525.Az

Əbədiyyətdəki əziz ünvanlarımız - Şəhidlər ölməz, Vətən bölünməz!


 

Əbədiyyətdəki əziz ünvanlarımız - <b style="color:red"> Şəhidlər ölməz, Vətən bölünməz!</b>

Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də deyirlər buna. Bu, müqəddəs şəhidlik zirvəsidir ki, hər kəsə qismət olmaz.

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağın azadlığıyla nəticələndi.

Müharibə varsa, şəhid də var, qazi də, itkin də... Nə yazıq ki, bu müharibəmiz də qurbanlarsız ötüşmədi. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. "525-ci qəzet" olaraq bu layihəmizdə mütəmadi şəkildə hissə-hissə həmin igidlərimizi oxucularımıza tanıtdıracağıq. Hər biri bir qəhrəmanlıq dastanı olan bu həyatlarla qürur duyur, onları unutmayacağımıza, unutdurmayacağımıza söz veririk! Allah hər birinə rəhmət eləsin!

P.S. Bu layihəmizə dəstək olmaq üçün ətrafınızda tanıdığınız, bildiyiniz şəhidlər varsa, həyat yoluna güzgü tutmaq məramı ilə müəllifin göstərilmiş e-mail ünvanıyla əlaqə saxlaya bilərsiniz!

[email protected]

***

Ömər Şəhmir oğlu Qurdayev 2002-ci il iyulun 13-də Balakən rayonunun Meşəşambul kəndində anadan olub. 2008-2019-cu illərdə M.Hudulov adına Meşəşambul kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

Ömər Qurdayev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.

Azərbaycan Ordusunun əsgəri olan Ömər Qurdayev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ömər Qurdayev sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Balakən rayonunun Meşəşambul kəndində dəfn olunub.

Ömər Qurdayev şəhadətindən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

***

Ağayusif Mübariz oğlu Əliyev 1 sentyabr 1992-ci ildə Ucar rayonunun Bağban kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb.

Azərbaycan Ordusunun əsgəri olan Ağayusif Əliyev 2020-ci il sentyabrın 27-dən başlanan Vətən müharibəsində iştirak edib. Füzuli və Xocavənd döyüşlərində vuruşub. Ağayusif Əliyev Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.
Ağayusif Əliyev şəhadətindən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. 

*** 

Nahid Musa oğlu Ağalarov 1983-cü il dekabrın 14-də Goranboy rayonu Xan Qərvənd kəndində anadan olub. Hərbi xidmətini 2002-2003-cü illərdə başa vuran Nahid 2014-cü ildən yenidən ordu sıralarına yollanır. O, Müdafiə Nazirliyinin N saylı Hərbi hisəsində MAXE vəzifəsində xidmət edirdi. 

2018-ci ildə Tinatin xanımla ailə həyatı quran Nahidin Zəhra adlı qız övladı var. 

Vətən müharibəsi başladığı andan ön cəbhədə döyüşlərdə canla-başla vuruşub, Xocavəndin azadlığı uğrunda savaşıb. 

Son dəfə ailəsiylə 23 noyabrda danışıb. Qızı Zəhranı yoldaşına əmanət edib və elə həmin gün - 23 noyabr 2020-ci ildə Şuşa yolunda minaya düşərək şəhidlik zirvəsinə ucalıb. 

Nahid Ağalarov şəhadətindən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub. 

*** 

Abdulla Sultan oğlu Paşayev 1998-ci il iyulun 24-də Gəncə şəhərində anadan olub. 2004-2015-ci illərdə Gəncə şəhərində 42 nömrəli tam orta məktəbdə təhsil alıb. 2017-2019-cu illərdə isə Gəncə Dövlət Universitetinin (GDU) nəzdində Regional Kollecində təhsil alıb. Subay idi.
Abdulla Paşayev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.

Azərbaycan Ordusunun əsgəri olan Abdulla Paşayev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.
Abdulla Paşayev şəhadətindən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub. 

*** 

Ağali Tağı oğlu Ağayev 1995-ci il aprelin 29-da Siyəzən rayonunun Balaca Həmyə kəndində anadan olub. 2001-2012-ci illərdə Siyəzən şəhərində N.Əsədov adına 4 nömrəli tam orta məktəbdə təhsil alıb.

O, 2013-2014-cü illərdə Dövlət Sərhəd Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə "gizir" hərbi rütbəsində xidmət edirdi.

Azərbaycan Ordusunun kiçik giziri olan Ağali Ağayev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Kəlbəcərin,  Cəbrayılın, Füzulinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ağali Ağayev oktyabrın 26-da Xocavənd döyüşləri zamanı şəhid olub. Siyəzən rayonunun Balaca Həmyə kəndində dəfn olunub. 

Ağali Ağayev şəhadətindən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Cəbrayılın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib. 

*** 

Ayxan Fikrət oğlu Qədimov 1999-cu il aprelin 30-da Şəmkir rayonunun Morul kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb.

Azərbaycan Ordusunun əsgəri olan Ayxan Qədimov 2020-ci il sentyabrın 27-dən başlanan Vətən müharibəsində iştirak edib. Bir çox hərbi əməliyyatlarda vuruşub. Noyabr ayının əvvəllərindən başlayan Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşan Ayxan Qədimov döyüş tapşırığını yerinə yetirərkən şəhidlik məqamına yüksəlib. Onun nəşi 30 noyabr 2020-ci ildə tapılaraq Şəmkir rayonunun Morul kəndində torpağa tapşırılıb.

Ayxan Qədimov şəhadətindən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

*** 

Cabar Əşrəf oğlu Əkpərov 2002-ci il iyulun 17-də Xaçmaz rayonunun Müşfiq kəndində anadan olub. 2007-2018-ci illərdə T.Bayramov adına Müşfiq kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

O, 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Cabar Əkpərov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb və oktyabrın 7-də Ağdərə istiqamətində şəhidlik zirvəsinə ucalıb. Xaçmaz rayonunun Müşfiq kəndində dəfn olunub.

Cabar Əkpərov şəhadətindən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub. 

*** 

Cəmil Fikrət oğlu Xələfov 1997-ci il fevralın 25-də Quba rayonunun Nərimanabad kəndində anadan olub. Subay idi.

Cəmil Xələfov 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Kəşfiyyatçı-pulemyotçu idi.

Azərbaycan Ordusunun əsgəri olan Cəmil Xələfov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 8-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Quba şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.
Cəmil Xələfov şəhadətindən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub. 

*** 

Cilingir Azad oğlu Nəbiyev 1996-cı il yanvarın 18-də Tovuz rayonunun Şıxheybət kəndində anadan olub. 2013-2015-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Kollecində "Texnologiya müəllimliyi" üzrə təhsil alıb. 

O, 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun giziri olan Cilingir Nəbiyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin və   Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cilingir Nəbiyev oktyabrın 27-də Qubadlı döyüşləri zamanı şəhidlik məqamına yüksəlib və Tovuz rayonunda dəfn olunub.

Ailəli olan şəhidimizin bir oğlu yadigar qaldı. Cilingir Nəbiyev şəhadətindən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub. 

*** 

Elxan Maarif oğlu Hüseynov 12 mart 2000-ci ildə Qaradağ rayonununda anadan olub. Atası Maarif Hüseynov Cəbrayıl rayonu Daşkəsən kəndindən, anası Sevil Xəlilova isə Ağdam rayonunun Yusifcanlı kəndindəndi. Orta məktəbi bitirdikdən sonra 2018-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidməti bitirdikdən sonra xüsusi təyinatlılarda MAHHXHQ əsgər kimi hərbi xidmətini davam etdirib.

Qarabağın azadlığı uğrunda Azərbaycan ordusu sıralarında əməliyyatların ilk günlərindən döyüşlərə qatılan cəsur kəşfiyyatçı Elxan Hüseynov Xudafərin körpüsünə üç rəngli bayrağımızı sancıb, cənab Ali Baş Komandan İlham Əliyevə məruzə edən qrupun üzvlərindən biri olub, Füzulidən Şuşaya qədər şanlı döyüş yolu keçib, Zəfərə sayılı günlər qala - 6 noyabrda düşmən gülləsinə tuş gələrək yaralanıb. Onu döyüş meydanından təxliyə edən təcili yardım maşını isə minaya düşüb. Yenidən yaralanan Elxanı tapanda onun şəhid olduğunu düşünüblər. İki dəfə əməliyyat olunmasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmadı, Elxan uzun müddət komada qaldıqdan sonra 13 dekabr şəhidlik zirvəsinə ucaldı.

Elxan Hüseynov şəhadətindən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub. 

*** 

Elsevər Mahir oğlu Piriyev 1995-ci il iyunun 12-də Ağcabədi rayonunun Arazbar kəndində anadan olub. 2001-2010-cu illərdə C.Həsənov adına Arazbar kənd tam orta məktəbində, 2013-2015-ci illərdə isə A.Sultanov adına Kürdlər kənd tam orta məktəbində təhsil alıb. 

Elsevər Piriyev 2013-2015-ci illərdə Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Elsevər Piriyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 16-da Hadrut döyüşləri zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Ailəli olan şəhidimizdən əmanət Uğur və Ümüd adında iki oğlu qaldı.

Elsevər Piriyev şəhadətindən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub. 

*** 

Elmar Elçin oğlu Mamedov 2001-ci il iyulun 7-də Balakən rayonunun Mahamalar kəndində anadan olub. 2008-2019-cu illərdə R.Baxışov adına 218 saylı Binə qəsəbə tam orta məktəbində təhsil alıb.

Elmar Mamedov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində xidmət edirdi.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elmar Mamedov sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Elmar Mamedov oktyabrın 6-da Tərtər istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Balakən Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Elmar Mamedov şəhadətindən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub. 

***

Elnur Eldar oğlu Quliyev 1984-cü il iyulun 25-də Füzuli rayonunda anadan olub. Onun əmisi - Nazim Quliyev Birinci Qarabağ müharibəsinin şəhididir. 1993-cü ilin avqustunda Füzuli rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən sonra Quliyevlər ailəsi Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində yaşamağa başlayıb. Elnur da 1991-2001-ci illərdə Qəhrəmanlı qəsəbə tam orta məktəbində təhsil alıb. 2002-2006-cı illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) "Artilleriya" ixtisası üzrə ali təhsil alıb. 

Elnur Quliyev 2006-cı ilin iyulundan 2007-ci ilin iyununa qədər Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində (TTM) "Yerüstü Artilleriya Tağım Komandiri" Kurslarında olub. 2007-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gəncə şəhərində yerləşən N saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmət edib. 2013-2015-ci illərdə Gədəbəy rayonunda yerləşən N saylı hərbi hissədə Bölüyün Komandiri, 2015-2019-cu illərdə isə Ağstafa rayonunda yerləşən N saylı hərbi hissədə Maddi-Texniki Təminat (MTT) Bölüyü Komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifələrində xidmət edib.

Daha sonra o, Beyləqan rayonunda yerləşən hərbi hissələrdə xidmət edib. Elnur Quliyev həmin hərbi hissələrdə "mayor" hərbi rütbəsində Divizion Komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət edib. Son olaraq Beyləqan rayonunda yerləşən N saylı Əlahiddə Kəşfiyyat Taborunda Tabor Komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət edib.

Mayor Elnur Quliyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı təxliyə rəisi vəzifəsinə təyin olunub. Amma vəzifəsinin cəbhədən geridə təxliyə prosesinin idarə edilməsi olmasına baxmayaraq, o, Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şəxsən savaşıb. Füzuli rayonu ərazisində olan İlanlı dağına Azərbaycan bayrağını sancan birinci hərbçi olub. Elnur Quliyev oktyabrın 2-də Füzuli döyüşləri zamanı mühasirəyə düşən şəxsi heyətin xilas edilməsi üçün Tabor Komandiri və 4 nəfər döyüş yoldaşı ilə birgə döyüşə daxil olub. Ermənistan Ordusunun səngərinə daxil olaraq onların xeyli sayda canlı qüvvəsinin məhv edilməsində, həmçinin, şəxsi heyətin xilas edilməsində və Ermənistan Ordusunun irəliləməsinin qarşısının alınmasında fərqlənib. Döyüşlər zamanı Elnur Quliyev və Tabor Komandiri Orxan Əkbərov, həmçinin, digər dörd döyüş yoldaşı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıblar. Elnur Quliyev Füzuli rayonunda dəfn olunub.
Ailəli olan şəhidimizin Vətənə əmanət bir oğlu və bir qızı qalıb.

Elnur Quliyev şəhadətindən sonra "Vətən uğrunda" medalı, "Azərbaycan Bayrağı" ordeni və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

*** 

Mirhüseyn Miryunis oğlu Seyid-Zadə 11 fevral 1991-ci ildə Moskva şəhərində doğulub. 1997-2006-cı illərdə M.Ə.Sabir adına 5 nömrəli məktəbdə təhsil alıb. 2007-ci ildə Gəncə Humanitar Kollecinə (indiki Gəncə Dövlət Regional Kolleci) daxil olub. 2010-cu ildə kolleci "Gömrükxana işi" ixtisasıyla bitirib. Hərbi xidmətini başa vurduqdan sonra 2016-2017-ci illərdə İstanbul şəhərində özəl şirkətdə çalışıb. 

Mirhüseyn Seyid-Zadə 2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən hərbi xidmətə çağırılıb, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edib.

2018-ci ildə Azərbaycana geri dönərək, Azərbaycan Sülhməramlı Qüvvələrinə qatılıb. 2020-ci il iyulun 7-dən etibarən Bakı şəhərində sülhməramlıların tərkibində təlimlərə başlayıb.

Azərbaycan Ordusunun Sülhməramlı Qüvvələrinin əsgəri olan Mirhüseyn Seyid-Zadə 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində iştirak edərək Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. O, 8 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib və 9 oktyabr 2020-ci ildə Gəncə Şəhidlər xiyabanında dəfn olunub.

Mirhüseyn Seyid-zadə şəhadətindən sonra "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib. 

*** 

Mirzağa Məmmədbağır oğlu Əliyev 1996-cı il iyunun 15-də Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olub. 2002-2011-ci illərdə Xıllı qəsəbəsində R.Gözəlov adına 1 nömrəli tam orta məktəbdə, 2011-2014-cü illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) alıb.

Mirzağa Əliyev 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən N saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində Taqım Komandiri vəzifəsində xidmət edirdi.

Azərbaycan Ordusunun leytenantı olan Mirzağa Əliyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda savaşıb və oktyabrın 7-də Cəbrayıl rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman Ermənistan Ordusunun canlı qüvvəsini məhv edib, geri qayıdan zaman isə onun və döyüş yoldaşlarının olduğu Piyadanın Döyüş Maşını (PDM) ermənilər tərəfindən vurulub. Mirzağa Əliyev digər 2 döyüş yoldaşını maşından çıxarsa da, özü şəhidlik məqamına yüksəlib. Neftçala rayonunda dəfn olunub. 

Mirzağa Əliyev şəhadətindən sonra "Azərbaycan bayrağı" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

*** 

Mətləb Vüqar oğlu Ələsgərov 1999-cu il iyulun 18-də Ağstafa rayonunun Köçəsgər kəndində anadan olub. 2005-2016-cı illərdə A.Ələkbərov adına 2 saylı Köçəsgər kənd tam orta məktəbində, 2016-2020-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz-neft mədən fakültəsində Neft-qaz qurğuları mühəndisliyi ixtisası üzrə təhsil alıb. 2020-ci ildə həmin fakültənin magistratura pilləsini qazansa da, hərbi xidmətlə əlaqədar təhsilini dondurub. 

Nişanlı olan Mətləb Ələsgərov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Mətləb Ələsgərov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 7-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhidlik məqamına ucalıb. Ağstafa rayonunun Köçəsgər kəndində dəfn olunub.

Mətləb Ələsgərov şəhadətindən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. 

*** 

Zamanət Gülhəsən oğlu İbrahimov 1989-cu il mayın 11-də Salyan rayonunun Sarvan kəndində anadan olub. 1997-2007-ci illərdə İ.Həsənov adına tam orta məktəbdə təhsil alıb.

Zamanət İbrahimov 2007-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2009-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. 2009-2011-ci illərdə Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə, 2011-2014-cü illərdə Göygöl rayonuda yerləşən N saylı hərbi hissədə, 2014-2017-ci illərdə Goranboy rayonunda yerləşən N saylı hərbi hissədə, 2017-ci ildən isə Naftalanda yerləşən N saylı hərbi hissədə xidmət edirdi.

Azərbaycan Ordusunun giziri olan Zamanət İbrahimov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və sentyabrın 27-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Salyan rayonunda dəfn olunub.
Zamanət İbrahimov şəhadətindən sonra "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Suqovuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

 





19.08.2021    çap et  çap et