Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 16-da Kəlbəcər və Laçın rayonlarına səfəri mühüm tarixi və strateji əhəmiyyətə malikdir. Dövlət başçısı səfər zamanı bəzi vacib məqamlara toxunaraq, Ermənistanın sərhəddə törətdiyi təxribatlar və gərginliklər fonunda ölkəmizin prinsipial və qətiyyətli mövqeyini bir daha ifadə etdi. Ermənistana, onun havadarlarına açıq və konkret mesajlar verdi. Dövlət başçısının toxunduğu mühüm məsələlərdən biri də ermənilərin qədim Azərbaycan torpağı olan indiki Ermənistan ərazisindəki toponimlərimizi saxtalaşdırmaları, özününküləşdirmələri ilə bağlı olub. Məlumata görə, XX əsrin əvvəllərində bu gün Ermənistan adlandırılan ərazidəki 2310 coğrafi addan 2000-i türk mənşəli olub. Məhz həmin ərazidə və Dağlıq Qarabağda zaman-zaman Azərbaycan tarixinə aid toponimlər kütləvi şəkildə dəyişdirilib. Ad dəyişdirilməsində məqsəd Azərbaycan izinin silinməsi olub. Toponimlərin dəyişdirilməsi prosesi II Dünya müharibəsindən sonra (1946- 1950-ci illərdə) daha da sürətlənib.
Prezident bu məsələ ilə bağlı deyib: "Durduğumuz yol ermənilər tərəfindən çəkilmiş Basarkeçər-Kəlbəcər yoludur. Onlar Ermənistanı Qarabağla birləşdirmək üçün ikinci yol çəkdilər. Laçın dəhlizindən əlavə. Beləliklə, Kəlbəcəri və digər əraziləri məskunlaşdırmaq və özlərinin gediş-gəlişini daha rahat etmək üçün bu yolu çəkdilər. Bu yol birbaşa Basarkeçər rayonuna gedir. Basarkeçər rayonuna Ermənistanda "Vardenis rayonu" deyilir. Ancaq bu rayonun, bölgənin əsl adı Basarkeçərdir, Göyçə mahalıdır, qədim Azərbaycan torpağıdır. 1930-cu ildə Basarkeçər rayonu Ermənistan ərazisində yaradılıb. Orada yaşayanların da mütləq əksəriyyəti azərbaycanlılar olmuşdur. O cümlədən, Zod kəndinin sakinləri də azərbaycanlılar idi, deportasiyaya məruz qalmışlar. Yalnız 1969-cu ilin iyun ayında Ermənistan Basarkeçər rayonunu, onun adını dəyişdirərək ona "Vardenis" adı qoymuşdur. Xahiş edirəm ki, Azərbaycanda bu bölgə ilə bağlı hazırlanan reportajlarda və ümumiyyətlə, bizim ümumi leksikonumuzda "Vardenis" yox, Basarkeçər adı bərpa edilsin. İndiki Ermənistan ərazisində yerləşən bütün digər qədim Azərbaycan yaşayış məntəqələri əsl adları ilə də çağırılmalıdır. Misal üçün, Naxçıvan-Ermənistan sərhədində mövcud olan gərginliklə bağlı mən indi mətbuatı izləyirəm. Bizim mətbuatda yazılıb ki, Ermənistanın "Yerasx" kəndində, onun ətrafında hansı hadisələr baş verir. Bu kəndin adı Arazdəyəndir və azərbaycanlılar deportasiyaya qədər orada əbədi yaşayıblar. Ona görə bütün qədim, yəni tarixi adlar bərpa edilməlidir. Bu adlar bizdə müxtəlif kitablarda da öz əksini tapıb. Ona görə xahiş edirəm ki, həm jurnalistlər, həm ümumiyyətlə, insanlarımız bu yerlərin əsl adlarını çəksinlər - Vardenis yox, Basarkeçər rayonu, Basarkeçər şəhəri".
Prezident vurğulayıb ki, həm Qarabağ, həm Zəngəzur tarixi dədə-baba torpağımızdır. Qarabağ iqtisadi rayonunda bütün Qarabağ bölgəsinə aid olan rayonlar, Şərqi Zəngəzur iqtisadi rayonunda Şərqi Zəngəzura aid olan rayonlar birləşdi: "Qərbi Zəngəzur isə hazırda Ermənistanın nəzarəti altındadır. Ancaq Zəngəzur dəhlizinin çəkilişi nəticəsində əlbəttə ki, biz bu dəhlizdən istifadə edib öz vətəndaşlarımızı dədə-baba torpaqlarımıza qaytaracağıq. Belə planlar var və bu da təbiidir. Çünki bizim vətəndaşlar indiki Ermənistan ərazisindən, təkcə Zəngəzur mahalından yox, Göyçə mahalından da, - bura ilə həmsərhəddir, - zorla qovulmuşlar və onların tam haqqı var ki, gedib öz dədə-baba torpaqlarında yaşasınlar. Biz bunu sonrakı mərhələyə saxlayırıq".
İndiki mərhələdə əsas vəzifə isə müharibənin nəticələrini möhkəmləndirmək, azad edilmiş torpaqlarda möhkəmlənmək, Azərbaycan-Ermənistan sərhədində bundan sonra da mövqelərimizi gücləndirməkdir. Yenidənqurma, bərpa işləri də əsas vəzifələrdən biridir.
Mövzu ilə bağlı danışan politoloq İlyas Hüseynov deyib ki, Prezidentin iyulun 7-də imzaladığı "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" Fərmanı tarixi, siyasi, iqtisadi və hüquqi xarakter daşıyır. Azərbaycan ərazisində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması ölkəmizin qarşısında yeni prioritetlər müəyyənləşdirdi. Bu, həm tarixə, həm də gələcəyə əsaslanır. Göyçə mahalında və Qərbi Zəngəzurda azərbaycanlıların yaşaması tarixi ədalətin bərpası ilə yanaşı, vətəndaşlarımızın tam hüququdur: "Ümumiyyətlə, həmin torpaqlar bizim tarixi, dədə-baba torpaqlarımızdır. Bu ərazilər üzərindəki hüquqlarımızı da bərpa etməliyik. Çünki bizim vətəndaşlar təkcə Zəngəzur mahalından yox, Göyçə mahalından da zorla qovulublar və onların tam haqqı var ki, gedib öz dədə-baba torpaqlarında yaşasınlar.
Digər önəmli məsələ isə toponimlərlə bağlıdır. Hazırda Basarkeçər rayonuna Ermənistanda "Vardenis" deyilir. Ancaq bu rayonun, bölgənin əsl adı Basarkeçərdir, Göyçə mahalıdır və həmin ərazi qədim Azərbaycan torpağıdır. 1930-cu ildə Basarkeçər rayonu Ermənistan ərazisində yaradılıb. Basarkeçərdə yaşayanların da mütləq əksəriyyəti azərbaycanlılar olub. Yalnız 1969-cu ilin iyun ayında Ermənistan Basarkeçər rayonunun adını dəyişdirərək "Vardenis" adlandırıb. Azərbaycanda bu bölgə ilə bağlı reportajlar hazırlayan zaman və ümumiyyətlə, bizim ümumi leksikonumuzda "Vardenis" yox, Basarkeçər adı bərpa edilməlidir. Bununla yanaşı, Naxçıvan-Ermənistan sərhədində gərginliklə bağlı mediada tarixi yer adlarına diqqət yetirilməlidir. Hazırda Ermənistanın "Yerasx" kəndinin tarixi adı Arazdəyəndir və azərbaycanlılar deportasiyaya qədər orada əbədi yaşayıblar. İndiki Ermənistan ərazisində yerləşən bütün digər qədim Azərbaycan yaşayış məntəqələri əsl adları ilə də çağırılmalıdır. Bütün qədim, yəni tarixi adlar bərpa edilməlidir".
PƏRVANƏ
çap et