525.Az

Pekinin qorxusu - Xaqani Cəfərlinin şərhi


 

Pekinin qorxusu -<b style="color:red"> Xaqani Cəfərlinin şərhi</b>

Son iki ildə bəşəriyyət üçün ölüm kabusuna çevrilən COVİD-19 virusunun Çinin Uhan şəhərindəki laboratoriyanın məhsulu olması haqqında iddialar günü-gündən daha ucadan səslənməyə başlayıb. ABŞ Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan bir qrup üzvü apardıqları araşdırma nəticəsində bu qərara gəliblər ki, koronavirus Uhandakı laboratoriyada hazırlanıb. Nümayəndələr Palatasının üzvü Maykl Makkol bəyan edib ki, COVİD-19 virusunun izləri Uhan Virusologiya İnstitutuna aparıb çıxarır.

Respublikaçılar Partiyasından olan konqresmenlərin rəyinə görə, Uhan Virusologiya İnstitutunun laboratoriyasında virusun yoluxma, mutasiya etmə və ona qarşı görüləcək tədbirlərin effektini öyrənmək üçün araşdırmalar aparılıb. Ancaq bu araşdırmalar təhlükəsizlik tədbirlərinə tam əməl olunmadığı bir şəraitdə gerçəkləşib və nəticədə virus laboratoriyadan ətraf mühitə sızıb. Araşdırmaya görə, bu hadisə 2019-cu ilin avqust və ya sentyabr aylarında baş verib. Bu isə Çin rəsmilərinin virusun ilk dəfə 2019-cu ilin noyabrında meydana çıxması haqqında iddialarını alt-üst edir.
Maykl Makkol bildirib ki, Konqress Uhanda laboratoriyada çalışan elm adamlarını və pandemiya ilə mübarizəyə mane olduğu iddia edilən Çin Kommunist Partiyası rəsmilərini cəzalandırmaq üçün qanun qəbul etməlidir. Konqresmen, həmçinin, koronavirusun laboratoriya mənşəli olması ideyasını birmənalı inkar edən amerikalı mütəxəssis Peter Dassakı məhkəməyə çağırmağı tələb edib.

Respublikaçılar Partiyasının yaydığı hesabat Çin üçün hələlik təhlükə deyil. Əsas təhlükə ondan ibarətdir ki, Dünya Səhiyyə Təşkilatı da mövqeyini dəyişib. Planetin əsas səhiyyə təşkilatı Çində yenidən araşdırma aparmaq niyyətindədir. Bu isə rəsmi Pekini ciddi narahat edir. ÜST-ün xüsusi qrupu bu ilin mart ayında Çində olaraq Uhanda araşdırmalar aparsa da, virusun mənşəyini müəyyən edə bilməmişdi. Əsas ehtimal kimi isə virusun yarasalardan yayıldığı iddiası üzərində dayanılmışdı. Ancaq indi ÜST yenidən araşdırma aparmaq niyyətindədir və bu məqsədlə Çin rəhbərliyinə müraciət edib. Rəsmi Pekin ÜST-ün bu istəyini rədd edib. Pekinin bu addımı isə Çinin əleyhinə işləməyə başlayıb. İctimai rəydə belə qənaət yaranır ki, Çin həqiqətlərin üzə çıxmasında maraqlı deyil. ÜST-ün geri çəkilməməsi Çini daha çətin vəziyyətə salır.

Pekini narahat edən digər məqam isə koronavirusun Uhandakı laboratoriyadan yayılma ehtimalının araşdırılmasının prezident Co Bayden tərəfindən kəşfiyyat orqanlarına həvalə edilməsidir. Məlum olduğu kimi, bu ilin may ayında Co Bayden ABŞ-ın kəşfiyyat orqanları qarşısında koronavirusun mənşəyini araşdırmaqla bağlı vəzifə qoyub. Prezidentin göstərişinə uyğun olaraq kəşfiyyat orqanları sentyabr ayında dövlət başçısına hesabat təqdim etməlidirlər. Respublikaçılar Partiyasından olan konqresmenlərin hesabatını və ÜST-ün yeni mövqeyini nəzərə alanda kəşfiyyat orqanlarının hesabatı da Çinin əleyhinə yönələ bilər. "The New York Times" qəzetinin məlumatına görə, kəşfiyyat orqanları koronavirusun mənşəyi ilə bağlı müəyyən məlumatlara malikdir.

Lakin mütəxəssislər bildirirlər ki, koronavirusun ətraf mühitə Uhandakı laboratoriyadan sızmasını sübut etmək çətin olacaq. Bunun üçün laboratoriyada araşdırma aparmaq lazımdır. Çin isə belə imkan yaratmayacaq. Çünki Uhan Virusologiya İnstitutunun laboratoriyası Çinin tam gizli müəssisələrindən biridir. Bu müəssisənin laboratoriyalarına girişə isə Pekin razı olmayacaq. Ən azından Çin bununla bağlı təklifləri qətiyyətlə rədd edir.

Yuxarıda qeyd etdiyimiz kimi, koronavirusun ətraf mühitə Uhandakı laboratoriyadan sızma ehtimalı artıq ictimai rəydə Çinin əleyhinə işləməyə başlayıb. Artıq ABŞ-da Çində laboratoriyaları olan çinli alimlərin işinə əhəmiyyətli məhdudiyyətlər qoyulması ilə bağlı çağırışlar səslənir.
Rəsmi Pekin bütün bu ittihamları rədd edir və virusun ətraf mühitə laboratoriyadan sızması ilə bağlı məlumatı Çinə siyasi təzyiqlə əlaqələndirir. Eyni zamanda, Pekində hesab edirlər ki, ABŞ ÜST-ə və qurumun ayrı-ayrı mütəxəssislərinə təsir göstərir. Pekin, həmçinin, ÜST-ün planlarını "siyasi mövqe" və "elmə qarşı təkəbbürlü münasibət" kimi dəyərləndirir.

Çinlə ABŞ arasında münasibətlər isə gərginləşməkdə davam edir. Qərb ölkələrinin Tayvana yönəlik münasibətləri dəyişməyə başlayıb. Rəsmi Vilnüsün Litvada Tayvanın nümayəndəliyinin açılması ilə bağlı qərarı Çində qəzəb doğurub. Pekin dərhal Vilnüsdəki səfirini geri çağırıb, Litvann Çindəki səfirini də ölkədən çıxarıb. Belə fikirlər var ki, kiçik Litvanın nəhəng Çinə qarşı bu diplomatik addımı Qərbin ilk addımıdır və Vilnüsün təkbaşına qərarı deyil.

Çin Qərbdən gələn təzyiqlərə qarşı Rusiya ilə yaxınlaşmağa başlayıb. Çinin Rusiya ilə münasibətləri tarixində ilk dəfə birgə geniş hərbi təlimlər başlayıb. Qərbdə belə narahatlıqlar var ki, Çin təhlükə qarşısında Rusiya ilə birgə hərkət edə, hətta hərbi ittifaq yarada bilər. 

Lakin belə fikirlər də mövcuddur ki, Çinə qarşı koronavirus ittihamı əsaslı şəkildə irəli sürülsə, Moskva Pekinlə birgə hərəkət edə bilməyəcək. Ən azından Rusiya cəmiyyəti rəsmi məlumatlara görə, 164 min, qeyri-rəsmi məlumatlara görə isə 300 min insanın ölümünə səbəb olmuş virusun yayılmasına səbəb olan ölkəni müdafiə etməyə razı olmayacaq. Əksinə, Rusiya ictimaiyyəti Qərblə eyni mövqedən çıxış edə bilər. Çünki yaxınlarının ölümünə və ya xəstələnməsinə görə təzminat almaq çox böyük dəstək qazana bilər. Müşahidəçilər koronavirus pandemiyasından sonra Rusiyada çinlilərə münasibətin kəskin dəyişdiyini bildirlər. Bununla yanaşı, rusiyalı şərhçilər də Çinə qarşı ittihamların rəsmi şəkil alacağı halda Pekinin müharibəyə əl ata biləcəyi narahatlıqlarını ifadə edirlər. Hələlik isə hər kəs sentyabr ayında ABŞ kəşfiyyatının açıqlayacağı hesabatı gözləyir. Bu hesabat beynəlxalq münasibətlərdə bir mərhələnin başa çatmasına, yeni bir mərhələnin başlanmasına səbəb ola bilər. 
 

 





14.08.2021    çap et  çap et