525.Az

Amerikalı vokalçı Della Miles Füzuli və Xocavənd rayonlarında olub


 

Amerikalı vokalçı Della Miles Füzuli və Xocavənd rayonlarında olub<b style="color:red"></b>

Avqustun 5-də dünyaca məşhur müğənni, amerikalı vokalçı Della Miles, Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı, Əməkdar artist, xanəndə Qoçaq Əsgərov, müğənninin meneceri Hüseyin Fatih Oktay və bir qrup mədəniyyət işçisi Füzuli və Xocavənd rayonlarında olublar. Səfər zamanı Füzuli və Xocavənd rayonunun tarixi  və dini abidələri ziyarət edilib,  Qoçaq Əsgərovun Qoçəhmədli kəndində yerləşən evinə baxış keçirilib. Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı qonaqlara Füzuli və Xocavənd rayonlarının tarixindən, Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən geniş bəhs edib. O, Mədəniyyət Nazirliyinin əsas hədəflərindən birinin mədəniyyəti Qarabağa qaytarmaq olduğunu diqqətə çatdırıb, Regional İdarə olaraq Füzuli və Xocavənd rayonu üzrə görülən işlərdən və gələcək hədəflərdən danışıb.

Daha sonra onlar Füzuli rayon Mədəniyyət Evinin hazırladığı kiçik konsert proqramını dinləyiblər. Rayonun istedadlı gənclərindən Məmmədzadə Sədinin, Vaqif Səmədovun və Yaqub Quluyevin Azərbaycan xalq mahnılarından, muğamlarından ibarət ifaları qonaqlar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, Della Milesin Azərbaycana səfərinin əsas məqsədi 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunan Qarabağ torpaqlarına səfər etmək, erməni vandalizmi ilə yerində tanış olmaq və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Şuşaya həsr etdiyi "Xarıbülbül" şeirinə bəstələnən eyniadlı musiqi əsərini ifa etməsidir. Həmçinin, amerikalı müğənninin bir neçə ay öncə Azərbaycanın Qarabağ Zəfərinə həsr etdiyi "Qarabağ Azərbaycandır" adlı klipi işıq üzü görüb. Sözügedən klipin təqdimatı avqustun 4-də Beynəlxalq Avrasiya Mətbuat Fondunda keçirilib.

Della Miles Füzuli və Xocavənd rayonunda yerləşən tarixi, dini abidələrə olan heyranlığını dilə gətirib. O, Ermənistanın vandallığını, bölgəyə verdiyi zərərləri qınadığını ifadə edib. Müğənni qeyd edib ki, Azərbaycana dəvət olunmazdan öncə Qarabağın tarixini araşdırıb və bu torpaq haqqında mübarizənin səbəbini öyrənib. "Xarıbülbül" mahnısını oxumaqla mən özümü bir növ döyüşçü kimi hiss etdim", - deyə Della Miles bildirib.
Layihədə iştirak edən xanəndə Qoçaq Əsgərov bildirib ki, Della Miles Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu dünya mətbuatında səsləndirir və bu yolla dünya ictimaiyyəti Ermənistanın təxribatçı bir ölkə olduğunu görür. Bildirib ki, yaxınlarda "Xarıbülbül" mahnısını duet şəklində ifa edib, ancaq mahnı hələ ki, hazırlıq mərhələsindədir.

Həmçinin, Qoçaq Əsgərov hazırda Şuşada olduqlarını bildirib və Qarabağa olan səfərləri haqqında təəssüratlarını da "525-ci qəzet"lə bölüşüb: "Biz Della xanımla birgə Azərbaycanın 44 günlük müharibəsində 28 illik işğaldan azad etdiyi Füzuli və Xocavənd rayonlarında olduq. Della xanım ermənilərin Azərbaycan xalqının başına gətirdiyi müsibətləri araşdırmışdı, bilirdi. Amma bu gün öz gözləriylə şahid oldu. O, burdakı məscidlərimizi, tarixi abidələrimizi, dağıdılmış evlərimizi ziyarət etdi. Bütün bunlar ona da çox pis təsir elədi. Biz, həmçinin, Şuşanı da ziyarət elədik". 
Əməkdar artist Füzuli rayonundakı kəndlərinə səfərləri ilə bağlı hisslərini də dilə gətirib: "Mənimçün həm sevincli, həm də ağrılı məqamdır ki, mən işğaldan azad olunmuş Qoçəhmədli kəndində yerləşən evimdə Della xanımı qonaq elədim. Düzdür, evin yerində heç nə yoxdur. Amma mən yenə də həmin o uçulmuş-dağıdılmış evimdə onu qonaq etməyin sevincini yaşayıram. Biz bir daha şahidi olduq ki, ermənilər təkcə insanların deyil, torpağın, mədəni abidələrin, evlərin, dağın-kəsəyin də düşmənidirlər". 

Q.Əhmədov gələcək layihələrlə bağlı planları haqqında da danışıb: "Təbii ki, Della xanımın bu səfərinin yeni və uğurlu layihələrə də rəvac verəcəyinə ümid edirik. Artıq biz yaxın gələcəkdə Qarabağ haqqında sənədli film hazırlamağı planlaşdırırıq. Allahın köməkliyiylə bu və bu kimi layihələrimizi yerinə yetirməyə çalışacağıq. Fikrimcə, dünya şöhrətli bir musiqiçinin Qarabağa, Azərbaycanın Vətən müharibəsinə bu dərəcə həssaslığı haqq səsimizin dünya ictimaiyyətində duyulmasına müsbət təsir göstərəcək". 

Xatırladaq ki, Della Milesin bir neçə ay öncə Azərbaycanın Qarabağ Zəfərinə həsr etdiyi "Qarabağ Azərbaycandır" adlı klipi işıq üzü görüb. Amerikalı müğənni ABŞ-ın Texas ştatında musiqiçi ailəsində dünyaya gəlib. Gənc yaşlarında Los-Ancelesə köçüb. O, burada Maykl Ceksonun məşhur "Sisterella" musiqili tamaşasının baş qəhrəmanı olan "Ella" obrazını canlandırıb. Tamaşadakı ifası ilə məşhurlaşan Miles  sonralar Maykl Cekson və Uitni Hyuston başda olmaqla, bir çox müğənnilərin vokalçısı olub. Hazırda Türkiyənin İstanbul şəhərində yaşayır. Onun Azərbaycan səfəri 4-7 avqust tarixlərini əhatə edib. 

Şahanə MÜŞFİQ 
 

 





08.08.2021    çap et  çap et