyərdi; Rəsul Məmmədalı oğlu özünə oxşadı...

Rəsul 1978-1982-ci illərdə Ağdam rayon Prokurorluğunda, 1982-1990-cı illərdə Füzuli rayon Prokurorluğunda, Sabirabad rayon Prokurorluğnda müstəntiq işlədi.

Qanunu sevirdi Rəsul. O da bilirdi ki, bir kəlamda deyildiyi kimi, qanun şahdır. Bu kəlamın işığında işlədi. İnsanlarla (müraciət edənlərlə, müraciətə görə vətəndaşlarla) bu kəlamlara sədaqətin cazibəsində söhbətləşirdi. Həm də insanlıq qanunlarını unutmadan. "Qanun da alidir, insanlıq qanunları da. Qanunun aliliyinə zərrəcə xələl gətirmədən insanlıq qanunlarına əməl edən hüquqşünasların sırasında olmuşam", - Rəsul İmaməliyev belə deyərdi. İnsanları səbrlə dinləməyi bacarırdı. Dinləyə-dinləyə qanunun tələbləri səviyyəsində soruşacaqlarını, alacağı cavablar əsasında ümumiləşdirəcəyi fikirləri təhlilə çəkərdi. Ona görə də cinayət işi ilə əlaqədar sorğular çox zaman uzun çəkmirdi. Güclü məntiq, güclü analiz-sintez qabiliyyəti, cinayət məcəllələrinə vaqiflik onun iş prosesinin "yolgöstərəni", haqqın cəfakeşi olurdu. Ona görə də qanunu vicdanla, ədalətlə qoruyurdu, qanunu sonadək müdafiə edirdi. Kiminsə haqsız cəzalandırılmasına da yol verməzdi. Belə adamlara el arasında haqq adamı deyirlər...

1984-cü il idi. Füzuli rayonunda təbliğatçıların zona seminarı keçirilirdi. O illərdə partiya xətti ilə keçirilən belə tədbirlərə ciddi diqqət yetirilirdi. Rəhbərlərə elə gəlirdi ki, belə tədbirlər yüksək səviyyədə keçirilməsə, "dünyanın bir yanı uçar", yəni Mərkəz onları ciddi, çox ciddi cəzalandırar. Seminarda mən də iştirak edirdim. Onda Rəsul Füzuli rayon prokurorluğunda işləyirdi. Onunla görüşməyi özümə mənəvi borc bildim; sonralar Füzuliyə gələndə onunla görüşmədiyimə görə mənə "beş-üç kəlmə" tutarlı söz deyərdi. Rayon partiya komitəsinin ikinci katibi Musa Cəfərovu məlumatlandırdım və onun icazəsiylə prokurorluğa getdim. Xoş təsadüflər adama həmişə gözəl könül xoşluğu verir. Rəsul prokurorluğun həyətində gəzişirdi. Bilirdim ki, belə gəzişmələrdə də düşüncələri işlə bağlı olur. Ona görə bir qədər ayaq saxladım. Məni gördü. Hamının səmimi insan kimi tanıdığı qohumum mənimlə də qədərsiz səmimiyyətlə görüşdü. İncə, çox incə şəkildə Füzuliyə gəlişimin məqsədini soruşdu. Əlini çiynimə qoydu, yəni səni burda gördüyümə şadam, deməli, dövlət sənə inanır. Onun bu sözsüz qüruru ürəyimi şükranlıqla silkələdi. Anasını, dayısını, əzizlərini və anamı soruşdu. Bu sorğularda böyük sevgi vardı. Mənim gəlişimlə əlaqədar hamımızı axşam qonaq dəvət etdi.
Seminardan sonra Rəsul bizə "Çənlibel"də gözəl bir qonaqlıq verdi...

İllər keçirdi...

Ermənilər Azərbaycandan ərazi iddiasına düşəndə Rəsul Sabirabad rayon Prokurorluğunda işləyirdi. Vaxt tapanda Zəngilana gəlirdi. Vaxtı olmayanda müxtəlif vasitələrlə Zəngilanla maraqlanırdı. Bu maraq canyandırma səviyyəsində maraq idi.  

Mən Zəngilan rayon ərazi özünümüdafiə taborunun komandiri olanda Rəsulla bir neçə dəfə görüşmüşdük. Zəngilanda. Onun qohum kimi, zəngilanlı kimi sorğuları Zəngilana sevginin təzahürü idi. Zəngilanın müdafiəsi ilə ciddi marqlanırdı, "İmkanım həddində nə kömək lazımdırsa, hazıram. Siz döyüşürsünüz, bizim əvəzimizdən də döyüşürsünüz. Biz də belə döyüşməliyik..." Sonralar Rəsulun bu kəlmələri bütün vətənsevərlərin Zəngilana sayğı şüarı oldu. Rəsul Zəngilan özünümüdafiə taboruna bir neçə dəfə yardım gətirdi. Onda hərbçilərə dediyi kəlmələr indi də yaddaşımdadı: "Siz Vətəni bizdən çox sevirsiniz. Bu sevgiyə görə çox sağ olun...". Rəsul İmaməliyev Vətəni tanıyanlara, sevənlərə sevgisini daha duyğusallıqla ifadə edirdi...

1991-ci ildə təcrübəsinin, peşəkarlığının, dövlətə sədaqətinin zəmanəti ilə yeni vəzifəyə təyin edildi: Azərbaycan Respublikası Baş Prokurorluğunda Baş Prokuror yanında Mühüm işlər üzrə baş müstəntiq. Bu vəzifədə də həmin amalla, həmin əqidəylə, həmin sevgi ilə xidmət etdi. 1997-ci ilə kimi. 1997-ci ildə Lerik rayonun prokuroru təyin edildi. Yeni vəzifənin məsuliyyəti illərin təcrübəsi ilə, təfəkkürün, təhsilin, öyüd-nəsihətlərlə qədərsiz sədaqətin bir ürəkdə incəliklə çulğaşmasına səbəb oldu. Bu, xarakterin sosial həyata, ictimaiyyətə inteqrasiyasıydı. Baş ədliyyə müşaviri Rəsul İmaməliyev təqaüdə çıxana kimi bu vəzifədə xidmət etdi.

Bir aqildən soruşurlar: İnsanda ən çox dəyər verdiyin xarakter hansıdır? Aqil deyir ki, səmimiyyət (Rəsul İmaməliyev səmimi insan idi), savadlılıq (Rəsul İmaməliyev savadlı insan idi), insanlığa cəfakeşlik (Rəsul İmaməliyev insanlığın cəfakeşi idi). Bu xarakterlə tanındı Məmmədalı oğlu Rəsul, bu xarakterlə yaşadı.

70 yaşına beş gün qalana kimi; son nəfəsi beş günə çatmadı... 2020-ci il avqustun 13-də dünya Rəsul Məmmədalı oğlu İmaməliyev kimi dəyərli vətəndaşı, qayğıkeş qohumu, bütün çalarları ilə dostluq timsalı olan bir insanı itirdi.

Ürəklərdə yaşayır Rəsul
Zəngilanı sevdi, sevdirdi...
Vətənini sevdi, sevdirdi...
Sevə-sevə yaşadı, sevə-sevə xatırlayırıq...

 

 





05.08.2021    çap et  çap et