525.Az

Gəncədə müasir tipli lampaların istehsalına başlanılacaq


 

YENİ İSTEHSAL MÜƏSSİSƏSİ SAHİBKARLIĞIN İNKİŞAFI FONDUNUN GÜZƏŞTLİ KREDİTİ HESABINA YARADILIR

Gəncədə müasir tipli lampaların istehsalına başlanılacaq<b style="color:red"></b>

Gəncədə istehsalat obyektlərinin açılması yönündə davamlı durğunluqdan sonra deyəsən, bu məsələdəə yavaş-yavaş tərpəniş hiss olunmağa başlayır. Şəhərdə yaxın zamanlarda yeni istehsal müəssisəsinin işə düşəcəyi gözlənilir.

"Zaferoğlu Eklektrik" MMC kimi fəaliyyət göstərəcək yeni müəssisədə müasir standartlı  "LED"  (ing. Light Emitting Diode - işıq şüalandıran diod)  tipli lampalar istehsal ediləcək. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov yeni müəssisənin ərazisinə baş çəkərək, buradakı istehsal perspektivi ətrafında fikir mübadiləsi aparıb.

Sahibkar Zəfər Məmmədov zavod və burada gölürən işlər barədə məlumat verərkən bildirib ki, müəssisənin fəaliyyət göstərəcəyi binada aparılan təmir işlərinin 80 faizi artıq yekunlaşıb və yarım ay ərzində burada  dəzgah və avadanlıqların quraşdırılmasına başlanılacaq. O vurğulayıb ki, burada istehsal olucanaq "LED" lampalar közərmə  lampalarıyla müqayisədə enerjiyə 10 dəfəyədək qənaət etmək imkanı verir. 

"Zavodumuz İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilən güzəştli biznes krediti hesabına açılacaq. Bununla yanaşı, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin təstiqedici sənədi əsasında zavodda istehsal olunacaq "LED" lampalar gömrük rüsumundan azad ediləcək. Eyni zamanda, İqtisadiyyat Nazirliyi tərəfindən veriləcək investisiya təşviq sənədi ilə xaricdən gətirəcəyimiz dəzgahlar üçün də gömrük rüsumu tələb edilməyəcək", - deyə o,  qeyd edib. 

Zəfər Məmmədov, sahibkarlığın inkişafına göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Gəncə şəhərinin rəhbərliyinə təşəkkürünü bildirməklə yanaşı,  xüsusən Gəncə ilə bağlı olan iş adamlarını dövlətimizin istehsalçılara göstərdiyi dəstəkdən yararlanaraq, bu bölgənin iqtisadi inkişafa töhfə vermələrinə çağırıb.

"Gəncə İş Adamları" İctimai Birliyinin təsisçisi və sədri olaraq, bütün yerli sahibkarları Gəncə şəhərində yaradılan şəraitdən faydalanmağa və bura investisiya yatırmağa səsləyirəm", - deyə o bildirib.

Gəncədəki yeni müəssisənin oktyabr ayının sonlarına istismara verilməsi planlaşdırılır. Zavodda ilkin dövrdə 100 nəfər işlə təmin olucanaq. Müəssisə tam gücü ilə fəaliyyətə qovuşduqdan sonra işçilərin sayı 5 dəfə artacaq.

Zakir MURADOV, 
Gəncə

 

 





17.08.2021    çap et  çap et