525.Az

Qeybdən gələn səslər - Zülfiyyə Mirzəyeva yazır


 

Qeybdən gələn səslər -<b style="color:red"> Zülfiyyə Mirzəyeva yazır</b>

Günəş şəhərinin düşüncəli qızı gözlərini bağlayıb dərindən nəfəs aldı. Ağzından çıxan "ah"ı boşluqlara buraxıb, gedəcəyi yeri öz beynində təhlil etdi: görəsən, hər kəsin danışdığı dünya necə yerdir? Orda həyatım necə olacaq? Buludlardan keçən ruhum bir bədəndə bütünləşib işıq saçacaq, yoxsa ümidlərin yanan çırağını söndürən olacaq? Kimlər yıxılanda əlimdən tutub qaldıracaq? Qəlbimdə silinməyən yaralar əvəzinə sevgi ilə irəliləyən ömür yollarıma yaşanacaqların ən gözəlini kimlər yazacaq?

Görəsən, dünyaya hansı rəngli gözlərlə  boylanacam? Anam məni əzizləyəndə "sarı saçlı qızım" deyəcək, yoxsa "qarabuğdayı  balam"?

Qorxuram, ilahi! Axı sən də bilirsən, neçə balaca ruh dünyanın xeyrini, şərini görmədən, rəngləri tanımadan, küskün şəkildə bu şəhərə geri göndərildi. 

Bunları düşünən balaca qızcığazın ağlında bəzi fikirlər bir-birini əvəz edirdi: Birdən anam da məni istəməyib balaca dünyamın hər yanını göyqurşağını tanımadan al-qırmızıyla rəngləsə? Edəcəyim kiçik bir səhvdə "sən pis uşaqsan, sən bacarmazsan" desə? Səhvimdə, düzümdə yanımda olmayıb, bunun əksinə bağrıma dağ çəksə? 

Yox, yox, olmasın, ay Allah. Axı mən çox balacayam. Onun sevgisinə ehtiyacım var.

İstəyirəm ki, anamın zərif əlləri saçlarımı sığallayan ipək olsun, üzümə dəyən zəncir yox. Dilindən çıxan sözləri dualar olub sevgi yağışı kimi yağan damlalar olsun, beynimdə min bir yara açan zəhərli sarmaşıq yox...

Bu zaman göyün ən yuxarı qatında incə bir səs ucalıb Günəş şəhərini nurlandırdı: "Ahum, dünyalar gözəli balaca körpəm. Bilirəm, sən bizi eşidirsən. Anan da, atan da sənin dünyaya gəlişini səbirsizliklə gözləyir. Sən bizim balaca dünyamızın ən əziz qonağı olacaqsan. Qızım, hər gün məni bu suallar düşündürür. Kimdən daha çox pay almısan? Nələr sənin balaca bədənini tamamlayacaq? Hansı duyğular hər gün bir az daha böyüyən qəlbində taxt quracaq? Qorxuram ki, incə ruhun incinər və mən səni qoruya bilmərəm. Amma bunu unutma ki, həyatının istənilən anında yanında görəcəyin iki mələk var. Biz səni çox sevirik". Balaca Ahu kəsilən səsin ardından bədəninin sol tərəfində  döyüntünü hiss etdi. Bu, Ahunun onu yaşadacaq olan qəlbi ilə ilk tanışlığı idi. İndi o, əmin idi ki, dünya düşündüyü kimi qorxulu yer deyil, çünki onu sevən, qoruyan iki mələk var.
 

 





18.08.2021    çap et  çap et