525.Az

Yazmaq və yazdırmaq - Təranə Arifqızı yazır


 

FİLM KİMİ HƏYAT

Yazmaq və yazdırmaq -<b style="color:red"> Təranə Arifqızı yazır</b>

- Möhsün, yaz!

- Yox, daha yazmıram!

Yəqin ki, xatırladınız. Axırda Möhsün də başa düşür ki, Gülümsərovun dediklərini yazmaq, özünü gülüş hədəfinə keçirməkdir. Və... Gülümsərovun da ağlına gəlməzdi ki, ona "yazı masası" olan bu adam yazmaqdan imtina edəcək. İndi Möhsünün yazdıqlarını yazmağa nə var? Sonda qarpız verilən qoltuqlara nə içi dolu portfel, nə də mürəkkəb-qələm lazımdır. Otuz iki hərfin başına döyə-döyə kiminsə evini yıxmağa nə var ki? Bir "Alo..." kəlməsi də bəsdir. Yalanla ev yıxılmaz, deyəcəksiniz. Haqq öz yerini gec-tez tapar, deyəcəksiniz. Eh, sizin dediklərinizi gözləyincə, haqlının başına min cür qəzavü-qədər gəlir. Salamat çıxa, ya çıxmaya.

Bu yazmaq ki var, çox qəliz məsələdir. Neçə cürə yazmaq var. Məsələn, bizim kimilər şeir yazır, roman yazır, məqalə yazır... acı həqiqəti yazır. İçindəki yazmaq yanğısına bu yolla su səpir. Özü də təmənnasız yazır. Təmənna deyəndə pis başa düşməyin. Hər yazının haqqı olur. Qəzetlər, jurnallar, saytlar yazı müəlliflərinə yazdıqlarının haqqını bəzən ödəyir, bəzən gücü çatmır. İndi də o qədər yazan var ki, büdcəni bütöv ayırsalar, yenə heç kimi razı salmaq mümkün olmaz. Yaşamaq üçün yazmaqdansa, yazmaq üçün yaşamaq daha faydalıdır.

Neçə illərdir yazıram. Yadımdadır, ilk dərc olunan yazımı 2005-ci ildə "Mədəni-maarif" jurnalının səhifəsində görəndə uşaq kimi ağlamışdım. Faşizm üzərində qələbənin 60 illiyi münasibətilə kəndimizdə yeganə Sovet İttifaqı Qəhrəmanı olan Qəzənfər Əkbərovdan bəhs edən "Vətən üçün ölənlər" adlı yazı idi. Elə kitabxanada jurnalın üz qabığından ünvanı götürüb, on iki səhifəlik əlyazısını əlimlə düzəltdiyim zərfin içinə qoyub, yapışqanla bərkitmişdim. "Ya Allah, tutar qatıq, tutmaz ayran" deyib, işlədiyim yerin yaxınlığındakı poçt qutusuna salmışdım. Gözləmədiyim halda məqaləni dərc etmişdilər. Sonra 2008-2009-cu illərdə "Şərq qapısı" qəzetinə göndərdiyim qələm məhsullarıma görə mənə hərdən 2-3 manat qonorar vermişdilər ki, dövlətdən aldığım əməkhaqqıdan çox sevinmişdim buna. Yazanlar yaxşı bilir, o pulun içində sənin ruhundan, qanından, ürəyindən, qələmindən gələn hisslərə verilən qiymət var. Bu da adamı yazmağa ruhlandırır. İndi zaman dəyişib, yazının dərc olunduğunu görmək belə adamı çoxsaylı mövzuların içinə çəkib aparır.

"O olmasın, bu olsun" filmində bir yer var. Filmin sonuna yaxın hər şeydən əli çıxan Məşədi İbad  qəzet işçisinə üz tutur:

- Ay Rza bəy, o qələmüvü götür əlivə, bu əhvalatı öz qəzetendə yazginən, Rüstəm bəyi biabır elə.

Yox, narahat olmayın, məqsədimiz sizi biabır etmək deyil. Bu, bizim məsləyimizə "müğayirdir". O günü qarşıma bir məsələ çıxdı. Gördüm ki, yazsam öldürərlər, yazmasam ölləm. Mən də öldürülməyi gözə aldım. Qəribədir, harada bədəməl adamlar, işlər var, gərək mənim qabağıma çıxa. Qismət, nə bilim...

Fikirləşirəm, görəsən, başqası adamı necə şair edə bilər? Şairlik diplom deyil, qızıl medal deyil, villa deyil ki, pulla alasan. Gərəkdir, o sözü deyənin hüsnü-camalına, xarakterinə Tanrı kimi vurulasan və yazmaqdan vaz keçə bilməyəsən. Əstəğfürullah! Düşünməkdən beynim qazana dönəndə cavab özü gəlib məni tapdı. Hər şeyin yolu varmış. Hətta şair olmağın da, kimisə şair etməyin də. Bəzi "ziyalılarımız" gənclərə yol göstərməyi səhv anlayırlar. "Bu, mənim "yetirməmdir!"- demək üçün, o uşağın gələcəyini bilərəkdən korlayırlar. Gənc şairin 6-7 bəndlik şeirinin arxasına, ya da önünə redaktə bəhanəsilə qırx bənd əlavə edib poema "düzəldirlər". Yaxud da, "bu, mənim, bu, mollanın, birisi sənin, birisi mənim"- məsəli. Mövzu da aktual. İnsafən, pis də alınmır. Heca, qafiyə də (Sovet qafiyəsi!!) yerli-yerində. Müəllifin (əsl yazanın yox ha, müəllifin) yaşına baxanda, doğrudan da yeni bir istedadın parladığını düşünür adam. Amma uşaq vaxtı anamın qabağımıza qoyduğu keçələşmiş yun kimi mövzunu didişdirəndə, içindən kəpəkdən başqa heç nə çıxmır. Bəlkə də şairliyin nə olduğunu bilməyən o uşaqda həqiqətən istedad var. Onu gələcək göstərəcək. Onun səhvini bağışlamaq olar. Hansısa bir məqsəd üçün (sözsüz ki, ilk başda özünüzün gəlir-çıxarı durur) indi saxta qanad taxdığınız mələyin həqiqi qanadlarını qırmayın, nə olar. İmkan verin, bu dayaz dünyanın dərininə varmaqla, özünə yol tapmaq üçün çabalasın. Gözünü açsın görsün ki, həyat əyalətdən başlasa da, zamanla ayaqlaşmaq üçün dünyanı dörd gözlə ovcuna almalıdır.

Bir dəfə biri mənə məsləhət gördü ki, özün öz yaradıcılığın haqqında yaz, başqasının adıyla ver qəzetə. İndi onsuz da heç kim, heç kim haqqında heç nə yazmır... yazdıran çox, yazan az. Çoxusu da mövzunu "bu, başqa məsələ" ilə yola verir. Eləcə düb-düb baxmışdım məsləhətçinin üzünə. Necə yəni, bilərəkdən özümü öldürmək cinayət sayılmazmı? Onsuz da son vaxtlar intiharlar artıb. Bu, heç də cəmiyyət tərəfindən yaxşı qarşılanmır. Onsuz da mən yazdıqlarımın mənasını, bəlkə də özümə görünən, özümdən keçən üzünü hər kəsdən daha yaxşı bilirəm. Mənə maraqlı olan başqalarının yazdıqlarımda nə görməsidir. Bir bənd şeirə üç-dörd aspektdən yanaşanda, oxucuya da maraqlı gəlir.

Demə, mən saf yatmışam fil qulağında. Zəmanədən nə qədər geri qalmışam, ay Allah! Nəinki məqalə, insan öz yaradıcılığını öz bildiyi kimi təhlil edib kitab çıxartdıra bilər. Bu, sulu namazdı. Hətta onu tanınmış bir imza ilə nəşr də elətdirə bilərmiş. Qarşılaşdığımda, mən də sizin kimi burda təəccüblü nə var, -deyə düşündüm. Dərinə gedəndə cinayətə, intihara hələ bir şərik qoşmağı da ağlıma yerləşdirə bilmədim.

***

 - O nədir?

-Nə olacaq, sənin əlindən zara gəlmiş kolxozçuların şikayəti... yeyintiyə yol verirsən, demokratiyanı boğursan...

- Yazan kimdir? Altında qol var?

- Bunun əhəmiyyəti yoxdur...

- Namusu olan açıq yazar, yüz belə kağız yazıla, mən öz yolumdan dönən deyiləm... 

Nə Kələntər lələşlər, nə Salmanlar, nə də yazmaqdan barmaqları cadar olmuş Yarməmmədlər böyük dayaqları yıxa bilmədilər.

Ey gidi dünya, səndə bilib-bilmədiyimiz nələr var hələ?

Mən də yazdıqlarımın altından imzamı qoyuram. Çünki ortada namus məsələsi var, əziz oxucu!.. 


 

 





19.08.2021    çap et  çap et