525.Az

Yunanıstan: səfər təəssüratları və zəngin keçmişi barədə düşüncələr - Telman Orucov yazır


 

Yunanıstan: səfər təəssüratları və zəngin keçmişi barədə düşüncələr -<b style="color:red"> Telman Orucov yazır</b>

(Əvvəli ötən şənbə sayımızda)

Filipp məxmər əlcəklərindəki dəmir əli ilə öz ağalığını örtməkdə kifayət dərəcədə bir diplomat istedadı nümayiş etdirirdi. O, həm də realist olmaqla, ümumi düşmənə qarşı Asiya yunanlarını azad etmək üçün, çox müxtəlif olan adamlar arasında bağlılığı möhkəmləndirməyin vacib olduğunu bilirdi. 

Korinfdə o, barbarlara qarşı səlib yürüşü təşkil etməyi təklif etmişdi. Makedoniya ordusu Efes şəhərini tutdu, Əhəməni imperiyasının sona yaxınlaşdığı artıq görünürdü. 

Lakin Filipp öz unikal qələbələrində taleyin hökmünü nəzərə almırdı. 336-cı ildə onun 48 yaşı var idi, möhtəşəm bir bayram keçirəndə, qızı Kleopatra ilə Epir çarının toyunu təşkil etmişdi. Bu vaxt o, qatilin xəncər zərbəsindən yerə yıxıldı. Filipp öldü, lakin Ellinizm sağ qalmaq şansına malik oldu. İsokratın və Demosfenin ölkəsində də bu ideya sönmədi və Filippin oğlu və varisi gənc Aleksandrın ürəyini riqqətə gətirdi. Aleksandrın bu vaxt 20 yaşı var idi. 18 yaşında o, Xeroneyada döyüşdə olmuşdu və 13 yaşı olarkən Filipp Aristoteli onun müəllimi təyin etmişdi. Aristotelin şagirdi Şərqi ellinləşdirməli idi. 

B.e.ə. IV əsrdə yunan mədəniyyəti və cəmiyyəti

Filipp yunan şəhərlərini birləşdirdikdən sonra onların qələbələri heç vaxt kəsilmədi, lakin sülh də əmələ gətirə bilmədi. Müharibədən qaliblər və məğlub olanlar da bərabər şəkildə əzab çəkirdilər. Müharibədən qayıdan adamlar kotan arxasında işləməkdən imtina edirdi, onların həyat tərzi də təhlükə vəd edirdi, soyğunçuluqla məşğul olmağa meyil edirdilər.

Filipp öz heykəllərini allahların heykəllərinin yanında qoydurmuşdu və fikirləşirdi ki, yunanlar Olimpiya müqəddəs məkanında onun da heykəlinə sitayiş edəcəklər. Aleksandr isə öz valideynlərinin ilahi mənşəli olduqlarına inandığından, hökmdarın kultunu yaratdı və tələb etdi ki, belə bir qayda qəbul edilsin ki, o, hələ sağlığında allah olacaqdır. 

Yunan rəngkarlığı və heykəltəraşlığı inkişaf və axtarışlar yolu ilə gedirdi. Rəssamlar könülün hərəkətini izah etmək üslubunu seçirdilər, sifətin ifadəliliyini göstərmək yolların axtarırdılar. Heykəltəraş Praksitel isə daha sentimental olmaqla, gülüşün şirinliyini dolayı yolla izah etmək istəyirdi. Qadın bədənini bütünlüklə çılpaq göstərməyə cəsarət edirdi, hətta ilahələri də bu şəkildə təsvir edirdi. Arxitekturada isə yenilik olduqca çox idi. Teatrlar çoxalırdı və daş oturacaqlar Sirakuzada meydana çıxdı, sonralar Filippin və Aleksandrın hesabına Olimpiya yeni tikililərlə zənginləşdi. İoniyada hər yerdə məbədlər tikilir və ya yenidən qurulurdu. Dünyanın Yeddi möcüzəsindən ikisi - Efesdəki Artemida məbədi və Halikarnasdakı nəhəng Mavzoley bu dövrdə yaradılmışdı. 

Ədəbiyyatda isə Afina rəssamlıqdan daha çox yunan dünyasının böyük paytaxtı olaraq qalırdı. Afinadan olmayan yazıçılar dərs almaq üçün oraya gəlirdilər. Afina siyasi rejimi də kimisə təqlid etməmək nümunəsini təklif edirdi. Teatr, poeziya iflasa uğradıqda, nəsrə yol açılırdı. Əvvəlki əsr, həqiqətən də, faciəni, komediyanı şərəfə mindirən parlaq tarixi görmüşdü. 

Natiqliyə gəldikdə, İsokrat və Demosfen bir-birinə əks qütblərdə dururdu. Makedoniya idarəçiliyi barədə onların mübahisələri davam edirdi. 
Fəlsəfə sahəsində isə Sokratın b.e.ə. 399-cu ildə ölümü, elmlə daha yaxından məşğul olmaq üçün Platonu aktiv siyasətdən uzaqlaşdırdı. O, səyahət edirdi ki, taxt-tacda filosofun olduğu ideal rejimi kəşf etməyə cəhd göstərsin. 387-ci ildə Siciliyadan qayıtdıqdan sonra o, siyasi elmlər mənbəyi olan Akademiyanın əsasını qoydu. Sokrat Platonu ləyaqətin reallığına inandırmışdı. O düşünürdü ki, dünya sadəcə illüziyadır. Lakin Platon Sokratdan daha uzağa və yuxarı getdi. Eyni vaxtda mistik və realistik olmaqla, o, Yeni Akademiyanın və neoplatonizmin atası di. Platonun dialektika metodu isə Sokratdan gəlmişdi. Həmin vaxt onun ən məşhur şagirdi Aristotel idi. 

Aristotel Platondan az lətafətə malik idi. Platon ideyanın yüksək yolunu açdısa, Aristotel onun faktiki Yer səthindəki yolunu açdı. Ancaq hər ikisi bütöv bir məsələni - vahid, müqayisə olunmayan və dərin bir məsələni həll edirdilər. 

Aristotel Aleksandrın müəllimi olduğundan, sonra da Makedoniyada yaşadı, Asiyaya da səfər edə bildi. O, b.e.ə. 335-ci ildə Afinada lisey kimi tanınan məktəbin əsasını qoydu, məktəb həm də "Peripatetik" adlanırdı. Günorta vaxtı oxunan mühazirələr ictimai xarakter daşıyırdı. 

Aristotel Platondan öz realizminə görə fərqlənirdi, necə ki, axırıncı da idealizminə görə özünü Sokratdan fərqləndirirdi. Aristotel belə qənaətə gəlmişdi ki, ləyaqət düşünüldüyünün içərisindədir, necə ki teatrda faciəyə tamaşa edərkən öz ehtirasını təmizləməklə həzz alırsan. Lakin mənəvi cəhətdən yaranan bir varlıq kimi olmamışdan əvvəl insan siyasi heyvan idi və bütün qabiliyyətlərdən birincisi də məhz siyasi qabiliyyətdir. 
Etikada Aristotel öz realizminə görə Platondan fərqli di. Yunanlar tezliklə gördülər ki, Aristotelin gənc şagirdi Aleksandr ensiklopedik axtarışlarını məlum olan dünyanın hədlərindəki işğalları ilə əvəz etdi, tabe edilmiş bəşəriyyətdə tarazlıq və qayda yaratdı. 

Böyük Aleksandrın işğalları

B.e.ə. 336-cı ilin yayının əvvəllərində Makedoniya çarı II Filipp öz qatilinin bıçaq zərbəsi ilə yıxılıqda, Yunanıstanda sevinc partlayışı baş verdi, axı Filipp onların milli düşməni olmuşdu. Afinalılar inana bilərdilər ki, atasının izi ilə getmək üçün varis Aleksandr çox cavandır. Onlar bilirdilər ki, o, Yunanıstana gətirilmiş və Aristotel tərəfindən tərbiyə olunmuşdu. O, Xeroneya döyüşü vaxtı atasının tərəfindən vuruşanda ehtirasla Homerin, Pindarın, Herodot və Yevripidin əsərlərini öyrənmişdi. Afinalılar güman edə bilərdilər ki, onun ensiklopedik biliyi ruhun xüsusiyyətlərinə doğru birbaşa hərəkət etməyi mümkün etməlidir.

Aleksandr atasından irs kimi müharibə aparmaq zövqünü götürmüşdü, lakin Homerdən və Herodotdan özünə müharibə barədə ibrətamiz dərslər çıxarmışdı, həm də Asiya barbarlarına qarşı aparılacaq böyük mübarizənin nümunələrini görmüşdü. O, həmçinin, natiqlərin məsləhətlərinə qulaq asmışdı. Bilirdi ki, yunanlar uzun müddət ərzində öz mübahisələrinin barbar çarın vasitəsilə həll edilməsinə imkan vermişdilər. Atası ona yol göstərmişdi, Filipp Makedoniyanın ağalığı altında ümumi harmoniyaya nail olmaq məqsədilə Korinf Liqasını yaratmışdı. 337-ci ilin yazında artıq Persiyaya qarşı böyük qisas müharibəsi ideyası ona hakim kəsilmişdi. Filipp bu yolla birliyi möhkəmləndirmək istəyirdi.

Aleksandr Filippin proqramını götürüb, onu həyata keçirdi. Asiyada müharibəni başlamaqla, Filipp yunanlar üzərində öz suveren hakimiyyətini bərqərar etmək məqsədini seçmişdi. Aleksandr isə şöhrət və işğal naminə öz iştahını daha da gücləndirirdi. Lakin o, həm də özünün arxasında möhkəm sülhə əmin olmalı idi. Cavanlığına baxmayaraq, o, yunanları qorxudurdu. Fermopil üzərində ən azı göydəki şimşək kimi parlayan Leonidin ruhundan ilham alırdı. 

Persiya çarı Aleksandrın atasının və özünün siyasətini yoxlamaq üçü elçilər və qızıl göndərdi, çünki belə bir şayiə yayılmışdı ki, Aleksandr İlliriya döyüşündə həlak olmuşdur. Lakin özünün sağ-salamat olduğunu göstərmək üçün Aleksandr vaxtı itirmədi. O, gözlənilmədən Yunanıstana bir başgicəlləndirici hücum etdi, 12 günə Fivanın divarları qarşısında dayandı. Şəhər təslim oldu. Qadınlar və uşaqlar daxil olmaqla, bütün sakinlər qırğına məruz qaldı və ya qul olmaq üçün satıldılar. Cəza çox qəddar xarakter daşıyırdı. Aleksandrın özü də tövbə etdi. O özü qırğından dəhşətə gəlmişdi. Ancaq terror səmərəsi yunanlara göstərdi ki, bu cavan adamdan heç də asanlıqla yaxa qurtarmaq mümkün olmayacaqdır.

Bu vaxt Aleksandr artıq üzünü Asiyaya tərəf çevirə bilərdi. O, barbar Şərqi ilə sivilizasiyalı Qərb arasında körpü qurmağı planlaşdırırdı. B.e.ə. 334-cü ilin yazında o, 30 min piyada və 5 min süvaridən ibarət kiçik, lakin yaxşı hazırlanmış ordu ilə Hellospont boğazını keçdi. Arxada onun narahat olan anası Olimpiya qalmışdı.

Persiya imperiyasının işğalı
(B.e.ə. 334-330-cu illər)

Bəzi tarixçilər Aleksandrın Avropadan Asiyaya keçməsi barədə müxtəlif fikirlər söyləyir, hətta təhriflərə də yol verirlər. O, sadəcə Persiya müharibələrini təkrar etmək istəyirdimi, İoniya yunan şəhərlərini Persiya boyunduruğundan azad etmək məqsədini güdürdümü, yaxud Ellinizmin faydasını Şərqə göstərmək istəyirdimi? Onun ideyaları isə bütün bunlardan böyük idi. O, özündən razı olan bu diplomatiyanın müdaxiləsinə son qoymaq üçün Persiyanı darmadağın etməli idi. Dünyanın hədlərində Makedoniyanın oyun oynaması üçün vaxt artıq gəlib çatmışdı. O, öz sinəsində Homerin qəhrəmanlarına xas olan kimi ürəyinin döyündüyünü hiss edirdi. O, "İliada"nı həyata, reallığa gətirmək istəyirdi. Axı Mikena çarı Aqamemnon da yunan ittifaqını düzəldib, Asiyaya keçmiş, Kiçik Asiyadakı qüdrətli şəhər-dövlət olan Troyanı - İlionu qəsb etmiş və viran qoymuşdu. 

Nəhayət, Aleksandr Hellospontu keçdi, Axillesin sərdabəsi üzərində qurban mərasimi keçirdi. Onu özünün əcdadı hesab edirdi və sonra persiyalılar üzərinə sürətli bir hücum etdi. B.e.ə. 334-cü ildə Qranik çayının sahillərində, heç bir döyüş planı olmadan Persiya çarının köməkçiləri üzərində parlaq qələbə çaldı. Barbar torpaqlarında əldə etdiyi qənimətləri Afinaya göndərdi ki, Parfenonda cəmlənsin və Akropolu daha da bəzəsin. Troya regionunda yunanları çar boyunduruğundan azad etdi və çarın satraplarının onların üzərinə qoyduqları bütün vergiləri ləğv etdi. Bir neçə ay ərzində Homerin bardlarında vəsf olunan böyük şairin ana yurdunu işğal etdi. Lidiya paytaxtı Sardıda sakinlər üçün olan qədim (Böyük Kirə qədərki) qanunları bərpa etdi. Efesdə rəqib fraksiyaları sakitləşdirdi və oradakı Yeddi Möcüzədən biri olan Artemida məbədini yenidən tikmək üçün (məbədi b.e.ə. 356-cı ildə, Aleksandrın anadan olduğu həmin gecədə Herostrat yandırmışdı) lazım olan vəsaiti verdi. Şimali Frigiyaya qayıdıb, paytaxt Qordi şəhərinə çatdı, bu şəhər Suzaya gedən yolun üstünə idi, məşhur Qordi düyününü (ilgəyini) qılıncla kəsdi. Əfsanəyə görə, bu, ona Asiya üzərində hökmran olmağı, imperiya yaratmağı vəd edirdi. 

(Ardı var) 
 

 





15.08.2021    çap et  çap et