525.Az

Şahmat boksu - Yunis Xəlilov


 

AZ TANINAN FƏRQLİ BİR İDMAN NÖVÜ HAQDA

Şahmat boksu -<b style="color:red"> Yunis Xəlilov</b>

Yazımızda cəmiyyətimizin əksər üzvünə tanış olmayan bir idman növü - şahmat boksu haqqında məlumat vermək istərdik. Xəbəri olmayan insanlar üçün qəribə səslənsə də, bəli, doğru oxudunuz: Şahmat boksu.

Şahmat və boks bəlkə də çoxlarına görə yan-yana gətirilməyəcək qədər əlaqəsi olmayan iki ayrı idman növü hesab edilir. Həqiqətən də şahmat ən öndə gələn zehni idman növüdürsə, boks vəhşi bir idman növü sayılır. Lakin tanınmış filosof David Edmondsa görə bunların hər ikisinin ortaq nöqtələri var. Şotlandiyalı şahmat ustası Conatan Rovson da boksun şahmata ən çox bənzəyən idman növü olduğunu söyləyir. Onun fikrincə, ortaq tərəf rəqabətin saflığıdır: "Hər ikisində də təkbətək mübarizəyə vasitəçilik edən heç bir sey yoxdur. Boksda əlcək var, lakin top, qala, dəyənək yaxud da raket yoxdur... Vəhşilik və qəddarlıq da var. Boksda bu vəhşilik şəffaf, şahmatda isə bu, bir az daha ülvi bir səviyyədə olsa da, şahmatdakı qəddarlıq boksdakı qəddarlıqdan heç də geri qalmır". Ona görə şahmat matçındakı emosional itki və onun verdiyi ağrı boksla müqayisə oluna bilər. Şahmatda da qalib gəlmək çox ciddi güc tələb edir.

Sizə də maraqlı gəlmirmi ki, bu iki fərqli idman növü birləşərsə, meydana nə çıxar?! Məşhur bir deyimdə söylənildiyi kimi, "şahmat beynin işgəncəsidir". Bunu şahmat və boks idman növlərini birləşdirərsək, daha aydın görə bilərik.

Əslində, şahmat və boksu birləşdirmə ideyasının ilkin rüşeymləri 1970-ci illərə qədər gedib çıxır. Belə ki, London şəhərinə yaxın yerlərdə Robinzon qardaşları idman klublarının birində boks məşqləri zamanı fasilələr verilən zaman bir-birləri ilə şahmat oynamağı vərdiş halına gətirmişdilər. Lakin qeyd edək ki, "şahmat boksu" anlayışı ilk dəfə tayvanlı kino rejissoru Josef Kuo tərəfindən 1979-cu ildə çəkilmiş "Şahmat boksunun sirri" ("Mystery of Chessboxing") adlı kunq-fu filmi ilə gündəmə gəlmişdir.

Lakin bu da bir həqiqətdir ki, nə Robinzon qardaşlarının təcrübəsinin, nə də ki, adı çəkilən kunq-fu filminin bu gün sevilərək oynanılan şahmat boksu ilə demək olar ki, heç bir əlaqəsi yoxdur.

"Şahmat boksu" oyunu (ingiliscə -  "Chess boxing") fransız komiks (hər hansı hekayənin şəkillər vasitəsilə təsviri) rəssamı Enki Bilalın "Froid Equateur" ("Soyuq Ekvador") adlı kitabındakı (1992-ci il) rəsmdən ilham alınaraq onun tərəfindən icad edilmişdir. Lakin həmin kitabda təsvir edilən şahmat boksu oyununun qaydaları bir qədər fərqli idi və rəqiblər şahmat oyununda bir-birləri ilə qarşılaşmadan əvvəl 12 rauntluq bir boks matçında üz-üzə gəlirdilər.

Sonralar Ümumdünya Şahmat Boks Təşkilatının ("World Chess Boxing Organisation") qurucusu və keçmiş prezidenti də olmuş niderlandlı ifaçı Ayp Rubinq (İepe Rubingh) tərəfindən bu oyunun qaydaları daha da təkmilləşdirilmiş və şahmat boksu növbəli şəkildə oynanan şahmat və boks turlarından ibarət vahid bir oyun halına gətirilmişdir. Ayp Rubinq şahmatla boksun bu maraqlı qa-rışımını "bir nömrəli düşüncə və bir nömrəli güc sporu" adlandırmışdır.

Qeyd edək ki, ilk şahmat boksu yarışması 2003-cü ildə Berlində keçirilmişdir. Elə həmin il Niderland Boks Təşkilatı ilə Niderland Şahmat Federasiyasının qarşılıqlı birgə səyləri nəticəsində Berlində qurulmuş olan Ümumdünya Şahmat Boks Təşkilatının təşəbbüsü ilə Amsterdamda ilk dünya şahmat boksu çempionatı keçirilmişdir. Niderlandlı Ayp Rubinq (Iepe Rubingh) ve Jan Lui Vinstra (Jean Louis Veenstra) rinqdə qarşı-qarşıya gəlmiş, rəqibi şahmat oyununda vaxt çatışmazlığı ilə üzləşdiyi üçün Ayp Rubinq on birinci raundda oyunu qazanmış və ilk dünya şahmat boks çempionu olaraq tarixə düşmüşdür. Bu dünya çempionatından iki il sonra isə ilk Avropa Şahmat Boks Çempionatı 2005-ci ildə Berlində baş tutmuşdur.

Hazırda şahmat boksunun idarəetmə orqanları Ümumdünya Şahmat Boks Təşkilatı (WCBO) və Dünya Şahmat Boks Assossasiyasıdır (WCBA).
Bəs fiziki güc, strategiya və cəsarət tələb edən bu oyunun qaydaları necədir? Devizi "döyüşlər rinqdə baş verir, müharibələr isə lövhələr üzərində aparılır" olan "şahmat boksu"nda ya şah mat olmalıdır, yaxud da rəqib nokaut edilməlidir. Beləliklə, həm zehni, həm də fiziki güc birləşdikdə ortaya şahmat boksu çıxır. Oyun altı raund şahmat, beş raund boks olmaqla cəmi on bir raunddan ibarətdir. Şahmat taxtasında və ya rinqdə oyunu qazanmaq mümkündür.

Matç şahmat raundu ilə başlayır, sonra boks raundu, sonra yenidən şahmat raundu ilə davam edir. Hər şahmat raundu 4 dəqiqə, hər boks raundu isə 3 dəqiqə davam edir. Hər raund arasında oyunçuların paltarlarını dəyişdirmələri üçün bir dəqiqə fasilə verilir.
 Şahmatda mat olan, ya da müddətini ötürən, boksda isə nokaut olan, ya da hakim qərarı ilə məğlub elan edilən və ya hər iki oyundan birində matçdan çəkilən oyunçu məğlub olmuş hesab edilir. Əgər şahmat matçı bərabərə bitsə, boks matçında yaxşı bal alan matçı qazanır. Əgər boks matçında da bərabərlik olmuşsa, şahmatda qara daşlarla oynayan matçı qazanır.

Qaydalarına nəzər saldıqda aydın şəkildə təsəvvür etmək olur ki, bir şahmat boksçusunun bu oyunda uğur qazanması üçün onda iki fərqli idman növünə - şahmat və boks - xas olan yüksək peşəkarlıq qabiliyyəti olmalıdır. Təsadüfi deyil ki, professional bir şahmat boksu matçında oynamaq üçün oyunçudan şahmat üzrə ən azı 1600 elo reytinq balı, boks və ya buna bənzər döyüş növləri üzrə isə ən azı əlli həvəskar idmançı ilə matçda üz-üzə gəlmək tələb olunur.

Maraqlıdır ki, intellektual və fiziki gücü ahəngdar bir şəkildə sintez edən bu idman növünün fəlsəfi və psixoloji aspektləri hazırda bir sıra ölkələrin tədqiqat müəssisələrində alimlər tərəfindən elmi baxımdan da ciddi şəkildə araşdırılmaqdadır.

Şahmat boksunun inkişafına Beynəlxalq Şahmat Federasiyası (FİDE) da maraq göstərir. Belə ki, bu yeni idman növünün təşkilati və maddi bazasının möhkəmlənməsi məqsədilə 2008-ci ildə FİDE tərəfindən kredit ayrılmışdır.

Bu oyunun gün keçdikcə məşhurlaşmasında tanınmış şahmatçıların da böyük payı vardır. Məsələn, 2012-ci ildə Macarıstanda şahmat boksu peşəkar şahmat oyunçuları, xüsusilə də məşhur qadın şahmatçıları Susan Polqar, Sofiya Polqar, Yudit Polqar bacıları tərəfindən tanıdılmışdır.
2019-cu ildə isə müəyyən ağıllı telefonlarda, tabletlərdə və veb saytlarında rəqəmsal olaraq yayımlanan Red Bull TV-də şahmat boksuna xüsusi həsr olunmuş sənədli bir film də çəkilmişdir.

 "Şahmat boksu" Almaniya, Niderland, İspaniya, Fransa, İtaliya, Böyük Britaniya, Finlandiya, Çexiya, Ukrayna, Rusiya, Meksika, ABŞ, Hindistan, Çin, Filippin və Cənubi Afrika Respublikasında xüsusilə məşhurdur.

Məşhur boksçu Lenoks Kladius Levis (Lennox Claudius Lewis), keçmiş professional boksçu Vitali Klitçko (Vitali Klitschko) və bir çox digər boksçular "şahmat boksu" ilə məşğul olmaqdadırlar.

Dünya miqyasında sürətlə yayılmaqda olan bu idman növü qardaş ölkə Türkiyədə də sevilərək oynanılmaqdadır. Hətta 2019-cu ildə Türkiyədə Şahmat Boksu Federasiyası da təsis edilmişdir.

Fikrimizcə, bu idman növünün Azərbaycan Respublikasında da sistemli şəkildə təbliği həyata keçirilərsə, çox faydalı olar. Ümid edirik ki, dünya miqyaslı yarış və çempionatlarda ayrı-ayrılıqda şahmat və boks idman növlərində böyük nailiyyətləri olan ölkəmizdə yaxın gələcəkdə şahmat boksu ilə də məşğul olan peşəkar idmançılar yetişəcək.
 

 





17.08.2021    çap et  çap et