525.Az

Bir payız gecəsi gələn zəng və ..."xanlıq tərbiyəsi görmüş" həmkarımızın vədi - İttifaq Mirzəbəyli yazır


 

Bir payız gecəsi gələn zəng və ..."xanlıq tərbiyəsi görmüş" həmkarımızın vədi -<b style="color:red"> İttifaq Mirzəbəyli yazır</b>

2020-ci ilin küləkli noyabr  günlərindən biri idi. Azərbaycan Ordusu işğalçı qonşulara heç zaman unuda bilməyəcəkləri dərsi verirdi. Biz isə həmin günlərin heç zaman unuda bilməyəcəyimiz sevincini yaşayırdıq. Mənim kimi yaşlı, əsəb sistemi yerində olmayan, emosional adamlar həmin gün təkcə sevinmir, həm də gədəbəylilər demişkən, halbahal olurdular. Şəxsən mən həm yeni uğur xəbəri gözləyirdim, həm də qorxurdum ki, ordumuz əməliyyatları dayandıra. Qərəz... 

Prezident, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində Şuşanın düşmən əsarətindən azad edildiyini dedi. Biz xəbəri eşidən kimi mobil telefonuma zəng gəldi və iş yoldaşımız İlqar Həsənov məni təbrik etdi. Nə üçün məhz məni təbrik etdiyini əsaslandırmaq üçün dediyi sözlər qalsın sonrakı yazılara. Dedi, hacı, gün olsun Kəlbəcərin də, Laçının da belə xəbərlərini eşidək. Sonra susdu. "Alo, eşidirəm!" - dedim. Dili açıldı: "Kəlbəcərdə bir azərbaycanlının evinin işıqları yandı" - xəbərini eşitsəm, sizə həmişəkindən daha yaxşı qonaqlıq verəcəm (Onun verdiyi qonaqlıqlar həmişə "həmişəkindən yaxşı" olur).  

Onun Azərbaycanın hər yerində  çoxlu dostlarının olduğunu da bilirəm, ölkəmizin hər qarışı ilə bağlı zəngin xatirələrinə də bələdəm. Ancaq bilmədiyim məqam onu Kəlbəcərə bağlayan səbəbdir. Həmişə Kəlbəcərdən söhbət düşəndə bilmirəm, dərdi təzələnir, yoxsa sevinci, hər halda həmin an "çiçəyi çırtlayır".

Yeri gəlmişkən, bir yazıda qeyd etmişdim ki, cənab Prezidentin Şuşaya ilk səfəri barədə rəsmi material veriləndən dərhal sonra AZƏRTAC-ın əməkdaşı Məzahir Əliyev iş otağımıza gəldi. Eyni binanın müxtəlif mərtəbələrində çalışırıq. Məni təbrik etdi və sevincinin gözündə yaşa çevrilməsini gizlədə bilmədi. Bu, sadəcə milli dövlətçiliyə, xalqın mənafelərinə sədaqətli olan Vətən övladının möhtəşəm fakta mükəmməl reaksiyası idi. Həm İlqar Həsənovun, həm də Məzahir Əliyevin öz sevinclərini mənimlə bölüşdüklərini heç zaman unuda bilməyəcəyəm. 
Qərəz. Avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın  Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı dövlət başçımız Kəlbəcərə çəkilmiş elektrik xətlərini göstərərək dedi ki, bu işlər çox qısa bir vaxtda görülüb.  Yadıma düşən ilk məqam ötən payız "Kəlbəcərdə bir azərbaycanlının evinin işıqları yandı" - xəbəri ilə bağlı eşitdiyim, fəqət, icrası bu payıza qədər uzanan vəd oldu.

***

 Bəlkə də oxuculardan kimsə sadə bir həmkarımızın adi təvəllüd günü münasibətilə qələmə aldığımız bu yazının xeyli dərəcədə siyasiləşdirilməsini müsbət qiymətləndirməyəcək. Amma neyləyək, söz sözü çəkir. Bir də ki, əgər siyasiləşdirmiriksə, onda "əyaniləşdirək". Yəni bu yazıda İlqarı tanıyan bəzi həmkar və dostlarının ürək sözlərini qələmə alaq. Bu fikir həm də ona görə yerinə düşür ki, mən həmişə bu mövzuda yazandan sonra dostlardan kimsə deyir: "Gərək onu da əlavə edəydin ki..." Əgər elədirsə, "onu da əlavə edək".

***

İlqar Həsənov bir dəfə aran rayonlarımızdan hansındasa  - payızın axır aylarında səmada müxtəlif istiqamətli uçuşlarla "janqlyorluq" edən yüzlərlə, bəlkə də minlərlə sığırçının fotosunu çəkmişdi. Sığırçınlardan uzaqda isə Günəş batırdı. Qəzetimizin qocaman əməkdaşlarından olan Telman Heydərov həmin fotoya üç-dörd dəqiqə baxdıqdan sonra  gözü yol çəkdi və "Yaxşı çəkib ey!" - dedi.

*** 

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid 2013-cü ilin dekabrında Ər-Riyadda bizə belə bir söhbət elədi: "90-cı illərin axırlarında - qəzetimizin yaxşı reklam qazandığı illərdə iranlı iş adamlarından biri redaksiyamıza reklam gətirmişdi. Həmin məqamda İlqar Həsənov da kabinetimə daxil oldu və qapının yanıda durub ...ağlamağa başladı: "Bu əl boyda yazını vermək nə problemdir? Mənim yazımı da verin də".
Onun yanaqları ilə axan göz yaşları iranlını kövrəltdi və qonaq  məndən xahiş etdi: "Ağayi Məcid, o yazının pulu nə qədər eliyirsə, mən verim, bu bədbəxtin göz yaşları axmasın".  

Dedim, a kişi, o, zarafat edir. Heç bir yazısı-zadı yoxdur. Yalandan ağlayır. İranlı qayıtdı ki, bə yalandan göz yaşı sellənər?

*** 

Yeri gəlmişkən, "Xalq qəzeti" baş redaktorunun birinci müavini Hacı Qüdrət Piriyevin İlqar Həsənov haqqında dediklərində də həmin məqamlar var. Hacı dedi ki, İlqarın həmsöhbətlərini təəccübləndirmək üçün nümayiş etdirdiyi "gülüb- ağlamaq" qabiliyyəti istənilən Xalq artistinin istedadı ilə müqayisə oluna bilər. Ancaq biz ona Xalq artisti yox, Əməkdar jurnalist fəxri adı arzulayırıq. Hacı Qüdrət əlavə etdi: 

- Allah-Təala İlqarı dünyaya sanki ona görə göndərmişdir ki, əl tutsun, dayaq dursun, təkcə qohum-əqrabanın, dost-tanışın yox, tanımadığı, yad adamların da müşküllərinin, problemlərinin həllinə çalışsın, kömək eləsin. Bu adam haqqın tərəfini saxlamaqdan, kömək etməkdən sanki zövq alır, daxili rahatlıq tapır, həyatın mənasını bunda görür... 

*** 

Redaksiyamızın sosial siyasət mövzulu yazılarının müəllifi, dəyərli həmkarımız Zərifə Bəşirqızının da bu mövzuya maraqlı münasibəti var: 

- İlqarı neçə il öncə "Simurq quşu" adlandırmışdım. Ötən müddət sübut etdi ki, fikrimdə yanılmamışam. O, kimlər üçünsə gəzib dolaşmaq, səyahət etmək, qonaqlıq yola vermək, özəl günləri qeyd etmək dostu ola bilər. Kimin üçünsə ürək dostu ola bilər. O, mənim üçün isə dar günümün dayağı, qardaş bildiyim insandır. Ondan nəyisə xahiş etməyə ehtiyac yoxdur. Eşidən kimi özü yardıma tələsir. Yüksək mənəvi keyfiyyətə və əxlaqa, humanist duyğulara, əvəzsiz mərhəmət hissinə malik İlqar həm də gözəl ailə başçısıdır, iki nəvənin babasıdır. İlqarı ad günü münasibətilə təbrik etməklə bərabər, yeganə oğlu İbrahimin toyunda iştirak etməyi səbirsizliklə gözləyirəm. Allah möhlət versin. 

*** 

Yubilyarın dostu Şakir Quliyev deyir ki, İlqar Həsənov nadir keyfiyyətlərə malik insandır. Yaxşı məclis adamıdır, gözəl yol yoldaşlığı var. Bir-birindən maraqlı söhbətləri ilə dinləyəni darıxmağa qoymur. Onunla eyni maşında Gəncəyə getmişik. Duzlu xatirələri, məzəli söhbətlərinə görə o uzaqlıqda yolu necə getməyimizi hiss etməmişik. 

*** 

Başqa bir dostu - Əliqismət Bədəlov İlqar Həsənovu böyük auditoriya üçün təkbaşına lobbiçilik edən şəxs adlandırdı: O, biz jurnalistlərin orta təbəqə məmurlar, deputatlar və bir çox vəzifə sahibləri arasındakı yorulmaz lobbiçisidir. 

*** 

Əməkdar jurnalist Əli Nəcəfxanlı  dostumuz İlqar Həsənovu ağır tonnajlı "Şaqman" avtomobilinə bənzətdi:  "Trasda gördüyümüz istənilən bahalı minik maşını ən çoxu dörd nəfəri evə, işə, toya, məclisə və ya harasa aparır. 15-20 ton yüklə gedən "Şaqman" isə haradasa davam edən tikinti-quruculuq, abadlıq işlərinin başa çatmasına vasitəçi olmaq üçün gedir. İlqarın həmin məramla yola çıxmadığı gün olmur. 

***

...İyun ayında turist qrupu ilə getdiyimiz Mingəçevirdə iaşə obyektlərinin turistə göstərdiyi yarıtmaz xidməti tənqid etmişdim. Sonda yazmışdım ki, Gəncə, Şəki, Lənkəran və Ağdamda qonağa heç zaman belə hörmətsizlik edilmir. Həmin qeydləri oxuyan Telman Heydərov dedi ki, o sadaladığın şəhərlərin hamısı xanlıq mərkəzi olduğuna görə oralarda milli-mənəvi dəyərlərimiz və dövlətçilik ənənələrimiz yaşadılır. 

Ağsaqqalın həmin sözlərini də sosial şəbəkədə paylaşdım... və İlqar Həsənovun münasibəti gəldi:  - Bəli, hacı, biz xanlıq tərbiyəsi görmüş insanlarıq!

Vəssalam. Bir də ki, avqustun 24-ü onun ad günüdür. Təbrik edirik! 
 

 





24.08.2021    çap et  çap et