525.Az

Məmurun əyarı - Natəvan Abdulla yazır...


 

Məmurun əyarı -<b style="color:red"> Natəvan Abdulla yazır...</b>

Sürətlə dəyişən, inkişaf edən müasir dünyada ən müxtəlif fəaliyyət sahələrində gənc kadrlara daha çox üstünlük verilir. Bu tendensiya Azərbaycanın da bu günü və gələcəyi üçün vacib məqamlardan biridir. Buna görə də ölkə başçısı son illər qanunverici və icraedici orqanlarda kardinal struktur və kadr dəyişiklikləri etməkdədir. Bunun nəticəsində Azərbaycanın iqtisadi və siyasi dizaynının tamamilə yeniləndiyi müşahidə olunur. Prezident İlham Əliyevin idarəçilik sisteminin gəncləşməsinə verdiyi önəm son illər aparılan islahatlar və yeni təyinatların kontekstində də açıq-aydın görünməkdədir.

Dövlət strukturlarında aparılan kadr islahatları, gənc mütəxəssislərə daha çox yer verilməsi bu qurumların işinin səmərəliliyini xeyli dərəcədə artırır. Əslində, hər bir məmur, yüksək ranqlı dövlət və hökumət yetkilisi öz əyarını öz əməli işi ilə müəyyənləşdirir. Təbii ki, müxtəlif məsul vəzifələrə təyinat almış gənc kadrlar arasında öz fəaliyyəti ilə gözə çarpan, diqqət çəkənləri olduğu kimi, kölgədə qalanlar da az deyil. Fəaliyyətləri ilə özləri haqda mənfi təəssürat formalaşdıran bu tip məmurlarla bağlı müntəzəm şəkildə müxtəlif fikir və iradlar səsləndirildiyi kimi, fəal olanların, müsbət işləri ilə cəmiyyətdə hörmət və nüfuz qazananların ictimai fikirdə obyektiv təqdimatına da ehtiyac var.

Biz bu yazıda son illər məsul vəzifəyə təyinat almış və özü haqqında müsbət imic formalaşdırmağa nail olmuş gənc kadrların fəaliyyətinə bu gün spesifik bir sahəyə - "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinə rəhbərlik edən Zakir İbrahimovun timsalında işıq salmağa çalışacağıq.  

Öncə bir məqamı qeyd edək ki, dağ-mədən və geologiya sahəsində ölkəmiz hələ ilk addımlarını atır. Spesifiklik baxımından cəmiyyət üçün o qədər də aktual mövzu mənbəyi sayılmasa da, ölkə iqtisadiyyatının neftdən asılılığının azalması üçün bu sahənin inkişaf etdirilməsi çox vacibdir.

"AzerGold" QSC dövlətin büdcəsinin və onun iqtisadi gücünün artırılması baxımından da əhəmiyyətli mövqedə durur. 

Zakir İbrahimov kimdir? 

1974-cü ildə Bakı şəhərində anadan olan Zakir İbrahimov ilk ali təhsilini hüquq ixtisası üzrə Rusiyada - Leninqrad Dövlət Universitetində alıb. 1996-cı ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsindən məzun olub. 2004-2006-cı illərdə Odlar Yurdu Universiteti, ABŞ Corciya Universitetinin Magistr proqramı üzrə biznesin idarəedilməsi (MBA) istiqamətində təhsil alıb.

Yetərincə uğurlu bioqrafiyaya sahib olan Zakir İbrahimov 1993-2016-cı illər ərzində bir sıra qurumlarda hüquq və biznesin inkişafı üzrə mütəxəssis, aparıcı mütəxəssis, layihə rəhbəri, baş direktor vəzifələrində çalışıb. 2009-cu ildə "Təmiz şəhər" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsini tutub. 2016-cı il may ayının 26-da "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. 

Tədavülə istiqraz buraxan ilk milli dağ-mədən şirkəti

Bir neçə il bundan əvvəl yaradılmasına baxmayaraq, artıq fəaliyyət göstərdiyi müddətdə "AzerGold" QSC bir sıra önəmli uğurlara imza atıb. 
Bu il iyul ayının 22-də Prezident İlham Əliyev Daşkəsəndə "AzerGold" QSC-nin "Çovdar" İnteqrəolunmuş Regional Emal Sahəsinin fəaliyyəti ilə tanış olduğu zaman verilən məlumatlar da qurumun üzərinə düşən vəzifələrin öhdəsindən müvəffəqiyyətlə gəldiyini təsdiqlədi. Bildirildi ki, "Çovdar" qızıl mədənində hasilat işlərinə 2016-cı ildən başlanıb, mədəndə böyük yenidənqurma və infrastruktur işləri həyata keçirilib, bu günədək 259 min unsiya qızıl istehsal edilib, növbəti illərdə isə əlavə 338 min unsiya qızılın istehsalı planlaşdırılır.

"AzerGold" QSC təkcə "Çovdar" yatağının istismarı nəticəsində ölkənin qeyri-neft məhsulları ixracatçıları arasında lider mövqeyə yüksəlib, qızıl və gümüş ixracından ölkə iqtisadiyyatına xarici valyutada 640 milyon manata yaxın vəsait cəlb edilib. İndiyədək ümumilikdə 245 min unsiyadan çox qızıl və 434 min unsiyadan çox gümüş ixrac edilib. Artıq "AzerGold" qızıl layihələrinin icrası üzrə büdcədən asılılığın tam aradan qaldırılmasına nail olub. Cəmiyyət tədavülə istiqraz buraxan ilk milli dağ-mədən şirkəti kimi də tarixə düşüb. Cəmiyyətin metal ehtiyatları 24 dəfə artıb.

İlk külçə, ilk uğur

Çox da böyük olmayan zaman kəsimində sadalanan bu nailiyyətlərə imza atılması, şübhəsiz ki, Səhmdar Cəmiyyətdə işlərin peşəkarlıqla təşkil olunmasının və qurumun rəhbərliyinin öz vəzifəsinin öhdəsindən layiqincə gəlməsinin nəticəsi idi. "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovun öz işinə necə böyük şövqlə, məsuliyyətlə yanaşdığı onun bu yaxınlarda Real TV-yə verdiyi geniş müsahibə zamanı da açıq hiss olunurdu. Müsahibə boyunca gənc rəhbərin səlis, təmkinli nitqi, məsələlərə peşəkar münasibəti, rəhbərlik etdiyi spesifik sahənin bütün incəliklərinə dərindən bələd olduğu xüsusilə diqqət çəkirdi.

"AzerGold" QSC-nin hələ 2016-cı ilin iyul ayında fəaliyyətə başladığı dövrdə bu sahədə dağınıq vəziyyətin hökm sürdüyünü vurğulayan Zakir İbrahimov təxminən bir neçə ay sonra - 2017-ci ilin ikinci rübündə artıq ilk külçənin istehsal edildiyini bildirdi: "Öncəki planlara görə, bu yataq artıq 2020-ci ildə fəaliyyətini dayandırmalı idi. Yatağın satıla biləcək rezervi 200 min unsiya qızıl hesab edilirdi. Amma biz nəinki deyilən tarixdə yatağı dayandırdıq, əksinə, düzgün, sistemli, müasir kəşfiyyat və tədqiqatlar nəticəsində yatağın ixrac edilə biləcək rezervi 597 min usiyaya qədər artırıldı. Hesab edirəm ki, bu rəqəm daha da arta bilər".

1,3 milyard manat əlavə gəlir

Qızıl yataqlarında iş necə aparılır, emal prosesi necə gedir və nəhayət, bütün bu proseslərin sonunda qurum büdcəyə nə qədər xeyir verə bilər? Nə qədər sfesifik sahə sayılsa da, ölkədə qeyri-neft sektorunun perspektivləri baxımından ictimaiyyət üçün maraqlı olan bu suallara "AzerGold" rəhbəri sadə, hər kəsin anlaya biləcəyi bir dillə aydınlıq gətirdi. Məlum oldu ki, "Ağyoxuş" və "Mərəh" qızıl yataqlarında yalnız partlayış işləri aparılır. Zəngin süxurlar "Çovdar" yatağının emal sahəsinə gətirilərək emal işləri orada həyata keçirilir. Növbəti illərdə "Tuğlalar" yatağının da işə salınacağı gözlənilir. Nəticədə ölkəmiz növbəti 7 il ərzində təqribən daha 475 min unsiya qızl, eləcə də "Çovdar" yatağının özünün və cinahlardakı mədənlərin rezervlərini ixrac etmək imkanı qazanacaq. Beləliklə, təxmini hesablamalarla pul ekvivalentinə çevirəndə bu, 1,3 milyard manat həcmində əlavə gəlir əldə etmək imkanı deməkdir.

On minlərlə işçi, yüz milyonlarla vergi...

Zakir İbrahimov müsahibəsində "AzerGold" QSC-nin 2020-2035-ci illər üçün hazırlanmış strateji fəaliyyət planından söz açaraq nikbin proqnozlar verdi. Bildirildi ki, həmin proqramın yol xəritəsinə uyğun olaraq, 2022-ci ilin sonuna qədər 5 qızıl, 2029-cu ilə qədər əlavə 4 əlvan metal yatağının istismara verilməsi planlaşdırılır. 2025-ci ildə isə Balakən rayonunda yerləşən, ölkəmizdəki ən böyük yataqlardan biri sayılan, toplam dövriyyəsi təqribən 4 milyard manata yaxın olan "Filizçay" yatağının istismara verilməsi nəzərdə tutulur. Bu yatağın istismarı prosesində birbaşa və dolayısı yolla təxminən on min nəfərə qədər işçinin işə cəlb olunması gözlənilir. Təkcə bu yatağın istismarından büdcəyə yüz milyonlarla vergi ödənilməsi nəzərdə tutulur.

"Uğurlu idarəçi"

Yazının əvvəlində son illər yüksək vəzifələrə gənc kadrların təyinat almaları məsələsinə toxunarkən bu kadrlar arasında öz fəaliyyəti ilə ictimai fikrin diqqətini çəkənlər kimi, kölgədə qalanların da olduğunu qeyd etmiş, hər bir məmurun öz əyarını öz əməli işi ilə müəyyənləşdirdiyini vurğulamışdıq. Yazının sonunda isə yüksək vəzifəli məmur kimi fəaliyyətinə işıq salmağa çalışdığımız "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovun istedadlı kadrların seçilməsi və inkişaf etdirilməsi məqsədilə keçirilən "Yüksəliş" müsabiqəsi iştirakçılarına üvanlanan, əslində isə, həm də bu yazının mövzusu ilə də səsləşən fikirləri ilə bitirmək istəyirik. "Uğurlu idarəçi anlayışı" nədir sualına aydınlıq gətirən Zakir İbrahimova görə, uğurlu idarəçi mütləq mənada qarşısına qoyulmuş hədəflərə nail olan şəxsdir və bu hədəflərə nail olmağın ilkin şərti yüksək nəticəli peşəkar komanda formalaşdırmaq bacarığıdır. 

Zənnimizcə, "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovun peşəkar fəaliyyətində məmur kimi əyarını müəyyənləşdirən başlıca prinsip də elə budur. 
 

 





08.08.2021    çap et  çap et