525.Az

Ənənəvi, yoxsa elektrik mühərrikli avtomobillər? - Benzinin bahalaşmasının bazara təsiri


 

Ənənəvi, yoxsa elektrik mühərrikli avtomobillər? - <b style="color:red">Benzinin bahalaşmasının bazara təsiri</b>

Son bir ay ərzində ölkəmizdə benzin qiymətləri 2 dəfə bahalaşıb. İyunun 2-də Aİ-95 (Premium) markalı benzin 1,25-dən 1,40 manata, Aİ-98 (Super) isə 1,40-dan 1,55 manata yüksəlmişdi. Daha sonra yenidən 31 iyulda Aİ-95 markalı benzin 5 qəpik artaraq 1,45 manat, avqustun 1-dən isə Aİ-98 markalı benzin 5 qəpik artaraq 1,6 manata çatıb.

Qiymətlərdə müşahidə olunan artımlar, əlbəttə, nəqliyyat sahəsinə təsirsiz qalmayacaq. Bəs bu artımdan sonra avtomobil bazarında nə kimi qiymət dəyişiklikləri gözlənilir? Eyni zamanda, qiymət artımı alıcıların elektrik mühərrikli avtomobillərə marağını artıra bilərmi? Neft ölkəsi Azərbaycan nə üçün benzini xaricdən alır?

Bu suallarla bağlı nəqliyyat eksperti Elməddin Muradlı 525.az-a açıqlama verib. O bildirib ki, qiymət artımı bu növ markalı benzindən istifadə olunan nəqliyyat vasitələrini idarə edən sürücülərə birbaşa təsiri edəcək. Belə olan halda biz narahat oluruq ki, insanlar məcbur qalıb yenidən köhnə maşınlara qayıdacaq:

“Bahalaşma Azərbaycanda istehsalı olmayan, xarici ölkələrdən idxal edilən 95 və 98 markalı benzinlərdə özünü göstərir. Təəssüflər olsun ki, bu artım son zamanlar daha çox müşahidə edilir. 2-3 gün məsafə ilə həm 95, həm də 98 markalı benzin bahalaşdı. Bu, əlbəttə ki, avtomobil sektoruna öz təsirini göstərəcək. Çünki son illər istehsal olunan nəqliyyat vasitələri, əsasən, Avro-6 standartlarına uyğundur və premium benzindən istifadə edir. Bu baxımdan həmin nəqliyyat vasitələrini idarə edən sürücülərə birbaşa təsiri var. Azərbaycan bu növ yanacaqlar üçün başqa ölkələrdən asılı qaldıqca, qiymətlər qalxdıqca insanlar yeni avtomobil almağa tərəddüd edəcəklər. Maşın almaq istəyənlər sualı belə qoyur ki, bu maşın hər iki növ - 92 və 95 markalı benzinin istifadə edə bilirmi? Qiymətlər get-gedə qalxdığı və sərf etmədiyi üçün insanlar 95 markalı benzinə o qədər də maraq göstərmirlər” .

Ekspert vurğulayıb ki, vəziyyət nəzarətdən çıxmamış Azərbaycan artıq bu növ yanacaqların istehsalına başlamalıdır:

“SOCAR açıqlama vermişdi ki, ölkəmizdə bu tip yanacaq növlərinin istehsalı 2023-cü ildə başlayacaq. 92 markalı benzin üçün tikilən zavod 2022-ci ildə, 95 markalı yanacaq istehsal edəcək zavod isə 2023-cü ildə fəaliyyətə başlayacaq. Yalnız bundan sonra Azərbaycanın xarici bazardan asılılığı bir az azala bilər.

Düzdür, 98 markalı benzini çox adam istifadə etmir. Bir çox halda məmurların ailə və xidməti, eləcə də bəzi şirkətlərin maşınları üçün bu yanacaqdan istifadə olunur. Son vaxtlar sosial şəbəkələrdə belə bir video yayılıb ki, bu yanacaq növünü əldə edə bilmirlər, ümumiyyətlə, qıtlıq yaranıb. Əldə edəndə isə onu bəzi xüsusi adamlara satırlar, çox adam gedib ala bilmir. Bu da bir problemdir. Gələcəkdə zavodların yaradılmasına ehtiyac var.

Doğrudur, Avropa artıq benzin, dizel və bu kimi yanacaq vasitələrindən imtina edib, elektrik mühərrikli avtomobillərə keçmək üzrədir. Hətta 2030-2035-ci illərədək bu növ avtomobilləri tamamilə ləğv etməyi planlayan ölkələr var. Azərbaycan isə bu məsələlərdə onillərlə geri qalır. Çünki biz bu gün Avropanın 1980-2000-ci illərdə istifadə etdiyi avtomobilləri hələ də qəşənq maşın adı ilə alırıqsa, onlara çatmağımıza 20-30 il var. Ona görə də zavodlar tikilməlidir ki, istifadə edək. Həmçinin gələcəkdə elektrikli mühərrikə keçəndə yenə o zavodlardan başqa məqsəd üçün istifadə etmək mümkün olacaq”.

"Bəs Azərbaycan Dövlət Neft Akademiyası, AMEA-nın müvafiq şöbələri bu barədə indiyə kimi nə iş görüb?", - deyə ekspert əlavə edib:

“Hərhalda ölkəni benzin məsələsində başqa ölkələrin bazarından asılı vəziyyətə salmağa göz yummaq düzgün deyil. Düşünürəm ki, Dövlət Neft Şirkəti bu barədə çox ciddi düşünməlidir. Vaxtında düşünsəydi, bu hallar baş verməyəcəkdi. Təəssüf ki, SOCAR gecikib və hələ indi-indi bu barədə hansısa addımlar atmağa çalışır. Ümid edirəm ki, bu proses tez bir zamanda başa çatacaq. Əlbəttə ki, bu cür yanacaq növlərinin yerli istehsalı mümkündür. Lakin maraqlı sual ortaya çıxır. Necə ola bilir ki, biz neft ölkəsiyik, amma keyfiyyətli benzini başqa ölkədən alırıq? Xam nefti satırıq başqa ölkəyə, onlar isə istehsal edib bizə baha qiymətə keyfiyyətli yanacaq satır. İndiyə kimi bu sahədə olan insanlar, şirkətlər, müəssisələr, ali təhsil ocaqları nə iş görüb? Nə ilə məşğul olublar?”

Elməddin Muradlı əlavə edib ki, baha olduğu üçün sürücülər elektrik mühərrikli avtomobillərə o dərəcədə maraq göstərmirlər:

“Təbii ki, benzinin qiyməti bahalaşarsa, insanlar enerji ilə çalışan nəqliyyat vasitələrinə üstünlük verərlər. Hələ ki, elektrik mühərrikli avtomobillərin bizim üçün əlçatan olan növü hibridlər önə çıxır. Tam elektrik mühərrikli avtomobillərə keçid Azərbaycan üçün biraz risklidir. Çünki ölkədə elektrik doldurma məntəqələri kifayət qədər deyil, həmçinin bu avtomobillər üçün servis xidməti, ustalar, peşəkar kontingent hələ formalaşmayıb. Ona görə Azərbaycanda sürücülər tam elektrik mühərrikli avtomobillərə o dərəcədə maraq göstərmirlər. Həm qiyməti bahadır, həm servis xidməti bahalıdır. Təsəvvür edin ki, o avtomobilin bəzən elə detalı xarab olur ki, onu təmir etmək Gürcüstandan işlənmiş hibrid avtomobil almaq qiymətinə başa gəlir. Azərbaycandakı hibrid avtomobillərinə marağı qorumaq üçün onların ölkəyə gətirilməsində çox ciddi güzəştlər edilməlidir. Belə olduqda ekologiyanın, ətraf mühitin qorunması müəyyən qədər təmin ediləcək. Hələ ki, hibridlərdən başlamaq lazımdır, lakin gələcəkdə bu tam elektrik mühərrikli avtomobillərə də şamil oluna bilər”.

Firuzə Əliyeva

 





05.08.2021    çap et  çap et