525.Az

Yunanıstan: səfər təəssüratları və zəngin keçmişi barədə düşüncələr - Telman Orucov yazır...


 

Yunanıstan: səfər təəssüratları və zəngin keçmişi barədə düşüncələr -<b style="color:red"> Telman Orucov yazır...</b>

(Əvvəli ötən şənbə sayımızda)

Afina da artıq seçim mövqeyində deyildi, şəhər viran qalmışdı, aclıqdan və susuzluqdan əziyyət çəkirdi. Afina öz imperiyası ilə yanaşı, illüziyalarını və ambisiyalarını da itirdi. Şəhər bir gündən digərinə keçmək üçün yaşayırdı, maliyyəsini, iqtisadiyyatını bərpa etməyə çalışırdı. 355-ci ildə əvvəlki 404-cü il kimi onun tarixində yeni era açıldı. Bu, Afina imperiyasının sonu ilə əlamətdar oldu. Makedoniya isə özünün yeni erası ilə özünə yeni üfüqlər açdı. O, yeni dövlət kimi b.e.ə. VI əsrin başlanğıcında təşəkkül tapmışdı. Ovçuların, içki düşkünlərinin, döyüşçülərin və kəndlilərin geridə qalmış bir ölkəsi idi. Onları yunanlar barbar kimi qiymətləndirirdilər. Adamların zorakılığa və dəlisovluğa müraciət etməsi adi bir hal idi. Region qızılla və gəmi qayırmaq üçün ağac materialı ilə zəngin idi. Həm də Afina da daxil olmaqla yunan şəhərlərinə taxılın nəqli üçün bura başlıca yol idi. Lakin afinalılar onu özlərinə düşmən etdilər. Ölkənin paytaxtı Pellaya köçürüldü və bura, yunan şairlərini özünə cəlb edən intellektual mərkəzə çevrildi. Makedoniya endemik sayılan böhranlardan konvulsiya etməsini dayandırdı.

B.e.ə. 399-cu ildə çar Arxelayın ölümündən sonra Makedoniya 40 il ərzində saraydaxili qiyamlarda boğulurdu. Ölkə yeni bir təhlükədə olduqda Filippi və Aleksandrı meydana gətirdi. Filipp öz gəncliyinin üç ilini girov kimi Fivada keçirmişdi. Sonra taxt-tacda olan cavan qohumuna regent təyin edildi. Fərasətli, qabiliyyətli Filipp Məclisə arxalanaraq uğur qazandı, yunanlar üzərində yeni ağalıq qurmaq üçün ilk dövrdə yeni birlik yaratmağa nail oldu. 

Filipp 23 yaşında artıq təcrübəli siyasətçi və inzibatçı idi, Makedoniya əyalətlərini idarə edirdi. Üç ildən sonra gənc qohumunu taxt-tacdan uzaqlaşdırdı. 356-cı ildə arvadı printsessa Olimpiya ona varis ümidi verən olan uşağını - Aleksandrı doğdu. Elə həmin ili Filipp öz regentliyini çar titulu ilə dəyişdirdi. Bu, onun ümidlərinə və arzularına yaşıl işıq yandırdı. O, özünü bir sıra ehtiraslarına həsr etdi, bunlardan biri ölkəsinin gələcəkdə ən böyük dövlət kimi görmək idi. O, müstəsna xarakterə malik idi, təhsil görmüşdü, sivilizasiyalaşmışdı, ellinist olmuşdu. Yorulmaz bir adam idi, şərabı və qadınları da sevirdi. Həm də əcnəbilərə qarşı öz lətafətindən necə istifadə etməyi bilirdi. O, çevik diplomat bacarığına malik idi, həm də istedadlı sərkərdə idi. Bir sözlə, liderliyin bütün keyfiyyətlərinə malik idi. Səbirli və sistemli qaydada hərəkət etməklə o, öz problemlərini bir-birinin ardınca həll edirdi. 

Filipp özünün nəhəng çarlığının idarə olunmasını, onda yenidən qayda yaratmaqdan başladı. Makedoniya o vaxtlar yunan dünyasında ən böyük və daha çox əhalisi olan bir ölkə idi. Hakimiyyəti öz əlində mərkəzləşdirməklə o, Makedoniyanı, işğal etdiyi torpaqları ellinistik etmək yolu ilə və qonşularının hesabına hətta daha böyük dövlətə çevirdi. Ona müqavimət göstərən şəhərlər dağılırdı və onların yerində yeniləri salınırdı. O, urbanizasiyanın aludəçisi idi, yollar tikir, kənd təsərrüfatını inkişaf etdirməyə çalışırdı. Onun kəndliləri əla əsgərlər idi, məşq edir, intizama cəlb edilirdilər və onlar öz baş komandanlarına tam valeh olurdular. 

Filipp birinci növbədə pula ehtiyac duyurdu. Onun işğal etdiyi ərazidəki qızıl mədəni ildə 1.000 talant pul verirdi. Orada çıxarılan qızıldan olan pullara öz adını vermişdi, bunun üçün o, yeni pul sikkələri buraxmağa başladı və gözəl "filipplər" onun siyasətinin bir alətinə çevrildi. O, konsessiyalar satın almaq sənətini başa düşür və həyata keçirirdi. 

Əla hazırlaşmış ordunun başında II Filipp Epirin bir hissəsini tutdu, Makedoniyanın cənub sərhədini isə Fessaliya hesabına genişləndirdi. Qərb sərhədində möhkəm qarantiyaya sahib olmaq üçün İlliriya çarının qızı Olimpiya ilə, diplomatik manevr naminə evlənmişdi. Filipp həm də qərara gəldi ki, Makedoniya dənizə çıxışa malik olmalıdır. Afina üçün həyati əhəmiyyətə malik olan bir kiçik şəhərə hücum etdi və afinalılar özlərinin də çox qan itirəcəkləri perspektivini aydın gördülər. Filipp şəhəri tutdu, Pidna şəhəri ilə dəyişdirməyə söz versə də, hər iki şəhəri işğal etməyi ən düzgün qərar hesab etdi. Afinalılar müharibədən heç nə əldə edə bilmədilər, razılığı qəbul etməli oldular. Filipp taxta əyləşən kimi qüdrətli və sıx əhalisi olan Makedoniyanı birləşdirməyin ustasına çevrildi. Afina isə özünün patsifist siyasəti hesabına bu proseslərə qarşı kor olaraq qalırdı. Yalnız natiq Demosfen bu vaxt özünün siyasi karyerasına daxil olmaqla, ciddi bir təhlükənin mövcud olduğu qərarına gəldi. O, afinalıları inandırırdı ki, "Persiya ilə sülhü qoruyub saxlasın ki, bütün qüvvələri Makedoniyaya qarşı cəmləşdirə bilsin. Yalnız Afina Makedoniyanı dayandıra bilərdi, afinalılar isə hər gün şimaldan gəlmiş artan təhlükə ilə, ancaq öz regionunun taxılla təchizatının əhəmiyyətini nəzərə alaraq, qarşı-qarşıya durmayacaqdı. 

Filipp Afinaya müdaxilə şansını gözləməli oldu. O, Üçüncü Müqəddəs müharibə adlanan hadisəni bəhanə kimi istifadə etdi. Guya o, qəzəblənmiş allahın hüquqlarını müdafiə edir. Bu, canavarı qoyun yatağına cummağa cəlb etdi, 354-cü ildə Filipp Olimp dağının ətəyindəki Mefon şəhərini tutdu. Afinada Demosfen hiss etdi ki, bu, Makedoniyadan olan təhlükəli cazibə qüvvəsidir. Filipp birinci döyüşdə məğlub olsa da, ləngimədən qisas aldı və Fessaliya onun hökmranlığı altına keçdi. Fiva isə onun tərəfini saxlayırdı. Makedoniya Afina əleyhinə hər şeydən istifadə edirdi, siyasətçiləri və adamları bir-birinin əleyhinə qızışdırırdı. Bu vaxt Demosfenlə Filipp arasında böyük duel getdi, lakin bu duelin şərtləri bərabər xarakter daşımırdı. Çünki Filipp öz ordusuna, diplomatiyasına, məqsədləri və qərarları üzərində nəzarətinin köməyinə bel bağlayırdı. Demosfenin isə yeganə silahı onun bəlağətli nitqi idi, lakin həm də qatı müxalifləri ilə əhatə olunmuşdu. Ən pisi isə o idi ki, onların hamısı elə onun öz həmvətənləri idi. 

Afinada generallar erası öz yerini natiqlər erasına vermişdi. Onlardan Esxin kimi bəziləri Filipp tərəfindən satın alınmışdı, digərlərini isə, təhlükəni görmək imkanını arzulamayan və xalqın rəğbəti ilə oynayan İsokrat müdafiə edirdi. 

Sonrakı niyyətlər ən azı o adamlara aydın idi ki, onlar onu görmək istəyirdilər. Filipp Fessaliyanı anneksiya etdi və Fermopil qarşısına çıxdı. Bu cəld hərəkət Yunanıstanda bir zərbə təsiri bağışladı. Lakin Filipp hələ meyvənin yetişmədiyini gördü. O, geri çəkildi, səbirlə yaxşı imkanın gəlməsini gözlədi. O, Afinanın təsirini yoxa çıxarmaq məqsədi güdən danışıqlara başladı. Əllərinin sərbəst olduğunu görüb, üzünü yeni qurbanına tərəf çevirdi. Afina ilə saziş bağladı. Demosfen özünün birinci "Filippika"sında (b.e.ə. 351-ci il) bu müqaviləni atəşə tutdu. Filipp Makiavelli üslubunda hərəkət edərək, Evbeyada qiyamı qızışdırdı. Afinanın göndərdiyi üç ekspedisiya 348-ci ildə təslim oldu. Filipp müqavimət göstərilməsinə son qoymaq üçün sakinləri qul olmaq üçün satdı, 32 şəhəri dağıtdı və həmin əraziləri Makedoniyanın tərkibinə daxil etdi. Makedoniyanı dayandırmağa Afinanın gücü yox idi, ümidini yalnız öz dəniz qüvvələrinə bağlayırdı. 

Afina Pellaya elçi göndərdi, iki rəqib - Esxin və Demosfen bu siyasətə qarşı çıxdı. Afina səfirləri Makedoniya paytaxtında bir ay yarım qaldılar. Filipp özünün və müttəfiqlərinin adından sülh müqaviləsini imzaladı. Onun siyasi aliliyi Yunanıstanın dünyəvi və dini hakimiyyətinin gözündə möhkəmləndi. 

Filippin öz diplomatiyasına və ordusuna borclu olan zəfəri onun şimali və mərkəzi Yunanıstanda baş hökmran olmasına əminlik yaratdı. Afinada da onun müttəfiqləri çoxaldı. Ritorika müəllimi olan İsokrat onda bütün Yunanıstanı birləşdirməyə qadir olan və onları Persiya çarına qarşı böyük səlib yürüşünə aparmağa başçılıq edəcək, taleyin bəxş etdiyi bir adamı gördü. Baxmayaraq ki, bu vaxt Persiyanın Afinaya təhlükəsinin mövcudluğuna son qoyulmuşdu. 

Beləliklə, Afina və Filipp sülh bağladılar, hətta müttəfiqlərə də çevrildilər. Filipp isə hələlik özünün bütün Yunanıstanın ali ağasına çevrilmək barədəki ambisiyasını udurdu: bütün Yunanıstanda isə artıq ona müxalif olan bir şəhər belə yox idi. Demosfen axırıncı iki "Filippika"sını nəşr etdirdi. 

B.e.ə. 339-cu ildə Dördüncü Müqəddəs Müharibədə Filipp sövdələşməni qəbul etdi. Lakin afinalılar panikaya düşmüşdülər. Filipp Attika yaxınlığında, qısa müddətdə Afinanın divarları qarşısında dayanacaqdı. Beotiya düzənliyində müttəfiq qoşunlarının Makedoniya falanqasının darmadağın etməsi ilə yunan azadlığına son qoyuldu, Filipp Yunanıstan üzərində hökmran oldu. Afina çox asan şəkildə tutuldu. Lakin Filipp Afina sivilizasiyasına borclu olduğuna görə işğal etdiyi şəhərə yüngül şərtlər bəxş etməklə, ehtiram göstərdi. Afinalılar öz donanmalarını saxladılar. Limanları da azad olaraq qalırdı. Əgər Afina Esxinə qulaq assaydı, vuruşsuz qaydada alçaldılacaqdı. Demosfenlə birlikdə bu hadisə, işğalçının hörmətini qazandı. Filipp bir daha barbardan daha çox yunan olduğunu göstərdi. Filipp öz qələbəsindən sonra da dayanmaq istəmirdi. Afinanın və Mərkəzi Yunanıstanın ağası kimi o, Evbeyanı işğal etdi və sonra Peloponnesin üstünə düşdü, vuruşmadan orada öz iradəsini həyata keçirdi. Yunanıstan onun ayaqlarına yıxıldı. 

Filipp Korinfdə bütün Yunanıstan nümayəndələrinin iştirakı ilə yığıncaq keçirdi. 337-ci ildə "Panellinist" liqasının mövcudluğu meydana gəldi. Beləliklə, Filipp İsokratın ideyasını həyata keçirdi. Makedoniya çarı bu vaxt yunanların hegemonuna və strateqinə çevrildi. Liqaya daxil olan dövlətlər muxtar dövlətlər elan olundular. Onlar təzminat ödəyir, federal orduya və donanmaya əsgər göndərməyə də borclu idilər. O vaxtdan yunanlar əleyhinə silah qaldırmaq qadağan olunmuşdu.

(Ardı var) 
 

 

 





08.08.2021    çap et  çap et