|
|
|
|
Kürdəmir Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi beş rayonda - Kürdəmir, İmişli, Beyləqan, Füzuli və Xocavənd rayonlarında yaşayan 8-14 yaşlı şəhid övladlarının iştirakı ilə "Yolumuz Qarabağadır" adlı layihə həyata keçirilib.
525.az xəbər verir ki, layihənin məqsədi 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş döyüşçülərin davamçılarının - övladlarının vətənpərvərlik ruhunda tərbiyəsinin istiqamətləndirilməsinə köməklik göstərmək, mədəniyyət sahəsi üzrə bilgilərini formalaşdırmaq, onların asudə vaxtlarının səmərəli təşkil etməkdir.
Layihədə uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatrlar, ekskursiyalar təşkil olunub, tanınmış peşəkarlar, qurum rəhbərləri ilə görüşlər, habelə psixoloqların iştirakı ilə təlimlər keçirilib.
İki gün davam edən layihənin birinci günü avqustun 21-də Füzuli rayonunda baş tutub. Tədbir Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin və Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlının da iştirakı ilə Ulu öndər Heydər Əliyevin abidəsinin ziyarət olunması ilə başlayıb. Uşaqlar Füzuli rayonunun ərazisi, coğrafi mövqeyi ilə tanış olublar.
Daha sonra Füzuli rayon Heydər Əliyev Mərkəzinə və Tarix Diyarşünaslıq Muzeyinə ekskursiya təşkil olunub. Füzuli rayon Muğam Mərkəzində baş tutan "Qiraət saatı"nda tanınmış aktyor, qiraətçi Kamal Yaşar uşaqlar üçün kitab oxuyub. Psixoloqlar Aynur Xudanlı və Ləman Səfərova uşaqlarla fərdi və qrup şəklində psixoloji konsultasiya aparıblar, iştirakçılar arasında psixoloji oyunlar təşkil ediblər.
Layihənin ikinci günündə Beyləqan rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən "Gənclik" teatrının ifasında xüsusi olaraq uşaqlar üçün hazırlanmış tamaşa nümayiş olunub. Şəhid övladlarının "Səfər xatirələrim" adlı şifahi mini-esseləri dinlənilib. Daha sonra Cocuq Mərcanlıda "Qayıdış" parkında uşaqlar üçün əyləncəli oyunlar təşkil olunub. Sonda layihə iştirakçılarına sertifikatların təqdim olunma mərasimi keçirilib.