Azərbaycan Prezidenti İlham Əliyevin "CNN Türk" kanalına müsahibəsi böyük maraqla qarşılanıb. Dövlət başçısı bir sıra vacib məqamlara toxunub, həm Ermənistan, həm də onun havadarları, region ölkələri üçün mühüm mesajlar səsləndirib. Prezidentin son günlər baş verən hadisələrə - xüsusilə Ermənistanın sərhəd təxribatları, atəşkəsi pozması, 10 noyabr 2020-ci il bəyanatının müddəlarını yerinə yetirməməsi fonunda xarici mediaya müsahibəsi həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda geniş təhlil edilməkdədir. Yerli və xarici ekspertlər Prezidentin gündəm təşkil edən məsələlərlə bağlı kifayət qədər açıq danışdığı və açıq mesajlar verdiyi qənaətindədirlər.
Azərbaycan liderinin "Müharibənin ilk günlərində bəziləri düşünürdü ki, görən dayanacaqlarmı, dayanmayacaqlarmı, dayandıracaqlarmı, dayadırmayacaqlarmı, İlham Əliyev sona qədər gedəcəkmi, getməyəcəkmi. Amma müharibə davam etdikcə hər kəs gördü ki, öldü var, döndü yoxdu, sona qədər gedəcəyik" fikri onun bir daha qətiyyətini, əzmkarlığını, xarakterini, cəsarətini nümayiş etdirir. 30 il ərzində beynəlxalq birliyin Azərbaycan torpaqlarının işğalına göz yumması, ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyəti rəsmi Bakını öz tarixi torpaqlarını azad etmək üçün addımlar atmağa vadar etdi. Məhz İlham Əliyevin qətiyyəti, prinsipiallığı, uzaqgörənliyi, məqsədyönlü və düşünülmüş siyasəti nəticəsində 44 günlük Vətən müharibəsi ilə işğal faktına son qoyuldu.
Azərbaycan bu gün regional əməkdaşlığın inkişafına çalışır, Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edir, qarşı tərəf isə təxribatlarından əl çəkmək istəmir. Lakin Prezidentin də söylədiyi kimi, Ermənistanın bu siyasəti onun özü üçün çox ağır nəticələr verəcək.
Dövlət başçısının əsas mesajlarından biri Ermənistanın Laçın yolu vasitəsilə Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə silah və hərbçilər göndərməsi ilə bağlı oldu. Prezident bunun yolverilməz oduğunu və son qoyulması üçün ciddi tədbirlər görülməsinin zəruriliyini vurğuladı. İlham Əliyev Azərbaycanın Rusiyadan üçtərəfli Bəyanatın bütün müddəalarının yerinə yetirilməsini gözlədiyini bəyan edib.
Laçın dəhlizi ilə bağlı daha bir mühüm mesaj isə bu oldu ki, Prezident açıq şəkildə bildirdi ki, Azərbaycan orada baş verənləri diqqətlə izləyir. Hətta Ermənistandan həmin əraziyə gedən və qayıdan avtomobillərin, insanların dəqiq sayı məlumdur.
Əsas məsələlərdən biri də Zəngəzur dəhlizinin açılmasıdır ki, rəsmi İrəvan gec, ya tez, bu istiqamətdə tələb olunan bəndlərə riayət etməli olacaq.
Mövzunu şərh edən deputat Ceyhun Məmmədov deyib ki, Ermənistan 44 günlük müharibədə baş verənlərdən ciddi nəticə çıxartmalı və təxribatlara son qoymalıdır: "Azərbaycanın mövqeyi məlumdur. Əgər Ermənistan sülhə hazırdırsa, Azərbaycan da sülh müqaviləsini imzalamağa hazırdır. Əgər Ermənistan müharibə istəyirsə, Azərbaycan da müharibəyə hazırdır. Ermənistan öz mövqeyini konkret və qəti şəkildə bildirməlidir. Qarabağda yenidən silahlanmaya, oraya silahların gətirilməsinə son qoyulmalıdır. Əgər Ermənistan bunu etməsə, Azərbaycan Ermənistanı çox ciddi şəkildə növbəti dəfə cəzalandıracaq. Cənab Prezident müsahibəsində sülhməramlılara və Rusiyaya da bir sıra mesajlar verdi. Sülhməramlıların missiyası konkret olaraq bölgədə sülhün təmin olunmasına töhfə verməkdir. Onların gözləri qarşısında Ermənistan tərəfinə silahların ötürülməsi, qeyri-qanuni silahlı qüvvələrin yenidən silahlandırılması yolverilməzdir. Bu, üçtərəfli razılaşma Rusiya tərəfinin vasitəçiliyi ilə imzalanıb. Rusiyanın vəzifələrindən biri də ondan ibarətdir ki, bu prosesi yekunlaşdırsın. Bu təxribatlar davam etsə, Azərbaycan öz mövqeyini bildirəcək".
Deputat Prezidentin bunlarla yanaşı, Azərbaycan-Türkiyə birliyinin gücləndirilməsi ilə bağlı da məsələyə toxunduğunu söyləyib: "Dövlət başçısı bir daha vurğuladı ki, bölgədə sülhün, əmin-amanlığın təmin olunmasında Azərbaycan-Türkiyə əməkdaşlığı xüsusi rol oynayır. Azərbaycan Türkiyə ilə əməkdaşlığına xüsusi önəm verir və qardaş ölkə ilə əməkdaşlığı uğurla davam etdirilir".
PƏRVANƏ
çap et