525.Az

"Bir gün o taydan dayanıb bu tayı çəkəcəyimə and içdim" - Fotolar


 

Vətən Xudafərin andı içən fotoqrafın gözü ilə...

"Bir gün o taydan dayanıb bu tayı çəkəcəyimə and içdim" - <b style="color:red"> Fotolar </b>

Sübh çağıdır, artıq günəş doğur. Ətrafı çəhrayı ilə narıncı rəngin qarışıq çalarları bəzəyir. Belə gözəlliyin hər vaxt şahidi olmaq olmur. Günəşin doğuşunu çox izləyib çəkmişəm. Amma bu gün günəşin doğuşu belə fərqlidir. Bəzən təsirindən çıxa bilmədiyimiz yuxular görürük. Sanki gördüyümüz yuxu həqiqətdir. Möcüzələr çox vaxt yuxularda baş verir deməyin. Həyatda da möcüzələr baş verir. Mənsə gerçək olmasına inanmadığım bir möcüzənin arzusunu yaşayıram. Ona görə yuxuya bənzədirəm bəlkə də. Bu möcüzə məni qarış-qarış gəzdiyim vətənimin gedə bilmədiyim işğaldan azad olunan torpaqlarına aparır.

Yox yatmamışam yoldayam və Laçına gedirəm deyə öz-özümə danışıram. Müharibə gedərkən laçınlı iş yoldaşlarım məni işə gələndə görüb təəccüblənmişdilər ki, sən burdasan?! Bizim tanıdığımız Fərqanə artıq döyüş bölgəsində olmalı idi. Öz aralarında danışıblar ki, getsə onun dərslərini biz keçərik. Təəssüf hissiylə gedə bilmək üçün icazə ala bilmədiyimi deyəndə çox məyus olmuşdular. Ancaq onda hələ Laçın alınmamışdı. İstədikləri isə bir ovuc torpaq idi. Onlara söz verdim ki, Laçın alınsın sizə o torpağı mən gətirəcəm. Bunları düşünə-düşünə artıq Laçın torpağı yığıram gözü yolda olanlara. İki gün sonra isə 8 mart qadınlar bayramıdır. Onlara Həkəri çayının qırağından təbrik videosu çəkdim.

İstədikləri bir ovuc torpağı yığıb 8 mart günü Azərbaycanın igid, mərd oğulları adından təbrik mesajı ilə paylaşdım. Bu da sizin  arzusunda olduğunuz torpaq. Həmin anı sadəcə görüb izləmək lazım idi. Çünki, kəlmələr o anı ifadə etmək üçün yetərsiz qalır. Kimi atasının məzarına aparmaq üçün torpaq götürdü, kimi isə ölərəm, gedib görmək qismət olmaz deyə öz məzarına səpilməsi üçün torpaq istədi. Bir ovuc torpaq eyni anda təbəssümlə gözyaşlarına qarışıq hisslərə səbəb olmuşdu. Azərbaycan dövlətinə, Ali Baş Komandana , şəhid və qazilərinə, mənə olunan dua səsləri bir-birinə qarışmışdı. O qədər şükür edirdilər ki, əlləri sonunda Laçın torpağına dəydi.

Sən bizi sevindirdin, Allah da səni sevindirsin. Tezliklə  alınan torpaqların hamısını gəzib çəkəsən deyə dua edirdilər. Rəhmətlik nənəm deyərdi ki, həmişə gözəl dualar edin, yaxşı şeylər düşünün. Haqq qapısının açıq olduğu məqama düşən vaxtda arzu diləkləriniz və ya pis düşüncəniz o dəqiqə həyata keçəcək. Mən də uşaqlıqdan haqq qapısını təssəvvür etməyə çalışırdım ki, hardadır, necədir, nə boydadır deyə. Gözümü yola zilləyib nənəmin sözlərini düşünürdüm. Deyəsən mənə olunan dua haqq qapısının açıq vaxtına düşüb. Budur o qayalar, hansı ki, Azərbaycan igidləri  bu qayaları yaralı yoldaşlarını kürəyində dırmanaraq əlbəyaxa döyüşərək əsirlikdə olan Şuşanı azad edib. Şuşaya görə özünə 30 il bəy dedizdirməyən atamla gedəcəkdim ora. Şuşa alındıqdan sonra özümü kişi kimi hiss edirəm deyirdi. Bir yerdə gedərik ata bala deyirdi. Ancaq ömür vəfa etmədi. Şuşaya qovuşan insanlar kimi meyvə, kimi xanımına çiçək toplayır, kimi marketindən alış-veriş edirdi. Hərdən bir birimizə baxıb eyni cümləni deyirik. Bu həqiqətdi biz Şuşadayıq? Inanmağımız gəlmir. Bir zamanlar göz yaşları içində mənfur düşmənin rəqsinə baxdığım yerdə  dayanmışam. Bu da Cıdır düzü. Hər kəs kimi “Şuşa, biz qayıtdıq” deyirəm. Qəribə mistik abu havası var buranın. İnsanı özü ilə danışmağa vadar edir.

 

Gözəl və qarışıq hisslərlə Şuşadan ayrılıram. Ancaq hansı rayona gedəcəyimizi bilmirəm. Avtobusun pəncərəsindən rayonun adını görcək uşaq kimi sevindim. Bu yol məni 11 il öncə dilədiyim arzuma aparır.  Qabilgilin rayonu deyib o günləri xatırladım. Çox çətin günlər idi. Binamıza yeni qonşular və qonşularımızın qohumları qalmağa gəlmişdilər. Atam iş növbəsi bitsə də, vətənin dar günündə xidmətdən kənar işdə qalırdı evə gəlmirdi. Anam, qonşu qadınlar isə gələnlərə dəstək olmağa çalışırdılar. Tez-tez erməniyə lənət oxuyurdular. Atamın danışdıqlarından ölkəmiz çox çətin günlər keçirirdi. Yeni gələn qonşularımızdan birinin  toyları olduqdan sonra erməni vəhşilərinin zülmündən necə qaçdıqlarını, hansı yollarla Bakıya gəldiklərini söhbət edirdilər. Mənsə sanki hansısa nağıl və yaxud film danışırlar kimi maraqla, vahimə ilə dinləyirdim. Sonra onların oğlu dünyaya gəldi. Balaca Qabil isə biz ordan köçənə qədər bizim evin sakini kimi  böyüdü. Anama nənə, atama isə baba deyirdi. Cəbrayıl rayonu Qabilgilin rayonu kimi yaddaşımda qaldı. Beləliklə, aylar ötdü, illər keçdi. Zaman-zaman şəhidlər verdik. Hər dəfə şəhid xəbəri alanda, Allah səbir versin deyəndə mənsə Allah səbir verməsin deyirdim. Vətən oğulları nə qədər səbrə qurban gedəcək?! Niyə müharibə edib torpaqlarımızı almırlar deyəndə, atam deyirdi səbirli ol. Hər şeyin öz vaxtı var. Vaxtı çatanda müharibə edib torpaqlarımızı alacayıq.2010-cu ildə rəfiqələrimlə birgə maşınla Naxçıvana səyahət edərkən Xudafərin körpüsünə yaxınlaşanda maşını saxlayıb çəkmək üçün körpünün kənarına getdim. İlk dəfə Arazın o tayında vəhşi ermənilərin dağıtdığı evləri görüb kövrəlmişdim. O zamana kimi qaçqın, köçkün sözünün mənasını onların yaşadıqlarını, danışdıqlarını anlamadığımı başa düşdüm. Ta ki o dağıdılmış evləri görüncəyədək. Həmin an həm onları, həm də Vətən sevgisinin nə olduğunu anladım. Istədiyim fotoları çəkdim çəkməyinə. Ancaq orada yaşadığım problem məni bir gün o taydan dayanıb bu tayı çəkəcəyimə and içdirdi. Təxmini bir il sonra internetdə qarşıma “Mənim Azərbaycanım” adlı fotomüsabiqə çıxdı. Müsabiqəni Mədəniyyət Nazirliyi və Gomap saytı birgə keçirirdi. Ilk dəfə bu müsabiqədə iştirak etməyimin səbəbi məhz çəkdiyim Cəbrayıl rayonunun Qumlaq kəndinin fotosu oldu. Müsabiqəyə fotonu yollayarkən yoldaşım həmin fotonu yollamamağımı istədi. Səbəbin soruşanda dedi ki, sən şəkli bu taydan çəkmisən. Həm də artıq ora bizim deyil, işğal altındadır. Üstəlik də insanların yarasının qaysağını qoparmış olacaqsan. Əgər yaranın qaysağı qopacaqsa qoy qopsun. Mənim kimi  milyonlarla gənclər var ki, o dağılmış evləri, vəhşiliyi görməyib anlamır. Hər insan kimi mən də Vətənimi sevirəm, sevmişəm. Ancaq yalan nə deyim əsl Vətən, torpaq sevgisini həmin an dərk etdim. Üstəlik demirlər mənim Azərbaycanım-ora mənimdir, bizimdir. Qoy şəklim seçilməsin, ancaq mən öz mesajımı verəcəm, anlayan anlayacaq. Bir az mübahisədən sonra şəkli göndərdim müsabiqəyə. Müsabiqə sosial şəbəkədə aparıldığı üçün rəylərə açıq idi. Bir qrup izləyici  fotonun fotoşop olduğunu iddia edərək mübahisəli şərhlər yazdılar.  Bir qrup fotonun çəkilmə rakursuna vermək istədiyim mesaja görə tərif yağdırdı. Minə yaxın yazılan şərhin nəticəsinə baxanda mən fotomla istədiyim mesajı verə bilmişdim. Yazılan şərhlər buna əsas verirdi. Məqsədim Xudafərin körpüsünü göstərmək deyildi. Onun fonunda olan dağıdılmış evləri, vəhşiliyi göstərmək idi. Şəklin fotoşop olmadığını isə şərh bölməsinə yüklədiyim videoyla sübut etmişdim. Fotom isə ”Təşkilatçı rəğbəti qazanmış foto” nominasiyası üzrə qalib oldu. Həmin fotoşəkil fotoqrafiyada ilk qazandığım uğur və məni fotojurnalistikaya yönəldən foto oldu. Heç unuda bilmədiyim isə Qabilin qohumunun həmin fotoları, videoları görəndə necə hönkür-hönkür xatirələrini danışaraq ağlamağı idi. Bunları xatırlayarkən məni o illərə aparan düşüncələrdən “Fərqanə xanım, nə qədər istəyirsiz çəkin, artıq kameranızı əlinizdən heç kim ala bilməz” deyə Cavanşir müəllimin səsi ayırdı. İllər öncə Arazın o tayından üzbəüz eyni istiqamətdə dayanmışdım. 11 il öncə o tayda və 11 il sonra bu tayda.

 

 

 

Bu yuxu deyil, Tanrının illərdir Azərbaycan xalqının etdiyi dualarının  reallaşdırdığı möcüzəvi anıdır. Şükürlər olsun 44 gün ön və arxa cəbhədə bir yumruq tək döyüşən Azərbaycan xalqına, Dövlət başçısına, ordusuna , qazilərimizə Allahdan can sağlığı, şəhidlərimizə isə rəhmət diləyirəm. Artıq yeni arzumun xəyalını quraraq səbrlə gerçəkləşməsini gözləyirəm. Bir gün yenidən öz evlərinə sevinclə qayıdan  məcburi köçkünlərin “Biz qayıtdıq“ deyiminin fotolarını çəkərək bu yuxu deyil deyəcəm.

Allaha əmanət olun!

 

Fərqanə Qasımlı

 





20.08.2021    çap et  çap et