525.Az

Şuşaya xəyali səfər - Şeir


 

Şuşaya xəyali səfər -<b style="color:red"> Şeir</b>

Son zamanlar sosial şəbəkələrdə Şuşa sakinlərinin doğma yurdlarına səfərlərini əks etdirən videolar yayımlanır. Bu görüntülər insanı çox duyğulandırır. Bu yay Azərbaycana gələndə Şuşaya gedə bilmədim. İnşallah ki, mənə  də Şuşaya getmək qismət olar. Ancaq Şuşa azad edildikdən sonra mən ora xəyalən səfər etmişdim. Əziz oxucular, bu duyğularımı sizinlə paylaşmaq istədim. 

Hörmətlə, Rövşən Xasayoğlu
Ardahan universiteti/Türkiyə

***

ŞUŞAYA XƏYALİ SƏFƏR

Gəldim torpağını öpüb, qoxlayam
Dərdimə dərmana, yuvama gəldim.
Gəldim kəndlərini bir-bir yoxlayam,
Şuşama, elimə, obama gəldim.

Baş əydim şəhidin son məkanına,
Canıyla torpağı gətirmiş cana,
Vətəni suvaran pak, təmiz qana,
Pərvanələr kimi mən şama gəldim

Sildim Daşaltının qanlı yaşını,
Öpdüm qan damlamış hər bir daşını,
Axtardım Riyadı, can qardaşımı,
Şəhid ruhlarına salama gəldim.

Çox şükür silindi Şuşa nisgilim,
Çıxdı azadlığa Qarabağ elim,
A dostlar, qardaşlar eşidin, bilin
30 il sonradan qalama gəldim.

Vardım məkanına Xarıbülbülün,
İçində məst oldum çiçəyin, gülün.
Dahi Üzeyirin, Xanın, Bülbülün,
Ruhları şad olsun, muğama gəldim.

Keçərək canından əsgər, zabitim,
Azadlıq qazandı gör neçə kəndim?
Önündə baş əyib, qazim, şəhidim,
Pənah xan mirası, Şuşama gəldim.

Ay Rövşən, varmıdır Vətəndən şirin?
Vətənim, bayrağım, dinimdir pirim,
Məni ruhlandıran ay ilham pərim,
Şuşama qovuşub ilhama gəldim.
 

 





24.08.2021    çap et  çap et