525.Az

Prezidentdən ləyaqət dərsi


 

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN "CNN TÜRK"Ə MÜSAHİBƏSİNDƏ VƏTƏN MÜHARİBƏSİLƏ BAĞLI SƏSLƏNDİRDİYİ FİKİRLƏR NEÇƏ İLLƏRDƏN BƏRİ AZƏRBAYCANLILARA QARŞI OLMAZIN VƏHŞİLİKLƏR TÖRƏTMİŞ DÜŞMƏNƏ ƏSL ƏXLAQ VƏ LƏYAQƏT DƏRSİ İDİ

Prezidentdən ləyaqət dərsi<b style="color:red"></b>

İstər müharibə dövründə, istərsə də müharibədən sonra Prezident İlham Əliyevin çıxışlarını, müsahibələrində səsləndirdiyi fikirləri müxtəlif tezislər üzrə təhlil etdikdə hər bir nüansın ciddi siyasi manevrə dayandığının şahidi oluruq. Prezidentin çıxışlarındakı konseptual fikirlərin predmeti həm də cəmiyyətdə əminlik hissinin yüksək olmasına fokuslanıb. Ona görə də müharibə dövründə xalq Prezidentin çıxışlarını səbirsizliklə gözləyirdi. İlham Əliyevin hər nitqi insanları daha da ruhlandırır, onların qətiyyətini artırırdı.

Son günlər Ermənistanın üçtərəfli bəyanata uyğun olmayan addımları, rusiyalı siyasətçi Jirinovskinin səsləndirdiyi  xoşagəlməz fikirlər, bununla bağlı cəmiyyətimizin reaksiyası, Azərbaycanın müəyyən səbəblərdən İrana nota verməsi və Rusiya sülhməramlılarına xəbərdarlıq etməsi sosial şəbəkələrdə müzakirə obyektinə çevrildi. Bu gərginliyin aradan qalxması baxımından Prezident İlham Əliyevin "CNN Türk" televiziya kanalına müsahibəsi lap yerinə düşdü. Müsahibə hökm sürən ağır ab-havanı dəyişdi. Verilən reaksiyalardan məlum oldu ki, insanlar Prezidentin müsahibəsini gözləyirmişlər.

İlham Əliyev müsahibə zamanı belə bir fikir qeyd etdi: "Biz müharibəni də ləyaqətlə aparmışıq və savaşa xas olan bütün qaydalara riayət etmişik".

Prezidentin bu və ya bu kimi digər cümlələri dərin mənaya malik olmaqla yanaşı, onun əzmkar xarakterindən, insani keyfiyyətlərinin ucalığından xəbər verir. Müharibə dövründə Ali Baş Komandan İlham Əliyevin beynəlxalq hüquq normaları çərçivəsində verdiyi qərarlar problemin qanun müstəvisində həllinə istiqamətlənməklə yanaşı, həm də böyük humanizmin göstəricisi idi. Azərbaycan hökuməti müharibə şəraitində olduqca təmkinli davrandı. Halbuki Ermənistanın hərbi gücünü qat-qat üstələyən Azərbaycan ordusu yeri gəlsə, onların öz üslubu ilə adekvat cavab verə bilərdi. Amma Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan üçün müharibə meydanı cəbhə ilə məhdudlaşırdı, hər iki tərəfdən sivil insanların təhlükəsizliyi Azərbaycan hökuməti üçün əsas prioritet idi. İlham Əliyev bu həssas məqama "CNN Türk" kanalına müsahibə zamanı da toxundu: "Yəni ermənilərin bu qeyri-insani davranışı da onlara heç bir xeyir, mənfəət gətirmədi, sadəcə olaraq, dünyanın gözü qarşısında özlərini növbəti dəfə vəhşilər kimi göstərdilər. Biz isə buna cavab vermədik, onun üçün Ermənistan tərəfində mülki əhali arasında itkilər çox azdır, təqribən 30 civarında və onların böyük əksəriyyəti savaşda iştirak edənlərdir".

Yaxın keçmişə nəzər salsaq, Birinci Qarabağ müharibəsi zamanı ermənilərin əliyalın əhaliyə qarşı törətdikləri terror aktları, Xocalı soyqırımı, Qarabağ işğalda olan müddətdə Ermənistanın dəfələrlə atəşkəsi pozması nəticəsində şəhid olan hərbçilər, Aprel döyüşləri zamanı ermənilərin təxribatları, ötən ilin iyul-avqust hadisələrindəki hərbi təcavüzlər Ermənistan hökumətinin məkrli siyasətinin bariz nümunəsi idi. 44 günlük müharibə zamanı Azərbaycanın dinc əhalisinə qarşı törədilən kütləvi cinayətlər isə bu məkrli siyasətin düşmənin acizliyindən qaynaqlandığını bütün dünyaya sübut elədi. Buna baxmayaraq, Azərbaycan tərəfi sona qədər öz döyüş prinsiplərinə sadiq qaldı. Prezident İlham Əliyevin "Biz müharibəni ləyaqətlə aparmışıq" cümləsindəki "ləyaqət" sözü də özündə məhz qeyd olunan nüansları ehtiva edir. 

Azərbaycan Prezidentinin ləyaqət, vicdan, humanizm anlayışlarına verdiyi qiymət qeyd etdiyimiz amillərin əhəmiyyətini bütün çalarları ilə cəmiyyətə, ümumilikdə, o müsahibə ilə tanış olan bütün insanlara aşılayır. İstənilən prizmadan yanaşsaq, dövlət başçısının siyasi prinsiplərinin bu amillərə arxalanması xalq üçün güvən, beynəlxalq arenada ölkənin mənafeyi naminə təqdirəlayiqdir. Bu amillərin hər birinin insanların altşüuruna böyük təsirinin olması danılmazdır.

Prezidentin müsahibəsi bütünlükdə qarşı tərəf üçün də (əgər qərəzsiz yanaşsalar) əhəmiyyətli mesajlar toplusudur. İlham Əliyev Azərbaycanın ləyaqətli mübarizəsini qabardaraq həm də düşmənə izah etməyə çalışır ki, görün siz hansı əməlləri törətmisiniz - şəhərlərimizi viran qoymusunuz, milli-mədəni abidələrimizi dağıtmısınız, sivil insanların həyatına qəsd etmisiniz və s. Prezident bu ləyaqət, vicdan dərsi ilə qarşı tərəfi düşünməyə, islah olunmağa, vicdan anlayışının mahiyyətinə varmağa sövq edir.

İlham Əliyevin çıxışlarından nəticə çıxarası belə düşündürücü məqamlar kifayət qədər çoxdur. Təbii ki, obyektiv olub nəticə çıxarmaq isə, artıq qarşı tərəfin öhdəliyindədir. Ləyaqətlə yaşamaq maddi mənfəətlərdən daha alidir.

Nadir YALÇIN
 

 





17.08.2021    çap et  çap et