525.Az

Heç vaxt əyilməyən Türkiyəmiz - Günel Mehdizadə yazır...


 

Heç vaxt əyilməyən Türkiyəmiz -<b style="color:red"> Günel Mehdizadə yazır...</b>

Min illərin sınağından çıxmış müdrik atalar sözlərimizdən biri yenidən yadıma düşdü: "Dostu dar gündə sınayarlar". Azərbaycan-Türkiyə dostluğu əsrlərin sınağından keçə-keçə gəlməkdədir. Dastanlarımızın doğmalığı, mədəniyyətimizin doğmalığı, dilimizin eyniliyi, klassik jurnalistlərimizin Türkiyə həyatı, Çar və Sovet imperiyasının repressiyalarından qurtuluş yolu kimi Türkiyəni  özlərinə ikinci Vətən seçən azadlıq mücahidlərimizin yaradıcılıq məkanı, Cümhuriyyət qurucularının  sonda pənah gətirdikləri  etibarlı ölkə  və nəhayət, yeni müstəqillik illərimizin çətin başlanğıc illərində köməyimizə çatan  ilahi bir xalq - bütün bunlar  Ümumimilli liderimiz Heydər Əliyevin "Bir millət, iki dövlət" kimi zamanın aforizminə çevrilmiş müqəddəs bir ifadəni yaratması ilə nəticələndi.

Türkiyə güclü və müstəqil bir dövlət kimi həmişə Azərbaycanın yanında olub. Yeni dövrün, yeni müstəqilliyimizin ən çətin anlarında bu dövlətə, bu xalqa güvənmişik. Zamanın yeni və həm də tarixdə ən çətin sınaqlarında Türkiyə Azərbaycanın yanında olub. Yaxın keçmişdə mühüm bir beynəlxalq forumda Türkiyə Prezidenti cənab Ərdoğanın bu məclisdə iştirak etməməsindən "cürətlənən" birisinin onun ünvanına ironiyalı sözləri anında Azərbaycan Prezidenti cənab İlham Əliyevin "Türkiyə Prezidenti burda yoxdur, amma  mən burdayam!" nidası həmin "cəsarətli" dövlət başçısının sözünü ağzında qoydu...

Zaman sınaqlarla doludur. 44 günlük Vətən müharibəsi dövründə Türkiyə mənəvi  və siyasi cəhətdən Azərbaycanın yanında oldu. Mənfur Ermənistanı diz çökdürməyimiz Türkiyənin də  zəfər bayramına çevrildi. Ərdoğanın Şuşa səfəri, Şuşada imzalanan Azərbaycan-Türkiyə Bəyannaməsi  düşmənin və düşmənlərin gözünə ox oldu. Bu güclü və məğrur dövlət Azərbaycan naminə sınaqdan məğrurcasına çıxdı...
Tanrı qorusun bu dövləti. Amma neyləyək ki, bizi də qardaş xalqa kömək sınağına çəkib. Türkiyə erməni xisləti  daha bir vandal düşmənin girdabına düşdü: meşələri, bağ-bağatları yandırdılar. Türkiyə alovlar içindədir. Azərbaycan Türkiyə ilə müqəddəs qardaşlıq borcunu boynuna götürdü. Xalqımızın mətbuatda, telekanallarda, feysbuk səhifələrində ifadə etdiyi narahatlıq duyğuları göz qabağındadır. Jurnalistlərimizin ən təsirli, qardaş dərdinə qalan yazılarını oxuyub təsirlənməmək mümkün deyil. Telekanallarımızın müxbirləri meşə yanğınlarının alovları içərisindən canlı reportajları ürəkləri dağlayır.

Başda Prezidentimiz İlham Əliyev olmaqla bütün Azərbaycan xalqı - istisnasız  olaraq hər kəs Türkiyəyə kömək üçün hər şeydən keçməyə hazırdır. İndi o müdhiş meşə yanğınlarının söndürülməsi işində Türkiyə ilə yanaşı, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yüzlərlə canlı əməkdaşı, yüzlərlə ən müasir texnikası fədakarlıq göstərməkdədir. Bu fakt elə həm də Şuşa Bəyannaməsinin bir bəndinin reallaşmasıdır.
Yanğın söndürülməkdədir və söndürüləcək. Amma indi Ermənistan mediasında hələ adı tapılmayan bu "millətin" sevincinə baxın. Dünyanın ekologiya dərdinə çevrilən Türkiyə yanğınları bu "millətin" bayramına çevrilib. 30 il müddətində zəbt etdikləri Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklərə göz yuman Avropa indi onların Türkiyədəki yanğınla bağlı sevinclərini mediadan oxusunlar. Bəlkə onda başa düşəcəklər ki, Ermənistan təkcə Azərbaycanın deyil, bütövlükdə yer kürəsinin düşmənidir...

Türkiyədə yanğın! Dostlarımızın ürəyini dağlayan yanğın. Amma Tanrı həmişə Türkiyəni qoruyub. İndi də elə olacaq! Tanrının və dostlarının köməyi Türkiyəni əyilməyə qoymaz!
 

 





08.08.2021    çap et  çap et