Ermənistan tərəfi 44 günlük Vətən müharibəsindəki acı məğlubiyyətindən dərs almayaraq yenidən müxtəlif təxribatlara əl atmaqla məşğuldur. Son günlər qarşı tərəfin sərhəddə törətdiyi təxribatlar, Azərbaycan ordusunun müxtəlif istiqamətlərdə mövqelərinin atəşə tutulması bunu deməyə əsas verir. Bu cür addımlar birbaşa 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın pozulması deməkdir. Rəsmi İrəvan sülhə, regional əməkdaşlığın qurulmasına, kommunikasiyaların açılmasına mane olmaqla məşğuldur ki, bu əməllərinin zərbəsinə də məhz özü tuş gələcək.
Prezident İlham Əliyev avqustun 14-də "CNN Türk" televiziya kanalına müsahibəsində bir daha Ermənistana xəbərdarlıq edərək onu tez bir zamanda sülh müqaviləsini imzalamağa çağırıb: "Mən bir neçə dəfə öz sözümü açıq demişdim ki, biz istəyirik Ermənistanla sülh müqaviləsi imzalansın. Ermənistan və Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü tanısınlar və sərhədlərin delimitasiyası, yəni, müəyyən edilməsi prosesi də başlasın. Ancaq bu günə qədər Ermənistandan müsbət cavab almamışıq. Belə görünür ki, Ermənistan buna hazır deyil, ya da bunun əleyhinədir. Mən söylədim ki, bu, böyük yanlışlıq olar və onlar özləri də peşman olacaqlar. Çünki biz bu təklifi masa üzərində əbədi saxlamalı deyilik. Əgər buna etiraz edirlərsə, açıq söyləsinlər ki, onlar Azərbaycanla sülh müqaviləsi imzalamaq istəmirlər. Belə olan halda biz də öz siyasətimizi buna uyğun şəkildə aparacağıq". Dövlət başçısı vurğulayıb ki, əgər Ermənistan buna hazırdırsa, əgər Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü tanımağa hazırdırsa, onda əlbəttə ki, bölgəyə uzunmüddətli sülh gələcək. Həmçinin, yolların açılması, Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası, yəni Cənubi Qafqazda uzun fasilədən sonra sülhün təmin edilməsi Azərbaycanla bərabər, Ermənistanın da maraqlarına cavab verir. Onlar da dəmir yolu ilə həm İranla, həm Rusiya ilə əlaqə yarada bilərlər.
Prezident vurğulayıb ki, Ermənistanda ifrat millətçilik, türkofobiya, azərbaycanofobiya, islamofobiya o dərəcədə insanların və hakim dairələrin beyinlərini zəhərləyib ki, onlar bunu istəsələr də, dilə gətirə bilmirlər.
Politoloq Zaur Məmmədov hesab edir ki, dövlət başçısının "CNN Türk" kanalına müsahibəsi aktual proseslər fonunda kifayət qədər ciddi maraq doğurur. Hər zaman olduğu kimi, bu dəfə də Prezident İlham Əliyev açıq və səmimi çıxışı ilə seçildi, həm Ermənistana, həm qonşu ölkələrə, həm də Minsk qrupuna üzv dövlətlərə, ümumiyyətlə, bütün dünyaya Cənubi Qafqazda bugünkü reallıqdan yaranan proseslərlə bağlı ciddi mesajlar ünvanladı.
Politoloq bildirib ki, Prezident çıxışında ATƏT-in Minsk qrupunun keyfiyyət əmsalının sıfıra bərabər olduğunu deməklə həmin dövlətlərə daha bir mesaj göndərdi ki, məhz onların ucbatından 44 günlük müharibə baş verdi və yaxşı olar bundan sonra Cənubi Qafqazdakı proseslərə xələl gətirməsinlər. Qeyd etdi ki, əgər töhfə verə bilirsinizsə, bunu edin, bacarmırsınızsa, bu məsələlərdən kənar dayanın.
Postmüharibə dövründən danışan Prezident İlham Əliyev minalanmış ərazilər mövzusuna da toxundu. Əslində, Azərbaycan tərəfi ilk dəfə tamamilə aydın şəkildə qeyd edirdi ki, son mərhələdə verilən mina xəritələrinin dəqiqliyi cəmi 25 faiz idi. Bu da Ermənistan tərəfinin nə qədər qeyri-səmimi olduğunu nümayiş etdirir.
Onun sözlərinə görə, Prezidentin Ermənistanın yeni müdafiə nazirinin çox məsuliyyətsiz bəyanatlar verdiyini bildirməsi heç də təsadüfi deyildi: "Dövlətimizin başçısı bununla həm Ermənistana, həm də ona dəstək olan qüvvələrə bu mesajı verdi ki, əgər həddinizi aşsanız, Azərbaycan yeni müharibəyə başlaya bilər. Bu zaman təbii olaraq hər kəsə məlumdur ki, Ermənistan Respublikasının varlığı sual altında qalacaq".
PƏRVANƏ
çap et