525.Az

Ahıskalı şair Həmdi Yitgün - Asif Hacılı yazır


 

("Ahıska türk yazarları" silsiləsindən)

Ahıskalı şair Həmdi Yitgün -<b style="color:red"> Asif Hacılı yazır</b>


Ahıska türklərinin ağsaqqal ziyalısı və tanınmış şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanda yaşayan Ahıska Türkləri Yazarlar Birliyinin qurucularından biri və hazırda sədri Ayvazov Həmdi Ayvaz oğlu 13 may 1952-ci ildə Özbəkistanın Səmərqənd vilayətinin Bulunqur şəhərində anadan olmuşdur. Əsli Gürcüstanın Ahıska mahalının Adıgün rayonuna bağlı Qomoro kəndindəndir. 1944-cü ilin noyabrında soydaşları ilə birlikdə Orta Asiyaya sürgün edilmiş valideynləri Ayvaz dədə və Güllü nənə xüsusi komendant rejimi ləğv olunduqdan bir il sonra, 1959-cu ildə, ailəliklə Azərbaycanın Şəmkir rayonunun Bitdili kəndinə köçmüşlər. Həmdi bu kənddə ibtidai məktəbə getmiş, orta məktəbi isə Şəmkirin Təzəkənd kəndində bitirmişdir.

1972-ci ildə isə Saatlı rayonunun Şirinbəy kəndinə köçmüş və burada ailə qurmuş Həmdi əmək fəaliyyətinə M.Əzizbəyov adına kolxozda sürücü kimi başlamışdır. Ailə vəziyyəti ilə əlaqədar ali təhsil ala bilməyən Həmdi gəncliyindən sözə-sənətə, musiqiyə, özfəaliyyət və mədəni-maarif işlərinə böyük maraq göstərmişdir. Şirinbəy kəndinin və ümumən Saatlı rayonunun mədəni həyatında fəal iştirak edən Həmdi fəal ictimaiyyətçi və bacarıqlı təşkilatçı kimi tanınmışdır. Kolxozda sürücü işləyə-işləyə gənclər və məktəblilər arasında özfəaliyyət işində böyük uğur qazanmış, rayon miqyaslı mədəni-kütləvi tədbirlərin təşkilatçısı olmuşdur. Bu fəallığı və uğurları sayəsində Saatlı rayon Şirinbəy Kənd Mədəniyyət Evinə bədii rəhbər vəzifəsinə təyin olunmuşdur. Mədəniyyət evində maraqlı teatr tamaşaları və konsertlər hazırlamış, yaradıcısı və rəhbəri olduğu qızlardan ibarət "Karvan" rəqs qrupu rayon və respublika miqyaslı tədbirlərdə, televiziya kanallarında dəfələrlə çıxış etmiş, müxtəlif mükafatlara layiq görülmüşdür. Həmdi Ayvazovun rəhbərliyi ilə 2006-cı ildə əsasən uşaqlardan ibarət özfəaliyyət qrupu Şimali Kipr Türk Cümhuriyyətinin paytaxtı Lefkoşa şəhərində 23 Nisan Uşaq Bayramında uğurla Azərbaycanı təmsil etmişdir.

Həmdi Yitgün həm də Ahıska türklərinin Vətənə dönüş mücadiləsinin fəal iştirakçısıdır, "Vətən" cəmiyyətinin yaradıcılarından biridir, el-obanın xeyir-şərində soydaşlarının yanında olan ağsaqqal, etibarlı dost və qədirbilən ziyalıdır.  

Çoxşaxəli ictimai, mədəni-maarifpərvər fəaliyyəti ilə yanaşı, Həmdi gənc yaşlarından başlayaraq bədii yaradıcılıqla da fəal məşğul olur. Əsərləri keçən əsrin əvvəllərindən dövri mətbuatda, müxtəlif dərgi və toplularda, o cümlədən, ilk dəfə müəllifi olduğum "Qəribəm bu vətəndə /Axısqa türklərinin etnik mədəniyyəti/" (Bakı, 1992), "Ahıska türk folkloru" (Bakı, 1998, 2008; Ankara, 2001), "Ahıska türkləri: Vətən bilgisi" (İstanbul, 2009) adlı kitab və toplularda dərc olunub. Nəhayət, 2008-ci ildə İstanbulda fədakar ziyalı, folklor və ədəbiyyat toplayıcısı, naşiri Mirzə Misliyevin tərtib və redaktorluğu, ünlü şair Cabir Xalidin və tanınmış ziyalı Fəzli Əşrəfovun ön sözləri ilə 112 səhifəlik "Ağlar gözli, gülər yüzli axısxalilər" adlı şeir kitabı dərc edilib. 

Əsərlərini əsasən Həmdi Yitgün, bəzən "Yitgün", "Yitgün Qomoroli", "Həmdi Qomoroli" adlarıyla imzalayan şairin yaradıcılığını səciyyələndirmək üçün ilk növbədə onun ana yurdunun təbii-coğrafi və etnik-mədəni özəlliyini anlamaq lazımdır. Məsələ bundadır ki, Ahıska türkləri sürgün dövründə dünyanın müxtəlif qitələrində ondan çox ölkədə yaşasalar da, yeni nəsil vətəndən uzaqlarda anadan olub böyüsə də, vətən xatirələri, vətən duyğuları, vətən eşqi ailələr, el-oba daxilində yaşayır, yeni nəslə ötürülür. Şair Həmdi Yitgün də çocuqluğundan bu xatirələrlə böyüyüb, uzaq diyarlarda doğma yurdunun vətəndaşı kimi formalaşıb. Nəmdinin ana yurdu Qomoro kəndi Adıgün-Koblıyan bölgəsinin yuxarı, yəni dağ məskənlərindəndir. Bu yörənin ən yuxarı kəndi isə Xerodur. Xerodan güneyə doğru artıq Koblıyan, Posxov bölgələri gəlir ki, bunlar da Türkiyədədir. Xerodan başqa, Adıgün, Varxan, Qomoro, Uravel, Toloş, Cağsman da yuxarı kəndlərdən sayılır. 

Adıgün mahalının məşhur qalası, 310 illik tarixi olan Ahıska Qıpçaq Atabəyliyinin əsas istehkamı, dəniz səviyyəsindən 1700 metr yüksəklikdə pərvazlanan Altunqala Qomoro yaxınlığında yerləşir. Ümumən, Ahıska bölgəsi alınmaz qalaları, xüsusən, Ahıska, Caksu, Axılkələk, Zanav, Azqur, Xırtız qalaları, Axılkələkdəki Koroğlu qalası və bir çox belə istehkamlar, bürclər, digər səhmli tikililərlə məşhur olub.

Təbii-coğrafi mühit, relyef, iqlim ahıskalıların həyat tərzinə dərindən təsir etmişdir. Dağ aləminin yaşayış üçün çətinliyi, iqlimin sərtliyi, eyni zamanda təbiətin ecazkar gözəlliyi türklərin xarakterini müəyyənləşdirmiş, onlara əsl dağlı dəyanəti və inadı, zəhmətsevərlik, dönməzlik, özünə inam, müstəqillik, sülhsevərlik, eyni zamanda incə qəlb və zərif estetik duyum aşılamışdır. Ahıskalıların təbii müdrikliyi, təmkinli qüruru, mərdliyi, ləyaqəti, müsafirsevərliyi əsl türk xarakterinin təməl daşlarıdır. Ahıska mahalının, o cümlədən, Koblıyan bölgəsinin sakinləri türk mənəvi dəyərlərinə sadiq, mənən saf, imanlı, halal, zəhmətkeş insanlardır.

Koblıyan mahalı, Adıgün, Suxul kəndləri məşhur ədib, tərcüməçi Fridrix Martin fon Bodenştedtin xatirində də qalıb. Məşhur şair Mirzə Şəfi Vazeh Adıgünlü Ömər Əfəndini özündən sonra ən böyük şair hesab etmiş, "mən olmasam, sənin müəllimin o olmalıdır" deyərək, Bodenştedtə onunla görüşməyi məsləhət bilmişdir. Ömər Əfəndinin görüşünə gedən, yol boyu Axılkələk, Abastuman, Aspindza, Ahıskadan keçmiş Bodenştedt rusların gəlişindən sonra bu mahalın əzəli sakinləri olan türklərin çox hissəsinin bu gözəl yerləri tərk etməyə məcbur olduğunu və onların yerini Türkiyədən gəlmiş ermənilərin tutduğunu yazır. Kəndlərin, xüsusən Suxulun gözəlliyindən, məscidlərindən danışır. Adıgünlü Ömər Əfəndi ilə görüşünü, ustalığına, müdrikliyinə heyran qaldığı ev sahibinin qonaqpərvərliyini, onunla şeirləşməsini, əfəndinin ona atasının və babasının şeirləri toplanmış dəftəri və zərif tütün kisəsi hədiyyə etdiyini nəql edir (Adıgünlü Ömər Əfəndi // "Ana yurdum" qəzeti, 1998, kasım, № 4). Təəssüf ki, bu dəftərin taleyi məlum olmadığı kimi, qədim yurdlarımız Ahıska-Axılkələyin, eləcə də Zəngəzur, Göyçə, Basarkeçər, Dağ Borçalının gəlmə ermənilərdən nə vaxt qurtulacağı da hələ ki naməlumdur. Onu da deyək ki, Abxaziya və Osetiyada olduğu kimi, Ahıska-Axırkələk də hazırda qardaş Gürcüstana qarşı erməni terrorçu separatizminin məskənlərindən biridir. Abxaziyada ermənilərin yaratdığı terrorçu Baqramyan batalyonunun gürcü xalqına qarşı törətdiyi ləyaqətsiz qanlı terror hələ də yaddaşlardan silinməyiib. Ahıska və Borçalı türkləri isə gürcü xalqına olan qardaşlıq duyğularına sadiq qalaraq, həmin toqquşmalarda Gürcüstan ordusunun tərkibində vətən hesab etdikləri bu ölkənin ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla döyüşmüşlər.

Ahıskalılar bu mənəvi xüsusiyyətləri, dostluğa, qardaşlığa sədaqəti, vətən sevgisini sürgün dövründə də saxlamış, yaşadıqları yerlərdə zəhmətkeşlikləri, halallıqları ilə fərqlənmişlər.  Qardaş Azərbaycanın Saatlı rayonunda məskunlaşmış ahıskalıların qurduğu "Adıgün" qəsəbəsi, digər kəndlər ölkənin ən abad yaşayış məskənlərindən,  Sovet dövründə fəaliyyət göstərmiş Adıgün, Axundov, Əzizbəyov kolxozları isə ən qabaqcıl təsərrüfatlardan olmuşdur.

Sürgünün bütün əziyyətlərinə baxmayaraq, Ahıska türkləri fitri müdrikliklə öz ruh yüksəkliyini, mübarizliyini, həyat eşqini, gülüşünü, yumorunu, sazını-sözünü, adət-ənənəsini qoruyub saxlamışlar, gələcəyə inam, ruh yüksəkliyi, xoş ovqatla ilə yaşamışlar. Sürgün bu qəhrəman xalqın iradəsini sındıra bilməmiş, türklər öz məğrur duruşunu, eləcə də gülüşünü, həyat eşqini yaşatmışlar. Xalq arasında müxtəlif məzəli əhvalatlar, yerennük-şakalar, həm fərdlər, həm də ayrı-ayrı kəndlər haqqında maraqlı, bəzən incə yumorlu məsəllər dolaşmaqdadır. Bütün bunlar doğma yurdu xatırladır, gənclərə vətən sevgisini aşılayır. Kəndlərə səfərlərim zamanı ağsaqqal-ağbirçəklərin söylədiyi kimi, ən çox zarafat - şaka (yerennük) sevən - xerolulardır. Caxsmanın qızları çox işləkdir, Kexvan öz halvası, Azqur - bağları, Abastuman - çərmukləri (şəfalı mineral su) ilə məşhurdur. Smadalılar şirindilli, şair Həmdinin həmkəndliləri olan qomorolular açıqürəkli hesab edilir... Ahıskanın daxili aləmi ilə bağlı belə rəvayət, atmaca, şakalar, lətifələr, xatirələr olduqca rəngarəng və boldur, ancaq bunlar başqa söhbətin mövzusudur.

Həmdi Yitgün də həyat eşqi, nikbin inamla yaşayan, incə yumorlu məğrur yurddaş, şair və ziyalıdır. O, vətəndən uzaqda sürgünlərdə doğulub yaşasa da, belə xatirələr, rəvayətlər, öyüdlər, dastanlar, bayatılar, şaka-yerennüklər, nəğmələrlə böyüyüb formalaşıb və bu ecazkar nağıllar aləmini öz əsərlərində vəcdlə tərənnüm edir. Həmdi öz yaradıcılıq kredosunu kitabındakı "Salam, əziz oxucum" adlı ilk şeiri ilə bəyan edir: oxucusuna "Salam əziz oxucum, Nə var, nə yox, nəsilsin?" deyə səmimi müraciət edən şair, vətənsizlik dərdindən qəlbiqırıq soydaşlarını oxuya dəvət edir: "Oxi bu kitabımi, Ağrilərin kesilsin... Öz tarixin bil". 

Şairin vətən dərdi ümummilli faciə olmaqla, həm də onun şəxsi taleyidir, fərdi yaşantılarıdır, qarşılaşdığı "müsibət", ona atılan "çamur", "boran, qardır", "göz yaşlarıdır":

Bən bir ömür yaşadim,
Yaşamadım ömür kimi.
Hər yandan çamur atdilər,
Ömrüm oldi, çamur kimi.

***
Çox müsibət baştan geçdi
Demədim iş işdən geçdi,
Bəzən sözüm taştan geçdi,
Taşi yaran dəmür kimi.

Bu ağrıların, sıxıntının səbəbi, mənbəyi vətənsizlikdir, yurdun ola-ola, qərib yaşamaqdır, ölkələr gəzib, bezar olmaqdır:

Namərd dünyanın əlindən, 
Ölkə-ölkə gəzər oldum,
Gəzə-gəzə cana doydum, 
Öz canımdan bezər oldum.

Haxli oldum diləgimdə, 
Bir duran yox köməgimdə, 
Hər dərdimi yürəgimdə,
Ölçub-biçib çözər oldum.

Həp rast gəldim zor işlərə, 
Böhtanlara, şər işlərə,
Hər əmələ, hər işlərə,
Dözə-dözə dözər oldum.

Yitgün diyer həsrət çəkdim, 
Bilsəz nə müsibət çəkdim,
Ömrüm boyi sixlət çəkdim, 
Sixlətimdən yazar oldum.

Həmdinin şairliyinin mənbəyi bu "sixlət"dir, qərib həsrətidir, namərd dünyanın bezarlığından qurtuluş çabasıdır və şair bu qurtuluşu Allah sevgisində, imanda, haqq yolunu tutub inanc və inamla addımlamaqda görür: 

Yitgün, dünya boran, qardur,
Baxma gönlün intizardur,
Sənin də Allahın vardur,
Yürəgində möhür kimi.

Bu Allah sevgisi Həmdinin təxəyyülündə milli amala çevrilir, şair dünyaları, insanları, xalqları, bəşəri birləşdirən, barışdıran, haqq yoluna yönəldən qüvvəyə tapınır və fərdi istəklərdən xəlqi ideallara yüksələrək, Vətən sevgisinin əzəli ilahi mahiyyətinə sığınır:
 
Hər yazılan şeirə ən yüksək qiymət
Şeiri başa düşən insandan gəlür.
Dünyada nə qədər qazansan hörmət
Etduğun eylüklər arxandan gəlür.

İstəsən hay verən olsun səsinə
Üşümiş yürəgin bir az isinə
Genə isinürsün mərd nəfəsinə
Namərdin nəfəsi yalandan gəlür.

Gözəl usta kimi tapmaqçün şərəf
Tavran ki, yapasın qüsursuz bir əv.
Allah adamiysən vətənini səv
Vətənin sevgisi imandan gəlür.

Çox da bel bağlama namərd cahana
Qanın qaraltmaya bulur bahana.
Daim nalet oxi, dəli şeytana
İnsana müsibət şeytandan gəlür.

Yitgün, ibadət et, unut var yoği
Bundan şifa bulmiş dünyada çoği.
Alimisən genə Quran-i oxi
Hər elmin nişani Quran-dan gəlür.

Beləliklə, Vətən və Allah sevgisi müəllifin daxilində qovuşur, şair "Yürəgimdə Vətən, qəlbimdə Allah" deyə "üzərində ata-ana duasi", varlığında "bozulmaz türkluk ədasi", "qulağında xoş bir müjdə sədasi", ölümdən çəkinmədən şərəfli yurd yoluna çıxır.

Şairin ilahi inancı ona güc və qüvvət verir, mübarizəyə, nikbinliyə səsləyir, nikbinləşdirir. "Dilimi, dinimi xoşlar, səvərim" deyən şair xoşladıxlarına, "şeytana şaşmaduxlarına", halal işlədiklərinə, "bismillah ilə başladuxlarına", yaşamadıqlarına deyil, Allahın inayəti ilə yaşadıqlarına müdrikcəsnə şükürlər edir:

Yitgün gah qınanmiş, gah da ögülmiş
Bəlkə də dünyanın çarxi əgilmiş
Yaşamaduxlarım qismət dəgülmiş
Yaşaduxlarıma, şükürlər olsun! 

Şair vətənsizlik həyatında, qürbət ellərdəki ağır günlərdə soydaşlarının dərdlərinə şərik olmuş, ana qucağını açmış Azərbaycana, azərbaycanlı-türk qardaşlarına olan sevgisini, "bir millət - iki dövlət" anlamını ifadə edir, öz milli ağrısı tək yaşadığı Qarabağ acısını lirik duyğularla aşılanmış şeirlər silsiləsində yüksək emosionallıqla ifadə edir:

Bir yaratmış Allahım,
Ahına bənzər ahım,
İniltimiz də qohum,
Ey Azəri qardaşım.

Bir Qafqazda iki can - 
Axısxa Azərbaycan.
Hər ikisinə qurban,
Ey Azəri qardaşım.

Şair Qarabağ savaşında şəhid olan qardaşlarının qəhrəmanlığını, "ölümün gözünə dik baxan" igidlərin mənəvi ucalığını vəsf edir: "Ölüm vardır bilib gəldiz, Siz ölümə qalib gəldiz, Mənim şəhid qardaşlarım... Birləşdiniz bir oldunuz, Vətənə sipər oldunuz, Ər oğluyduz, ər oldunuz, Mənim şəhid qardaşlarım, Qurban gedək biz, dediniz, Qalsın şanlı iz, dediniz, Əsil sözü siz dediniz, Mənim şəhid qardaşlarım". Qarabağ şəhidlərinin analarına, o cümlədən, yüzdən çox şəhid vermiş Ahıskalı analara müraciət edən şair, onların övladlarının türk tarixinə iz qoyduqlarını, analarının üzünü ağ etdiyini, birliyimizi dünyaya göstərdiyini söyləyir:

Axısxali tayfamızın
Türkluğuni göstərdiz siz.
Əsil türkün qardaşluxda
Bərkluğuni göstərdiz siz.

Peşəkar şəkildə mədəni-maarif işi, çocuqların, məktəblilərin inkişafı, vətənpərvərlik və maarifpərvərlik ruhunda tərbiyəsi, estetik zövqünün formalaşması, milli folklora, musiqiyə, sözə-sənətə bağlanması üçün əzmlə çalışmış Həmdi Yitgünün yaradıcılığının böyük bir hissəsi də didaktik mövzular, tərbiyə məsələləri ilə bağlıdır.  

Şair bu məqsədlə, kiçik yaşlı və yeniyetmə oxucuları cəlb etmək üçün oynaq formalara müraciət edir. Klassik didaktik poeziyamızın incisi olan məşhur "Meyvələrin bəhsi"nə özünəməxsus nəzirə olaraq yazdığı "Qiymətlərin bəhsi"ndə sıfırdan beşə qədər qiymətlərin poetik şərhini verir; "Əlifba" şeirində ayrı-ayrı hərflərin rəmzi mənalarını açıqlayır; Şimali Kipr Türk Respublikasının paytaxtı Lefkoşaya həsr olunmuş "Lefkoşam bənim" şeirində, yuxarıda qeyd etdiyimiz çocuq festivalında dünya çocuqcalarına qucaq açmış bu ecazkar şəhəri tərənnüm edir; Şirinbəy kənd orta məktəbinin biologiya müəllimi Rəsul Sərvərovun 65 illik yubileyi münasibəti ilə yazılmış "Rəsul müəllim" şeirində elin hörmətini qazanmış müəllim obrazını yaradır; filoloq-şair, dilçi alim, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi Cabir Xalidovun 50 illik yubileyinə həsr olunmuş "Cabir müəllim" şeirində bu vətənpərvər ziyalının fikir və amallarını dəyərləndirir; "Tələbələr" şeirində məzunları müstəqil həyatdakı xoşagəlməz meyillərdən çəkindirir, zəhmətə, halallığa, uğura səsləyir.

Şair yaradıcılığında, o cümlədən, milli məzmunlu mətnlərində klassik poeziya və folklor ənənəsindən qaynaqlanır,  bayatı, meyxana formasından və üslubundan istifadə edir, maraqlı əsərlər ortaya qoyur. Həmdi Yitgünün silsilə müəllif bayatılarında ictimai (Əziziyəm genə yas / Genə matəm, genə yas / Kolxoz dördə bölündi / Köhnə hamam, köhnə tas), yumoristik (Əziziyəm axmiyer / Sular bilə axmiyer / Cefdə para olmasa / Qari sözə baxmiyer), satirik (Yeşilluğa xor baxax / Ağzın açıb tur baxax / Oksigeni almasax / Karbon nəsil buraxax) məzmun aşkarlanır.

Şairin satirik şeirləri mövzu və pafosun ictimai kəsəri (Ögüddən gəiməz xoşum / İşinən yoxdur işim / Nerdə aş, orda başım / Can ay can, ay can, ay can) ilə seçilir; bəzi şeirlərdə yumoristik tərzdə ənənəvi vərdişlərə toxunulur (Bin yillərin yadigari / Fuxaranın dosti-yari / Dişlərim olsa da sari / Səni yiyacam, çeçil peynil / Səni səvəcam, çeçil peynil // Sərt olsan da tros kimi / Səvümlisin çərəz kimi / Alışuğum paproz kimi / Səni yiyacam, çeşil peynil / Səni səvəcam, çeçil peynil). 

Xalq üslubu ilə siyasi mövzuların çözülməsi də Həmdi Yitgünün poeziyasında rastlaşdığımız xüsusiyyətlərdəndir. Bu baxımdan "Sovet" şeiri səciyyəvidir: "Paxılların yeri nardur / Səndə yüz xıl millət vardur / Baxdın ki, arxasızlardur / Gücün bizəmi yetdi, sovet? / Kesdin hər yandan yolumi / Beş kapek etdin ölümi / Bənə bu qədər zülümi / Suçum nəydi etdin, sovet? // Davada çarpışdım bən də / Yolladın şəhərə, kəndə / İş qənərəyə gələndə / Bizi kənərə atdın, sovet // Bən yandım, rəhm et balama / Yetər, ipə un tolama / Daha haqqi tapdalama / Nəki etdin, etdin sovet. // Zülüm verməyi qayda etdin / Bilməm nəyi fayda etdin? / Çox Yitgünlər peyda etdin /Axır gendin yitdin, sovet".

Həyat, dünya, tale, şeir-sənət, ömür kimi fəlsəfi anlamlar da Həmdi Yitgünün yaradıcılığında mühüm yer tutan anlamlardandır. "Bin edərmiş", "Sehrli dünya", "Qara sevda" kimi şeirlərində şair insanları çevik düşüncəyə, dərkə, adiliklərdəki həqiqəti görməyə, mahiyyətə varmağa sövq edir. Bu baxımdan zahirən çox sadə görünən "Bin edərmiş" şeiri səciyyəvidir:

Gecə - gündüz hesapladım
İki beş yüz, bin edərmiş.
Axır qandım, rahatladım
İki beş yüz, bin edərmiş.

İştər qəmlən, iştər ağla
Gecə - gündüz qara bağla.
Bütün dünyay gez, soraxla
İki beş yüş, bin edərmiş.

Axıllilər ölçər, biçər
Dəli vurup köpriy geçər.
Ağzın açıp turma naçar
İki beş yüz, bin edərmiş.

Dünyalar qədər varlaşa
Çətin ki, arsız arlaşa.
İştər yer gögə birləşə
İki beş yüz, bin edərmiş.

İki tənə əlli yüzdür
Yitgün, hesabında düzdür.
Binin yarısi beş yüzdür
İki beş yüz, bin edərmiş.

Şeirdəki zahirən adi məntiq oxucunu sadə və deməli, əbədi həqiqətləri, gedişatın, həyatın əzəli mahiyyətini anlamağa yönəldir. Bu məqamda gülüş, yumor, kinayə önə çıxır, lakin bu gülüş aldadıcıdır. Həmdi Yitgün "gülər üzlü" və eyni zamanda "ağlar gözlü" şair və şəxsiyyətdir. Bu gülüşün, yumorun, xoş söhbətcilliyin arxasında, şairin qəlbinin dərinliyində sönməz kədər var, zəki insanın "anlamaq dərdi" var, 77 ilin vətənsizlik ağrısı var. Zahirən gülərüz, zarafatcıl, şaqraq, şən və nikbin Şair "Şeirim yanar köz oliyer... Vətənimi hər şeirimdə / Bayrax kimi dutiyerim" deyərək, öz yaradıcılığını belə səciyyələndirir: "Bən şeirimin hər misrasın / Göz yaşıma qatiyerim... Qafiyələr töküliyer / Nəmli gözlərim güliyer". 

Ümummilli faciədən doğan bu kimi sətirlər, xalqının ruhunu ifadə edən müəllifin əzm və inamı, iradə və qətiyyəti oxucunu inandırır ki, tarix haqq yoluna dönəcək, Ahıskanın ünlü şairi Həmdi Yitgün və soydaşları ana yurda qayıdacaq, doğma Gürcüstanın rifahı və tərəqqisinə şərəflə xidmət edəcək, "gülər gözlü, gülər üzlü" nəğməkarlar bu yurdlarımızı sevgi, dostluq, bayram ovqatlı əsərləri ilə sevərək vəsf edəcək...

 





17.08.2021    çap et  çap et