525.Az

“Taliban” hərəkatı və talibançılar - Həcərdən siyasi şərh


 

“Taliban” hərəkatı və talibançılar -<b style="color:red"> Həcərdən siyasi şərh</b>

Uzun illərdir, səsi çıxmayan, hardasa şələkətini yaşayan talibanların qəfildən güclənmiş şəkildə meydana çıxması, dünyanı lərzəyə salması düşməni zəif bilməyin timsalına çevrildi. 

Qəndəhar şəhərində Şeyx Məhəmməd Ömər tərəfindən bir mədrəsədə 30 nəfər tələbəsi ilə birlikdə əsası qoyulmuş Taliban hərəkatının hansı məqsədlə yaradılması haqda müxtəlif fikirlər var. Hansı məqsədlə yaradılır, yaradılsın, təşkilatın külli-miqdarda maliyyə dəstəyi aldığı göz qabağındadır. Hakimiyyətə gəldikləri vaxtdan əfqanları islam bayrağı altında birləşməyə çağıran talibançılar dövlətin rəsmi adını Əfqanıstan İslam Əmirliyi adlandırdılar. Taliban dövləti Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İçkeriya və Pakistan dövlətləri tərəfindən tanınıb ki, bunların da xüsusi məqsədləri vardı.       

Orta əsrlər cəza növlərini tətbiq edən talibilər (oğurluğa görə əllərin bir və ya hər ikisinin kəsilməsi) qadınlara qarşı özləri tərəfindən müəyyən edilmiş sərt, mühafizəkar şəriət qanunları  tətbiq etməyə başladılar. Qadınların təhsil alması, ictimai yerlərdə tənha görünməsi, hicabsız gəzməsi, kişi həkim tərəfindən müayinə olunması və s. qadağan olundu. 2001-ci ildə qızların yalnız 1 faizi orta təhsil ala bilmişdi. Talibançılar 2008-ci ildə Pakistanın şimal-qərbində 150 qız məktəbini məhv ediblər. Həmçinin televiziya, musiqi, musiqi alətlərindən istifadə, ağ ayaqqabı geymək də (bayraqları ağ olduğu üçün) qadağan olundu. Kişilər müəyyən uzunluqda saqqal saxlamalı, qara çalma və ağ paltar geyməli idilər. Təşkilat üzvləri digər dinlərə qarşı münasibətlərində hədsiz aqressivlik nümayiş etdirdilər. Əfqanıstanda III-IV  əsrlərə aid böyük tarixi budda abidələrinin, bir çox qiymətli tarixi abidələrin məhv edilməsi, yəqin ki, çoxlarının yadındadır. 

Bəzi məlumatlara görə, Talibanı da ABŞ Əl-Qaidə kimi ruslara qarşı mübarizədə istifadə etmək üçün yaradıb. Kəşmirdə hind işğalçılarına qarşı mübarizə aparmaqda müsəlmanlara kömək etməkləri də təşkilatın fəaliyyətinin bir tərəfi idi. 1978-ci ildə ruslar Əfqanıstanı işğal edəndə talibanlar mübarizənin istiqamətini yenə ruslara qarşı çevirdilər. Ruslar gizli və aşkar onlarla razılıqlara gəlmək istəsələr də (ABŞ-a qarşı), bu mümkün olmadı. İndi qəfildən meydana çıxan nəhəng alovun kül altında qalan qorunun hansı küləyin üfürməsi məlumdur və bu işin sonu Şərq ölkələri üçün o qədər də yaxşı olmayacağı açıq-aşkar görünür.

Sünni məzhəbinə itaət edən talibançıların şiələri də təqib etdiyi məlumdur. Əfqanıstanın bir çox bölgələrini, Məzari-Şərifin 14 rayonundan 9-nu nəzarət altına alan talibançıların məhərrəmlik ayının dini ayinlərini qadağan etdiyi bildirilir. 90-cı illərin əvvəllərində Azərbaycana mühacirət etmiş əfqan qaçqınlarının ikinci dalğasının gəlməyəcəyinə yalnız dövlət zəmanət verə bilər ki, bu, hələlik məlum deyil. Əfqanıstan şiələrinin böyük bir hissəsini təşkil edən hazara türkləri əhalinin 10 faizini təşkil edir ki, bunların da sayı təqribən 4 milyondur. Şiəliyin təqib olunması hazaraların və Əfqanıstanda yaşayan başqa şiə türklərin aqibətinin necə olacağını sual altında qoyur. 

Onu da əlavə edək ki, inkişaf etməkdə olan ölkələrdə fəaliyyət göstərən Britaniya Krallığının beynəlxalq humanitar təşkilatı Oxfamın Əfqanıstanda fəaliyyətinə icazə verildikdən sonra ölkədə camaatın vəziyyətini yaxşılaşdırmaq üçün müəyyən əməli fəaliyyətlər tətbiq olunmağa başlandı.

Yaşayış üçün aqroiqlim ehtiyatlarının hədsiz bərbad vəziyyətdə olduğu ölkədə o vaxtacan bütün əkinçilər hər hektarından yalnız 500 dollar gəlir götürə bildikləri hind çətənəsi əkirdilər. Heroin istehsalçıları isə  həmin hektardan bir ildə 203 milyon dollar gəlir götürürdülər. Oxsfam təşkilatının üzvləri əkinçilərə keyfiyyətli məhsul əldə etmək üçün müxtəlif çeşidli qiymətli toxum payladılar, bir şərtlə ki, narkotik məhsul əkməsinlər. Buna yalnız 150 fermerdən razılıq ala bildilər. Həmin əkinçilər ilin sonunda hər hektardan 1000-1500 dollar gəlir əldə etdilər. Lap qısa müddət sonra talibançılar həmin fermerlərin hamısını həbs edib türmələrə doldurdular. Onların qarşısında tələb qoydular ki, bir də həmin toxumlardan istifadə edib əkin əksələr, hamısını tutub güllələyəcəklər.  Fermerlərdən razılıq alandan sonra həbsxanalardan azad etdilər. Dövlət fermerləri müdafiə etmədi, çünki özü də külli-miqdarda gəlir əldə etmək üçün narkotik əkməkdə maraqlı idi və indi də elədir. Ölkə büdcəsinin 97 faiz gəliri nəşə istehsalından gəlir. Ölkədə nəşənin əkildiyi, istehsal olunduğu hər yerə silahlı talibançılar nəzarət edir. Bu narkotik vasitələrinin satışında isə əsas rollardan biri, iddialara görə (absurd olsa da), talibançıların düşmən kəsildiyi Rusiyaya məxsusdur. Burada tranzit kimi Rusiyanın təsir dairəsində olan Tacikistan ərazisindən istifadə olunduğu haqda müxtəlif xəbərlər dolaşır. 

P.S: Dünyanın çox yerində, xüsusən inkişaf etməkdə olan ölkələrdə layihələr həyata keçirən (içməli su, ətraf mühit, insan haqları, epidemioloji xəstəliklərin qarşısının alınması, müharibəyə qarşı fəaliyyət, icma planlaşdırılması və s.) Oxsfamın Şimali Afrika və Yaxın Şərq ölkələrindəki layihələrinin keyfiyyət üzrə aparıcı mütəxəssisi, əslən Azərbaycandan olan Ataqamın Yəmən, Suriya, İraq, Fələstin, İordaniya, Livan, Liviya, Misir, Əlcəzair, Qərbi Saxara, Şri-Lanka kimi ölkələrdə fəaliyyəti Əfqanıstanla da bağlı olub. Bu yazıda Ataqamın məlumatlarından da istifadə edilib.  
 

 





18.08.2021    çap et  çap et