525.Az

Düşündüklərini və yaşadıqlarını yazan şair- Hikmət Məlikzadə - 50


 

Düşündüklərini və yaşadıqlarını yazan şair-<b style="color:red"> Hikmət Məlikzadə - 50</b>

Mərhum folklorşünas alim Sədnik Paşayev yazırdı ki, hər bir sənətkarın, şairin poeziyada yerini müəyyənləşdirən onun sənətkarlıq meyarıdır. Sözün həqiqi mənasında, şeirləri ilə ürəklərə yol tapanlar, hətta bir misrası ilə belə yaddaşlara həkk olanlar poeziyada iz qoyanlardır. Səmimi poeziya özünü oxucusuna sevdirir, səmimi şairlər xalqın yaddaşında qalır.

Haqqında söz açacağımız Hikmət Məlikzadə də belə şairlərdəndir. Bu gün Hikmət Məlikzadə çağdaş şeirimizdə kifayət qədər tanınan, sevilən imzadır. Öz üslubu və şeir yolu olan bu şairin yaradıcılığı pafosdan uzaq, poetik cəhətdən dolğun və qəlbə yatımlıdır. Şeirlərindəki obrazlılıq və özünəməxsus poetik ruh Hikmət Məlikzadə yaradıcılığı üçün əsas meyardır.

Hikmət Məlikzadənin qələmindən süzülən şeirlər bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçilir və oxucunun ürəyinə yol tapa bilir. Poeziyaya, sənətə bütün qəlbi ilə bağlı olan Hikmət Məlikzadə acılı-şirinli öz şair taleyini yaşayır:
 
Ömür quyu deyil, eşqi ip sanıb,
Canı addımbaşı dərdə sallayım.

 
Hikmət Məlikzadənin poeziyası həyat həqiqətlərindən yoğrulan, dərdlə qol-boyun olub yaşayan poeziyadır. Şairin şeirlərində həyatın nəbzi döyünür, həyatın müxtəlif anları, sevgi iztirabları, ayrılıq məqamları boy göstərir.
 
...Ömrümdə bir dəfə canımdan xəlvət
sevda yanğısına tutuldum,
sevdiyim qızı da özü boyda tabuta qoyub
özü böyüklükdə qəbrə atdılar.

 
Nakam məhəbbətin yanğısı şairin yaradıcılığının kədərlə yoğrulmuş əsas mövzularından biridir. Şair sevgi şeirlərində sinəsini yandırıb yaxan, süngü yarasına dönən xatirələrlə yaşayır:
 
Bir xatirə yağışı var hər ötən anın,
Xatirələr şeh düşəndə bal kimi olur.
Ruhlar sevgi rəngindədi, dualı qadın,
Lal duyğunun əzabı da lal kimi olur.

Şairin sevgi şeirlərindəki səmimiliyi, poetik orijinallığı digər mövzuda olan şeirlərinə də yansıyır. Şeirlərində həyat hadisələrini sənət hadisəsinə çevirərək poetik enerjisini daha da dinamikləşdirir. Hikmət Məlikzadənin poetik fantaziyası sözü rəngdən-rəngə salır, obrazlılıq dərəcəsini daha da artırır.

Aydınlıq və sadəlik prinsipi şairin şeirlərində bədii təsvir və ifadə vasitələri üzərində elə sintez olunur ki, oxucuda sözə qarşı bir heyranlıq yaranır. Sözdən obrazlılığa keçid edərək bədii fiqurlar üzərində şeirin poetik yükünü zənginləşdirir. Obrazlı, poetik yüklü deyimlər onun şeirlərində ən əsas amildir.
 
Beş-on günlük səyahətdi ömür adamçün,
Sonra qəfil hər çiyindən bir tabut düşür.
 

və yaxud:
 
Hava çəkir xatirələr qapısız evtək,
Mən ruhumun nazı ilə az oynayıram.
Duyğularım xəlbir kimi deşik-deşikdi,
Həyat mənə toy tutanda, saz oynayıram.

 
Onun şeirlərindəki poetik-estetik ovqat obrazlılıq üzərində qurularaq musiqi kimi axıcı və ritmikdir. Şeir dili estetik çalarlar üzərinə köklənir və sözü obrazdan obraza salaraq ona yeni məna çaları qatır. Köhnə qəliblər üzərində təzə poetik obrazlılıq yaradır:
 
Qəfil tindən çıxan kölgədi ölüm,
Əcəl bir kimsədə xətir saxlamaz.
Biz zülmün atdığı daşa bələdik,
Haqdan gələn daşı çətir saxlamaz.

 
Hikmət Məlikzadənin şeirləri oxucunu düşündürən,  özünüdərketmə üzərində yaranan poeziya aktıdır. Şeirlərindəki fəlsəfi qat insan və zaman konteksti üzərində qurularaq oxucuya şüuraltı təsir edir:

Tale məni naşı bilir,
Mənə dərdin kirin satır...
Torpaq da, can bazarıdı,
Birin alır, birin satır.

 
Şair bədii təfəkkürünün süzgəcindən süzülüb gələn şeirlərlə düşündüklərini və yaşadıqlarını yazaraq həm də özünü yaradır. Şeirlərində özüylə danışan şair həm də özünə doğru yol gedir:
 
Min ildi yolum eyni,
Gül tutub bar ağacım.
Mən kəndir axtarıram,
Bar vermir dar ağacım.
 

Hikmət Məlikzadəni oxuculara sevdirən bir səbəb də poeziyasında xəlqilik, milli kökə, mənəviyyata bağlılıqdır. Şeirlərindəki Vətən obrazı onun yurduna, el-obasına vurğunluğundan doğulur. Vətənə həsr etdiyi şeirlərində nümunəvi vətəndaş kimi çıxış edir. Şairin 44 günlük Vətən müharibəsi günlərində yazdığı şeirlərdə də bu ovqat hiss olunur:
 
Düşmən bizi taladı bax,
Torpaq çala-çaladı bax,
Hər oğlun bir qaladı bax,
Qürur yerim andım Vətən.
Şəhid verdin, yandım, Vətən.

 
Şəhidə olan sevgi, şəhid nisgili Hikmət Məlikzadənin poetic ovqatına yansıyır, onun ürəyini yandırır, içini sızıldadır. 44 günlük Vətən müharibəsinin Zəfərlə bitməsi hər bir vətəndaş kimi şairin də ürəyini sevindirir, şəhid olan oğullara "Sən qalibsən, sən ay şəhid" deyə müraciət edir:
 
Kibrit islaq, bu şam azad,
Bir qorxusuz quşam azad,
Laçın məmnun, Şuşam azad,
Duaçınam, mən ay şəhid,
Sən qalibsən, sən ay şəhid.

 
Ədəbi mühitdə istedadlı şair kimi tanınan Hikmət Məlikzadə həm də tədqiqatçıdır. Onun elmi-publisistik tədqiqatlarına bir sıra monoqrafiyalar daxildir.

"Mənzər Sadıqovanın yaradıcılığında insan-cəmiyyət-zaman münasibətləri", "Xatirə Fərəcli yaradıcılığının poetic təzahürü", "Nəzakət Məmmədovanın yaradıcılığında Vətən kodları" monoqrafiyalarının müəllifidir. Hikmət Məlikzadə poetic yaradıcılığı ilə yanaşı, elmi yaradıcılığı ilə də ədəbi mühitdə aparıcı imzadır.

Hikmət Məlikzadə "ömrü söz uğrunda girov qoyan" (M.Aslan) şairdir. Ona şairlik vəsiqəsi Tanrı tərəfindən verilib. Şair ömrü bir taledir. Adi adamlar bir tale yaşayırsa, şairlər iki tale yaşamağa məcbur olurlar: insane taleyi və şair taleyi. Hikmət Məlikzadə hər iki taleyi alnıaçıq, şərəflə yaşayaraq ömrünün 50 ilini arxada qoyur. Növbəti 50 illikdə ona poeziyanın bu keşməkeşli, enişli-yoxuşlu yollarında möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
 

 





10.08.2021    çap et  çap et