525.Az

Ermənistana və havadarlarına Kəlbəcər və Laçından verilən mesajlar


 

Ermənistana və havadarlarına Kəlbəcər və Laçından verilən mesajlar   <b style="color:red"></b>

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarında səfərdə olublar. Səfər zamanı dövlət başçısı bir sıra yeni layihələrin - Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunelin, Laçın Beynəlxalq Hava Limanının təməlini qoyub. Kəlbəcər şəhərində Azərbaycanın Dövlət bayrağını ucaldıb. Prezident arıçılıq təsərrüfatları ilə tanış olub, arıçılarla söhbət edib. Azərbaycan Prezidenti torpaqlarımız işğaldan azad edildikdən sonra mütamadi olaraq həmin ərazilərə səfərlər edir, vəziyyətlə, başladılan bərpa-quruculuq işlərinin gedişi ilə yerindəcə tanış olur. Ölkə liderinin budəfəki səfəri strateji əhəmiyyət daşımaqla yanaşı, bir çox aspektlərdən xüsusi önəmə malikdir.

Öz təxribatlarından əl çəkmək istəməyən, sülhə, regional əməkdaşlığa əngəl törətməyə çalışan Ermənistan tərəfi bu səfərlə bir daha Azərbaycan liderinin gücünə, qətiyyətinə, prinsipiallığına şahidlik etdi. Dövlət başçısının səsləndirdiyi açıq mesajlar İrəvanla yanaşı, onun havadarlarına da bir daha düşünüb, nəticə çıxarmağa imkan verdi. Ermənistan qəbul etməlidir ki, onun bir yolu var - sülh sazişini imzalamaq. 

Azərbaycan Prezidentinin diplomatik məharəti, ordumuzun gücü, uğurlu hərbi əməliyyatları nəticəsində Kəlbəcər və Laçın rayonları genişmiqyaslı döyüşlər və çoxsaylı itki olmadan azad edildi. Kəlbəcər hərbi əməliyyatlar bitdikdən sonra boşaldılsa da, burada müharibənin taleyini həll edən döyüşlər olub - müharibənin ilk günlərində Murov dağı və ətraf yerlərdəki strateji yüksəkliklərin azad olunması düşmənin hərəkətlərini məhdudlaşdırıb və onların Basarkeçər-Kəlbəcər yolundan istifadə etməsinə imkan verməyib.

Prezidentin “Ermənistan ordusunu məhv edərək qayıtdıq, Ermənistan faşizminin başını əzərək qayıtdıq, erməni cəlladlarını cəzalandıraraq qayıtdıq, şəhidlərimizin qanını alaraq qayıtdıq. Qayıtmışıq, bu gün burada durmuşuq və əbədi duracağıq!”,  - fikrləri bir daha siyasi və hərbi-strateji şəraitin tam Azərbaycanın nəzarətində olduğuna işarədir. Eyni zamanda son günlər Ermənistanda baş qaldırılmasına cəhd olunan revanşist meyllərlə bağlı aydın mesajdır.

Dövlət başçısı 44 günlük müharibənin “Yenilməz erməni ordusu”, “Qəhrəman erməni əsgəri”,  “Görkəmli erməni sərkərdələri”, “Azərbaycanlılar vuruşmayacaqlar” kimi mifləri dağıtdığını söyləyib.  Xocalıda dinc əhalini qıran Koçaryan, Sarkisyan, Ohanyan 44 günlük müharibə zamanı Qarabağa gəlsələr də, Azərbaycan Ordusunun qarşısına çıxmaqdan qorxub İrəvana qaçdılar.  İşğal dövründə Azərbaycanın təbii sərvətlərini talayan xarici şirkətlərin cinayətlərinə də diqqət çəkilib. Prezidentin deyib ki, onlar cavab verməlidirlər və verəcəklər.

Hərbi ekspert Ədalət Verdiyevin fikrincə, Prezident İlham Əliyevin və I vitse-prezident Mehriban Əliyevanın Laçın və Kəlbəcər rayonlarına səfəri birbaşa olaraq Ermənistana və onu silahlandırmağa çalışan havadarlarına ünvanlanmış növbəti mesaj kimi qəbul edilməlidir. Onun sözlərinə görə, müharibədə darmadağın edilən Ermənistan məruz qaldığı itkilər fonunda əgər yenidən Azərbaycana qarşı təxribatçı hərəkətlərə yol verərsə bu, Ermənistanın növbəti ağır zərbə alması ilə nəticələnə bilər. Eyni zamanda Ermənistan silahlı qüvvələrinin həm rus sülhməramlıları olan ərazilərdə, həm də Azərbaycan sərhədində atəşkəsi pozması və təxribat yaratması onların darmadağın olmuş ordusunun tör-töküntülərinin də məhvinə gətirib çıxarar.

Hərbi ekspert bildirib ki, Azərbaycan hazırda Ermənistanla müqayisə olunmayacaq qədər güclü bir potensiala malikdir. Prezident İlham Əliyevin Kəlbərcədə Azərbaycan bayrağını qaldırması növbəti dəfə münaqişənin başa çatdığını və Azərbaycanın bu ərazilərdə artıq möhkəmlənməsinin sübutudur: "Bu ərazilərdə Azərbaycan artıq kifayət qədər geniş hərbi infrastruktur yaradır. Vaxtilə ermənilərin Kəlbəcərə çəkdikləri Basarkeçər-Kəlbəcər yolundan artıq Azərbaycan öz təhlükəsizliyini təmin etmək üçün istifadə edir. Odur ki, artıq qəhrəman erməni əsgəri yoxdur, böyük Ermənistan ideyası artıq məhv olub. Əgər ermənilər növbəti dəfə məhv olmaq istəmirlərsə, o zaman mövcud reallıqları qəbul etməli və Azərbaycan ilə sülh müqaviləsi imzalanması üçün nəzərdə tutulan ön proseslərin həyata keçirilməsinə başlamalıdır. Əks halda Ermənistan alçaldılmağa davam edəcək".

Mövzunu iqtisadi baxımdan şərh edən Milli Məclisin deputatı Vüqar Bayramov isə hesab edir ki, ölkə başçısının işğaldan azad edilmiş ərazilərə səfərləri Azərbaycanın gücünü və bu bölgənin qısa zamanda bərpa etmək potensialını göstərir: “Kəlbəcər və Laçın iqtisadi baxımdan Azərbaycan üçün vacib rayonlardandır. Kəlbəcər təbii ehtiyatlarına və Cənubi Qafqazda turizm potensialına görə seçilən rayondur. Kəlbəcər Cənubi Qafqazda çox azsaylı şəhərlərdəndir ki, fasiləsiz turizm xidmətləri təklif etmək imkanına malikdir. Burada yay-qış, tarixi, mədəni, dini, sağlamlıq turizm məhsulları təklif etmək mümkündür”. 

Deputat qeyd edib ki, Kəlbəcər və Laçın rayonları bərpa və yenidənqurmadan sonra Azərbaycan iqtisadiyyatına daha yaxından töhfə vermək imkanlarına malik olacaq: “Həm Kəlbəcər və Laçın arasında, həm də Kəlbəcərdə yeni nəqliyyat infrastrukturunun formalaşdırılması, Laçında beynəlxalq hava limanın inşası hər iki rayonun növbəti dövrdə stareji əhəmiyyətini daha da artıracaq. Laçında inşa ediləcək hava limanı bütövlükdə bölgənin potenisalının təbliğ edilməsi və təhlükəsizliyin formalaşması baxımından vacibdir. Bu, əslində regionun təhlükəsizliyinə dəstəkdir. Eyni zamanda hər iki rayonun turizm potensialının böyük olması Laçın beynəlxalq hava limanın rentabelli işləməsinə səbəb olacaq. Bu, artıq beynəlxalq uçuşların həyata keçirilməsi, turistlərin gəlməsi, həmin ərazidə istehsal olunacaq qeyri-neft məhsulllarının daha böyük coğrafiyaya, daha böyük bazarlara çıxarılması deməkdir”.

PƏRVANƏ 


 

 





17.08.2021    çap et  çap et