525.Az

Belarusun tam təcridi - Xaqani Cəfərlinin şərhi


 

Belarusun tam təcridi -<b style="color:red"> Xaqani Cəfərlinin şərhi</b>

Belarusda ötən ilin avqust ayının 9-da keçirilmiş prezident seçkisinin ildönümündə ABŞ, Kanada və Böyük Britaniya Minskə qarşı çox geniş qadağalar tətbiq etdi. ABŞ prezidenti Co Baydenin imzaladığı sənədin əhəmiyyəti ondan ibarətdir ki, ilk dəfə olaraq Vaşinqton Belarus iqtisadiyyatının ayrı-ayrı sahələrini bütövlükdə əhatə edən qadağalar qoyur. Bu qadağalar tətbiq olunan sahələr Belarus iqtisadiyyatının əsasını təşkil edir.

Neft və qaz sənayesi, eləcə də neft məhsullarının daşınması ilə bağlı olan "Belneftegaz", "Belqaztrans", "Belqazatrans Ukrayna", "Enerji-Oil", "New Oil Company", "New Oil Company Vostok" şirkətləri ilə bundan sonra hər hansı əməliyyat aparmaq qadağan olunur. Bundan başqa, Belarus iqtisadiyyatında önəmli rolu olan "Belaruskali" şirkətinə qarşı da sanksiya tətbiq edilib. Qadağaların təsir dairəsinə tikinti, tütün və topdan satış şirkətləri, maliyyə qurumları da daxildir. 

Prezident Co Baydenin imzaladığı sənədlə Belarusun İstintaq Komitəsi, Qomel Daxili İşlər İdarəsi, Milli Olimpiya Komitəsi və "Şok" İdman klubuna qarşı da qadağa tətbiq edilib. Eyni zamanda, nəqliyyat və kommunikasiya naziri Aleksey Avramenko, həmin nazirliyin Aviasiya Departamentinin direktoru Artem Sikorsky, Belarus İstintaq Komitəsinin sədri Dmitri Qora, müavinləri Sergey Azemşa, Anatoli Vasilyev və Oleq Şandaroviç, DTK İstintaq İdarəsinin rəisi Konstantin Bıçak, müvəqqəti saxlama mərkəzlərinin rəisləri Kenyux vəYevgeni Shapetko, onların müavinləri Qleb Drıl və Vladimir Lapır, prezidentin protokol xidmətinin keçmiş əməkdaşı Daria Şmanay, "Belaeronaviqatsiya" şirkətinin baş direktoru Sergey Çuro, Belarus parlamentinin deputatları Gennadi Davıdko və Oleq Gaydukeviç, bir neçə şirkət rəhbəri və idmançıya qarşı da qadağa tətbiq edilib. 

ABŞ-ın ardınca Kanada və Böyük Britaniya da Belarusa qarşı oxşar qadağalar tətbiq edib. Böyük Britaniyanın Belarusa tətbiq etdiyi qadağaların təsir dairəsinə prezident Aleksandr Lukaşenko, dövlət başçısının böyük oğlu Viktor, rusiyalı məşhur iş adamı, inquş əsilli milyarder Mixail Qutseriyev də daxil edilib. Yeri gəlmişkən qeyd edək ki, Mixail Qutseriyevin Azərbaycanda biznesi var. Bundan başqa, London Belarusun dövlət banklarına maliyyə sanksiyaları tətbiq etməklə yanaşı, Belarus Hava Yollarının Böyük Britaniya üzərindən uçuşlarına da qadağa qoyub. Prezident Aleksandr Lukaşenko və ən yaxın adamlarının istifadə etdiyi təyyarələrə texniki xidmət göstərilməsi də bundan sonra qadağan edilir. İnquş əsilli rusiyalı iş adamı Mixail Qutseriyev isə Belarus iqtisadiyyatının əsas özəl sərmayəçilərdən biri və Lukaşenkanın yaxın dostu olduğu üçün qadağaların təsir dairəsinə düşüb. Moskva rusiyalı iş adamına və bir neçə siyasətçiyə qarşı tətbiq olunan qadağaya dərhal reaksiya verib və Böyük Britaniyadan olan bir neçə şəxsə qarşı sanksiya tətbiq edib. Əlbəttə, Rusiyanın tətbiq etdiyi qadağanın gücü Böyük Britaniyanın tətbiq etdiyi sanksiyanın təsir gücü ilə eyni deyil. 

ABŞ, Kanada və Böyük Britaniyanın tətbiq etdiyi sanksiyalara yaxın zamanlarda Avropa Birliyinin də qoşulacağı gözlənir. Vaşinqton, Ottava və Londondan qadağalarla bağlı rəsmi məlumatlar yayıldıqdan sonra bu sanksiyaların hansı təsirləri doğura biləcəyi müzakirə olunmağa başlayıb.
Geniş araşdırma aparmadan da söyləmək olar ki, bu qadağalar bütövlükdə Belarus üçün çox ağır nəticələr doğuracaq. Dünyanın ən böyük mineral gübrə istehsalçılarından biri və Belarusun dövlət büdcəsinin əsas valyuta gətiricisi sayılan "Belaruskali"nin da adının sanksiya tətbiq olunan şirkələr siyahısına düşməsi durumu daha acınacaqlı həddə gətirir. Belə məlumatlar var ki, yalnız bu müəssisəyə qarşı tətbiq edilən qadağa Belarusun dövlət büdcəsinin yüz milyonlar, bəzi iddialara görə isə bir neçə milyard dollar itirməsinə səbəb olacaq. Eyni zamanda, neft və qaz sahəsində fəaliyyət göstərən şirkətlərə qarşı tətbiq edilən qadağalar Belarusun dövlət büdcəsini ciddi itkilərlə üz-üzə qoyacaq. Digər tərəfdən, bu müəssisələrə qarşı tətbiq edilən qadağalar onların tədricən fəaliyyətlərini dayandırmasına da səbəb olacaq. Bu isə Belarusda işsizliyin kəsin artması və sosial-iqtisadi vəziyyətin kəskin pisləşməsi prosesini sürətləndirəcək.  

Qərb Belarusa qarşı sanksiyalar tətbiq etdiyi bir zamanda Moskva Minsklə birlikdə hərbi təlimlərə başlamaq qərarı verib. "Qərb-2021" adlı hərbi təlim Belarusun Baltikyanı ölkələr və Polşa ilə sərhədində keçiriləcək. Latviyanın xarici işlər naziri Edqar Rinkeviç bu təlimlərin Rusiya ilə NATO qüvvələri arasında toqquşmaya səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıqla çıxış edib. Bu hərbi təlimi Aleksandr Lukaşenkonu süngü gücünə hakimiyyətdə saxlamaq cəhdi kimi qiymətləndirənlər də var. Ancaq hər kəsə aydındır ki, Qərbin tətbiq etdiyi sanksiyalardan sonra Aleksandr Lukaşenkonun hakimiyyətdən devrilməsi artıq an məsələsinə çevrilib. Bundan sonra Lukaşenko uzun zaman iqtidarda qala bilməyəcək. Xüsusilə də payızın sonu, qışın əvvəllərində Belarusda sosial-iqtisadi vəziyyət çox ağırlaşacaq ki, bu da sosial partlayışa səbəb ola bilər. Rusiya isə Belarus iqtisadiyyatın təkbaşına təmin etmək iqtidarında deyil. Bu isə Rusiyanın Qərb sərhədləri boyunca Mosvanın təsir dairəsində olan yeganə respublikada iqtidar dəyişikliyini, həm də bu hadisənin inqilabi yolla baş verməsini qaçılmaz edir. Hər kəsə aydındır ki, Belarusda hakimiyyət dəyişikliyindən sonra Minsk də Kiyev və Kişiniyov kimi Qərbyönümlü xarici siyasət kursu götürəcək. Bu isə Rusiyanın Qərb sərhədləri boyunca Moskva ilə müttəfiq olan sonuncu postsovet respublikasının itirilməsi demək olacaq. Diqqətli oxucular yəqin ki, ötən yazıların birində Rusiyanın postsovet məkanında təsir dairəsini sürətlə itirirək özünün sərhədləri daxilinə çəkilməkdə olduğunu qeyd etdiyimizi xatırlayar. Belarusda gözlənilən hakimiyyət dəyişikliyi və Minskin xarici siyasət kursunu dəyişməsi bu prosesin ən önəmli hissəsi olacaq. 


 

 





11.08.2021    çap et  çap et