525.Az

"Ağdama getmək hər kəs üçün əlçatan olacaq"


 

SƏFƏR TURLARININ TƏŞKİL EDİLMƏSİ İLƏ BAĞLI ETİRAZLARA MÜNASİBƏT

"Ağdama getmək hər kəs üçün əlçatan olacaq"<b style="color:red"></b>

Bir neçə ay öncə jurnalist Fəxrəddin Hacıbəylinin Ağdama səfər turlarının təşkil olunması ilə bağlı təklifi maraqla qarşılandı. Səfər turlarının təşkili ilə əlaqədar "525-ci qəzet"də yazılar dərc edilmişdi. Yazılarda bu rayondan olan tanınmış şəxslər, yerli sakinlər işğaldan azad edilən Ağdama turların təşkilinin zəruriliyini bildirmiş, dövlət qurumlarından bu məsələdə yardımçı olmalarını xahiş etmişdilər.

Bu gün isə həmin müraciətlər öz faydasını verir. Artıq Dövlət Turizm Agentliyi (DTA) Qarabağa turist səfərlərinin təşkil edilməsinə başlayır. İlk səfərin bu ayın sonunda baş tutacağı gözlənilir. DTA-nın regional inkişaf sektorundan bildirilib ki, bu ilin əvvəlindən Qarabağ Turizm marşrutları konsepsiyası hazırlanıb. Konsepsiyaya Ağdam və Füzuli-Xocavənd marşrutları daxildir. Ağdama səfərlər barədə ictimaiyyətə məlumat veriləcək. Çünki iştirakçılıq məsələsi ortaya çıxa bilər. Həmçinin, biletlərin onlayn və oflayn alınması məsələsi var. Qiymətlərə gəlincə isə hazırda bu barədə İdarələrarası Mərkəzi Səviyyəsində müzakirələr gedir. Sonuncu müzakirədə qiymətlərlə bağlı qərar veriləcək. Hazırda işğaldan azad edilən ərazilərə səfərlərlə bağlı infrastruktur işləri aparılır.

Səfərlərin qiyməti ilə bağlı aidiyyəti qurumlar tərəfindən məlumat verilməsə də, sosial şəbəkələrdə turların qiymətinin baha olacağı barədə şayiələr yayılır. 

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid bununla bağlı bildirib ki, Dövlət Turizm Agentliyi tərəfindən Ağdama və işğaldan azad olunmuş ərazilərə səfər turlarının təşkil olunacağı ilə bağlı informasiya yayılandan sonra sosial şəbəkələrdə bəzi aqressiv münasibətlər səsləndi:

"Mən buna çox təəccüb elədim. Məsələ burasındadır ki, 2-3 ay əvvəldən biz "525-ci qəzet"də bu mövzuda xeyli yazılar - məcburi köçkünlərin müraciətlərini, arzularını dərc etmişik. Əslən Ağdamdan olan jurnalist Fəxrəddin Hacıbəyli ilk olaraq bu məsələni qaldırdı və bildirdi ki, məcburi köçkünlərin içində yaşlı insanlar var ki, onlar öz torpaqlarını görmək arzusundadırlar. Bəlkə də, ömür vəfa etməyəcək, onlar bir müddətdən sonra həyata göz yumacaqlar. Ona görə də, gedib görmək istəyirlər. Bununla bağlı  həmin regionlardan olan ziyalıların arzuları, müraciətləri mətbuatda dərc olundu. Mənim xəbərim var idi ki, müvafiq dövlət strukturları bu məsələ üzərində işləyirlər. Mən də yeri gələndə öz fikirlərimi bildirir, bizim insanların arzularını çatdırırdım. Bu baxımdan belə bir xəbər gözlənilən idi".

O deyib ki, Turizm Agentliyinin yaydığı xəbərdə hələ tam razılaşdırılmamış məqamlar ola bilər: "Bu kimlərdəsə qıcıq yarada bilər. Amma bu səfərlərin məqsədi odur ki, hazırda işğaldan azad olunuş ərazilərə sərbəst şəkildə gedib-gəlməyə icazə verilmədiyinə görə hansısa marşrut üzrə turlar təşkil olunsun və arzulayan insanlar gedə bilsinlər. Bu, dövlət qurumları arasında müzakirə olunur. Bəziləri bu turların qiymətlərinin çox baha olacağı barədə şayiə yayırlar. Mənim bildiyimə görə, burada humanist və xeyirxah məqsəd güdülür, pul qazanmaqdan söhbət belə gedə bilməz. Əminəm ki, qiymətlər getmək istəyən hər kəs üçün əlçatan olacaq. Dünəndən bəri ziyalı adamların bu prosesə münasibətində də görürəm ki, həqiqətən də oralara getməyi arzulayırlar. Doğrudur, biz hamımız istərdik ki, o torpaqlara sərbəst şəkildə gedib-gələk, amma real vəziyyəti bilirik. Bilirik ki, orada minalanmış sahələr var. İndiyəcən nə qədər insanlarımız minaya düşüb. Bu baxımdan biz 44 günlük müharibədə olduğu kimi, indi də dövlətimizin yanında olmalıyıq. Dövlətin məsləhət gördüyü, məqbul bildiyi istiqamətlərdə hərəkət etməliyik. Məndə olan məlumata görə, detallar dəqiqləşdirilir, yəqin ki, marşrutlar elan olunacaq və işğaldan azad olunmuş bölgələrimizdən olan insanlar, nə qədər ağrılı olsa da, dağılmış, viran qalmış yurdlarını görəcəklər. Düzdür, bu, çox ağrılı bir prosesdir. Öz ev-eşiyini gedib o vəziyyətdə görmək insan üçün çətindir. Ona görə də, ürəyi möhkəm olanlar və təşnəliklə arzulayanlar gedə biləcəklər. İşin maddi tərəfinə gəlincə isə, məncə, bu, elə də böyük bir maddi vəsait olmayacaq. Yəqin ki, avtobus xərcləri-filan hesablanacaq. İnanmıram ki, hansısa dövlət qurumu bundan mənfəət güdsün. Ona görə də, səfərlərin təşkil olunmasına etiraz edənlərin iddiasını qeyri-ciddi sayıram. Buna etiraz etmək oraya getmək istəyən, 30 il oraların həsrəti ilə yaşayan insanların hisslərinə qarşı hörmətsizlikdir. Və əlbəttə arzulayıram ki, zaman keçdikcə işğaldan azad edilmiş torpaqlarımızda bərpa işləri başa çatdıqca insanlarımız oralara sərbəst gedib-gələ bilsinlər".

Jurnalist İlqar Əlfioğlu da məsələyə aqressiv yanaşan insanların fikirlərinə münasibət bildirib: "Eyni təklifi bu aylar ərzində mənə verən insanlardan bəzilərinin burda qəzəbli münasibətini gördüyümdən, çox dilxor oldum. Adam bu qədər riyakar olmaz axı, getmək istəməyən, özü bilər. Şəxsən mən gedəcəm də, ziyarətimi edəcəm də. Mənim üçün önəmli olan, yurddaşlarımın bu yer üzündən doğma yerlər həsrətilə köçməməsidir. Bunun üçün çalışan bütün insanları bəribaşdan alqışlayıram. O ki qaldı od-alovla etiraz edənlərə, neynək, gözləyin, ömür vəfa etsə, hamı köçəndə, gedərsiniz. Vəfa etməsə, demək, Yaradanın məsləhəti belə olub..."
 

 





12.08.2021    çap et  çap et