525.Az

Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq ixtisası 25 yaşında - Yunis Xəlilov yazır


 

Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq ixtisası 25 yaşında -<b style="color:red"> Yunis Xəlilov yazır</b>

Ölkəmizdə müasir dövlətçilik ənənələrinin bərqərar olması, insan hüquq və azadlıqlarının təmin edilməsi, eləcə də zamanın tələbi ilə səsləşən geniş diapazonlu mütərəqqi hüquq islahatlarının aparılması xalqımızın əbədiyaşar xilaskarı Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu öndərin rəhbərliyi altında hazırlanmış, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyası dövlətimizin tarixində demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun təməlini, insan hüquq və azadlıqlarının mühafizə altına alınmasının əsasını qoymuşdur.

Konstitusiyanın qəbulundan sonra məhkəmə və hüquq-mühafizə orqanlarının fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılması məqsədilə zəruri qanunvericilik aktları qəbul olunmuş, bir sıra modern hüquqi təsisatlar yaradılmışdır.

Hazırda Ulu öndər Heydər Əliyevin ölkəmizdə hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin inkişafı naminə üzərinə götürdüyü son dərəcə məsuliyyətli missiyanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirməkdədir.

Məlum olduğu kimi, ölkəmizdə sistemli şəkildə aparılan hüquq islahatları yüksək peşə keyfiyyətlərinə malik, günün tələblərinə cavab verən ixtisaslı hüquqşünas kadrların yetişdirilməsi zərurətini ortaya çıxarır. Təsadüfi deyil ki, öz xalqının, onun gəncliyinin potensialını yüksək dəyərləndirən Ulu öndər Heydər Əliyev hələ Sovet hakimiyyəti illərində bütün məhdudiyyətlərə baxmayaraq, hüquqşünaslıq sahəsi üzrə milli kadrların yetişdirilməsi işinə xüsusi qayğı ilə yanaşmış, bu məqsədlə təhsilin səviyyəsinin yüksəldilməsini prioritet məsələ kimi önə çəkmişdir.

Qeyd edək ki, ötən əsrin 50-60-cı illərində bəzi neqativ hallar ucbatından sadə insanların hüquq fakültəsində təhsil alması əlçatmaz məsələyə çevrilmişdi. Bu fakültəyə yüksək vəzifəli partiya məmurlarının, hüquq-mühafizə və dövlət orqanları əməkdaşlarının övladları qəbul olunur, fəhlə-kəndli ailəsindən, orta ziyalı təbəqəsindən olan gənclərin həmin fakültədə oxuması imkanları, demək olar ki, məhdudlaşdırılırdı. Məhz böyük öndərin səyləri sayəsində hüquq fakültəsi yenidən savadlı və qabiliyyətli gənclərin üzünə açılmış, burada təhsilin səviyyəsi, o cümlədən, hüquqşünas kadr hazırlığı işinin təşkili keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.

Xalqımızın əbədiyaşar xilaskarı Heydər Əliyev sonralar bu qərarının obyektiv zərurətdən irəli gəldiyini vurğulayaraq demişdir: "...70-ci illərdə universitetin hüquq fakültəsinə hər il 50 nəfər qəbul olunurdu. Mən bir dəfə baxıb gördüm ki, bu hüquq fakültəsinə qəbul olunanların təqribən 95 faizi prokurorun, məhkəmə sədrinin, nazirin oğludur və sairə. Yaxşı, belə çıxır ki, atası prokuror, sonra da oğlu, nəvəsi prokuror olacaq. Bəs başqa ailələrdən olan istedadlı gənclər necə olsun? Bəzilərinin heç atası yoxdur, bəs o, hüquq fakültəsinə necə daxil olsun? O vaxt o cümlədən, tarix və şərqşünaslıq fakültələri çox modda idi. Mən vəzifədə olan şəxslərin, xüsusən hüquq-mühafizə orqanlarında - milisdə, prokurorluqda və sairə - çalışan şəxslərin uşaqlarının bu fakültələrə qəbul olunmasını qadağan etdim. Bu, cəmiyyətdə çox böyük əhval-ruhiyyə yaratdı. İndi mən prokurorluqda, polisdə çalışan bəzi işçilərlə görüşürəm. Onlar deyirlər ki, "Bilirsiniz, biz o vaxt Sizin sayənizdə hüquq fakültəsinə daxil ola bildik. Yoxsa bu fakültəyə girə bilməzdik, çünki biz kənddən gəlmişdik, kasıb adam idik, nə rüşvət verməyə pulumuz, nə də himayədarlıq etməyə adamımız var idi". Mən bütün bunları millətimizə görə etdim".

Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dövrdə də peşəkar hüquqşünas kadrların hazırlanması işinə xüsusi diqqət və qayğı ilə yanaşmışdır.

Hazırda bu siyasət Ümummilli liderimizin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inkişaf prosesinin əsas istiqaməti kimi davam etdirilir. Cənab Prezidentimiz öz çıxışlarında bunu dəfələrlə vurğulayaraq demişdir: "Bizim siyasətimizin əsas istiqaməti bundan ibarətdir ki, Azərbaycanda insan kapitalına qoyulan sərmayə gündən-günə artsın. Bu yeni orta məktəblərin, ali məktəblərin yaradılması bir məqsədi güdür ki, Azərbaycanda təhsilin səviyyəsi bizi qane edən səviyyəyə qalxsın".

Qeyd etmək yerinə düşər ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbovun göstərdiyi diqqət və qayğının sayəsində muxtar respublikamızda da bu sahədə mütəmadi olaraq kompleks tədbirlər həyata keçirilməkdədir.

Hazırda ölkəmizin bir sıra regionlarında olduğu kimi, muxtar respublikamızda da müxtəlif sahələr üzrə peşəkar milli kadrların hazırlanmasına mühüm töhfələr verən ali təhsil müəssisələri fəaliyyət göstərir. Bu ali təhsil müəssisələri içərisində Naxçıvan Dövlət Universiteti xüsusi yer tutur.  Əlamətdar hadisələrdən biri odur ki, ölkəmizdə fəaliyyət göstərən məhkəmələrdə, hüquq-mühafizə orqanlarında və digər dövlət qurumlarında çalışan və dövlətimizi layiqincə təmsil edən hüquqşünasların yetişməsində böyük rolu olan Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq ixtisasının bu il 25 illiyi tamam olur. Bu baxımdan sözügedən universitetdə fəaliyyət göstərən hüquqşünaslıq ixtisası barədə oxuculara qısa da olsa məlumat vermək istərdik. Belə ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xeyr-duası, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbovun təşəbbüsü və qayğısı sayəsində Naxçıvan Dövlət Universitetində 1996-cı ilin yayında açılan hüquqşünaslıq ixtisasının əyani və qiyabi şöbələrinə elə həmin il tələbələr qəbul olunmuşdur. Bir il sonra, daha dəqiq desək, 1997-ci ildə universitetin tarixində ilk dəfə olaraq "Hüquq fənləri" kafedrası təşkil olunmuşdur. Həmin ildən etibarən isə ölkəmizin hüquq-mühafizə orqanlarında və digər idarəetmə strukturlarında çalışan kadırlara əlavə ali hüquq təhsili alması üçün şərait yaradılmışdır. Nəhayət, 2000-ci ildə Naxçıvan Dövlət Universitetinin ilk hüquqşünas məzunları həyata vəsiqə almışdır. 

Qeyd edək ki, yarandığı dövrdə hüquqşünaslıq ixtisası tarix-filologiya fakültəsinin tərkibində idi. 

Hüquqşünaslıq ixtisasında təhsilin səviyyəsini yüksəltmək, onun təşkilini daha da yaxşılaşdırmaq məqsədilə bu ixtisas 1998-ci ildə tarix fakültəsindən alınaraq iqtisad fakültəsinə verilmişdir. Bir müddət sonra isə istər tələbə kontingentinin, istərsə də müəllim kadrlarının sayı və maddi-texniki bazasının möhkəmləndirilməsi artıq imkan vermişdir ki, müstəqil hüquqşünaslıq fakültəsi təşkil edilsin. Beləliklə, 2003-cü ildən universitetdə müstəqil sosial idarəetmə və hüquq fakültəsi fəaliyyətə başlamışdır.

Muxtar respublikamızda peşəkar hüquqşünas kadrların hazırlanmasına göstərilən diqqət və qayğının digər bir təzahürü 2006-cı ildə Naxçıvan Dövlət Universitetinin sosial idarəetmə və hüquq, iqtisadiyyat fakültələri üçün 700 nəfərlik yeni tədris korpusunun inşa edilib istifadəyə verilməsi olmuşdur.

Müasir tədris şəraiti, elm sahələrinə və fənlərin tədrisinin keyfiyyətinin yüksəldilməsinə hesablanmış struktur dəyişikliyi Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq ixtisasından da yan keçməmiş, 2020-ci ilin 15 mayında Universitet Elmi Şurasının qərarı ilə sosial idarəetmə və hüquq fakültəsinin bazası əsasında Beynəlxalq münasibətlər və hüquq fakültəsi yaradılmışdır. Hazırda fakültədə fəaliyyət göstərən 3 kafedradan biri (digərləri "Beynəlxalq münasibətlər" və "Fəlsəfə və Sosial iş" fakültələridir) məhz "Hüquq fənləri" kafedrasıdır.

Bu günədək Naxçıvan Dövlət Universitetinin hüquq fənləri kafedrasının müəllimlərinin müəllifi olduğu hüquq elminin müxtəlif sahələrinə (hüquq nəzəriyyəsi, konstitusiya hüququ, cinayət hüququ, mülki hüquq, əmək hüququ, ailə hüququ, siyasi və hüquqi təlimlər tarixi və s.) dair bir sıra dərs vəsaitləri, kitab və monoqrafiyalar, metodik göstərişlər və elmi məqalələr çap edilmiş, kafedra əməkdaşları hüquqla bağlı respublikadaxili və xarici ölkələrdə (Türkiyə, İtaliya, Polşa və s.) təşkil olunan beynəlxalq konfrans və simpoziumlarda iştirak etmiş, bununla da Azərbaycan hüquq elminin inkişafına töhfələr verilməyə çalışılmışdır.

Naxçıvan Dövlət Universiteti geniş auditoriyaları, sinif otaqları, laboratoriyaları ilə hüquqşünaslıq ixtisasının tələbələrinin keyfiyyətli təhsil almaları üçün hər bir şəraitə malikdir. Texniki avadanlıq və müxtəlif əyani vəsaitlərlə təmin olunmuş fakültə korpusunda böyük akt zalları, kompüter auditoriyaları, ekspertiza və kriminalistika laboratoriyası, Tələbə Hüquq Maarifləndirmə Mərkəzi mövcuddur. Fakültədə mütəmadi olaraq tələbələr üçün hüquq olimpiadaları, hüquqi debat turnir və yarışları, məhkəmə simulyasiyaları, məhkəmələr və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə görüş və konfranslar keçirilməkdədir. Bundan əlavə, gələcəyin hüquqşünaslarının muxtar respublikada fəaliyyət göstərən məhkəmələr və hüquq-mühafizə orqanlarında istehsalat təcrübəsi keçmələri üçün hər cür şərait yaradılmışdır. Bütün bunlar isə tələbələrin nəzəri və təcrübi biliklərə yiyələnmələri üçün geniş imkanlar yaradır. 

Bundan əlavə, onu da qeyd edək ki, Naxçıvan Dövlət Universitetində 1997-ci ildə şöbə kimi yaradılmış, 2008-ci ildən magistratura üzrə dekanlıq adlandırılan, 2019-cu ildən isə Magistratura Mərkəzi kimi fəalliyət göstərən bu təhsil qurumunun tərkibində dövlət hüququ, mülki və təsərrüfat hüququ, insan hüquqları ixtisaslaşmaları üzrə magistratura təhsili üzrə də qəbul aparılmaqdadır.

Bütün bunlar məqsədyönlü, uzaqgörən və elmi dayaqlara söykənən dərin məzmunlu təhsil siyasətinin nəticəsidir ki, hazırda Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq ixtisasının məzunları nəinki muxtar respublikada, həmçinin, ölkəmizin digər regionlarında da fəaliyyət göstərən məhkəmələrdə, hüquq-mühafizə orqanlarında və digər dövlət strukturlarında, eləcə də elm ocaqlarında çalışır və dövlətimizə layiqincə xidmət edirlər.
 

 





20.08.2021    çap et  çap et