525.Az

Meşələr niyə yanır?


 

Meşələr niyə yanır? <b style="color:red"></b>

İsti yay günləri meşə yanğınları təhlükəsini artırır. Bu günlərdə biz planetin bir çox nöqtələrində meşə yanğınlarının şahidi oluruq. Yanğınlar bir neçə səbəbdən baş verir: insanların ehtiyatsızlığı, kəskin istilər və qəsdən. Yay günlərində meşə və parklarda istirahətə yollanan insanlar çoxluq təşkil edir. Onların əyləncə üçün təşkil etdikləri piknik isə çox vaxt faciə ilə nəticələnir. Yəni ocaq qalanması, yemək hazırlanması, söndürülməmiş siqaret kötüklərinin atılması yanğına səbəb olur. Nəticədə isə ətraf mühütə, insan sağlamlığına, planetin “Ağ ciyər”lərinə böyük zərbəb vurulur. Ona görə də ilk növbədə insanlar istirahət yerlərini tərk etməzdən əvvəl diqqətlə ətrafı nəzərdən keçirməlidirlər. 

Məlum olduğu kimi, qardaş Türkiyə iyulun 28-dən başlayaraq bugünə kimi yanğınlarla mübarizə aparır. Hadisənin səbəbləri hələlik dəqiq bəlli olmasa da, bunun qəsdən törədilməsinə dair ehtimallar var. Eyni zamanda Rusiyada, Avstraliyada, İran, ABŞ-da və bir sıra digər ölkələrdə isti hava yanğınlara səbəb olub. Azərbaycanda da bir neçə gündür ki, meşə yanğınları baş verməkdədir. Lənkəran və Yardımlının ardınca Ağsuda Gəgəli kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın başladı, daha sonra yanğın Şamaxıya keçib. Aidiyyatlı qurumlar tərəfidən yanğınların qarşısının alınması, miqyasının genişlənməməsi üçün operativ tədbirlər həyata keçirilir. Əraziyə helikopterlər cəlb olunur. Lakin yanğın səbəbləri araşdırılanda yenə də insan amili önə çıxır. Ona görə də yanğınla müxtəlif mübarizə metodlarının olmasına baxmayaraq, bunun ən effektiv və sınanmış metodu insanların maarifləndirilməsi, təbliğat işlərinin genişləndirilməsidir.İnsanlar bilsələr ki, meşədə baş verən yanğınlar onların həyatlarına necə ciddi təhlükədir, daha diqqətli addım atarlar. İnsanlar üçün bu təhlükə nəinki alovun birbaşa təsirindən, eyni zamanda, atmosferdəki güclü oksigen çatışmazlığından, dəm qazının və digər qatışıqların artmasından yaranan zəhərlənmələrdən ibarətdir.Hər bir insana həyatı necə qiymətlidirsə, təbiət də o dərəcədə qiymətli olmalıdır.

Ekspertlər də hesab edirlər ki, Azərbaycanda baş verən meşə yanğınlarının 95 faizi insanların ehtiyatsız davranışı ilə bağlıdır. Ekoloq Fikrət Cəfərovun sözlərinə görə, ümumiyyətlə, əhalinin təbiətlə davranış mədəniyyəti çox da yüksək deyil: “Məsələn, yolla gedən avtomobillərdən yanan siqareti yol kənarına atırlar. Aydındır ki, siqaret də yol kənarında quru ot üzərinə düşür və yanğın baş verir. Bilirsiniz ki, hazırda turizm mövsümüdür və insanlar meşələrdə, çay kənarlarında istirahətə yollanırlar. Bu zaman isə kabab bişirməyə üstünlük verirlər. Mən özüm dəfələrlə təbiətdə kabab bişirən insanlarla rastlaşmışam və onlara izah etmişəm ki, kabab bişirdikdən sonra ocağı tamamilə söndürmək lazımdır.

Çox zaman insanlar közü sadəcə torpaqla örtürlər, ancaq kömür qalır və sonradan yanğına səbəb olur. Ümumiyyətlə, Azərbaycanda yanğınların 95 faizi birbaşa insan davranışı ilə bağlıdır”. Azərbaycnada yanğınların qəsdən törədilməsi ilə bağlı fikirlərə münasibət bildirən ekoloq deyib ki, bu, həqiqətə uyğun deyil:

“Son günlərdə baş verən yanğınları təhlil edərkən qəsdən törədilmə ilə bağlı heç bir əsas yoxdur. Çünki yanğınlar yaşayış yerlərindən uzaqda, əsasən insanların istirahət üçün getdiyi ərazilərdə baş verir ki, bu da ehtiyatsız davranışdan irəli gəlir”.

PƏRVANƏ
 

 





05.08.2021    çap et  çap et