525.Az

Lələtəpə ərazisində aşkarlanan qədim məbəd və digər arxeoloji tapıntılar hansı tarixdən soraq verir?


 

İNSAN SKELETLƏRİ NÜMUNƏLƏRİ İSƏ GENETİK EKSPERTİZADAN KEÇİRİLƏCƏK

Lələtəpə ərazisində aşkarlanan qədim məbəd və digər arxeoloji tapıntılar hansı tarixdən soraq verir?<b style="color:red"></b>

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun "Qarabağ neolit-eneolit ekspedisiyası" tərəfindən Füzuli rayonunun Horadiz kəndinin inzibati ərazisinə daxil olan, 2016-cı ilin aprelində şanlı Azərbaycan Ordusunun düşmən işğalından azad etdiyi məlum Lələtəpə yüksəkliyi ərazisində ötən il başlanılan arxeoloji tədqiqatlar davam etdirilir. Arxeoloqlar Lələtəpə neolit dövrü yaşayış yerində apardığı arxeoloji tədqiqatların ilkin nəticələrini açıqlayıblar.

Ekspedisiyanın rəhbəri, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun "Eneolit və ilk tunc dövrü arxeologiyası" şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Xəqani Alməmmədov bildirib ki, "Qarabağ neolit-eneolit ekspedisiyası" tərəfindən 2019-cu ildə qeydiyyata alınmış, hündürlüyü 6,4 metr, sahəsi 0,9 hektar olan təpə formalı qədim yaşayış yerində 2020-ci ildə başlanılmış arxeoloji qazıntılar, bu il də davam etdirilib.

Mütəxəssis Lələtəpə ərazisindəki çox maraqlı tapıntıların böyük elmi əhəmiyyət kəsb etdiyini vurğulayıb:

"Hər biri 16 kvadratmetr olan dörd sahədə aparılan qazıntı zamanı bizim eradan əvvəl altıncı minilliyin birinci yarısına aid oval, dairəvi və düzbucaqlı quruluşda çiy kərpicdən 3 tikinti qalığı və həyətin divarının bir hissəsi aşkar edilib. Mərkəzi hissədə elmi ədəbiyyatda zikkurat adlandırılan, çiy kərpicdən inşa edilmiş, konusvari quruluşa malik  platforma yerləşir. Zikkurat, yaxud akkadca "siqquratu" - "dağ zirvəsi" anlamını verir və Qədim Mesopotamiyada və Elamda Şumer, Assur, Babil və Elam memarlığı üçün xarakterik çoxmərtəbəli-pilləli məbəddir. Ondan cənubda yerləşən, diametri 3,3 metr, hündürlüyü 1,5-2 metr arasında dəyişən dairəvi bina isə yaşayış üçün istifadə olunub. Bu tikili qalığının müxtəlif səviyyələrdə üç döşəməsi müəyyənləşdirilib ki, bu döşəmələr də təbii mineral mənşəli boya olan oxra əlavə edilmiş palçıqla suvanıb. Həmçinin, iki təsərrüfat küpü, daşdan və sümükdən müxtəlif təyinatlı alətlər, ocaq qalıqları aşkar edilib. Tikili qalığının üçüncü döşəməsinin altında bükülü halda dəfn edilmiş uşaq skeleti də tapılıb".

Mütəxəssis bu arxeoloji məkanın elmi cəhətdən olduqca böyük əhəmiyyət kəsb edən xüsusiyyətinə də toxunur:

"Ən maraqlı xüsusiyyət məzarlıqla bağlıdır. Belə ki, Cənubi Qafqaz üzrə neolitə aid məzarlığa ilk dəfə olaraq Lələtəpə yaşayış məskənində rast gəlinir. Cənubi Qafqazın tədqiqata cəlb edilmiş bir çox neolit dövrü abidəsində ayrı-ayrılıqda insan qəbirləri, həmçinin, Tovuz rayonunun Menteştəpə ərazisində bir qəbirdə kütləvi dəfn aşkar olunub, amma insanların müəyyən oturuşmuş ayinlərin icra edildiyi məkandakı məzarlıqda dəfn edilməsi adətinə ilk dəfədir ki, təsadüf olunur. Məzarlıq dairəvi tikilinin həyətində aşkar edilib. Cənub-qərbə doğru genişlənən məzarlığın təxminən 8 kvadratmetr hissəsi təmizlənmiş və orada üç səviyyədə 8 qəbir aşkar olunmuşdur. Təmizlənmiş qəbirlərdən 14 skelet aşkar edilmişdir ki, bunlardan 7-si bir yaşa qədər körpələrə, 3-ü yeniyetmələrə və 4-ü isə yetkin insanlara aiddir. Skeletler oval quruluşlu xüsusi dəfn kamerasında - çaladadırlar. Hər bir qəbir kamerası oxralı palçıqla suvandığı halda, bir qəbirdə suvağın üstünə həsir də qoyulmuşdur. Qəbirlərdə insanlar tək və qoşa olmaqla sıx bükülü vəziyyətdə, müxtəlif istiqamətdə dəfn edilmişlər. Dəfn olunan insanların yanında bir sıra əşyalar - malaxit və daş muncuqlar, sümükdən hazırlanmış bəzək əşyaları və əsabaşı - skipetr aşkarlanıb".

Xəqani Alməmmədov bildirib ki, məzarlıqdan aşkar edilmiş skeletlərdən götürülmüş nümunələrin Türkiyənin Hacattepe Universitetinin "Antik DNT laboratoriyası"nda analizləri aparılaraq, bu insanların genetik bağlılıqları, irsi və bakterioloji xəstəlikləri və qida rasionları öyrəniləcək.

Aparılacaq DNT çalışmaları ümumilikdə neolit dövründə Qarabağ ərazisində baş vermiş etnik-mədəni dəyişikliklər və xüsusən də Cənubi Qafqazda erkən istehsal münasibətlərinin təşəkkülündə etnik və ya mədəni miqrasiyanın rolunun öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Həmçinin, bu nümunələr əsasında abidənin dəqiq tarixi də radiokarbon üsulu ilə dəqiqləşdiriləcək.

Azərbaycan ərazisində neolit dövrünə aid Şomutəpə (Ağstafaçay) arxeoloji mədəniyyəti ilə yanaşı, mövcud olan Qarabağ arxeoloji neolit mədəniyyəti dünya elmi çevrələrinin diqqətindədir. Bu baxımdan Qarabağ arxeoloji neolit mədəniyyətinə aid Lələtəpə yaşayış yeri dünya arxeologiyası üçün böyük maraq kəsb edir.
 

 





25.08.2021    çap et  çap et