525.Az

Nərmin xanım Tahirzadə arxivinin taleyi


 

Doğumunun 100 illiyinə kədərli ərməğan

Nərmin xanım Tahirzadə arxivinin taleyi<b style="color:red"></b>

Əziz dostum Fərhad bəy Cabbarovun bu gün feysbukda paylaşdığı Nərmin xanım Tahirzadənin (1921-2012) yüz illiyi haqqında çox dəyərli yazısındakı "Nərmin xanımın vəfatından bir qədər əvvəl hörmətli professor Ədalət Tahirzadə Tarix Muzeyinin arxivinə onun bəzi materiallarını təhvil vermişdir" cümləsi məni oradakı bir məqama aydınlıq gətirməyə sövq etdi. Bu, Nərmin xanımın bütün arxivinin taleyi ilə bağlı məsələdir. 

Çox təəssüf edirəm ki, bu yazımda əsasən indi dünyasını dəyişmiş insanlara istinad etməli olacağam, ancaq oxucularımı tam əmin edirəm ki, bugünədək qələmimi başım üstündə ALLAHI görərək yalnız DOĞRUNU, HƏQİQƏTİ yazmağa sərf etdiyim kimi, bu yazımda da GERÇƏKDƏN başqa bir şey oxumayacaqsınız.

"525-ci qəzet"də Nərmin xanımın ölümü ilə bağlı dərc etdirdiyim nekroloqda yazmışdım ki, Nərmin xanım "2009-un mayından yatağa düşdü və bir daha qalxmadı. Bütün arxivini, irsini mənə bağışladı. Mənsə bu milli sərvəti mənimsəyə bilməzdim - Tarix Muzeyinə verdim. Bundan özü də sonra razı qaldı. Mən bu yazıda şəxsən öz adımdan hörmətli Nailə xanım Vəlixanlıya dərin minnətdarlığımı bildirirəm - o, xəstə Nərmin xanımı bu müddətdə işdə saxlayaraq himayə etdi".

İndi isə Nərmin xanımın özəl arxivinin Tarix Muzeyinə verilməsinin tarixçəsini incələyəcəyəm.

Nərmin xanım, yazıda da bildirdiyim kimi, 2009-un mayından 2012-dəki vəfatı gününədək yataq xəstəsi olub. Bu 2 il yarım müddətində onun yanında daim baxıcısı gürcü qızı Eteri qalıb, ona müntəzəm şəkildə Türkiyədə yaşayan əzizi Sevil xanımın övladları və mən baş çəkmişik. Yaxın rəfiqələri yazıçı Sara Oğuz (Nəzirli), professorlar Tamilla Musayeva və Zümrüd Quluzadə idi. Gümrah Sara xanım özü baş çəkməyə gəlsə də, sonuncu ikisi daha çox telefon ünsiyyətinə üstünlük verirdi. Arada Tarix Muzeyinin əməkdaşları da gələrək ehtiyaclarını öyrənirdilər. Mən də yeri gəldikcə Eteri vasitəsilə gücüm yetən maddi yardımı edirdim.

İlk vaxtlar Nərmin xanım özünü yaxşı hiss edirdi və ona mənəvi dayaq olmaq üçün ikilikdə ortaq araşdırmalarımızdan söz açır, onu maraqlandıracaq məsələlərdən danışırdıq. Sonralar səhhəti getdikcə pisləşməyə başladı. Yaddaşı sürətlə korlanır, bu isə bəzən cismani fəsadlarla nəticələnirdi. Sara xanım deyirdi ki, anası Beatris xanım da elə bu xəstəlikdən dünyasını dəyişib.

2020-nin 26 dekabrında atam Şərif Tahirlini itirdim. O da təxminən 2 il yarım eynən Nərmin xanımın ağır yaddaş pozuntusu xəstəliyini yaşadı. Daim atamın yanında olduğumdan, baxıcı Eterinin özəlliklə gecədən səhərək nələr çəkdiyini əla təsəvvür edirəm...

2009-un sonlarında (dəqiq tarixi xatırlamıram, ancaq Nərmin xanımın səhhəti gündən-günə geri gedirdi) Sara xanım məni indi götürülmüş M.Əzizbəyov heykəlinin yanındakı bağçaya çağırdı. Getdim. Dedi ki, Nərmin xanım bütün özəl arxivini sənə vəsiyyət edib və onu aparmağını istəyir. İki sual verdim: 1) Bu, Nərmin xanımın öz fikridirmi? 2) O, arxivini niyə Tarix Muzeyinə deyil, məhz mənə verir? İlk sualın cavabındə qəti şəkildə bildirdi ki, bu, Nərmin xanımın yüzdə yüz öz istəyidir. İkinci suala, açığı, inandırıcı cavab ala bilmədim. Nərmin xanımın özü isə artıq bu suala aydınlıq gətirəcək durumda deyildi. Aralıqda gəzən söz-söhbətdən isə öyrəndim ki, onunla muzey arasında nəsə bir anlaşmazlıq var, buna görə arxivini ora vermək istəmir.

Doğrusu, Nərmin xanımın arxivini özümə götürməyə tərəddüd edirdim, çünki o zəngin arxivin şəxsən mənə məxsusluğunu heç cür qəbullana bilmirdim. Bir neçə gün sonra Sara xanım yenə zəng edərək sənədləri aparmağımı istədi. Artıq iş-işdən keçmişdi. Maşın çağırıldı. Sevil xanımın övladlarının, Sara xanımın və Eterinin iştirakı ilə mənzildə Nərmin xanımın arxivinə məxsus bütün sənədlər ayrıca qutulara, torbalara yığılaraq maşına yükləndi və mənim indi yaşamaqda olduğum mənzilimə gətirildi. Bu boyda materialı tutacaq yerim olmadığına görə bütün arxiv birbaşa ortalıq girəcəyə boşaldıldı və bir neçə ay burada qaldı...

Bu vaxt Nərmin xanımın səhhətində kəskin geriləmə vardı. Allah günaha yazmasın, yəqin yaxınları da onunla tezliklə vidalaşacaqlarını güman edərək Sara xanım vasitəsilə onun otaqlarını boşaltmaq istəmişdilər, çünki mənzilin yeni qanuni varisi onlar idilər. Ancaq xoşbəxtlikdən bu adamlar həm Nərmin xanımın alim kimi özünün də, arxivinin də yüksək elmi dəyərini anlayan, həm də arxivi kimə əmanət etməyi düzgün seçməyi bacaran insanlardı.

Aradan aylar keçdi, Nərmin xanımın xəstəliyi isə hələ də sürməkdə idi. Ürəyim isə o arxivi evimdə dustaq etməklə əsla barışa bilmirdi, çünki bu, ümummilli bir sərvətdi və yalnız bir fərdə, məsələn, Ədalət Tahirzadəyə məxsus ola bilməzdi - fərd dünyadan köçüncə arxivin taleyi də fərqli olmayacaqdı... 

Arxivin hökmən dövlət nəzarətində və himayəsində olmasını qərarlaşdırdım. Yaxınları Tarix Muzeyini istisna etdiyinə görə öncə Azərbaycan Arxivlər İdarəsinin rəisi, hörmətli professor Ataxan Paşayevlə danışdım. Şərtim bu oldu ki, arxivi İdarənizə bu şərtlə verə bilərəm ki, bütün materiallar yalnız bir arxivdə və "Nərmin Tahirzadə fondu"nda saxlanılsın. O, tabeliyindəki müəyyən arxivlərlə müzakirələr apardıqdan sonra Nərmin xanımın materiallarının onlarda yerləşdirilməsinə mənim şərtlərimə uyğun imkan olmadığını bildirdi. Onu əsla qınamadım.

İkinci dəfə Elmlər Akademiyası Əlyazmalar İnstitutunun direktoru, son dərəcə gözəl insan, mərhum professor Məmməd Adilova üz tutdum. (Ancaq bundan öncə Nərmin xanımdan məndəki arxivinin Əlyazmalar İnstitutuna təhvil verilməsi haqqında yazılı razılığını almışdım). Məmməd bəy təklifimi hətta sevincqarışıq razılıqla qarşıladı. Mənim imkanım olmadığına görə o, İnstitutun avtomobilini göndərərək arxivi oraya daşıtdırdı və uyğun bir otaqda nəzarətə götürdü. İnstitutda əlyazmalar üzrə ən yüksək mütəxəssislərdən sayılan Arif Ramazanovdan xahiş etdi ki, arxivdəki bəlgələrin İnstitutun profilinə uyğunluğu haqqında rəy versin. Arif bəy onlarla ətraflı tanışlıqdan sonra mənfi rəy verdi və M.Adilov da arxivi götürə bilməyəcəklərini təəssüflə bildirdi.

Arxivi etibar edə biləcəyim başqa dövlət qurumu qalmamışdı. Bu dəfə onu nə olur-olsun Tarix Muzeyinə verməyi qəti qərara aldım. Direktor, hörmətli akademik Nailə Vəlixanlı ilə danışdım. Arxivin məhz onlarda olmasının hər baxımdan qanunauyğunluğunu bildirdi. Bundan sonra arxivin Muzeyə daşınmasını, səliqəyə salınmasını və kataloqlaşdırılmasını təşkil etdi. Beləliklə, N.Tahirzadə arxivinin son duraq yeri indiki AMEA Milli Azərbaycan Tarixi Muzeyi oldu. 

Bu zaman ciddi müalicələrdən sonra Nərmin xanımın səhhəti müvəqqəti yaxşılaşmışdı və bəzi anlarda onunla normala yaxın danışmaq olurdu. Mən fürsətdən yararlanaraq arxivini Tarix Muzeyinə bağışladığımı dedim və gec də olsa onun da razılığını aldım. Razılıq verməsində, məncə, Muzey əməkdaşlarının, görünür, Nailə xanımın göstərişi ilə axır vaxtlar onunla tez-tez səmimi ünsiyyət qurmalarının və Muzeyin bəzi yardımlarının da müsbət təsiri olmuşdu.

Özəlliklə əziz Fərhad Cabbarovun Tarix Muzeyinə həmin arxivdən yalnız "bəzi materialları" təhvil verməyim haqqında fikrindən sonra "bəzi materiallar" anlayışına aydınlıq gətirməyə ciddi ehtiyac duyuram, çünki bunu indi etməsəm, sonralar da bəzi şübhələr, qaranlıq məqamlar yarana bilər. 

Qətiyyətlə bildirirəm ki, mən Azərbaycan Tarixi Muzeyinə NƏRMİN TAHİRZADƏNİN BÜTÜN ARXİVİNİ TƏHVİL VERMİŞƏM! Ancaq çox azsaylı iki qisim material istisna olmaqla. Onlar hansılardır? 

BİRİNCİ QİSİM. Arxivdəki bəzi dəftərlərdə (onların sayı 30-dan artıq deyil; ancaq üstündəki ilkin nömrələri qoruyub saxladığımıza görə aralarında 97-ci dəftər də bulunmaqdadır) mənim tələbələrlə və Cümhuriyyət dönəmi (1918-1920) deputatları ilə bağlı uzun illər boyunca apardığım araşdırmalarla bağlı heç yerdə olmayan dəyərli bilgilər vardı və mən onlardan hökmən yararlanmalı idim. Dövlət himayəsinə keçdikdən sonra isə onlarla tanış olmağa nəinki həftələrimin, hətta aylarımın da gedəcəyini dəqiq bilirdim. Bu üzdən həmin dəftərləri seçib özümdə saxladım. Bu hərəkətimdən sonralar çox məmnun oldum, çünki istər Nərmin xanımın professor Misir Mərdanovun layihəsi olaraq 2015-ci ildə nəşr edilmiş "Azərbaycan təhsil tarixi oçerkləri və ilk ali təhsillilərimiz" adlı möhtəşəm kitabını,  istər Oğuztoğrul Tahirli ilə yazdığım "Azərbaycan Cümhuriyyəti (1918-1920) tələbələri" kitabını (2016), istərsə də Misir Mərdanovla birgə ortaya qoymaqda olduğumuz "1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar" çoxcildliyimizi (2018-dən üzübəri) nəşrə hazırlayarkən həmin dəftərlər əlimizdən tutdu və onları axtarmağa vaxt sərf etmədik. Bir Allah şahiddir ki, hər üç əsərdə biz hallalığı ən başlıca prinsip seçmişik və ona sanadək sadiq qalmışıq. Nərmin xanımın arxivindən yararlandığımız hər cümləyə, hər fikrə belə qaynağı dəqiq göstərməklə istinad etmişik və bəlkə də ən çox istinad etdiyimiz alim də odur. Bunu həmin kitabların oxucuları da təsdiqləyə bilər. Bu dəftərləri, inşallah, Məclisi-Məbusan deputatları ilə bağlı əsərimi bitirincə Muzeyə qaytaracağıma kimsənin şübhəsi olmasın.

İKİNCİ QİSİM. Nərmin xanımın arxivindən götürərək özümdə saxladığım bu bəlgələr isə onun özünə və ata-anasına aiddir. Doğrusunu deyim ki, onları saxlayan zaman mən qarşıdakı illərdə onlardan yararlanmaqla Nərmin xanımın həm özü, həm də atası haqqında geniş elmi əsərlər yazacağımı düşünürdüm. Düzdür, məhz onlardan istifadə etməklə "Cümhuriyyət tələbələri"ndə atası Abdulla Tahirzadə haqqında geniş məqalə verdim və Nərmin xanım haqqında nekroloqda da onlar yardımçım oldu, ancaq mənim niyyətim daha böyükdü; bu niyyətlə də həmin sənədləri indiyədək özümdə saxlayırdım. Bugünkü gerçək durumda isə qarşımda Misir Mərdanovla nəhəng layihəmizi başa çatdırmaq və ondan sonra da, Allah imkan verərsə, "Azərbaycan Məclisi-Məbusanı üzvləri" kitabımı yazmaq durur. Onların hər biri illərimi alacaq və açığı, Nərmin xanımın özü və atası ilə bağlı niyyətimi gerçəkləşdirə biləcəyimə əmin deyiləm, buna görə də həmin özəl bəlgələri lap elə bu gündən Tarix Muzeyinə tam şəkildə təhvil verməyə hazıram.

Bu yazımda özümə yaraşdırmadığım bir əskiklik var - heç bir hadisənin dəqiq tarixini göstərməmişəm, çünki onların dəqiq tarixini əks etdirən bütün sənədlər Əlyazmalar İnstitutundakı özəl fondumdadır, oraya getməyə isə vaxtım olmadı. Maraqlananların həmin sənədlərlə tanışlığına isə heç bir əngəlin olmadığı düşüncəsindəyəm.

Bakı, 13.08.2021. 

 





16.08.2021    çap et  çap et