Sərt karantin günlərindən bizə miras qalan ən xarakterik duyğulardan biri də yəqin ki, can sıxıntısı oldu. Xalq şairi Ramiz Rövşən dediyi kimi:
Gecə birin yarısıdır,
Nə dünəndir, nə sabah.
İki günün arasında
canım sıxılır, Allah.
Ədəbiyyatda can sıxıntısıyla bağlı çoxlu bədii örnəklərə rast gəlmək mümkündür. Bu, insana bəxş edilən mürəkkəb və müəyyən edilməsi elə də asan olmayan hissdir. Elə buna görə də bu məsələ tarix boyu psixologiya, fəlsəfə, sosiologiya, pedaqogika, incəsənət kimi bir çox fərqli sahə tərəfindən müxtəlif aspektlərdən işlənilib. Hər bir sahə insandakı can sıxıntısını fərqli tərif etsə də, hamısının diqqət çəkdiyi ortaq bir məqam var: yorğunluq, qismən narazılıq, bir qədər tükənmişlik, sosial qayğılar, monotonluq hissi ilə həyata dair məna anlayışının və diqqətin itirilməsi.
Hər şeyə olduğu kimi mütəxəssislər buna da bir ad tapıblar: "Hedonik adaptasiya".
"Hedonik adaptasiya" insanların həm yaxşı, həm də pis hadisələrə zamanla adaptasiya olmaq bacarıqlarına verilən addır. Bu ad 1970-ci illərdə xoşbəxtliklə bağlı aparılan araşdırmalar zamanı tapılıb. Həmin araşdırmanın nəticələri göstərib ki, insanlar bir müddət sonra eyni xoşbəxtlik səviyyəsinə qayıtmağa meyillidir. Yəni bizə başlanğıcda zövq verən şeylər zaman keçdikcə normallaşır və artıq arzu obyektimiz olmur. Nəticədə sıfır nöqtəsinə qayıdırıq. Beləliklə, hər şeyi etmək əslində, heç nə etməmək mənasına gəlir. Buna hər birimizin həyatından yüzlərlə misal gətirə bilərik: daima getdiyin restoran da maraqsızlaşır, davamlı söhbətə olduğun insanlar da, çox sevdiyin bir əşyan da, dadını bəyəndiyin yemək də, hər gün dinlədiyin eyni musiqi də. Bura yüzlərlə nümunə əlavə etmək və siyahını genişləndirmək mümkündür. Ancaq nümunələri dəyişdirsək də, bir şey dəyişməz qalır, o da insanın əvvəl-axır can sıxıntısına düçar olmasıdır.
Tarixdə bu mövzuya toxunan filosoflarından Soren Kierkegaard deyir ki, pisliyin mənbəyi can sıxıntısıdır və buna görə də onu özümüzdən uzaq tutmalıyıq.
Bəs bunu necə bacaracağıq?
O yazır ki, can sıxıntısını aradan qaldırmaq üçün nə davamlı bir fəaliyyət, nə də hedonik həzlər həll yoludu. Nə də ki, bəşəri problemlərin həlli üstündə baş sındırmaqla insan can sıxıntısından qurtula bilər. Onun fikrincə, can sıxıntısından yaxa qurtarmağın yolu həqiqətən mənalı, həzdən və eqoizmdən uzaq uca bir məqsədə doğru addımlamaqdır. Əks halda can sıxıntısı insanda xroniki hal alır və ona bədbəxtlik gətirir.
O yazır ki, insanlar bir-biri ilə dərin mənəvi əlaqələr qurmalı, bir-birlərinə cani-könüldən kömək etməyə çalışmalıdırlar. Yəni məsələyə sosioloji aspektdən baxan filosof gəvəzəlikdən, vaxt öldürməkdən uzaq durub, yalnız başqalarına faydalı olaraq insanın öz daxilindəki sıxıntıdan qurtula biləcəyini deyir.
Təəssüf ki, dünyanın dərdi bitmək bilmir. Biz də əlimizdəki ekranlar vasitəsiylə bütün dünyanın dərdlərinə şahid oluruq. Bəzilərinə şərik olur, bəzilərinə olunan zülmləri, ədalətsizlikləri görür, səssiz qalıb zalıma ortaq olmuş sayılırıq. Bunu biz seçmirik axı, bu da texnologiyanın bəlalarından biridir. Hansı birinə çatasan - öz dərdinə, ya özgəninkinə?!
Bir tərəfdən də yeni çağın bizə tətbiq etməyə çalışdığı hedonist zövqlər, can sıxıntılarımızı aradan qaldırmaq bir yana, sanki xroniki bədbəxtliyimizi daha da dərinləşdirməyə xidmət edir.
Kütləyə fikir verdikdə əksəriyyətin həyatdakı tək məqsədinin rutindən uzaqlaşıb həyəcan dolu bir an yaşamaq olduğunu görürsən. Elə bəlkə də, buna görə bəşəriyyət tarixində əylənmək üçün bu qədər sonsuz sayda seçimin olduğu başqa bir dövr olmayıb: "Onu da edək, bunu da edək. Orada yeni məkan açılıb, ora gedək. Dağa qalxaq, kampinq edək, düzəndə piknik edək. Alaq, geyək, yeyək..."
Amerikalı professor Sonja Lyubomirski apardığı bir araşdırmaya əsasən xoşbəxtliyi təyin edən amillərin 50 faizinin genetik, 10 faizinin həyat şəraiti və xarici amillər, 40 faizinin isə öz hərəkət və düşüncələrimiz olduğunu iddia edir. Yəni ananız deyingən, atanız qatı mühafizəkar olubsa, əriniz (arvadınız) hər şeydən narazı biridirsə, sosial şərtləriniz də fərdi xoşbəxtliyinizə çatmağa aman vermirsə, ürəyinizi çox sıxmayın. Həmin o 40 faiz deyir ki, hələ də xoşbəxt olmaq üçün bir şansınız var. Ancaq əlbəttə ki, bunun yolu hedonist zövqlərdən yox, daha mənalı bir həyat və insanlarla möhkəm, sağlam münasibətlər qurmağa can atmaqdan keçir. Başqa sözlə, özünüz üçün mənalı bir həyat formulu tapa və bir gün can sıxıntısından qurtula bilərsiniz.