525.Az

Beynəlxalq əməkdaşlıq və inteqrasiya fonunda yüksələn Azərbaycan - Afaq Rza yazır...


 

Beynəlxalq əməkdaşlıq və inteqrasiya fonunda yüksələn Azərbaycan -<b style="color:red"> Afaq Rza yazır...</b>

Daim inkişaf edən dünyamızda baş verən inteqrasiya prosesləri demək olar ki, bütün ölkələri əhatə edir. Hazırda inteqrasiyanı zamanın tələbi adlandırmaq da düzgün olar. Bu gün dünya ölkələrinin regional və qlobal əməkdaşlığının - Asiya, Amerika, Afrika, Qərbi Avropa kimi müxtəlif modellərini görə bilərik. XXI əsrin son 50 ilində bu qarşılıqlı əməkdaşlıqlar xeyli irəliləyərək yeni dövrə keçid edib, suveren dövlətlərin daxili və xarici siyasətinə yeniliklər gətirib, xalqların taleyində dönüş yaradıb, və dünya inkişafının başlıca meyillərinə çevrilib.

Təbii ki, Azərbaycan da inteqrasiya prosesindən geridə qalmayıb. Son 28 ildə ölkəmiz dünyada müstəqil siyasət yürüdərək inkişaf yolu keçib, öz milli strategiyasını quraraq, dünyada nüfuz qazanıb. Eyni zamanda, siyasi-iqtisadi, mədəni-mənəvi konsepsiyalar işlənərək vahid ideologiya da uğurla formalaşdırılıb. Bu formalaşma prosesi Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra başladı. Ulu öndər dövründən başlayaraq ölkəmiz balanslaşdırılmış xarici siyasət kursuna önəm verərək, beynəlxalq aləmə uğurla inteqrasiya olundu. Həmçinin, region və dünya ölkələri ilə qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanan çoxtərəfli və ikitərəfli əlaqələr quruldu. 

Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra ilk olaraq əməkdaşlıq münasibətləri qurduğu beynəlxalq iqtisadi təşkilatlar sırasında - İslam Konfransı Təşkilatı (İKT), İqtisadi Əməkdaşlıq Təşkilatı (EKO), Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT), Beynəlxalq Valyuta Fondunun və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, Müstəqil Dövlətlər Birliyi (MDB), Avropa Şurası kimi təşkilatlar var.

Uğurla başlanan dünyəvi inkişaf və siyasi xətt sonradan Prezident İlham Əlliyev dövründə daha da inkişaf etdirilərək gücləndirildi. Nəticədə bu gün Azərbaycan dünya ölkələri üçün güvənilən tərəfdaşdır. Ölkəmizin dünya birliyinə inteqrasiyasının əsasında dayanan başlıca faktorlardan biri son illərdə həyata keçirilən beynəlxalq layihələr, bu layihələrin nəticəsi olaraq Şərqlə Qərbi birləşdirən tranzit ölkə rolunda çıxış etməsi, iqtisadi inkişafdır.  Beynəlxalq təcrübə təsdiq edir ki, iqtisadiyyatın inkişafında xarici investisiya qoyuluşunun böyük üstünlükləri vardır. İnvestisiya qoyuluşu respublikanın milli iqtisadiyyatı ilə dünya iqtisadiyyatı arasında daha səmərəli inteqrasiyanı təmin edir.

Məhz Bakı-Tiflis-Qars dəmir yolunun açılması ilə Azərbaycan Asiya və Avropanı ən optimal yükdaşıma marşrutu ilə təmin etdi. Bu marşrutla yüklərin hər iki istiqamətə daşınmasının daha sürətli və az maliyyə ilə həyata keçirilir. Ölkəmizin təşəbbüsü və vasitəçiliyilə TAP, TANAP kimi iri transmilli enerji marşrutları Azərbaycanı bir çox dövlətlərin maraq dairəsinə çevirib. Bununla Azərbaycan dünya miqyasında özünü etibarlı tərəfdaş kimi təsdiqləyib. Uğurlu beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq formatı əsasında nəhəng Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri reallaşdırılıb. Ən mühüm layihələrdən biri də Azərbaycanın regionda mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi məqsədi daşıyan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksidir. 

Həmçinin, xarici iqtisadi investisiyanın digər rolu sahibkarlıq fəaliyyətinə müsbət təsiri ilə əlaqədardır. Məhz xarici ölkələrin Azərbaycana investisiya qoyuluşu beynəlxalq işgüzar münasibətlər, milli iqtisadiyyatın formalaşması, sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli şərait yaradır. Bu şəraitdən səmərəli istifadə edən Azərbaycan müstəqil respublika kimi öz iqtisadi potensialını beynəlxalq miqyasda tanıtmaq üçün çoxtərəfli iqtisadi inteqrasiya əlaqələrinə daxil olur.  

Həyata keçirilən bütün beynəlxalq tədbirlər ölkəmizin dünya miqyasında nüfuzunun daha da artırılmasın təmin edir. Həm də dövlətlərarası əlaqələrini gücləndirərək Azərbaycanı Cənubi Qafqaz regionunda lider dövlətinə çevirir. Hazırda BMT, ATƏT, NATO, Aİ kimi nüfuzlu beynəlxalq təşkilatlar və Türkiyə, ABŞ, Rusiya, İngiltərə kimi digər güclü dövlətlərlə sıx əməkdaşlığımız mövcuddur.  

Ölkəmizin digər dövlətlərlə beynəlxalq əlaqələrindən danışarkən ilk olaraq Türkiyənin adını qeyd etmək lazımdır.  Xüsusilə Azərbaycan-Türkiyə münasibətləri daha da möhkəmlənir. Azərbaycan Prezidenti İlham Əliyev hər zaman bu əlaqələrin strateji xarakter daşıdığını, dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını bildirib. Son dövrlərdə isə iki ölkə arasında münasibətlər ən yüksək səviyyədə inkişaf edir. Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi güclü siyasi və mənəvi dəstək buna bariz örnəkdir. Dövlət başçılarının uğurla davam edən səmimi dostluq və qardaşlıq münasibətləri, tərəfdaşlığın genişləndirilməsinə verdikləri böyük önəm əlaqələrin daha da dərinləşdirir. İki ölkə arasında hərbi əməkdaşlıq qardaşlıq münasibətləri üzərində qurulub. Azərbaycan Ordusunun silahlanmasına önəmli təsir göstərən "Baykar" şirkətinin istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) hərbi potensialımızı əhəmiyyətli dərəcədə gücləndirməsi ən bariz nümunədir. Həmin PUA-ların Vətən müharibəsində səmərəli tətbiqi nəticəsində düşmənə ciddi zərbələr vuruldu, işğalçının xeyli sayda canlı qüvvəsi və döyüş texnikasının məhv edildi.

Təbii ki, işğaldan azad edilən torpaqlarımızda bərpa-quruculuq layihələrinin gerçəkləşdirilməsi istiqamətində də qardaş ölkə əməşdaşlıq edilir. Şübhəsiz ki, Azərbaycanın ilkin tərəfdaşları sırasında türk şirkətləri ilk yerlərdə dayanır. 

Xatırladaq ki, buna qədər də türk şirkətləri ökəmizin iqtisadi inkişafında önəmli rol oynayıb və Türkiyənin özəl qurumları burada 400-dən çox layihə həyata keçirib. Bu qurumların bir çoxu hazırda Qarabağın bərpası və yenidən qurulması prosesinə qoşulub. Eləcə də hazırda Türkiyədə Azərbaycan kapitallı 2 minə yaxın şirkət fəaliyyət göstərir. Azərbaycanlı iş adamları bu baxımdan Qafqaz və Mərkəzi Asiya ölkələrindən olan iş adamları arasında liderdir.

İki ölkə arasında ikinci ən böyük əlaqə ticarət tərəfdaşılığıdır. İqtisadçılar qeyd edir ki, 4,5 milyard dollarlıq ticarət dövriyyəsi ilə Türkiyə İtaliyadan sonra Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. 2020-ci ildə Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi 2019-cu illə müqayisədə 187,296 milyon dollar artıb. Qardaş ölkə kənd təsərrüfatında da Azərbaycanın ən etibarlı tərəfdaşıdır. Hər iki dövlət kənd təsərrüfatının müxtəlif sahələrində - aqrar tədqiqatlar, pambıqçılıq, toxumçuluq, baytarlıq, aqrar sığorta və digər sahələr üzrə sıx və səmərəli əməkdaşlıq edir. Kənd təsərrüfatı məhsulları üzrə qarşılıqlı ticarət əlaqələri getdikcə güclənir və bu sahədə ticarət dövriyyəsinin artırılması üçün birgə işlər görülür. Azərbaycan Türkiyənin aqrar sahədə müasir texnologiyaların tətbiqinə dair təcrübəsindən yararlanmaqda maraqlıdır. Türkiyə ilə hərtərəfli əməkdaşlıq haqqında fikirləri Prezident İlham Əliyevin son müsahibəsi zamanı dediyi sitatı bir daha xatırlayaq: "Azərbaycan və Türkiyə birliyi əbədidir. Yeni nəsil, gənc nəsil, bax, sizin nəsliniz gərək bizim yolumuzu davam etsin. Çünki biz bu təməli qoyduq, yoluna oturtduq, çox güclü müttəfiqlik yaratdıq, sarsılmaz birlik yaratdıq. Ancaq siyasət elə bir sahədir ki, bunun üzərində hər gün çalışmalısan. Boşluq olmamalıdır, ara olmamalıdır ki, kimsə bu araya girməsin. Çünki elələri də var. Türkiyə-Azərbaycan birliyi artıq bölgəsəl amildir. Bəlkə də nə vaxtsa qlobal amilə çevriləcək, ola bilər. Çünki indi bizim artıq başqa ölkələrlə də müttəfiqlik əlaqələrimiz formalaşmaqdadır. Bu, bəzilərini narahat edir. Çalışacaqlar ki, aramıza girsinlər, çalışacaqlar ki, provokasiyalar, təxribatlar, uydurmalar ortaya atılsın. Ona görə bizdən sonra gələn nəsil bu yolla getməlidir. Bu yol əbədi olmalıdır".

Ümumilikdə götürüldükdə bu gün ölkəmiz təkcə iqtisadiyyat deyil, eləcə də humanitar, sosial, təhsil, rabitə və texnologiya, energetika, mədəniyyət, səhiyyə, məhkəmə, miqrasiya və s. müxtəlif sahələrdə dünyanın müxtəlif ölkələri və beynəlxalq təşkilatları ilə əməkdaşlıq edir. Bu gün Azərbaycan regionun və dünyanın ən dinamik inkişaf edən dövləti kimi tanınır. Bu inkişaf tempi ölkəmiz üçün yeni üfüqlər açır və daha böyük perspektivlər üçün güclü zəmin yaradır.
 

 





21.08.2021    çap et  çap et