525.Az

XVIII əsr Qarabağ poeziya məktəbi - Vasif Quliyev yazır


 

PƏNAHƏLİ XAN CAVANŞİR DÖVRÜ

XVIII əsr Qarabağ poeziya məktəbi - <b style="color:red">Vasif Quliyev yazır</b>

Pənahəli xan Cavanşir özünün yaradıcılıq dühasının rəmzi, xanlığının, varlığının ifadəsi olan ikinci şah əsərinin (ilk şah əsəri Qarabağ xanlığının yaradılması idi) adını daşıdığı yeni paytaxtının tikintisini başa çatdırdıqdan və güclü nizami ordu yaratdıqdan sonra bir çox böyük və mürəkkəb vəzifələri həyata keçirdi, dövlətinin müdafiə problemini xeyli asanlaşdırdı, xarici təhlükələrin qarşısını demək olar ki, aldı...

O, talançı, viranedici, üzücü müharibələrə tamamilə son qoymağa çalışır, sonrakı ömrünü Qarabağın yalnız iqtisadi tərəqqisinə, mənəvi, siyasi, hərbi yüksəlişinə, maarifinin, mədəniyyətinin inkişafına həsr etmək, tarixin üfüqlərindən hələ təzə-təzə boylanan Pənahabad qalasını Şərqin ən gözəl və zəngin şəhəri etməklə laləzara, gülüstana döndərmək, eləcə də vahid elmi fikir mərkəzinə çevirmək istəyirdi. Ona görə də məqsədinə daha tez çatmaq üçün Qalanı rəs-mən paytaxt etmək barədə fərman verdi və tezliklə xanlığın iqamətgahını, sarayını, divanını, diplomatik heyətini Şahbulaqdan Pənahabada köçürdü. Üstəlik, Qarabağ əhalisinin seçmə hissəsini - zəka sahiblərini, ən yaxşı, ən kamil, ən mahir sənətkarları, bəyləri, iri tacirləri, varlı və zəngin şəxsləri də burda məskunlaşdırdı. Eyni zamanda, yaxın-uzaq ellərdən, xüsusən, Arazın o tayından savadlı, elmli adamları öz gənc paytaxtında yaşamağa səslədi (Rzaqulu bəy Mirzə Camal oğlu. "Pənah xan və İbrahim xanın Qarabağda hakimiyyətləri və zamanın hadisələri", "Qarabağnamələr", II kitab, Bakı, "Yazıçı" nəşriyyatı, 1991-ci il, səhifə 210). Qalanın şöhrətinin günü-gündən artıb-yayılması da öz növbəsində, ətraf vilayət-lərdən və şəhərlərdən çoxlu sənət və peşə ustalarının Pənahabada axışıb-gəlməsinə səbəb oldu. Bəzən də haqqında eşitdiyi adlı-sanlı sənətkarları Pənahəli xan özü sarayına dəvət edirdi. Bu müdrik, ağıllı, uzaqgörən şəxsiyyətin sənətə və sənətkara yüksək qiymət verdiyini, xüsusi rəğbətlə yanaşdığını eşidib-bilən onlarla şair, musiqiçi, rəssam, xəttat, memar... onun dəvətini məmnuniyyətlə qəbul eləyib, ailəliklə bu qalada kök salır, sənət ənənələrini də özləri ilə gətirməyi unutmurdular. Beləliklə, neçə-neçə təbrizli, ərdə-billi, ordubadlı, irəvanlı, şa-maxılı, dərbəndli, gəncəli... Pənahabadın ilk sakinləri sırasına qatıldı və çox çəkmədən onlar möhkəm qranit qaya üzə-rində yenicə ucalan bu məğrur qalanın "vətən daşı"na çevrildilər.

Pənahəli xanın göstərişi ilə Qalanın təzə sakinlərinin yaşayışı üçün hər cür şərait, rahatlıq, dəbdəbə yaradılmışdı. Təzə gələnlərin üz-gözləri az bir vaxtda bu diyara elə alışmış, bu yurda elə öyrəş-mişdi ki, onlar özlərini daha yad adamlar kimi hiss eləmirdilər. Kənardan gəlmələr yerli sənətkarlarla əl-ələ, baş-başa verərək şəhərlərinin tərəqqisi, inkişafı yolunda yaşayıb-yaradır, bacarıq və qabiliyyət-lərini göstərməklə Qarabağ mədəniyyətinə öz ilk töhfələrini verirdilər. Qala cəmiyyətinin yeni formalaşan aristokrat xarakteri təzə sakinlərini də öz ağuşuna alıb, bu ruhda tərbiyə elədi və çox çəkmədən onlar da aristokratiyaya çevrildilər. Pənahabad təkcə siyasi paytaxt yox, eyni zamanda, ədəbi və mədəni bir mərkəz kimi tanındı. Beləliklə də, Qala ilk çiçəklənmə, tərəqqi dövrünə - özünün şərəfli həyatına bu şəkildə qədəm qoydu.

Pənahabadda bədii yaradıcılığın bütün növləri böyük sürətlə inkişaf eləməyə başladı. Poeziya, musiqi, memarlıq, nəqqaşlıq, xəttatlıq və ümumiyyətlə, mədəni həyatın bütün sahələrində qiymətli əsərlər meydana çıxdı. Bu əsərlərin bəzi yaradıcıları müxtəlif yollarla saraya yaxınlaşmağa, Pənahəli xana xidmət göstərməyə can atır, onun rəğbətini qazan-mağa çalışırdılar. Xan əmindi ki, bu yaradıcı insanlar gələcəkdə Qarabağın mədəni tərəqqisində, sosial inkişafında mü-hüm yer tutacaq, öz işləri, öz istedadları ilə həm saraya, həm də onun əzəmətli və müqəddəs qalasına yalnız başucalığı, şan-şöhrət gətirəcəklər. Ona görə də Pənahəli xan sarayının qapılarını böyük ali-cənablıqla və xeyirxahlıqla onların üzünə taybatay açmışdı. Bu da elmi, mədəni və ədəbi fəaliyyət sahələrinin praktiki inkişafını daha da sürətləndirirdi. Zaman keçdikcə şairlər poeziyada, memarlar tikintidə, salnaməçilər tarixi xronikanı - dövrün hadisələrini qələmə almaqda, digər sənətkarlar da müxtəlif sahələrdə öz pozulmaz tarixi imzalarını həkk edirdilər.

Onu da qeyd etmək lazımdır ki, başqa hökmdar saraylarında olduğu kimi, Qarabağ xan sarayına da gələn hər bir sənətkarın adı, gəldiyi ölkə, tutduğu vəzifə, saraya qəbul edilmə tarixi xüsusi dəftərə qeyd olunurdu.

Pənahəli xan dövrünə görə zəngin bir kitabxana da yaratmış və əzəmətli sarayının bir neçə otağını bu qiymətli zəka xəzinəsi üçün ayırmışdı. İçərisi kitablarla dolu olan sandıqlar həmin otaqlarda yerləşdirilmişdi. Burda, əsasən, elm, maarif və mədəniyyətin müxtəlif sahələrinə, xüsusən də, tibbə, hüquqa, astronomiyaya, dinə, Şərq ədəbiyyatına və sairə dair yüzlərlə əlyazma kitabları vardı. Bu kitabların əksəriyyəti hərbi səfərlər zamanı əldə edilmiş, bəzilərini isə qonşu xanlıqlardan gəlib, burda məskunlaşmış sənət adamları bağışlamışdılar. Kitabxana şairlərin, alimlərin, ümumiyyətlə, bədii yaradıcılığın müxtəlif sahələrində çalışan sənətkarların mütaliə və qüdrətli elmi mərkəzinə çevrilmişdi. Burdan xanın ailə üzvləri və yüksək vəzifəli saray xidmətçiləri də istifadə edirdilər. Kitabxanada hər kəs qoyulan qanunlara əməl etməli, qaydaları gözləməli idi.
Əlyazmaların üzünü köçürmək, onlara miniatürlər çəkmək, cürbəcür naxışlarla bəzəmək və cildləmək üçün istedadlı və bacarıqlı xəttatlar, nəqqaşlar və sair peşə sahibləri də kitabxanaya cəlb olunmuşdular.

Bir neçə il ərzində Qarabağ xan sarayı Qalanın intellektual həyatının mərkəzinə çevrilmişdi. Burda fikir dünyasının ən tanınmış simaları - onlarla şair, musiqiçi, münşi, xəttat, həkim, astronom, filosof, qanunşünas, şəriət alimi və sair sənət fədailəri toplaşmışdı. Burda yeni bir dünya, yeni bir mədəniyyət baş qaldırmışdı, sarayda zehni həyat aşıb-daşırdı, qaynar mədəni və ədəbi bir mühit hökm sürürdü. Bütün Qarabağın nəbzi sanki burda vurur, ürəyi burda döyünürdü.

Pənahəli xan Cavanşir cəmiyyətin ali təbəqəsi hesab elədiyi sənət adamlarına, xüsusilə, ədəbiyyat, elm, incəsənət, mədəniyyət xadimlərinə böyük rəğbətlə yanaşır, onlara heç yanda eşidilməmiş, heç yerdə görünməmiş əliaçıqlıq edir, səxavət göstərir, maddi və mənəvi köməyini əsirgəmir, istedadlı sənətkarları şəxsən özü himayə edirdi. Bu da həmin sənətkarları yazıb-yaratmağa daha da ruhlandırır, onların bədii cəhətdən inkişafına böyük təsir göstərirdi.

Poeziyaya və musiqiyə çox yüksək qiymət verən, bu sənət sahələrinə xüsusi qayğı göstərən Pənahəli xan ətrafına daha çox şair və sazəndə toplamışdı, daha doğrusu, onun sarayı ən çox bədii söz ustalarının və musiqiçilərin üz tutduqları məkan idi. Bu sənət sahibləri sarayda daha üstün mövqedə dayanırdılar. Xüsusilə, şairlər sarayı daha da rövnəqləndirir, yüksək sənət nümunələri yaratmaqla Qarabağ saray ədəbiyyatının və dövrün poeziya məktəbinin təməlini qoyur, yeni ədəbi hərəkatın öncül nümayəndələri kimi tanınırdılar. Ümumiyyətlə, sənəti, sənətkarı hər cür var-dövlətdən, maldan, puldan, sərvətdən həmişə yuxarı tutan Pənahəli xan Cavanşir poeziyaya ayrıca diqqət yetirir, şairlərə böyük hörmət bəsləyir, ədəbiyyatın inkişafına geniş meydan, böyük təkan verirdi. Hətta o, Qara-bağ xan sarayında özlərinə etibarlı sığınacaq tapmış Yüzbaşı, Aşıq Lələ, Hamidi, Baharoğlu kimi çox istedadlı aşıq və şairlərə vəzifə də vermiş, məvacib kəsmişdi.

Saray xərclərinin həddindən çox olmasına baxmayaraq, Pənahəli xan vaxtaşırı dəbdəbəli ədəbi və musiqili məclislər qurdurur, intellektual toplantılar təşkil edirdi. Məclislər yay aylarında Çuxur məhəllədə xanın ikimərtəbəli möhtəşəm sarayının qarşısındakı fəvvarəli bağçada, qış vaxtlarında isə alt mərtəbədəki rəsmi qəbul otağında - divanxanada keçirilirdi. Bu vaxt saray, sözün həqiqi mənasında, söz qoşmaq meydanına, musiqi məclisinə çevrilirdi. Ədəbiyyat biliciləri poeziyadan danışır, musiqi xiridarları musiqidən söhbət açır, başqaları öz sahələrində bilik və istedadlarını nümayiş etdirir, şairlər qələmə aldıqları təzə şerlərini oxuyurdular. Bəzən səhərə qədər davam edən bu yığıncaqlarda müzakirələr və fikir mübadiləsi də aparılırdı. Dövlət işlərindən başı açılanda Pənahəli xan da bu məclislərə qoşulur, ürfan əhli ilə həmsöhbət olur, fərqlənənləri mükafatlandırırdı. Qaliblər də şübhəsiz, aldıqları bəxşişlərdən olduqca məmnun qalır, minnətdarlıqlarını müxtəlif vasitə və yollarla izhar edirdilər. Mükafat sahibi o dövrün qaydalarına uyğun olaraq Pənahəli xanın əllərindən öpmək istəyəndə o, çox təvazökarlıqla və nəzakətlə "sənətkar əl öpməz, sənətkarın əlini öpərlər" - deyə qarşısındakı şəxsin nüfuzunu yüksəklərə qaldırırdı. Ona görə də, bu qüdrətli və adil hökmdarın bütün aləmə nur saçan mərhəmət işığı, sənətə, sənətkara göstərdiyi qayğının səsi-sorağı hər yana yayılmış və onun yaradıcı, qurucu, mərhəmətli, ədalətli, mərd, səxavətli bir şəxsiyyət kimi şərəfli adı xalqın dilində həmişə məhəbbətlə səslənirdi və İrəvandan tutmuş Tiflisə, Gəncədən tutmuş Dərbəndə, Şamaxıdan tutmuş Arazın o tayına qədər dillərdə əzbər olmuşdu.

Qarabağ saray ədəbiyyatında, əsasən, dini poeziyanın mərsiyə, növhə, minacat, rəcəz, sinəzən, qəsidə, nət kimi növləri üstünlük təşkil edirdi. Bir çox şairlər eyni zamanda, klassik saray üslubunda yazır, mədhiyyəçiliklə məşğul olurdular. Onlar ya Pənahəli xanı, xanzadələri, bəyzadələri, ya da Qarabağ qoşunlarının müxtəlif döyüşlərdə, hərb meydanlarında göstərdikləri hünərləri, qazandıqları zəfərləri öz şeirlərində nəzmə çəkib, tərifləyirdilər. Ümumiyyətlə, bu hallar o dövrün ədəbiyyatında öz geniş əksini müntəzəm olaraq tapırdı. Təbrizli şair Yüzbaşının Pənahəli xana həsr etdiyi bir qəsidə bugünümüzə gəlib-çatmışdır. Bu şeir nümunəsinin maraqlı bir tarixçəsi var. Qəsidədə Qarabağ xanının xeyirxahlığı, vaxtlı-vaxtında kiməsə kömək əlini uzatması təsvir edilir. On səkkizinci əsrin əllinci illərində sahibsiz qalmış İranda Azad xan adlı bir əfqan da şahlıq iddiasına düşərək hakimiyyəti ələ almağa çalışırdı və artıq onun şah olmaq şansı daha böyükdü. Bu zaman hakimiyyətə real namizəd Mazandaran və Astrabad hakimi Məhəmmədhəsən xan Qacar (Ağa Məhəmməd şah Qacarın atası - V.Q.) bu yadellini hakimiyyətə yaxın buraxmamaq üçün şiə xanlarından hərbi yardım istəyir. Köməyə birinci olaraq Pənahəli xan gəlir və oğlu Mehrəli ağanın başçılığı ilə Təbrizə üç min nəfərlik atlı qoşun göndərir. Və Qarabağ süvarilərinin köməyi ilə 1757-ci il yanvar ayının 31-də Azad xanın qoşunları darmadağın edilib, ölkədən qovulur. Təbrizlilər qarabağlıların vaxtında göndərdikləri bu hərbi yardımı uzun müddət unutmurlar. Həmin vaxt Qarabağ xan sarayının sakini olan təbrizli şair Yüzbaşı bu hadisədən təsirlənərək Pənahəli xan Cavanşirin mədhinə bir qəsidə nəzmə çəkərək onu minnətdarlıqla belə tərənnüm edir:

Bir fəqiri-şah asa dərvişəm, ey qibləgah,
Gəlmişəm dərgahına təxti-Süleyman görməyə.

Biz xarabat şəhrinin sultanına bel bağladıq,
Bu xəyal ilə ki, ya Rəbb, həqqi-divan görməyə.

Çıxdı ərşə ahu-nalə əhli Təbrizdən belə,
Qalmadı canda təvanə mülki-İran görməyə.

Bir kərəm qıl, ey Pənahəli kim, tərənnüm çağıdır,
Kim rəva bilmiş könüldə ahu-əfqan görməyə.

Dəsti-kirindir əmir-əl-Mürtəza kim bəxş edib,
Lütfi sayə salmağa, həm dərdə dərman görməyə.

Gözlərimdən qanlı yaşım car olub, hər sübhü şəb,
Bir qədəm bas bu diyarə hökmü fərman görməyə.

Əldə yazı ərzi-hal qılmağa gəldi Yüzbaşı,
Xaki-pakin öpməyə, həm baği-rizvan görməyə.

Qala özünün ilk dövrlərini yaşamaqda, sakinləri isə narahatlıq və çətinlik nə olduğunu bilmədən onun qoynunda ömür sürməkdə idilər. Lakin qəflətən Pənahabadın növrağı, övladlarının dincliyi pozuldu. 1762-ci ilin payızında Pənahəli xanın İrana məcburi və son səfəri onun başladığı xoşməramlı işləri yarımçıq qoydu. Təzə-təzə çiçəklənib, boy atan Qalanın mədəniyyət və mənəviyyat məşəlinin şölələri öləziməyə, bədii intellektual həyatı sönməyə başladı, yenicə başlanan ədəbi hərəkat - təxminən on il yol gedən Pənahabadın mədəniyyət qatarı sürətini azaltdı, fədakar sənətkarlar dəstəsi başsız qaldı...
 

 





05.08.2021    çap et  çap et