525.Az

"Azərbaycan 2030: Milli Prioritetlər"də ali təhsilin rolu - Sevinc Qarayeva yazır


 

NƏZƏRDƏ TUTULAN HƏDƏFLƏRƏ ÇATMAQDA "2019-2023 DÖVLƏT PROQRAMI"NIN ƏHƏMİYYƏTİ BÖYÜKDÜR

 "Azərbaycan 2030: Milli Prioritetlər"də ali təhsilin rolu -<b style="color:red"> Sevinc Qarayeva yazır</b>

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilən "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" ali təhsil sisteminin yeni və müasir inkişaf istiqamətlərinin, strateji hədəflərinin müəyyən edilməsi baxımından çox böyük əhəmiyyət kəsb edir. Bu proqramın həyata keçirilməsi gənclərə həm elmi tədqiqatlarla məşğul olmaq, həm də təhsildə fasiləsizlik prinsipini gerçəkləşdirmək baxımından əlavə imkanlar yaradır. 

2019-2023 Dövlət Proqramı"nın direktoru Turan Topalova deyir ki, "2019-2023 Dövlət Proqramı" Prezidentin 711 nömrəli 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilib. Dövlət Proqramının icra istiqamətlərinə respublikamızda ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi üçün yerli ali təhsil müəssisələrində beynəlxalq ikili diplom proqramlarının təsis edilməsi və ali təhsil müəssisələrimizin akademik imkanlarının gücləndirilməsi ilə bağlı Azərbaycan vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin təşkili aiddir. Dövlət Proqramının icra istiqamətlərindən biri olan xaricdə doktorantura təhsilinə ilk sənəd qəbulu 2019-cu ildə başlayıb və artıq 4-cü sənəd qəbulu elan edilib. Hazırda 13 ölkənin 43 ən nüfuzlu universitetlərində 84 doktorantımız təhsil alır. 

Onun sözlərinə görə, xaricdə doktorantura təhsili 7 prioritet ixtisas istiqamətləri üzrə dünyanın top 500 universitetində beynəlxalq reytinq cədvəlləri ("Times Higher Education World University Rankings", "Academic Ranking of World Universities") doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda xaricdə doktorantura səviyyəsi üzrə təhsil alan namizədlər üçün nəzərdə tutulub: "Eyni zamanda qeyd etmək istərdim ki, "Təhsil haqqında" Qanununun 5.4-cü maddəsinə əsasən "Dövlət orta ixtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun olaraq təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir".

Turan Topalova bildirib ki, proqrama müraciət etmək istəyən tələbələr elektron qaydada dp.edu.az saytına daxil olaraq qeydiyyatdan keçirlər. Namizədlərin seçimi iki mərhələdən ibarətdir. İlk mərhələdə rəsmi veb-səhifə üzərindən elekron ərizə doldurulmalı və tələb olunan sənədlərin skan edilmiş surəti əlavə edilərək elektron ərizə təsdiq olunmalıdır. İlkin mərhələdə mütəxəssislər tərəfindən sənədlərin ekspertizası aparılaraq namizədlərə sənədlərin düzgünlüyü barədə məlumat verilir. Birinci mərhələni uğurla başa vuran namizədlər bilik və bacarıqlarının qiymətləndirilməsi üçün komissiya üzvlərinin iştirak etdiyi müsahibə mərhələsinə dəvət olunur. Bu mərhələni də uğurla başa vurmuş namizədlər "2019-2023 Dövlət Proqramı" çərçivəsində xaricdə doktorantura təhsili almaq hüququ qazanırlar.

Turan Topalovanın dediyinə görə, namizədlərə xaricdə doktorantura təhsili üçün sənəd qəbulu açıq elan edilən zaman vaxt itirməmələri üçün vacib sənədlərdən olan dünyanın top-500 universitetlərin birindən prioritet ixtisas istiqamətləri üzrə əldə edilmiş qəbul sənədi, yerli ali təhsil müəssisələrdən (ATM) əldə edilən razılıq məktubu və tədqiqat planını əvvəlcədən əldə etmələri və elan müddəti bitənədək sadalanan vacib sənədlərlə birgə digər sənədləri də toplayaraq elektron ərizələrini təsdiqləmələri tövsiyə olunur.

Bəs "2019-2023 Dövlət Proqramı"na qəbul tələbələr qarşısında hansı öhdəliklər qoyur?

Turan Topalova vurğulayıb ki, müvafiq seçim qaydalarına əsasən, dünyanın nüfuzlu universitet və laboratoriyalarında tədqiqat aparacaq doktorantlar məzun olduqdan sonra Azərbaycana qayıdaraq 5 il müddətində müqavilə bağladığı yerli ali təhsil müəssisəsində fasiləsiz pedaqoji fəaliyyət göstərmək üçün yerli ali təhsil müəssisələrindən razılıq məktubu almalıdırlar. Bununla yanaşı, proqram çərçivəsində təhsil almış yüksəkixtisaslı mütəxəssislərin çalışacaqları yerli ali təhsil müəssisələrində kadr potensialını inkişaf etdirməsi, impakt faktorlu elmi jurnallarda məqalələrini dərc etdirməsi, kurrikulumların beynəlxalq standartlara uyğunlaşdırılması və s. istiqamətlərdə dəstək verməsi qarşıya qoyulmuş əsas hədəflərdəndir.

Üçtərəfli müqavilənin iştirakçılarından biri də universitetlərimizdir. Onlar doktorantura təhsilinin yeni formatda təşkilinə müsbət baxırlar. Bəs proqrama qoşulan universitetlərin əhatə dairəsinin genişlənməsi nəzərdə tutulurmu?

Turan Topalovanın söylədiyinə görə, "2019-2023 Dövlət Proqramı"nın əsas məqsədi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsidir. Hal-hazırda 14 yerli ali təhsil müəssisəsi (ATM) ilə birgə əməkdaşlıq əlaqələləri çərçivəsində işlər görülməkdədir. 2021-ci il payız qəbulları üçün yerli tərəfdaş ATM-lərin sayının genişləndirilməsi və bölgələrdə yerləşən ATM-lərin cəlb olunması istiqamətində fəaliyyətin aparılması nəzərdə tutulub. Bununla bağlı davamlı addımlar həyata keçirilir.

Proqramda nəzərdə tutulan prioritet ixtisas istiqamətləri necə müəyyən olunur və Azərbaycanın inkişafı baxımından daha çox hansı ixtisaslara üstünlük verilir?

Turan Topalova qeyd edib ki, Azərbaycanın inkişaf strategiyası nəzərə alınmaqla, Azərbaycan vətəndaşlarının xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün prioritet ixtisas istiqamətləri və ixtisaslarının müəyyən edilməsi haqqında Nazirlər Kabinetinin 2019-cu il tarixli Qərarı ilə tənzimlənir. Proqram çərçivəsində maliyyələşmə 7 prioritet ixtisas istiqaməti üzrə aparılır. Bunlar: Təbiət, Kənd təsərrüfatı, Səhiyyə və rifah, Texniki və texnoloji, İqtisadiyyat və idarəetmə, Təhsil, Humanitar və sosial ixtisas istiqamətləridir.

Prezident İlham Əliyev tərəfindən imzalanan "Azərbaycan 2030: Milli Prioritetlər"də ali təhsil sahəsində nəzərdə tutulan hədəflərə çatmaqda "2019-2023 Dövlət Proqramı"nın rolu və əhəmiyyəti çox böyükdür.

Turan Topalova bildirib ki, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sərəncamına əsaslanan, ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetlərin hər birinin həyata keçirilməsi üçün kadr potensialının gücləndirilməsi əsas şərtlərdəndir. "2019-2023 Dövlət Proqramı"nın da məqsədi beynəlxalq ikili diplom proqramlarının həyata keçirildiyi Azərbaycanın ali təhsil müəssisələrində ölkənin inkişaf prioritetlərinə uyğun yüksəkixtisaslı kadrların müasir standartlar səviyyəsində hazırlığına, ölkənin əmək bazarının tələbatı əsasında müəyyənləşən peşə və ixtisaslar üzrə yüksəkixtisaslı kadr potensialının formalaşdırılmasına nail olunmasıdır.

Sevinc QARAYEVA
 

 





26.08.2021    çap et  çap et