525.Az

Əbədiyyətdəki əziz ünvanlarımız - Şəhidlər ölməz, Vətən bölünməz!


 

Əbədiyyətdəki əziz ünvanlarımız - <b style="color:red"> Şəhidlər ölməz, Vətən bölünməz!</b>

Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də deyirlər buna. Bu, müqəddəs şəhidlik zirvəsidir ki, hər kəsə qismət olmaz.

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağın azadlığıyla nəticələndi.

Müharibə varsa, şəhid də var, qazi də, itkin də... Nə yazıq ki, bu müharibəmiz də qurbanlarsız ötüşmədi. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. "525-ci qəzet" olaraq bu layihəmizdə mütəmadi şəkildə hissə-hissə həmin igidlərimizi oxucularımıza tanıtdıracağıq. Hər biri bir qəhrəmanlıq dastanı olan bu həyatlarla qürur duyur, onları unutmayacağımıza, unutdurmayacağımıza söz veririk! Allah hər birinə rəhmət eləsin!

P.S. Bu layihəmizə dəstək olmaq üçün ətrafınızda tanıdığınız, bildiyiniz şəhidlər varsa, həyat yoluna güzgü tutmaq məramı ilə müəllifin göstərilmiş e-mail ünvanıyla əlaqə saxlaya bilərsiniz!

[email protected]

***

Anar Həmzə oğlu Vəliyev 21 iyul 2002-ci ildə Qazax rayonunun Orta Salahlı kəndində anadan olub. 2008-ci ildə Səməd Hacıyev adına Orta Salahlı kənd tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2017-ci ildə həmin məktəbin 9-cu sinfini bitirib. 23 iyul 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılıb.

Anar Vəliyev Vətən müharibəsində ilk döyüşə Tərtərdən başlayıb, Füzulinin, Laçının düşmənlərdən azad edilməsi uğrunda gedən qanlı vuruşmalarda fədakarlıq göstərib. Hərbi əməliyyatlar zamanı yaşına uyğun olmayan mərdliklə döyüşür, düşmənə aman vermirdi. Talış kəndi uğrunda gedən döyüş isə Anarın sonuncu döyüşü olub.

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin operatoru əsgər Anar Vəliyev 11 oktyabr 2020-ci il tarixdə Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən minaatan silahdan atılan atəş nəticəsində başından aldığı ağır qəlpə yarasından qəhrəmancasına şəhid olub və oktyabrın 11-də doğulduğu Orta Salahlı kənd qəbiristanlığında dəfn edilib. 

Anar Vəliyev şəhadətindən sonra "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub.
***

 
Xüsusi təyinatlıların baş giziri, kəşfiyyatçı Camal Vidadi oğlu İsmayılov 1984-cü il iyulun 7-də Neftçalanın Həsənabad qəsəbəsində anadan olub. Onun ailədə bir bacısı və bir qardaşı olub. 1986-cı ildə-Camalın 2 yaşı olanda İsmayılovlar ailəsi Neftçala rayonundan Rusiyanın Krasnoyarsk diyarının İqarka şəhərinə köçərək orada yaşamağa başlayıblar.

Camal İsmayılov 1990-cı ildə İqarka şəhərində V.P.Astafyev adına 1 nömrəli orta ümumtəhsil məktəbinin birinci sinfinə qəbul olub və birinci sinfi orada bitirib. 1991-ci ildə yenidən Azərbaycana dönüblər və Camal doğma Neftçala rayonunda təhsilini davam etdirərək orta məktəbi bitirib.
2002-ci ildə həqiqi hərbi xidmətə yollanan Camal burda hərbçi olmağa qərar verir. O, Xüsusi Təyinatlı Qüvvələrdə baş gizir kimi xidmət edir. Ömrünün 18 ilini Vətənə şərəfli xidmətə həsr edir. 18 il ərzində cürbəcür kurslarda iştirak etmiş, təhsilini artırmış, istər nəzəri, istər praktik cəhətdən təkmilləşmiş, hərbi hissə komandirləri tərəfindən dəfələrlə medallara və fəxri fərmanlara layiq görülmüşdü. Rus, erməni və ingilis dillərini mükəmməl bilirdi. 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi şücaətə görə üçüncü dərəcəli medal ilə təltif edilmişdi.

Kəşfiyatçı kimi daim öz üzərində çalışaraq dağ-xizəkçilik, paraşütdən tullanmanın bütün sirlərini öyrənmiş, Azərbaycan, Türkiyə və Gürcüstanda keçirilən - "Turaz Şahini", "Anadolu Qartalı" "Eternity-2019", "Anatolian Sofex-2018" və bir çox təlimlərində iştirak edərək çoxlu sertifikat, tərifnamələrə layiq görülmüşdü.

Camal İsmayılov 2008-ci ildə Fatimə İsmayılova ilə ailə həyatı qurmuşdu. 2009-cu il təvəllüdlü Əsmət və 2011-ci il təvəllüdlü Əsnad adında qızları olan Camal İsmayılov, hərbi əməliyyatlara yollanmazdan əvvəl oğlunun olacağını öyrənmişdi və övladına Alparslan adını verəcəyini demişdi. 2021-ci il fevralın 12-də onun oğlu dünyaya gəlib və övladına atasının arzusuna uyğun olaraq Alparslan adı verilib.

Vətən müharibəsində Füzuli, Cəbrayıl, Zəngilan şəhərlərinin, Ərgünəş yüksəkliyinin, Hadrut qəsəbəsinin azad olunmasında, eləcə də Laçın dəhlizinə hakim yüksəkliyin alınmasında Camal İsmayılov böyük qəhrəmanlıqlar göstərib. Ümumi olaraq 24 gün ərzində 30-dan çox yaşayış məntəqəsinin azad edilməsi uğrunda gedən döyüşlərdə olub. Hadrut döyüşləri zamanı Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin zabitləri ilə birgə Ermənistan Ordusunun rabitə qovşağına qoşulmuşdur və erməni hərbçilərinin başqa istiqamətə yönlənməsini təmin edib. Oktyabrda Füzulinin azadlığı uğrunda gedən döyüşlərin birində hərbçi yoldaşını xilas edərkən yaralanmasına baxmayaraq, bir müddət hospitalda müalicə alaraq, yenidən döyüşlərə qoşulub.

Camal və 40 nəfərdən ibarət olan qrup oktyabrın 19-da Laçın dəhlizinə nəzarəti ələ almaq üçün ciddi önəmə və strateji əhəmiyyətə sahib olan mövqelər uğrunda döyüşlərə daxil olmuşdular. Döyüşlər əvvəlcə Qubadlı rayonu istiqamətində olan əlverişli mövqelər uğrunda aparılmışdı. Qeyri-bərabər şəraitdə olan döyüşlərdə Ermənistan tərəfdən 150-200 nəfər hərbi qulluqçu vuruşurdu. 7 saatdan çox davam edən ağır döyüşlər nəticəsində Xüsusi Təyinatlı Qüvvələrdə Qrupun şəxsi heyətindən dörd nəfər - baş gizir Camal İsmayılov, baş gizir Sübhan Cəbrayılov, gizir Şəhriyar Quliyev və gizir Elyar Vəliyev şəhid olublar. Ümumi olaraq Camal İsmayılovun mənsub olduğu tabor müharibə zamanı Xüsusi Təyinatlı Qüvvələrin ən çox şəhid verən taborudur. Camalın şəhidliyi oktyabrın 21-də-anasının doğum günündə təsdiq olunub. Neftçala şəhərində dəfn edilib.

Camal İsmayılov şəhadətindən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı,  "Vətən uğrunda", Cəbrayılın azad olunmasına görə" ,"Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
*** 


Nahid Soqat oğlu Mikayılov 1982-ci il aprelin 25-də Kürdəmirin Şilyan kəndində anadan olub. Şilyan kənd Elşad Qurbanov adına orta məktəbdə təhsil alıb. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb.  

Xidmətini başa vurduqdan sonra hərb sahəsinə olan marağından yenidən bu istiqamətdə xidmətini davam etdirir. Beş il Gəncədə, 15 il isə Ağdamda düşmənlə üz-üzə mövqelərdə xidmət edib. 2016-cı il Aprel döyüşlərində iştirak edib. Həmin döyüşlərdən sağ-salamat qayıtsa da, şəkərli diabet xəstəliyinə tutulub. Ancaq bu xəstəliklə də xidmətini davam etdirib. Həyat yoldaşı səhhətindən ötrü bu sahədən ayrılmasında çox israr etsə də, Nahid "torpaqlarımızı azad etməyincə bu yoldan dönmək yoxdur"-deyərək hərb sahəsindən imtina etmir. Qüsursuz xidmətinə görə müxtəlif zamanlarda komandanlıq tərəfindən fəxri fərmanlar, təşəkkürnamələr və medallarla təltif edilib. 

Ailəli olan şəhidimizin üç oğul övladı vətənə əmanət qalıb. Onlardan biri atasının yolunu davam etdirməkdə qərarlıdır. 

Baş gizir N.Mikayılov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində savaşıb. Nahid Mikayılov oktyabrın 30-da Ağdam istiqamətində şəhid olub. Kürdəmir şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

Nahid Mikayılov şəhadətindən sonra "Vətən uğrunda" və "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edilib.
*** 


Sabir Hikmət oğlu Salahov 15 avqust 1999-cu ildə Salyanda anadan olub. 2005-ci ildə Salyan şəhər 3 saylı orta məktəbin birinci sinfinə gedib, 2016-cı ildə oranı bitirib. Daha sonra 2017-ci ildə "Neft və energetika" kollecinə daxil olur, lakin təhsilini yarımçıq qoyub, oktyabrın 2-də Vətənə borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanır. 

Ağcabədidə xidmət edən Sabir 2019-cu ildə aprelin 2-də ordudan tərxis olunur. Hərbi xidmətdən tərxis olunduqdan sonra könüllü ordu sıralarında "MAXE" kimi qulluq etməyə başlayır. 

27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsinə ilk gündən qatılan Sabir Salahov Füzuli istiqamətində şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub. Oktyabrın 6-da Salyan rayon Şəhidlər xiyabanında dəfn olunub.

Sabir Salahov şəhadətindən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
*** 


Elşən Ağabala oğlu Ağasıyev 1999-cu il 22 sentyabrda Xaçmazda anadan olub. 2006-cı ildə Xaçmaz rayon B.Rəsulov adına tam orta məktəbin 1-ci sinfinə daxil olub. 2016-cı ildə həmin məktəbin məzunu olub. Subay idi. Elşən həmçinin, məktəb illərindən sərbəst güləşlə də məşğul olurdu.
Elşən Ağasıyev 2020-ci il may ayının 25-də Xaçmaz RHK-dan həqiqi hərbi xidmətə yollanır.

Elşən 2020-ci il sentyabrın 27-də Azərbaycanda başlanan Vətən müharibəsində iştirak edib. Döyüş yoldaşlarının sözlərinə görə, Elşən savaşın ilk günlərində ayağından yaralansa da, ön cəbhəni tərk etməyərək döyüşməyə davam edib.

Elşən Ağasıyevin atası 1992-ci il birinci Qarabağ döyüşlərində dörd il könüllü döyüşüb. Oğlu hərbi xidmətə yollananda atasına bildirib ki, onların yarımçıq qoyduğu işləri tamamlayıb, torpaqlarımızı düşməndən azad edəcək.

"Elşən mehriban və vətənpərvər övlad idi. Biz onu elə tərbiyə etmişdik. Döyüşlər başlayanda hamı məni qınayırdı. Deyirdilər, çox narahatsan. Mənim narahatlığım elə-belə deyildi. Çünki mən oğlumu tanıyırdım. Bilirdim ki, Elşən sakit duran deyil, irəli atılacaq. Axırıncı dəfə sentyabrın 30-da danışdıq. Bizimlə sağollaşıb, halallaşdı. Allaha çox sağ ol deyirəm ki, mənə bu cür oğul bəxş edib. Qısa ömrü ilə mənə böyük qürur yaşatdı. Cəmi 21 il yaşadı. Amma tarix yazıb getdi. Oğlumla fəxr edirəm", - deyə şəhidin anası Zəminə Ağasıyeva söyləyir. 

Elşən Ağasıyev Talış və Suqovuşan uğrunda döyüşlərin iştirakçısı olub. Oktyabrın 3-də Suqovuşan uğrunda döyüşdə şəhidlik zirvəsinə yüksəlib.
Elşən Ağasıyev şəhadətindən sonra "Laçının azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif olunub.
*** 


Araz Elsevər oğlu Seyfullayev 2001-ci il mayın 28-də Masallıda anadan olub. Subay idi. O, Azərbaycan Silahlı Qüvvələrinin Cəlilabad rayonunda yerləşən N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi.

Araz Seyfullayev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Araz Seyfullayev oktyabrın 7-də Füzuli döyüşləri zamanı şəhid olub. Masallı şəhərində dəfn olunub.

Araz Seyfullayev şəhadətindən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
*** 


Arzu Seymur oğlu İsgəndərov 1988-ci il oktyabrın 27-də Şəmkirin Zəyəm qəsəbəsində anadan olub. 1994-2002-ci illərdə Zəyəm qəsəbə tam orta məktəbində, 2003-2006-cı illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. 

Arzu İsgəndərov 2010-cu ildə Təlim Tədris Mərkəzində təkmilləşdirmə kursu keçib. 2010-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən N saylı hərbi hissəsində taqım komandiri, 2011-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Bərdə rayonunda yerləşən N saylı hərbi hissəsində bölmə rəisi, 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonunda yerləşən N saylı hərbi hissəsində bölmə rəisi, 2015-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunda yerləşən N saylı hərbi hissəsində bölmə rəisi, 2015-2018-ci illərdə isə Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən N saylı hərbi hissəsində bölmə rəisi vəzifələri üzrə xidmət edib. 2020-ci ilin avqust ayından isə Bakı korpusuna AİS rəisi vəzifəsinə təyinat alıb.

Arzu İsgəndərov 2016-cı ilin 2-5 aprelində baş tutan döyüşlərin iştirakçısı olub.

Qüsursuz xidmətinə görə müxtəlif dövrlərdə "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, III dərəcəli "Qüsursuz xidmətə görə" medalı ilə təltif edilib. 

Kapitan A.İsgəndərov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və noyabrın 13-də Xocavənd rayonu istiqamətində minaya düşməsi nəticəsində şəhid olub. Şəmkir rayonunda dəfn edilib.

Ailəli olan şəhidimizin Aylin və Arzum adlı iki qızı yadigar qaldı.

Arzu İsgəndərov şəhadətindən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. 
*** 


Daşdəmir Əlizaman oğlu Paşayev 1982-ci ildə Bakıda anadan olub. 1988-1996-cı illərdə 250 saylı orta məktəbdə təhsil alıb. 1996-1999-cu illərdə Cəmşid Naxçıvanski hərbi liseydə oxuyub. 1999-2003-cü illərdə Ali Baş Komandalıq Akademiyasında təhsil alıb.

2003-cü ildə leytenant hərbi rütbəsində xidmətə başlayıb. İsveçrədə 6 ay kurs keçib. Kursdan sonra Xüsusi Təyinatlı kəşfiyyatçı dərəcəsini alıb. Azərbaycan Xüsusi Təyinatlıları Qüvvələrində xidmətə başlayıb. Ali vəziyyəti əlaqədar olaraq Baş-leytenant rütbəsində ehtiyata buraxılıb.
Bundan sonra ANS telekanalında rəis müavini köməkçisi, Bakıda Ərəb səfirliyində, Bakı Metropolitenində yol xidmətində, Türkiyə Respublikasında, müxtəlif iş yerlərində və sonra maşın ustası kimi çalışıb.

Daşdəmir Paşayev 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsi zamanı ehtiyatda olan baş leytenant kimi döyüşlərdə könüllü iştirak edib. Mayor rütbəsində könüllülər üzərində komandir vəzifəsinə təyin olunub. Füzuli uğrunda döyüşlərdə iştirak etdib. 8 noyabr 2020-ci ildə Şuşada şəhid olub. 9 noyabr 2020-ci ildə İkinci Fəxri Xiyabanda dəfn olunub.

Ailə olan şəhidimizin dörd övladı yadigar qalıb.

Daşdəmir Paşayev şəhadətindən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub. 
*** 


Denis Aleksandr oğlu Əliyev (doğum adı: Denis Aleksandroviç Pronin) 1989-cu il mayın 26-da Xətai rayonunda anadan olub. Milliyyətcə rus idi. 1995-2006-cı illərdə Xətai rayonunda T. Bağırov adına 59 nömrəli tam orta məktəbində təhsil alıb.

Azərbaycan Ordusunun əsgəri olan Denis Əliyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Denis Əliyev oktyabrın 6-da Cəbrayıl döyüşləri zamanı şəhid olub. Xətai rayonunda dəfn olunub. Ailəli olan şəhidimizdən vətənə əmanət 8 yaşlı bir qız övladı qalıb. 

Denis Əliyev şəhadətindən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
*** 


Elcan Famil oğlu Cəlilov 1996-cı il fevralın 26-da Tovuzda anadan olub. 2003-2014-cü illərdə A. Puşkin adına Tovuz şəhər tam orta məktəbində təhsil alıb. Subay idi.

O, 2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elcan Cəlilov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb və noyabrın 7-də Xocavənd döyüşləri zamanı şəhid olub. Tovuz rayonunda dəfn edilib.

Elcan Cəlilov şəhadətindən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
*** 


Elşən Qulu oğlu Quluzadə 1998-ci il oktyabrın 20-də Füzulinin Mahmudlu kəndində anadan olub.

Çavuş Elşən Quluzadə 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elşən Quluzadə oktyabrın 13-də Füzuli döyüşləri zamanı ağır yaralanıb və tibb müəssisəsinə yerləşdirilib.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Quluzadə "Cəsur döyüşçü", 29.12.2020-ci il tarixli Sərəncamına əsasən isə "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilir.

Elşən Quluzadə 2021-ci il yanvarın 21-də müalicə aldığı tibb müəssisəsində koma vəziyyətinin 100-cü günündə şəhid olub. Onunla vida mərasimi Təzəpir məscidində baş tutub. Vida mərasiminə daxili işlər naziri Vilayət Eyvazov və birinci müavini general-leytenant Seyfulla Əzimov qatılıb. Elşən Quluzadə Füzuli rayonunun Mahmudlu kəndində dəfn olunub.

Elşən Quluzadə şəhadətindən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.
***


Elvin Ədalət oğlu Kazımov 1987-ci il dekabrın 3-də Bakıda anadan olub. 1993-2003-cü illərdə Xətai rayonunda 221 nömrəli tam orta məktəbdə, 2003-2006-cı illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) alıb. 2011-ci ildə Silahlı qüvvələrin Təlim və Tədris Mərkəzinin "Zabit İxtisas Kursu"nu bitirib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 23 iyun 2010-cu il tarixli əmri ilə "leytenant" hərbi rütbəsi verilib və N saylı hərbi hissədə leytenant rütbəsiylə xidmətə başlayıb.

Mexanikləşdirilmiş taborun qərargah rəisinin kəşfiyyat üzrə köməkçisi - kəşfiyyat taqımının komandiri, motatıcı taqım komandiri, dağ - atıcı bölüyünün komandiri, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AHM) kursant taqım komandiri - müəllim köməkçisi, cəbhə bölgəsindəki hərbi hissənin motatıcı bölük komandiri vəzifələrində xidmət edib. "Kapitan" hərbi rütbəsinədək yüksəlib.

Kapitan Elvin Kazımov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 6-da Talış döyüşləri zamanı şəhid olub. II Fəxri xiyabanda dəfn olunub.

Ailəli olan şəhidimizin vətənə əmanət bir övladı qalıb.

Elvin Kazımov şəhadətindən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.
***


Mətləb Məhəmməd oğlu Cəfərov 19 noyabr 1977-ci ildə Sabirabadın Nərimankənd kəndində anadan olub. 9-cu sinfə qədər Sabirabad rayon Nərimankənd kənd tam orta məktəbində təhsil alıb, 2 il sonra təhsilini davam etdirdiyi Bakı şəhərindəki liseylərdən birindən məzun olub. Kənd Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) ali təhsil alıb.

Mətləb Cəfərov ali məktəbdən məzun olduqdan sonra "leytenant" rütbəsi ilə hərbi xidmət qulluqçusu olub. Xidmətini ehtiyatda olan zabit kimi və "baş leytenant" rütbəsi ilə başa vurub.

Baş leytenant Mətləb Cəfərov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində könüllü olaraq 16 oktyabrdan iştirak edib. Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. O, 2 noyabr 2020-ci ildə Qubadlı istiqamətində ağır yaralanıb. 18 günlük koma vəziyyətindən sonra 20 noyabr 2020-ci ildə müalicə aldığı xəstəxanada şəhid olub.

Mətləb Cəfərov şəhadətindən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 





05.08.2021    çap et  çap et