525.Az

Vaşinqtonun əzələ nümayişi - Xaqani Cəfərlinin siyasi şərhi


 

Vaşinqtonun əzələ nümayişi -<b style="color:red"> Xaqani Cəfərlinin siyasi şərhi</b>

ABŞ-ın son 40 ilin ən böyük hərbi-dəniz təlimlərinə başlaması ekspertlər tərəfindən Vaşinqtonun əzələ nümayişi kimi dəyərləndirilir. Vaşinqton özü də bunu inkar etmir. Hətta hərbi təlimin keçirilməsində məqsədin ABŞ-ın bir neçə cəbhədə müharibə aparmaq imkanlarının nümayişi, Çin və Rusiyanın Qara dəniz, Şərqi Aralıq dənizi, Cənubi Çin və Şərqi Çin dənizlərində təcavüzünə qarşı dayanmaq olduğu da açıq şəkildə ifadə olunur. Eyni zamanda, 17 saat qurşağında keçirilən və “Large Scale Exercise” 2021 (Böyük Ölçülü Məşq 2021) adı verilən təlim ABŞ-ın hərbi gücünü nümayiş etdirməklə yanaşı, həm də Çin və Rusiyaya açıq xəbərdarlıqdır. Müşahidəçilər 1981-ci ildən ötən 40 ildə ən böyük və geniş hərbi təlimdə təyyarə daşıyıcıların, raket kreyserlərin, esminetslərin, sualtı hücum qayıqları və böyük desant gəmilərinin, həmçinin, dəniz aviasiyasının iştirak etməsini də əzələ nümayişi xarakteri daşıdığını vurğulayırlar. Belə görünür ki, Vaşinqton yenidən soyuq müharibə dövrünün davranış qaydalarını bərpa edir.

Məsələ ondan ibarətdir ki, “Large Scale Exercise” 2021 hərbi təlimindən bir neçə gün öncə ABŞ Qara dənizdə 30 dövlətin iştirakı ilə “Sea Breeze” (Dəniz küləyi) adlı hərbi təlimlər keçirmişdi. ABŞ-ın başçılığı ilə keçirilən həmin təlimdə NATO-nun üzvləri ilə yanaşı, Ukrayna kimi ölkələrin iştirakı da soyuq müharibə dövrünün davranış qaydalarının bərpa olduğunun daha bir təsdiqidir. Belə görünür ki, soyuq müharibə illərində olduğu kimi, dünya yenidən iki cəbhəyə bölünür. Çox maraqlıdır ki, yeni qarşıdurma da ideoloji ayrılıqlarla izah olunur. Soyuq müharibə dövründə qarşıdurma azad dünya ilə sosialist düşərgəsi arasında idisə, bu dəfə də mübarizənin demokratik ölkələrlə avtoritar və totalitar ölkələr arasında getdiyi vurğulanır. Qeyd etmək lazımdır ki, bu fikir ABŞ prezidenti və ölkənin digər rəsmiləri tərəfindən tez-tez səsləndirilir. Belarus müxalifətinin lideri Svetlana Tixonovskayanı Ağ evdə qəbul edən ABŞ prezidenti Co Bayden dünyada demokratiya ilə totalitarizm arasında mübarizə getdiyini bəyan edərək "İkinci soyuq müharibə"nin ideoloji əsaslara dayandığı fikrini bir daha önə çıxardı. Belə görünür ki, Co Baydenin prezidentliyi müddətində dünyada qarşıdurma daha da güclənəcək. Yeri gəlmişkən, ABŞ rəsmiləri Çin və Rusiyaya qarşı mübarizə apardıqlarını açıq ifadə etməkdən çəkinmirlər. Co Baydenin totalitar və avtoritar ölkələr kimi dəyərləndirdiyi bu iki dövlətlə ABŞ arasında münasibətlərdə gərginliyin artacağını göstərən bir neçə məqam var. Rusiyada hesab edirlər ki, ABŞ başda olmaqla Qərb dünyası Belarusda siyasi dəyişikliyə nail olmaq və bu ölkəni Avroatlantik strukturlara inteqrasiya etdirmək niyyətindədir. Belarus Rusiya üçün Krımdan sonra ən böyük geosiyasi və hərbi strateji əhəmiyyətə malik ikinci bölgədir. Buna görə də Belarus hazırda Rusiya ilə ABŞ arasında mübarizənin ön xəttidir.

ABŞ-la Çin arasında mübarizə də yaxın zamanlarda qızışacaq. ABŞ-ın koronavirusa görə Pekinin məsuliyyət daşıması ilə bağlı ittihamlarla çıxış edəcəyi ehtimalları artmağa başlayıb. Qərb mətbuatının məlumatına görə, ABŞ kəşfiyyatı Uhandakı bir laboratoriyadan alınan viruslar haqqında genetik məlumatları öyrənir. Güman edilir ki, ABŞ kəşfiyyatı bu məlumatları Uhandakı laboratoriyanın serverlərinə daxil olmaqla əldə edib. İddialara görə, ABŞ kəşfiyyatı 22 min virus haqqında məlumatları ələ keçirib. Həmin viruslarla bağlı araşdırmanın nəticələri məlum olmadığına görə hələlik ABŞ Çinə qarşı koronavirusla bağlı rəsmi ittiham irəli sürməyib. Ancaq prosesin bu istiqamətdə getdiyini də görməmək mümkün deyil. Hələlik isə ABŞ Energetika Nazirliyinin laboratoriya bölmələrinin superkompüterlərində kəşfiyyatın ələ keçirdiyi məlumatlar araşdırılır. Bu işin nə vaxt tamamlanacağı hələlik bəlli olmasa da, ABŞ-da koronavirusa görə Çinə qarşı ittihamlar artmağa başlayıb. ABŞ Konqresinin Nümayəndələr Palatasının bir qrup üzvünün yayımladığı hesabatda koronavirusun ətraf aləmə Uhandakı bir laboratoriyadan sızdığı ittihamı yer alıb. Respublikaçı konqresmenlərin yer aldığı qrup tərəfindən hazırlanan hesabat Çinə qarşı ilk ciddi ittiham hesab oluna bilər. Əgər ABŞ kəşfiyyatının 22 min virus haqqında əldə etdiyi məlumatların təhlili də koronavirusun ətraf mühitə Uhandakı laboratoriyadan sızdığını təsdiqləsə, Pekinə qarşı iddialar sərtləşəcək. Hələ keçmiş prezident Donald Tramp koronavirusun ətraf mühitə Uhandakı laboratoriyadan sızdığı təsdiqlənəcəyi halda Pekinə qarşı bir neçə trilyon dollarlıq iddia irəli sürəcəklərini bəyan etmişdi. Hazırda Donald Tramp prezident olmasa da, onun bu ideyasını Çinə qarşı rəsmi iddiaya çevirəcək siyasətçilər tapılacaq. Məsələn, Respublikaçılar Partiyasının Nümayəndələr Palatasındakı liderlərindən biri Maykl MakKol bəyan edib ki, koronavirusun ətraf mühitə 2019-cu ilin avqustun sonu və ya sentyabrın əvvəlində sızdığına şübhə etmir. Çin rəsmiləri hələlik bu ittihamları rədd edirlər. Ancaq Çinə qarşı ittihamlar artdığı kimi, zamanla daha yüksək kürsülərdən səslənir. Bu ittihamların rəsmi qərara çevrilməsi isə Çini müharibəyə sürükləyə bilər. Çünki bir neçə trilyon dollarlıq təzminat iddiasının Çinin iqtisadiyyaın məhv edəcəyinə heç kim şübhəylə yanaşmır. Belə qorxunc mənzərə Çini müharibəyə sürükləyə bilər. ABŞ isə Çini bir qədər qabaqlayaraq son 40 ilin ən böyük hərbi-dəniz təlimlərin keçirməklə Pekinə əzələ nümayiş etdirir və Pekini müharibə xəyallarından imtinaya sövq etdirmək istəyir. Hələlik Co Baydenin təbirincə desək, demokratiya ilə totalitarizm arasında qarşıdurmanın bütün dünya boyu dərinləşdiyi müşahidə olunur. 
 

 





07.08.2021    çap et  çap et