525.Az

30 il işğala susan beynəlxalq birlik sülh prosesində hansı rolu oynaya bilər? - Pərvanə yazır


 

30 il işğala susan beynəlxalq birlik sülh prosesində hansı rolu oynaya bilər? -<b style="color:red"> Pərvanə yazır</b>

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 24-də BMT-nin ölkəmizə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edib. Görüş zamanı dövlət başçısı bir sıra mühüm məsələlərə diqqət çəkib, xüsusilə uzun illər davam edən Ermənistanın işğalçılıq siyasətinə beynəlxalq birliyin göz yummasına toxunub. 

Rəsmi Bakı 44 günlük Qarabağ müharibəsindən əvvəl də, müharibə dönəmində də BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini yerinə yetirmək üçün beynəlxalq birliyi Ermənistana təzyiq göstərməyə çağırdı. Azərbaycan bu məsələni ardıcıl şəkildə ən yüksək səviyyədə, bütün mühüm platformalarda qaldırsa da, təəssüf ki, qətnamələr icra olunmadı. Bu qətnamələri qəbul edən BMT TŞ-nın daimi üzvü olan beş ölkədən üçü - ABŞ, Fransa, Rusiya həm də ATƏT-in Minsk qrupunun həmsədrləridir. Onlarda bu qətnamələrin icrası üçün lazımi mandat olsa da, Minsk qrupu 28 il ərzində öz imkanları çərçivəsində heç bir iş görmədi. Nəticədə isə müharibəyə səbəb oldular. Əgər onlar vaxtında Ermənistana qarşı lazımı addımlar atılmasını, sanksiyaların tətbiq edilməsini, Ermənistandan öz işğalçı qüvvələrini geri çəkməsini tələb etsəydilər, müharibə də baş verməzdi, insan itkisinin qarşısı alınardı. Ona görə də müharibəyə görə məsuliyyət yalnız Ermənistanın yox, vasitəçilərin, beynəxalq təşkilatların da üzərinə düşür. Bu gün onlar heç olmasa baş verənlərə görə öz günahlarını, daşıdıqları məsuliyyəti etiraf etməlidirlər. Və onların vəzifəsini Azərbaycan həyata keçirərək BMT TŞ-nın qətnamələrini icra etdi.

Dövlət başçısı görüşdə daha bir mühüm məsələyə -  UNESCO-nun missiyasına toxundu. Məlumdur ki, işğal dövründə Azərbaycan həmin ərazilərdə tarixi abidələrimizə dəymiş ziyanla tanış olmaq üçün UNESCO-nu bölgəyə dəvət etsə də, müsbət cavab almadı. Müharibə bitəndən sonra isə UNESCO bölgəyə gəlmək istədiyini bildirir. Baxmayaraq ki, bu qurum qeyri-obyektiv mövqe sərgiləyib, ikili standartdan çıxış edib, Azərbaycan yenə də onu qəbul etməyə hazırdır. Çünki ölkəmiz hər zaman beynəlxalq hüquqa hörmətlə yanaşır, sülhpərvər, tolerant mövqe nümayiş etdirir və inkişafın, əməkdaşlığın tərəfdarı kimi çıxış edir. 

Prezidentin vurğuladığı kimi, artıq müharibə bitib, münaqişə həll olunub. Bu baş verənlər haqda danışılası heç bir məsələ qalmayıb, ona görə də gələcəyə baxmalıyıq.

Deputat Cavid Osmanov hesab edir ki, Prezident BMT nümayəndəsini qəbul edərkən bir sıra vacib məsələlərə toxundu, bununla bərabər, Azərbaycanın hər zaman beynəlxalq hüquqa sadiqliyini bir daha vurğulamış oldu: "Cənab Prezident məhz 28 il müddətində BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icra olunmamasını təəssüflə qeyd etdi. BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 3-nə ümumilikdə ATƏT-in Minsk qrupu tərəfindən mandat verilsə də, onların fəaliyyəti heç nə ilə yadda qalmadı. Tam əksinə, Ermənistana qarşı heç bir təzyiq göstərilmədi. Baxmayaraq ki, BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsində Azərbaycan ərazilərindən digər hərbi qoşunların çıxarılması ilə bağlı qətnamələr kağız üzərində qalmış oldu. Nəhayət, Azərbaycan Ordusu öz gücü ilə tarixi torpaqlarını işğaldan azad etdi. Nəzərə alsaq ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri dünyanın 3 ən böyük ölkələrindəndir. Onlar istədikləri məqamda Ermənistana təzyiq göstərərək BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin qısa müddət ərzində onlar öz güclərinin 5 faizini sərf etməklə həyata keçirdə bilərdilər".

Deputat Müşviq Cəfərov isə bildirib ki,  Azərbaycanın şanlı Ordusu özü BMT qətnamələrini icra etdi: "Bununla da ədaləti, beynəlxalq hüququn tələblərini bərpa etdik. Artıq müharibə bitib, münaqişə həll olunub, hər iki dövlətin əsas məqsədi sülh müqaviləsi imzalayıb, sabitlik yaratmaq, regional inkişaf olmalıdır. Ermənistan hər vəchlə sülh prosesini uzadır. Lakin bunun yaxşı nəticəsi olmayacaq. Qarşı tərəf də başa düşür ki, sülh olmalıdır".

Deputat əlavə edib ki, Azərbaycan üçün müharibə bitib. Artıq gələcəyə baxmalıyıq və hazırda əsas narahatlığımız dağıdılmış, tamamilə viran qoyulmuş ərazilərin bərpasıdır. "Azərbaycan işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində BMT ilə əməkdaşlığa üstünlük verir. Azərbaycan dövləti hazırda təmir bərpa işlərini sürətləndirib, həmin torpaqları tezliklə doğma sahiblərinə təqdim etməyə çalışır".

Pərvanə
 

 





26.08.2021    çap et  çap et